Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2016

Bəhlul Danəndənin Şeyx Cüneyd Bağdadiyə dərsi

Allah razılığından başqa bir iş üçün danışsan, dediyin hər bir ibarət sənə yük olacaq
Dövrünün böyük sufi ariflərindən olan Şeyx Cüneyd Bağdadi öz müridləri ilə Bağdaddan qırağa çıxır. Şeyx, Bəhlulun vəziyyəti ilə maraqlanır. Ona Bəhlulun divanə birisi olduğunu deyirlər. Cüneyd, Bəhlulu görmək istəyir. Onu axtarıb tapırlar. Şeyx irəli gedib salam verir. Bəhlul salamın cavabını aldıqdan sonra ondan kim olmasını soruşur.
Şeyx Cüneyd: - Mənəm, Şeyx Cüneyd Bağdadi.
Bəhlul: - İnsanlara mürşidlik edən Şeyx Bağdadi sənsənmi?
Şeyx Cüneyd: - Bəli.
Bəhlul: - Yeməyi necə yeyirsən?
Şeyx Cüneyd: - Əvvəl “Bismillah” deyirəm, öz qabağımdakı yeməkdən yeyirəm, kiçik tikələr götürürəm, sağ tərəfdən ağzıma qoyuram, yemək yeyəndə başqalarına baxmıram, Haqqdan qafil olmuram, götürdüyüm hər tikə üçün “Bismillah” deyirəm, yeməkdən əvvəl və sonra əllərimi yuyuram...
Bəhlul ayağa qalxıb dedi: - Camaata mürşidlik etmək istəyirsən, halbuki, hələ özün yemək qaydasını bilmirsən. Bəhlul bunu deyib, öz yoluna davam etdi.
Şeyxin müridləri dedi: - Şeyx, bu kişi dəlidir, sən ondan nə gözləyirsən? Şeyx gülümsəyərək onlara dedi: - Sözün düzünü dəlidən eşit. Sonra Bəhlulun arxasınca gedib ona çatdı.
Bəhlul soruşdu: - Kimsən?
Şeyx Cüneyd bu dəfə belə cavab verdi: - Öz yemək yeməyinin qaydasını bilməyən Şeyx Bağdadi.
Bəhlul dedi: - Öz danışığının qaydasını bilirsənmi?
Şeyx Cüneyd dedi: - Bəli. Lazım olan qədər danışıram, hesab-kitabsız danışmıram, müxatəbin başa düşə biləcəyi həddə danışıram, insanları Allaha və Onun Peyğəmbərinə (s) tərəf dəvət edirəm, camaatı yoracaq həddə danışmıram, danışığımda zahiri və batini elmlərə riayət edirəm. Ümumiyyətlə, danışıq ədəblərinə aid olan hər şeyə riayət edirəm.
Bəhlul dedi: - Yemək yeməyin qaydasını bilməməkdən əlavə, danışıq qaydasını da bilmirsən. Bunu deyib, yenə yerindən qalxıb öz yoluna davam etdi.
Şeyxin müridləri yenə onu Bəhlulun dəli olmasına inandırmağa cəhd etdilər. Lakin Şeyx öz yolundan əl çəkmədi və Bəhlulun ardınca gedib ona çatdı.
Bəhlul dedi: - Məndən nə istəyirsən, sən ki, nə yeməyin, nə də danışığın ədəblərini bilmirsən. Heç olmasa, de görüm yatmağın ədəblərini bilirsənmi?
Şeyx Cüneyd dedi: - Bəli bilirəm. İşa namazını qıldıqdan sonra öz yatağıma girirəm, həzrət Rəsuli-əkrəmdən (s) nəql olunan yatmaq ədəblərinə riayət edib, sonra yatıram.
Bəhlul dedi: - İndi aydın oldu ki, sən yatmağın da ədəblərini bilmirsən.
Bəhlul bunu deyib, yerindən qalxmaq istədi. Şeyx Cüneyd onun ətəyindən yapışıb dedi: - Ey Bəhlul! Mən heç nə bilmirəm. Sən qürbətən iləllah mənə öyrət.
Bəhlul dedi: - Öz nadanlığını başa düşdüyün üçün sənə öyrədirəm. Bil ki, sənin dediklərin əsas deyil və cüzi məsələlərdi.
Yeməkdə əsas məsələ tikənin halal olmasıdır. Əgər haram tikəyə yüz dəfə də “Bismillah” oxusan, bütün ədəb qaydalarını riayət etsən də xeyri olmayacaq və ürəyin qaralmasına səbəb olacaq.
Danışıqda əsas məsələ budur ki, gərək ürək pak, niyyət düzgün olsun, söz Allahın razılığı xatirinə deyilsin. Əgər dünya istəkləri, yaxud digər işlər üçün söz danışsan, bütün danışıqların hədərdir. Allah razılığından başqa bir iş üçün danışsan, dediyin hər bir ibarət sənə yük olacaq. Ona görə də belə halda susmaq daha yaxşıdır.
Yatmağın əsas ədəbi budur ki, yatdığın vaxt sənin ürəyində heç bir kəsə qarşı düşmənçilik, kin və həsəd olmasın.
Bu dərsi və nəsihəti eşidən Şeyx Cüneyd, Allahdan Bəhlul Danəndəyə xeyirli aqibət istədi və ona öz təşəkkürünü bildirdi.


1440 بازدید
در حال ارسال اطلاعات...