Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2016

ÜMİD VƏ QORXU

İnsanın ixtiyari olaraq bir iş görməsi üçün hökmən stimul, səbəb lazımdır.
İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Öz əməllərindən arxayın olan insan həlak olar. Allahın rəhmətinə ümid edərək açıq-aşkar günaha batan şəxs nicat tapmaz». İbn Cündəb soruşur ki, bəs kim nicat tapar? Həzrət cavab verir: «Ümid və qorxu arasında olanlar (yəni nə günahlarının bağışlanmasından ümidsiz olacaq dərəcədə qorxar, nə də günaha batacaq dərəcədə bağışlanma ümidində olarlar). Onların qəlbləri sanki bir quş caynağındadır (Hər an sıxılmaq və hər an da qurtuluş ehtimalı var). Qəlblərində savaba şövq və əzabdan da qorxu var».
Məsumlardan nəql olunmuş rəvayətə görə möminin qəlbində iki nur vardır: qorxu və ümid nuru. Onlar tərəziyə qoyularsa biri o birindən ağır gəlməz. («Biharul-ənvar», cild 70.) İnsanın ixtiyari olaraq bir iş görməsi üçün hökmən stimul, səbəb lazımdır. Filosofların təbirincə, insanı fəaliyyətə vadar edəcək psixoloji durum olmalıdır. İnsanın bir işi görməsi və ya bir işdən çəkinməsi üçün ləzzət və dərd hissləri mühüm səbəblərdəndir. Əgər insan bir işi görməklə ləzzət duyacağına əmin olsa böyük ümidlə bu işə girişəcək. Əksinə, narahatlıqdan qurtulmaq üçün insan bütün işlərdən əl çəkməyə hazırdır. Amma ləzzətə çatmaq və dərddən qaçmaq üçün müqəddimə olmalıdır. Məsələn, insan səhərdən axşamadək işləyərək bir tikə çörək qazanıb bu çörəyi yeməkdən ləzzət almaq ümidindədir. Filosoflar zəhmət çəkməklə əldə olunan ləzzətləri «nəf» adlandırırlar. Onlar deyir ki, yemək xeyirli dərman kimidir. Yəni yemək özü ləzzətli olmayıb, sadəcə, sağlamlıq üçün müqəddimədir. Amma bəzən işlərin yerinə yetirilməsi üçün stimul nə ləzzətdir və nə də nəf. Məsələn, xəstəxana tikməkdə nə ləzzət, nə də nəf vardır. Sadəcə, bu iş məsləhətdir. Amma bu işi görən şəxs xəstələrin ağrı və ölümdən qurtardığını görəndə ləzzət duyur. Təhsil və ibadət də bu sayaq işlərdəndir.
Demək, hər bir canlı varlıq istədiyinə çatmaq və ya istəmədiyindən uzaqlaşmaq üçün iş görür. Lakin elə işlər vardır ki, insan ona nail olmaq üçün heç bir təlaş göstərmir. Məsələn, insanın nəfəs almağa ehtiyacı var. Amma o, bundan ötrü heç bir əziyyət çəkmir. Elə istəklər də vardır ki, ona çatmaq üçün hökmən bir iş görməlisən.
Amma elə işlər də var ki, insan onu arzulasa da heç vaxt ardınca getmir. Necə ola bilər ki, insan arzusunda olduğu işin ardınca getməyə?! Bəli, insanın bir işə girişməsi üçün hökmən ümid lazımdır. Bir işin düzəlməsinə insanın qəlbində ümid yoxdursa çətin ki, durub fəaliyyətə başlasın. Hər hansı bir işin tərk olunması üçünsə qorxu hissi olduqca zəruridir.
Demək, insanın ixtiyari olaraq bir işi yerinə yetirib, o birindən çəkinməsi üçün ümid və qorxuya ehtiyacı vardır. Ümid və qorxu amilinin iki forması vardır. İnsan yaxşı işə çatmağa və pis işdən qurtulmağa ümidli ola bilər. Məsələn, sağlamlığın əldə olunması və xəstəlikdən qurtulmaq üçün də ümid lazımdır. Anoloji olaraq insan sağlamlığını itirməkdən, eləcə də xəstəliyə yoluxmaqdan qorxa bilər.


880 بازدید