Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2016

İkicə söz bilən qaçqın suriyalılar – İstanbuldan reportaj

Buradakı miqrantların çoxu türk və ingilis dilini bilmir. Bildikləri iki söz var: from Suriya (Suriyadanam), help (kömək edin)
Türkiyənin mədəniyyət mərkəzi olan İstanbul inkişafına, gözəlliyinə, turist axınına görə dünyanın ən böyük şəhərləri ilə bir sırada dayanır.

Əhalisinin sayına görə 130 ölkəni geridə qoyan İstanbulun özünəməxsus gözəllikləri var: Ayasofya, Topqapı sarayı, Taksim meydanı, Qalata qülləsi, Çırağan sarayı...

İstanbulda gəzərkən burada balıq tutanların, küçə musiqiçilərinin, şabalıd qızardıb satan yaşlı kişilərin bu şəhərin kaloriti olduğu qənaətinə gəlirsən. Lakin İstanbulun yeni “kaloriti” də var: suriyalı qaçqınlar.

Şəhərin elə bir yeri yoxdur ki, orada ölkədəki vətəndaş müharibəsi, terror və hakimiyyət çəkişmələrindən qaçıb Türkiyəyə üz tutan məyus miqrantlarla rastlaşmayasan.

Buradakı miqrantların çoxu türk və ingilis dilini bilmir. Bildikləri iki söz var: from Suriya (Suriyadanam), help (kömək edin).

Şəhərdə gəzərkən qucağında körpə uşağı və yanında xanımı olan bir qaçqın yaxınlaşıb kömək istədi. Bir az türkcə bildiyinə görə onunla söhbət edə bildim. Hələbdən gəlmişdilər, uşaqlarının 1 yaşı var idi və qalmağa yer tapa bilmirdilər:

“Ölkəmdə müharibədir, orada qalmağımız mümkün deyildi. Türkiyəyə üz tutan dostlarımıza qoşulub bura gəldik, amma yaşaya bilmirik, sürünürük”.

Bir neçə dəqiqədən sonra ikinci bir suriyalı uşaqla rastlaşdım. Adının Salman, yaşının 6 olduğunu dedi. Söhbət əsnasında məlum oldu ki, Salmanın atası Suriyada qalıb, anası və xəstə bacısı isə İstanbula gəlib:

“Suriyada müharibədir, atam orada döyüşür. Savaş bitəndə bizi çağıracaq. Mən Taksimdə dilənib anama və xəstə bacıma yemək almaq üçün pul qazanıram. Gün ərzində bəzən 20, hətta 40 lirə qazana bilirəm”.

Salmanla danışdığımız vaxt mənə iki gənc yaxınlaşdı və uşaqdan nə istədiyimi soruşdu. Onlara dedim ki, sadəcə söhbət etmək istədim və ona yemək almaq istəyirəm. Bundan sonra oğlanlar uzaqlaşdı. Salmandan kim olduqlarını soruşdum.

“Böyük qardaşlarımdır. Doğma yox, burada tanış olmuşuq. Mən dilənəndə mənə nəzarət edirlər. Qazandığım pulu onlaraverirəm, onlar da bir hissəsini mənə qaytarır”, - cavab verdi.

Salmandan sonra diqqətimi yolun kənarında ud çalaraq ərəb dilində mahnı oxuyan gənc çəkdi. Yaxınlaşıb bir az söhbət etdim. O da Hələbdən idi, adının Əhməd olduğunu dedi:

“Müharibədən sonra Türkiyəyə gəldim. Burada dilənmirəm. Öz musiqimizlə turistləri və yerli camaatı tanış edirəm. Bəyənənlər zəhmətimin qarşılığında mənə pul verir. Burada yaşamaq çox çətindir, çünki qalacaq yerim yoxdur və hər şey çox bahadır. Yemək üçün pul tapsam da, qalmağa yer tapmıram”.

Bu üç dialoq türk və ya ingilis dilində danışa bilən suriyalılarla idi. Küçədə isə dil bilməyən və yardım dilənən suriyalılar yüzlərlədir.

Təkcə fərdin deyil, bütün bir millətin taleyinin öz əlində olmadığı bir vaxtda dünyanın bir tərəfində kosmosa göndərilən aparatlar planetləri öyrənir, uca dağların ətəyini qazıb kolayder vasitəsilə Yer kürəsinin yaranma tarixi araşdılır, digər bir tərəfində isə maddi nemətlər və böyük ölkələrin ambisiyalarına görə öz vətəni, gəncliyi, uşaqlığı, arzuları, həyatı əlindən alınan in