Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2014

Razı və narazı insanlar

Riza və təslim (razılıq və təslimçilik) haqqında danışmaq istəyirəm. İnsan həyatı acılı-şirinli hadisələrlə doludur. Biz razı qalsaq da, qalmasaq da bu hadisələr baş verir. Allah öz işini görür.

Deyirlər ki, Qaliley yer kürəsinin hərəkətdə olduğunu sübuta yetirəndə onu məsihi başçının yanına apardılar. Qorxutdular ki bir daha belə sözlər danışmasın. Onu tövbəyə çağırdılar. Qaliley canının qorxusundan tövbə etdi. Binadan çıxanda ayağını yerə vurub dedi: "Ey yer! Sən hərəkət etməyində ol, mənim hərəkətimlə işin olmasın!" rəvayətdə deyilir ki, çətinliklə rastlaşanda haray da çəksən, səbir də etsən Allah öz işini görəcək. Amma nə yaxşı olar ki, hadisələrə baxanda onları həyata keçirən varlığın bizə dost olduğunu düşünək. Ənam surəsinin 17-ci ayəsində oxuyuruq: " Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!" Bəli, səbrlə acı şirin olar.

Rəvayətdə deyilir ki, biz bəndə üçün çətinlik yaradarıq, əgər bəndə səbr etsə, bu çətinliyi şirinliyə çevirərik. Allah Peyğəmbərə əmr etdi ki, Ğədiri-Xumda Əli ibn Əbu Talibi (ə) canişin təyin etsin. Sonda xalq Əlinin hökumətinə tabe olmadı. Biz 1400 il geri düşdük. Əgər bu gün İranda qurulmuş İslam Hökuməti ədalət sorağındasa bu ədalət Əlinin ədalətinin bindən biridir.

Əlinin ədaləti hara, biz hara! Əziz Rəhbər buyurur: "Mən kiməm ki, Əlidən danışım?! Axı Əlidən kim danışa bilər?! Belə bir rəhbərə təslim olmadılar, Allahın hökmü yerdə qaldı..." İki nəfər arasında mübahisə düşdü, Peyğəmbərin görüşünə getdilər. Peyğəmbər onlardan birinin xeyrinə fikir bildirdi. O biri tərəf dərhal dedi ki, öz qövmündən olduğu üçün onun xeyrinə hökm çıxardı. Ayə nazil oldu: "Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar." (Nisa, 65). And olsun Allaha ki, Peyğəmbər dəvət edəndə qəbul etməyənlərin dini yoxdur. Allahın razılığını əsas götürün. Biz bilməliyik ki, Allah bizə dostdur. Acı hadisələr qarşıya çıxanda bilək ki, iş hakim əlindədir. Sizin üçün qələmi misal çəkmək istəyirəm. Bir qələm təsəvvür edin. Bıçaq götürün, qələmi yonun. Əgər qələmdən tökülən yonqarların şüuru olsa deyər ki, nə üçün başımızı kəsirsən? Biz bir yerdə ikən, nə üçün bizi parçalayırsan? Biz sənin əlindəyik, nə üçün ayaq altına tökürsən. Yəni qələmdən yonulub tökülən zərrələr də etiraz edərdi. Əgər etiraz etsəydilər yeri vardı. Amma bu etirazın cavabı da var. Deməliyik ki, cənab qələm! Biz səni ona görə yonuruq ki, içindəki cövhər üzə çıxsın. İçindəki cövhərin sorağındayıq. Qələmin ucu iti olanda yaxşı yazır. Zahirən biz onu yonuruq, parçalayırıq. Amma məqsədimiz xeyirdir, bu xeyir məqsədə görə gördüyümüz iş problem yaratmır.

Şəhərin havası istidir. Hakimiyyət nümayəndələri gəlir və nəsə tədbir görmək istəyir. Havanı dəyişmək üçün bir neçə böyük prospekt salınmalıdır ki, şəhərin havası asanlıqla dəyişsin. Bir növ kəndin sərin havası şəhərə ötürülür. Prospekt ətrafında yaşıl zolaqlar salınır. Bu işlər xalqın xeyrinədir. Amma onların həyata keçməsi üçün bəzi evləri sökmək lazım gəlir. Ev sahibləri xalqın xeyrinə olan layihəyə qarşı çıxıb icraçıları təhqir etməməlidir. Çünki burada cəmiyyətin xeyri var. Cəmiyyətin xeyrinə görə bir neçə evin sökülməsi qorxulu deyil. Allah hikmət sahibidir. Qarşıya çıxan bütün çətinliklərdə təkamül nişanəsi var. Etiqadımız budur ki, Allah aləmlərin Rəbbidir. Aləmləri tərbiyə edən Allah nə qərar çıxarırsa təslim olmağımız lazımdır. Hacılar nə üçün Məkkəyə gedir? Həmin torpaqlarda İbrahimə zövcəsi və uşağını tək qoymaq əmr olunub. Həmin torpağın adı Minadır. Həccə gedənlər 2-3 gecə orada qalır. Hacılar üç biyabanda dayanır. Bu biyabanlardan biri Məkkənin dörd fərsəxliyindədir. Başqa bir biyabanın Məkkə ilə fasiləsi təqribən iki fərsəxdir. Dörd fərsəxlikdə olan biyaban Ərəfat adlanır. Hacılar burada bir neçə saat qalmalıdır. Günortadan gün batana qədər orada qalmalıdırlar. Məşərdə sübhdən gün doğanadək dayanmaq lazımdır. Minada üç saat dururlar. Bir sözlə, iki-üç gün bu əməllər uzanır. Ərəfat mərifət yeridir. Məşər şüur məkanıdır. İnsan bir neçə saat ərzində mərifət və şüur əldə edir. Amma əmələ çatanda iki-üç gün gözləməlidir. Çünki Mina əməl yeridir. Əməl yerində sözdən bir şey çıxmaz, əməl lazımdır və əməl çətindir. Deyirlər ki, burada üç gün dayanmalısan. Mənası budur ki, həccə get, İbrahimin necə təslim olduğunu gör. Hazırda biz iqtisadi blokadadayıq. Səbr etməliyik. İmamın təbirincə, qələbə yaxındadır, səbr edək. Təslim ola bilmərik. Keçmişdəki acınacaqlı vəziyyətə qayıtmaq olmaz. Necə olar ki, yenidən Amerika və İngiltərəyə boyun əyək?! Qanlara göz yummaq olmaz. Əgər bir işə məcbur olmuşuqsa bu qəza-qədərdir. Allahın qəza-qədərinə təslim olmalıyıq. Hədisdə var ki çətinliyə dözsəniz bunu asanlığa çevirərik. İnşirah surəsinin 5-ci ayəsində buyurulur: " Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)" Bəqərə, 216: "(Allahın düşmənlərinə qarşı) Döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz." Amma bu çətinliklər arasında şirinliklər də var. Qadının hamiləlik ağrısı üzücüdür. Amma bu ağrılar onu övlad sahibi, ana edir. Biz Hüseynin

Kərbəlasından dərs götürməli, ibrət almalıyıq. Bu gün biz bahalıqdan şikayətlənirik. Amma Hüseynin Kərbəlada suyu yox idi. Təslim oldumu?! Bütün fabriklər dayansa belə evdə olan libaslarımız ömrümüzün sonunadək bəs edər. Amma İmam Hüseynin köynəyinə əl uzatdılar. Təslim oldumu?! İmamın nə yeməyi, nə libası, nə məskəni vardı, amma təslim olmadı. Biz təslim olmamalıyıq. Yalnız Allaha təslim olmağımız vacibdir. Çünki Allah bizim xeyrimizi istəyir. Qələm məsələni yaddan çıxarmayaq. Qələmi xeyir məqsədi ilə yonurlar. İnsanlıq cövhərimiz yonulmaqla üzə çıxır. İnsanın şəxsiyyəti hadisələrdə məlum olur.

Təqdirdən, həyatından, qarşısına çıxan hadisələrdən razı insan iffətli, həyalıdır. Olanlarından razı insan iffətli insandır. O şəxsiyyətini qoruyur, yaltaqlıq, riyakarlıq etmir. Kimsənin qarşısında əyilmir. Bir şey əldə etmək üçün yaltaqlanmır. Yavan çörək yeyir, amma kimsəyə boyun əymir. Bəli, razı insan iffətlidir. Ona deyirlər ki, buraya bir imza at, pul sahibi ol. Amma razı olmur.

Həyatından razı insan rahatdır. Ona rahatlıq gətirən bu razılıqdır. Çünki olanlarına qanedir, tamahkar deyil. Nə fiziki baxımdan təlaşdadı, nə də qəlbində narahatdır. Bəziləri rahatlığın sirrini soruşur. Düşünürlər ki, insan səfərə, şəhərdən kənara, təbiətin qoynuna çıxsa rahat olacaq. Amma rahatlığın sirri qane olmaqda, gözütoxluqdadır. Rəvayətdə deyilir ki, bir insan öz sadə dolanışığından razı olsa, Allah da onun az əməlindən razı qalar.

Böyük bir bağ vardı. Bağ sahibinə dedim ki, bu qədər ağac nə üçün meyvə vermir? Bağban dedi: "Yer üzündə bu qədər adam var, neçə nəfər gecə namazı qılır?!" Bəli, Allahın az nemətinə razı olsan, Allahdan sənin az ibadətindən razı qalar.

Razı insan paxıl olmur. O narahat deyil ki, nə üçün başqalarının var-dövləti çoxdur. Razı insan sərt xasiyyətli deyil, insanlarla mehriban davranır. Belə insanı ətrafdakılar da sevir.

Şah dövründə bir qrup minbər əhli deyirdi ki, filan məbləğdə pul versələr minbərə gedərəm. Yaxşı səsləri vardı. Amma onları dinləyənlər bu adamlara inanmazdı. Bəli, insanlar razı adamı sevir. Allah da belə bəndəsini dost sayır. Razı insan daxilən rahatdır. Allahdan razılığın insanın taleyinə böyük təsiri var.

Narazı insan iffətini əldən verib, ikiüzlülük göstərib. Narazı insan tamahkardır. Özündən imkanlı adam görəndə paxıllıq qəlbini yandırır.

İmam buyurmuşdu ki, kim Məkkəy getsə, Amerika malı almasın. Həccə gedənlər İmamın əmrinə itaət edirdi. Amma orada Amerika istehsalı olmayan şeylər də var. Bir ər-arvad televizor almışdı. Ətrafdakılardan bəziləri açıq-aşkar onalara paxıllıqla baxır, hətta söz atırdılar. İmamın buyuruğu bəhanə olmuşdu, bu adamlar sadəcə paxıl idilər. Huməzə surəsinin ilk ayəsində oxuyuruq: "(Dalda) Qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!" Hava limanında yükündə televizor olan bir müsəlmanı çox incitdilər. Yanından ötənlər də ona söz atırdı. O deyirdi: "Məgər günah etmişəm? Bu televizor Amerikanın yox, Yaponiyanın istehsalıdır." Dedim ki, günah etməmisən, onlar paxıllıq edir. Əlbəttə ki, almasaydı daha yaxşı olardı. Amma alıbsa bu başqalarına haqq vermir ki, ona acı söz desinlər. Pərvərdigara, Məhəmməd və Ali Məhəmməd haqqına bizə aramlıq əta et!

Narazı insanlar deyinməyə başlayır. Onlar müxtəlif mövzularda narazılıqlarını bildirirlər. Əvvəl kainatdan başlayırlar. Narazıdırlar ki, Quran onların kəndxudasına nazil olmayıb. Peyğəmbərə deyirdilər ki, bu şəhərdə səndən mühüm şəxs olmadı ki, Quran sənə nazil oldu. (bax: Zuxruf, 31). Onları yandırırdı ki, nə üçün Quran onlara nazil olmayıb. Quran bəzilərinin deyinməsini yada salır. Bəqərə, 61: "Xatırlayın ki, siz (müəyyən müddət səhrada qalmalı olduğunuz zaman): “Ya Musa! Biz (hər gün yediyimiz) eyni təama (qüdrət halvasından və bildirçin ətindən ibarət olan yeməyə) heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin! – dediniz. (Musa da cavabında : ) “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!” – demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın ayələrini inkar etdiklərinə və (Zəkəriyya, Yəhya və Şüeyb kimi) peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına (Allahın əmrlərini pozduqlarına) görə idi." Əgər ət bahalaşıbsa və ət almaq imkanımız yoxsa nə etməliyik? Bəziləri deyir ki, nə vaxta qədər kartof, badımcan yeyəcəyik? Nə etmək istəyirsən? Ya get borc götür ət ye, ya da quru çörəklə razılaş.

Mədinəyə gedirdik. İranlılardan biri mədinəli dükançı ilə mübahisə etdi. Satıcı dedi ki, Quran sülh göstərişi verir. O Səddamla sülhə getmədiyi üçün İranı ittiham edirdi. Mübahisə edən iranlı məni görüb xahiş etdi ki, bu şəxsin cavabını verim. Mən iranlıya dedim ki, piştaxta üzərindəki mallardan birini götür get. O da mən deyəni etdi. Dükançı onun ardınca getmək istəyəndə saxladım, dedim sülh et. Dedi necə sülh edim, o mənim malımı aparıb. Dedim ki, Səddamla sülhə getməməyimizin səbəbi elə budur. Ölkəmizi xarab qoyub, gənclərimizi qətlə yetirib, bu adamla necə sülh bağlayaq. Sən qiymətsiz bil maldan ötrü bir müsəlmanla sülh etmirsən, biz ağıla gəlməyən məbləğdə xəsarətlərə göz yumub Səddamla barışaq?! Biz bir ömür "Hüseyn, Hüseyn" dedik. İmam Hüseynin (ə) Əli Əsğərə verməyə suyu yox idi. Qucağında vurdular. Amma təslim olmadı. Biz nə üçün təslim

olaq?! İnsan Allahdan küsməməlidir. Çünki Allah nə edirsə bizim xeyrimizədir. Allah torpaqdan buğda yaratdı, buğdadan nütfə yarandı, nütfə insana çevrildi. Dünyaya gəldik, ata adlı pulsuz bir xidmətçi qulluğumuzda durdu. Ana təmənnasız xidmət etdi. Əgər keçmişimizə baxsaq uşaqlıqdan bu günədək Allahın nə qədər çətinlikləri aradan qaldırdığına şahid olarıq.

Parçalanmış millət əl-ələ verib birləşdi. Amerika xəttini İmamın xətti əvəz etdi. İşsiz küçələri dolaşan yeniyetmələr və gənclər könüllü (bəsici) kimi qəhrəmanlıqla göstərdilər. Nə olubsa xeyirə olub. Bundan sonra da baş verəcək hadisələr xeyirədir. Hətta fitnələrdə də xeyir var. Çörəklə ət bahalaşdı, indi zibil qabıları boş qalıb. İndi hamı əlinə götürdüyü meyvəni axıra qədər yeyir. Bahalığın faydası bu oldu ki, isrfa aradan qalxdı, üzüm salxımını əlinə alan son giləsinə qədər yedi. Mən özüm uşaqdan qələm istəyəndə əlini çantasına salıb bir topa qələm çıxarırdı. İndi bir qələmin ardıncayıq. Demək istəmirəm ki, bu yaxşıdır. Sözümün canı budur ki, hər acıda bir şirinlik var.

Biz qənaət nə olduğunu bilməzdik. İranda su idarəsində işləyənlər yaxşı bilir ki, nə qədər su israf olur. Tehranın suyu dünyanın ən yaxşı sularındandır. Bu su ilə maşın yuyurlar, min lazımsız iş görürlər. Hədisdə deyilir ki, üç litir su ilə qüsl verin. Bundan artıq istifadə edən israfa yol verib. Bunu dəfələrlə demişəm. İsraf böyük günahlardandır. İmamın Təhrirul-vəsilə kitabında bu barədə yazılıb. Sanksiyalar, iqtisadi blokada bizi bir zərrə qənaətçi etsə xeyiri olar. Quran buyurur ki, Allah əmrinə təslim olmayanlar bəhanə gətirir. Məsələn deyirlər ki, nə üçün Quran ayə-ayə nazil olur. (bax: Fürqan, 32). Ayə-ayə nazil olanda insanın qəlbinə hopur. Əgər müəllim bir dərsdə bütün dərs proqramını xülasələşdirib desə şagirdlər başını itirər.

Hətta risaləni bir dəfəyə əvvəldən axıra oxusan fayda görməzsən. Amma qarşıya bir məsələ çıxanda risaləyə baxıb cavab tapırsansa bu həm faydalı olur, həm yadda qalır. Quran nə üçün bir nəfərə nazil oldu? – deyirlər. Deyirdilər ki, Peyğəmbər də bizim kimi adim adamdır. Tabe olmaq istəmirdilər. Mən bu günə qədər neçə dəfə şükr etmişəm ki, İmam Cavadın (ə) dövründə yaşamamışam. Çünki o dövürdə yaşasaydım bələkə də 8 imamçı şiə olardım. İmam Cavad (ə) imamət məqamına çatanda uşaq idi. Onun uşaqlığını bəhanə edib itaətdən boyun qaçırırdılar.

Həzrət Əli (ə) Ğədiri-Xumda canişin təyin olunanda bəziləri Allahın insanlara xeyir istədiyini dedilər. Bəhanə axtaranlar deyir ki, nə üçün vəhy hamıya nazil olmur? Nə üçün vəhy Peyğəmbərə nazil oldu? Səbəb budur ki, əgər hər insana vəhy nazil olsaydı təslim olub-olmamaq məsələsi aradan qalxardı.

İmam Səccad buyurur: "İlahi, mənə tövfiq ver ki, biri söz deyəndə "göz üstə" deyə cavab verim." Bu da bir inkişaf mərhələsidir. Uşaq təklif edəndə deyək ki, kiçik də olsan sözün məntiqidir. Deyək ki, sizə hörmət olaraq sözünüzü qəbul edirəm. Belə təvazö ilə itaət inkişafdır. Əgər vəhy insanın özünə nazil olsa öz malı olduğundan inkar etmək seçimi qalmır. Bu inkişafa mane olur. İnsanlar hamısı bir səviyyədə yaşasa səxavətə ehtiyac qalmaz. Mən Quran oxuya bilirəm. Əgər məndən öyrənsən inkişaf edərsən. Sən isə məsələn sürücülüyü bacarırsan. Bunu mənə öyrətsən inkişaf edərəm. İnsanlar bir-birindən bilmədiyini öyrənməlidir. Əgər hamının elmi, sərvəti bir səviyyədə olsa təkamül səhnədən çıxar. Əlbəttə ki, irqi, milli ayrı-seçkiliyi nəzərdə tutmuruq. Belə ayrı-seçkiliklər düzgün deyil. Hud, 87: "Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı (dininmi) əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!”" Əhzab, 36: "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" həzrət Əlinin (ə) hökumətinin müvəffəqiyyətsizlik səbəbi xalqın itaətsizliyi idi. Həzrətin yanına gəlib dedilər ki, ağsaqqalıq, saqqalımızı yağlamalısan. Yəni bizə əlavə hüquq verməlisən. Həzrət çırağı söndürdü, başqa bir çıraq yandırdı. Buyurdu ki, bu çıraq o biri çıraqdan fərqlənir. Biri şəxsidir, o biri beytül-mal. Həzrət buyurdu ki, kimdən bac almaq istəyirsiniz?! Beləcə ədalətə təslim olmadılar. Allahın hökmünə təslim olsaydılar Əlinin hökuməti müvəffəq olardı. İmam Hüseyn Kərbəla səhrasında yandırıcı gün alta susuz idi, amma narazı deyildi. Buyurdu ki, Allah nəyə razısa mən də razıyam.

Dostlardan biri deyir ki, bir arzum vardı. Niyyət etdim ki, əgər arzuma çatsam 40 dəfə ümrə yerinə yetirərəm. Allah məni arzuma çatdırdı. Mən 40 dəfə ümrə yerinə yetirdim. Ümrə də həcc kimidir. Həmin şəxs deyir ki, son ümrədə öz-özümə dedim: Nə üçün Allahdan arzunun yerinə yetməsini istədin. Ey kaş deyəydin ki, Pərvərdigara, mənim qəlbimi razı sal, məni təslim et.

Bu il həcdə hərbi əməliyyatlarda böyük xidmətləri olmuş təyyarəçi həmyerlimizi gördüm. Dedim ki, müharibədə uğur qazandın, indi Allahdan nə istəyirsən? Dedi Allahdan istəyirəm ki, məni yaxşı bəndələrindən qərar versin. Budur tərəqqi!

Bir sıravi yerlimizi gördüm. Ona demişdilər ki, Kəbəni görənin üç duası qəbul olar. Deyir İmamın salamatlığı üçün dua etdim. Təyyarəçi əziz bəndə olmaq istəyir, sadəcə bir xidmətçi İmama dua edir. Bu tərəqqidir. Dünyanın şirinlikləri də acılıqları da ötüb keçəcək. Qalan daxili gözəllik olacaq. Razılığın səmərəsi barədə

hədisdə deyilir ki, əgər Allahın təqdirindən razı olsan böyük yardımlar alarsan. Əgər acılığa, çətinliyə dözsən Allah sənin dualarını qəbul edər. Mücadilə, 22: "(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır."

Rəvayətə görə Allah behişt əhlinə (bu dünyada) üç hədiyyə verər. Biri budur ki, insan Allahdan razı olar. İnsanın Allahdan razı olması çox mühümdür. Allah-Taala buyurur ki, Mənim səndən razı olmağımın bir şərti var, bu da sənin razı olmağındır. Səni çətinliyə salıramsa sevdiyimdən bu işi görürəm. Ana övladını sevdiyindən onun başına isti su töküb başını yuyur. Uşaq ağlasa da, buna əhəmiyyət vermir. Əraf, 94: "Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yalvarıb-yaxarsınlar!" Ənam, 42: "Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar." Tövsiyə edirlər ki, namazdan sonra həzrət Zəhranın təsbihatını de. 34 dəfə Allahu əkbər, 33 dəfə Əlhəmdulillah, 33 dəfə Sübhanəllah. 40 dəfə demək olar? Deyirəm ki, yox, necə deyiblərsə elə də et. Əgər bir xəzinə 34 metr aralı basdırılıbsa 40 metr getsən onu tapa bilməzsən. Allah necə proqram veribsə həmin proqram düzgündür.

Yezid İmam Hüseyni qətlə yetirəndən sonra ailə-uşağını sarayına gətirib rişxəndlə "necəsiniz" dedi. Dedilər ki, Allahdan razıyıq. Zeynəbi-Kübranın sinəsinə 72 dağ çəkilmişdi. Ən böyük təhqirləri, həqarətləri görmüşdü. Amma deyirdi ki, Allahdan razıyam. Allaha aşiq olsan belə deyirsən.

Bir şəxs dedi ki, Əliyə münasibətdə ifrata varırsınız. Deyirsiniz ki, namazda Əlinin ayağından oxu çıxardılar, xəbəri olmadı. Bizi yalanda ittiham edir. Amma unudub ki, Əli Allah aşiqi idi. Quran deyir ki, Misir qadınları Yusifi görəndə əllərini kəsdilər xəbərləri olmadı. Futbolda qapıya doğru topla gedən oyunçu aldığı zərbələri hiss etmir. Çünki qol vurmağın təşnəsidir. Allaha təşnə insan razıdır. Müharibə də İran üçün nemət oldu. Nə qədər şəhid versək də uduzmadıq. Şəhid ailələrindən ibrət alaq.

Bu il şəhid mərkəzi karvan ezam edirdi. Karvanda dilçilər olur. Biz onlara danışırıq, onlar da müxtəlif dillərdə təbliğ edir. Nəticəsinə baxan əmin olursan ki, İnqilabımız dünyaya yayılır.

Dünyanın müxtəlif ölkələrindən təhsilli insanlar Məkkəyə gəlir ki, İranın "Amerikaya ölüm" şüarlarını öz qulağı ilə eşitsin. Çünki bu insanları İrana gəlməyə qoymurlar. Onlar müxtəlif yollarla İran haqqında həqiqətləri öyrənmək istəyirlər. Bir hindlidən İmam haqqında fikrini soruşdum. Dedi: "Qandi Hindistanı xilas etdi, İmam isə dünya məzlumlarına yol açdı." İki il öncə nümayiş keçirəndə tamaşaçılara qatılan tərcüməçilər onların fikrini soruşmuşdu. 75 faiz bu fikirdədir ki, biz haqlıyıq. İnqilabımız qəlblərdə özünə yer tapıb. İmam buyurdu ki, Səddam haqqı olan silləni yedi, indi dünya bizi sevir. Bizə qəhrəman kimi baxırlar. Müharibənin acılarını yada salanda şirinliklərini də yada salaq. Deyirlər ki, siz nur içindəsiniz, bizim zülmətdə olmağımızı da yada salın.

Dünya ziyalıları, azadə insanlar azad olmaq üçün İrana gəlmək istəyir. Bəzilərinin əyyaşlıq üçün İrandan çıxmaq istəməsi də mümkündür. Amma azadə insanların gəlmək isətyi bizim iftixarımızdır. Sağlam mədə odur ki, yaxşı qidanı həzm edir, pis qidanı geri qaytarır. İndi İran sağlamdır, azadə insanlar İrana aşiqdir, əyyaşlar İranı sevmir. Unutmayaq ki, İmam Hüseyn (ə) misilsiz çətinliklər çəkdi, tikə-tikə doğrandı, amma təslim olmadı. Başını verdi, amma zülmə boyun əymədi.

Pərvərdigara, Səni Məhəmməd və ali Məhəmmədin haqqına and verirəm, həzrət Mehdinin (əc) zühurunu tezləşdir, əziz Rəhbərimizi zühura qədər hifz et. Pərvərdigara, dünya zalımlarına öz qeyb əlinlə sillə vur. Bizə çətinliklər qarşısında dözmək səbri əta et. Elə bir iman ver ki, heç bir şəraitdə narazı qalmayaq, Səndən küsməyək.

Ustad Qəraəti

Nur-az.com




1391 بازدید
در حال ارسال اطلاعات...