Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2014

İslamda azadlıq

Ustad Sədəddin Sadiqi ilə söhbət

Sual: "Azadlıq" sözü klassik məfhumlardandır və daha çox qərb filosofları, mütəfəkkirləri tərəfindən araşdırılır. Biz Peyğəmbərin (s) həyat yolu, fəaliyyətləri əsasında azadlığa tərif verə bilərikmi?

Cavab: Peyğəmbərin həyatı ilə bağlı belə bir mühüm mövzuya toxunduğunuz üçün təşəkkür edirəm. Azadlıq mövzusu bəşər tarixi boyu insanları düşündürən mövzulardandır. Siz dediniz ki, azadlıq klassik məfhumlardandır. Bununla bağlı bir nöqtəni qeyd etmək istəyirəm.

Azadlıq insanın şəxsiyyətini, kimliyini təşkil edir. Azadlıq insanla bir doğulub. Buna görə də Peyğəmbərin risalətində, fəaliyyətlərində azadlıq əsas mövzulardan olub. Mövlana deyir ki, Peyğəmbər (s) ayaqlarındakı buxovları açmaqla möminlərə azadlıq gətirdi.

Bəzən mövzuya yanaşma üsulu düzgün olmur. Filosof və mütəfəkkirlərin yanaşması dini yanaşmadan fərqlənir. Yanaşmalar arasındakı fərqi mövzuya nə dərəcədə əhəmiyyət verilməsi ilə bağlamaq olmaz. Yanaşma fərqinin səbəbi Allahın kəlamıdır. İnsanın yanaşması ilahi yanaşmadan fərqlənir.

Diqqət yetirməliyik ki, İslam şəriəti mövzulara fərdi və ictimai həyatda həmin mövzunun əhəmiyyəti həddində diqqət yetirir. Siyasət, iqtisadiyyat, azadlıq kimi mövzularla bağlı prinsiplər açıqlanır, xırdalıqlar insanın öhdəsinə buraxılır.

Quran və Peyğəmbərin həyatında ayrıca azadlıq məfhumuna rast gəlməsək bunu diqqətsizlik kimi qiymətləndirməməliyik. İslam, Quran, Peyğəmbər (s) azadlığı fərd və cəmiyyətin mahiyyətində nəzərdə tutublar.

Peyğəmbərin həyatında azadlıq məfhumunun yerini araşdırmaq üçün nəzərə almalıyıq ki, Peyğəmbərin ünsiyyətdə olduğu ilk adamlarda Allahdan qeyrisinə bəndəlik, qulluq ruhiyyəsi müxtəlif formalarda mövcud idi. Həzrət Peyğəmbərin ilk işi insanlara ruhən azadlıq vermək idi. Əgər qəlb, ruh dəyişmirsə zahiri dəyişikliklər etibarlı deyil. İnsan həqiqi azadlığa çatmaq üçün ruhən azad olmalıdır. Zahirən belə görünə bilər ki, Allaha qul olmaqla azadlıq məfhumları bir-birinə zidd məfhumlardır. Hansı ki Allaha bəndəlik, Allaha qul olmaq insanın daxili azadlığının təminatçısıdır. İnsan Allaha bəndəlik etməklə azad olur. Allah qarşısında səcdəyə gedən insan ondan qeyrilərinə qul olmaqdan imtina edir.

İnsan fitrəti ehtiyacsız Allaha meyillidir. Ümumiyyətlə insan birinə güvənirsə, güvəndiyi varlığın, şəxsin güclü olmasını istəyir. Allaha iman gətirən insan Allahı qüdrət sahibi bildiyindən Ondan qeyri bütün gücləri zəif hesab edir. Allaha iman gətirən insnanı qəlbində qəm-qüssəyə yer yoxdur. Allaha baş əyən insan Allahdan qeyrisinə baş əyməz.

Bir sözlə, azadlıq insanın daxilindən başlayır. İnsanın azadlığı "la ilahə illəllah" şüarında təcəssüm edir.

Sual: Peyğəmbərin (s) rəhbərlik və risalətində azadlığın yerini necə görürsünüz? Peyğəmbər düşüncə və rəftarlarında azadlığa yer vermişdimi?

Cavab: Azadlıq Allahın insana verdiyi ən böyük nemətlərdəndir. Azadlıq insanı həqiqi bəndəliyə çatdırır. Azadlıq özü də ali məqsədlərdəndir. Şübhəsiz ki, belə bir mövzu Peyğəmbərin həyat və fəaliyyətlərində yer tutmaya bilməzdi. İqbal Lahuri "Peyğəmbər risalətinin məqsədi azadlıq, bərabərlik, qardaşlıqdır" fikri ətrafında yazdığı şeirdə qeyd edir ki, insana ruh üfürüləndə onu tanrılardan (bütlərdən) alan Allah oldu; Peyğəmbər (s) bütlərdən, od arasından azadlıq doğurdu...

Quran təlimləri Peyğəmbər vasitəsilə azadlığı ictimai və fərdi həyatda prinsip kimi nəzərdə tutur. Allah əvvəlcə insanı öz rəbliyinə (rübubiyyətinə) şahid etdi. Əslində bu şəhadət azğın nəfs üzərində hakimlik, insanın etirafı idi. İnsan özü öz fitrətinə olan dini azadcasına seçir. Əgər bu əqidə insan ruhuna hakim olsa insanın əməllərində azadlıq özünü göstərir.

Həzrət Peyğəmbər Səhihi-Buxaridə nəql olmuş hədisdə azadlığın hüdudlarını göstərir. Allahın təyin etdiyi çərçivəni gözləyən insan əslində öz azadlığını gözləyir. Allaha itaətsizlik edən şəxs gəmidə bir hissəsi yuxarı, bir hissəsi aşağı təbəqədə olan insanlar kimidir. Gəmi suya oturandan sonra aşağı təbəqədəkilər yuxarı təbəqəyə çıxırlar. Onlar yuxarı təbəqədəkilərə deyirlər ki, biz gəmini deşib su götürmək istəyirik. İstəmirik ki, hər dəfə yuxarı çıxıb sizə zəhmət verək. Əgər onlar istəklərini həyata keçirsələr gəmi batar, faciə baş verər. Bu mətn hədisdə yer alıb. Azadlıq orada dayanır ki, başqalarının hüququ pozulur. İslam insanın özünə və başqalarına zərər yetirməsinə icazə vermir. Qeyd-şərtsiz, çərçivəsiz azadlıq mənfi azadlıq adlandırılır. Belə azadlığa dində yer

yoxdur. Peyğəmbərin həyatında şura, bərabərlik, ədalət, ictimai tərəqqi kimi məfhumların yer alması əslində azadlığa dəyər verilməsidir.

Sual: Həzrət Peyğəmbərin misilsiz işlərindən biri mədəniyyətdən uzaq ərəb cəmiyyətində istedadlı insanlar tərbiyə etmək olub. Sonradan dünya mədəniyyəti təsir altına salındı. Düşüncə və danışıq azadlığının Peyğəmbərin insan tərbiyəsində nə kimi payı var?

Cavab: Şəhid Seyid Qütb deyir: "Tarixin heyrətamiz hadisələrindən biri budur ki, kitabdan yeni bir nəsil çıxarıldı, əsrin dörddə biri müddətində dünyanın böyük imperiyaları bu təfəkkürə tabe oldu."

Bu böyük təbəddülatın əsas səbəbi insanların daxilindəki inqilab idi. Həzrət Peyğəmbər (s) insanların batinində, düşüncəsində dəyişiklik yaratdı. Mövlananın təbirincə, sənə həyat verən qəlbindən qaynayan bir qətrə həyat suyudur.

Elə buna görə də dinin qəbulu Peyğəmbərin əsas məsuliyyətlərindəndir. İnsan könüllü şəkildə dini qəbul etməlidir. "Dində məcburiyyət yoxdur" sözləri dinin azad şəkildə qəbulunu möhürləyir. Peyğəməbrin həyatında kimisə dinə zorla gətirmək faktı yoxdur. İnsanların qəlbən dinə iman gətirməsi İslamın prinsip məsələlərindəndir.

Cəmiyyətin islahı, zülmün aradan qaldırılması insanları dinə maraqlandırırdı. Amma Peyğəmbər insanların məhz tövhid əsasında dinə gəlişini istəyirdi. Buna görə də sosial islahatlar vasitəsilə insanların dinə maraqlanmasından çəkinirdi.

Azad təfəkkürün əsas sayılması ilə bağlı ayələr kifayət qədərdir. Həzrət Peyğəmbər buyurur: "Əgər bir şəxs ictihad etsə (yeni fikirlə çıxış etsə), ictihadı düzgün olsa, iki savab qazanır. İctihadı düzgün olmayan şəxs üçün bir savab nəzərdə tutulur." Bu savablar insanaları azad düşüncəyə həvəsləndirmək üçündür. Hətta Bəni-Qüreyzədə əsr namazı ilə bağlı yanlış ictihad ortaya çıxanda Peyğəmbər buna hörmətlə yanaşdı. Belə nümunələr çoxdur. Həzrət Peyğəbmər həyatı və peyğəmbərliyi boyu azad düşüncəyə hörmətlə yanaşıb.

Sual: Peyğəmbərin (s) dövründə həzrətin ətrafındakı insanların tənqid imkanı, hüququ vardımı? Səhabələr öz iradlarını necə bildirirdilər?

Cavab: Tənqid və müxalifət azadlıq göstəricisidir. Əgər tənqid və etiraz imkanı olmasa demək azadlıq yoxdur. Tənqid hikmətə, siyasət ədalətə əsaslananda cəmiyyət xeyir tapır. Azğın nəfsdən doğan tənqid istibdad, zorakılıqdır. İstibdad üsyankarlıq nəticəsidir. Bir şəxs gücünə güvənib tənqidə mane olmaq istəsə doğru yoldan çıxmışdır. Peyğəmbərin həyatına ötəri bir baxış göstərir ki, Peyğəmbər tənqidin qarşısını almaqdan uzaq olmuşdur. Peyğəmbər uşaqlarla, səhabələrlə, yaşlı insanlarla, hətta düşmənlərlə mehriban davranmışdır. Peyğəmbər aləmlərə rəhmət göndərilmişdir. Həzrət çalışardı ki, hamı onunla ünsiyyət saxlaya bilsin. Bir gün həzrətin məclisinə bədəvi ərəb daxil oldu. Peyğəmbərlə söhbət edəndə bədəni əsirdi. Həzrət buyurdu ki, mən padşah deyiləm, sadə çörək yeyən bir qadınnı oğluyam. Həzrət Peyğəmbər Məkkənin fəthində zərrəcə fateh qururu nümayiş etdirmədi. Həzrət kimsəyə imkan verməzdi ki, onun şəxsiyyətini şişirtsin, ifrata varsın. Həmişə tapşırardı ki, məsihilər İsaya münasibətdə ifrata vardığı kimi siz mənə münasibətdə ifrata varmayın. Oğlu İbrahim dünyasını dəyişəndə günəş tutulması baş verir. Bəziləri bunu İbrahimin ölümü ilə əlaqələndirmək istəyirlər. Peyğəmbər buyurur ki, bu hadisə Allahın nişanələrindəndir və kimsənin ölümü ilə əlaqəli deyil. Bəli, Peyğəmbər öz ətrafındakı insanlara tənqid və etiraz imkanı yaratmışdı. Səhabələr narazı olduqda bunu rahat dilə gətirə bilirdilər. Əlbəttə ki, səhabələr Allahdan nazil olan ayə ilə Peyğəmbərin şəxsi baxışı arasında fərq qoyurdular. Dəyərli "Əlfəruq" kitabında yazılır ki, həzrətin üç mühüm missiyası vardı: Peyğəmbərlik, imamlıq, qazilik. Şah Vəliyullah Dehləvi Peyğəmbərin işlərini iki yerə bölür: Vəhylər və ictihadlar.

Bədr savaşında döyüş taktikası ilə bağlı söhbət gedəndə səhabələrin necə azad fikir bildirməsi məşhurdur. Səd ibn Məaz və Səd ibn İbadə Mədinə xurmasının üçdə birinin pay verilməsi barədə danışılanda Peyğəmbərə etiraz edirlər. Hüdəybiyyədə də səhabələrin etirazı açıq olur.

Sual: Həzrət Peyğəmbər Məkkədən Mədinəyə hicrət edəndə peyğəmbərlik missiyası yeni mərhələyə daxil olmuşdu. Artıq imkanlar böyümüşdü. Həzrət Peyğəmbər İslam cəmiyyətinin rəhbəri sayılırdı. Mədinə müqaviləsi yeni ictimai quruluşun bünövrəsini təşkil edirdi. Bu müqavilədə cəmiyyətin fikir bildirməsi barədə nə deyə

bilərsiniz? Sizin nəzərinizcə bu azadlıqlar Mədinədə yeni cəmiyyətin ictimai-siyasi bünövrəsində nə kimi rol oynayıb?

Cavab: İslam iman əhlindən istəyir ki, ətrafdakılarla insan kimi davransınlar. Möminlərə göstəriş verilir ki, savaşda olmadıqları insanlarla ədalətlə rəftar etsinlər. Çünki ədalət və sülh dinin əsasını təşkil edir. Həzrət Peyğəmbər Mədinəyə hicrətdən sonra yeni şəraitlə üzləşdi. Mədinədə o zaman 4500 yəhudi, 4000 müşrik, 2000 müsəlman yaşayırdı. Əqəbeyi-Kübra beyəti əsasında Mədinə həzrət Peyğəmbərin ixtiyarına keçdi. Yəhudilər də Peyğəmbərin rəhbərliyini qəbul etdilər. Peyğəmbər səhabələrlə (mühacir və ənsarla), eləcə də yəhudilər və Mədinə əhli ilə məsləhətləşib bu qruplar arasında müqavilə tərtib etdi. Bir çox İslam mütəfəkkirləri bu müqaviləni vətəndaşlıq hüquqlarının ilk mənbəsi sayırlar. Hətta professor Həmidullah bu müqaviləni ilk yazılı konstitusiya adlandırır. Bu müqaviləyə əsasən Mədinədə yaşayan hər bir şəxs vətəndaş sayılırdı. Mədinə müqaviləsinə əsasən hamı üçün əqidə və ibadət azadlığı təmin olunurdu. Bütün Mədinə əhli bərabər hüquqlardan faydalanırdı. Müqaviləyə əsasən Mədinədəki insanlar düşmənlə üzləşdikdə şəhər əhalisi tərəfindən himayə olunmalı idi. Bu müqavilə şərait yaradırdı ki, şəhərdə yenicə məskunlaşmış müsəlmanlar təşkilatlansınlar. Həzrət Peyğəmbər (s) bu prinsiplərə əməli olaraq riayət edirdi. Təəssüf ki, yəhudilər və müşriklər xəyanətə əl atdılar.

Sual: Dünya svilizasiya tarixini nəzərdən keçirdikdə azadlığın çox düşməni olduğunu göürürük. Həzrət Peyğəmbər Mədinədə müsəlman, yəhudi, müşrik və münafiqlərin yeni üsulla yanaşı yaşaması üçün şərait yaratmışdı. Bu şəraiti daxildən və xaricdən hansı təhlükələr hədələyirdi?

Cavab: İnadkarlıq, təəssüb insanı özünə əsir edir. Azadlığa gedən yol uzundur. İnsan daxilən azad olmalıdır ki, əməldə azadlığın şərtlərinə əməl edə bilsin. Azadlığın tamından xəbərsiz cəmiyyətlər onunla rastlaşanda müqavimət göstərir. Peyğəməbr Mədinədə hətta yəhudi qadının dəfninə qatılır. Hansı ki yəhudilər üç dəfə müqaviləni pozub Peyğəmbərə xəyanət edirlər. Məkkə müşrikləri xarici amil olaraq Mədinə cəmiyyəti üçün təhlükə idi. Münafiqlər xəbər yayırdılar ki, tezliklə Mədinəyə hücum olacaq. Bu cəmiyyət əslində azadlıqla vuruşurdu.

Sual: Sizin nəzərinincə Peyğəmbər (s) öz fəaliyyətlərində İslamın nəzərdə tutduğu azadlığı hansı həddə riallaşdıra bildi?

Cavab: Peyğəmbərin gördüyü iş bu idi ki, ən əziz səhabələr ətrafdakı insanlara hörmətlə yanaşırdı. İstər Məkkə, istər Mədinə dövründə İslama iman gətirənlər kin-küdurəti kənara qoyur, hətta düşmənə qarşı açıq ürək göstərirdilər. Bu səbr və dözüm İslam cəmiyyətinin qarşısında dayanan bir çox problemləri aradan qaldırdı. Mədinə müsəlmanları dünyaya azadlığın modelini verdilər. İqbal Lahurinin təbirincə, bu cəmiyyətin kökündə bərabərlik dayanırdı.

Peyğəmbərin mühüm işlərindən biri bu idi ki, çətinliklərin ümidsizlik yaratmasına imkan vermirdi. Daim İran və Rumun fəthindən danışar, səhabələrə dünya və axirətə yanaşı baxmağı öyrədərdi. Səhabələr problemlərdən gileyləndikdə ibrətamiz dastanlar danışmaqla onlarda gələcəyə ümid yaradardı. Həzrət Peyğəmbər bəşər tarixinin ən sağlam insanlarını tərbiyə edib. Azadlıq bu insanların ruhunda möhkəmlənib.

Sual: Həzrət Peyğəmbərin rəhbərlik və risalət tarixində onun ideolji və siyasi müxaliflərlə rəftarı necə olub? Həzrət Peyğəmbərin digər din və əqidə sahibləri üzərində nəzarəti, onlara qarşı məhdudiyyətlər, edam və sürgün kimi cəzalar olubmu?

Cavab: Öncə qeyd etməliyəm ki, İslam Peyğəmbərinin bütün rəftarları şəriət və İslam qanunlarına əsaslanıb. Peyğəmbərin ictihadlarında mövcud şərait nəzərə alınıb. Əlbəttə ki, bu mövzu mürəkkəbdir mütəxəssis və ictihad əhlinin fikrinə ehtiyac var. Hər halda Peyğəmbərin fəaliyyətlərində kimisə dinə zorla gətirmək nümunəsi tapmaq mümkün deyil. Bir gün həzrət (s) qılıncını ağacın kənarına qoyub istirahət edirdi. Düşmənlərdən biri fürsəti qənimət sayıb xəlvətcə həzrətin qılıncını götürdü. Qılıncı qaldırdı ki, Peyğəmbəri vursun. Həzrət yuxudan oyandı. Həmin şəxs dedi: "İndi səni kim qoruya bilər?" Həzrət buyurdu ki, Allah. Bu zaman necə oldusa qılınc həmin şəxsin əlindən düşdü. Həzrət (s) cəld tərpənib qılıncı götürdü və buyurdu: "İndi səni kim qoruya bilər?" Kişi dedi:

"Sizin kimi böyük insandan yalnız əfv gözləyirəm." Həzrət Peyğəmbər (s) onu İslama dəvət etdi. Kişi düşünmək üçün vaxt istədi. Sonradan könüllü şəkildə İslamı qəbul etdi.

Həzrət Peyğəmbər (s) İslam cəmiyyətinin rəhbəri olaraq ona xəyanət edən, onunla vuruşanlarla mütənasib rəftar edirdi. Bəni-Qüreyzə yəhudiləri ağır xəyanətə əl atdılar. Həzrət Peyğəmbər (s) onların xəyanətinə uyğun cəza təyin etdi. Hərbi cinayətkar ünvanında Haris oğlu Nəzr, Əbu Muit oğlu Üqbə edam edildi. Peyğəmbərlə düşmənlikdən bir an olsun əl çəkməyən yəhudi başçıları ağır cəzalandırıldı.

Həzrət Peyğəmbərin bu addımlarını əqidəyə qarşı məhdudiyyət yaratmaq qismindən saymamalıyıq. Əvvəla bu tədbirlər istisna hesab edilir, digər tərəfdən cəzalandırılmış insanlar əlinə qılınc alıb müsəlmanlara qənim kəsilənlər idi.

Sual: Sizin nəzərinizcə Peyğəmbərin peyğəmbərlik məqamından əlavə hansı amillər istibdaddan, zorakılıqdan çəkindirib?

Cavab: Əksəriyət bu fikirdədirki, həzrət Peyğəmbər (s) Allahın nəzarəti altında hərəkət edir və müvəffəq olurdu. Bəli, etiqadi baxımdan əsl iş görən Allahdır. Amma bu o demək deyil ki, insanın fəaliyyətlərində şəxsi təlaş inkar olunsun.

Mühüm nöqtə budur ki, həzrət Peyğəmbər (s) bir ideal idi. İslama dəvət, hicrət, cihad və başqa sahələrdə zahirən adi üsullarla hərəkət edilirdi. Bələkə də istisna təşkil edən yeganə hadisə merac hadisəsidir. Bunun da səbəbi aydındır. Çünki İslam ümməti bu işə vəzifəli deyil.

Həzrət Peyğəmbər (s) risalətdən öncəki 40 ildə həyatla qədərincə tanış olmuşdu. O çətinliklərdən keçmiş, ictimai problemləri yaxından müşahidə etmişdi. Həzrət (s) zülm və ayrı-seçkiliyin nə olduğunu gözəl bilirdi. Həzrət azadlığı yüksək dəyərləndirirdi.

Onu heç bir məqam, hətta peyğəmbərlik məqamı qürrələndirmirdi. Öz işində yalnız Allahın razılığını soraqlayırdı. Onu ad və şöhrət aldada bilmirdi. Bütün bu xasiyyətlər səbəb olurdu ki, səhabələr də həddi aşmasın, ifrata varmasın. Həzrət Peyğəmbər (s) hamıya insan, Allah bəndəsi olaraq baxırdı və bu onu fərdlərə münasibətdə mehribanlığa sövq edirdi.

Həzrət Peyğəmbərin kollektiv, şura qərarlara üstünlük verməsi onun istibdada qarşı olmasının əsas dəllərindəndir. Həzrət Peyğəmbər (s) vəhydən aşağı bütün işlərdə ətrafdakılarla məsləhətləşirdi. Bədrdə üzünü xalqa tutub onlardan məsləhət istədi. Maraqlıdır ki, deyilənlər onun şəxsi fikrinə zidd olsa belə qəbul edərdi. Uhud savaşında şəhərdən çıxmaq qərarı buna misal ola bilər.

Azad tənqid fəzası, baxışların izharı göstərir ki, Peyğəmbər istibdaddan uzaq idi. Güclü müşavirə, ətrafdakıların mövzuya baxışı ilə tanışlıq ədalətli hakimin səciyyəsidir.

Sual: Cəmiyyətdə rəhbər post tutanlar Peyğəmbərin fəaliyyət üsullarından necə faydalana bilər?

Cavab: Məsullar, o cümlədən cəmiyyət tarixi şəraiti düzgün dəyərləndirərək mənəvi sifətlərlə zinətlənib Allahla rabitəni möhkəmləndirməlidir. İstibdad, zülmdən uzaq olmaq üçün bu addım atılmalıdır.

Bu gün müsəlmanlar həmrəyliyə, birliyə həmişəkindən çox ehtiyaclıdır. Çeşidlilik öz-özlüyündə pis deyil. Pis olan budur ki, məsullar təəssübə yol versin, şəxsi rəyini üstün tutsun. Hafizin təbirincə, insan odur ki, bütün rənglərdən azad olsun. Hafizin məqsədi bu deyil ki, insanın adı, xarakteri başqalarından fərqi olmasın. Fərqlilik insanın təbiətindədir. Biri mühacir olur, o biri ənsar. Biri alim olur, o biri mücahid. Hafizin nəzərdə tutduğu təəssübdən yaranan fərq, rəngdir. Təəssüb bəlası səbəb olur ki, insan yalnız özünü görür, başqalarına yuxarıdan aşağı baxır. Qələm surəsinin 4-cü ayəsində oxuyuruq: " Həqiqətən də, sən böyük əxlaq sahibisən!" Allah Peyğəmbəri belə tanıtdırır. Peyğəmbər bəşəriyyət üçün azadlıq simvoludur və bizim də bu xüsusiyyətləri özümüzdə tərbiyə etməyimiz zəruridir.

Nur-az.com


1411 بازدید