Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2016

HANSI NAMAZA TÖVBƏ DÜŞÜR?

Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər
Bizim ibadət bilib könül verdiyimiz işləri özü üçün günah hesab edənlər də var. Yaxşı əməllər sırasında birinci yerdə duran namaz haqında buyurulur: «Namaz dinin sütunudur». («Biharul-ənvar», cild 82.) Görən bu sifət bütün namazlaramı şamildir? Övliyalar diqqət və səmimiyyətlə qılınmamış namazı özləri üçün günah bilib belə namaza tövbə etmişlər. Günümüz 24 saatdan ibarət olsa da, adətən, qıldığımız namazlar üst-üstə heç bir saat da davam etmir. Ən əsası isə əksər insanlar namaz halında diqqət və səmimiyyətdən faydalana bilmirlər. Əgər namaz Allahla söhbətdirsə, bu söhbət zamanı hansı əsasla başqa işlər barəsində düşünmək olar?! Allahla danışarkən diqqətin yayınması ədəbsizlikdir. Əgər sizinlə söhbət edən bir şəxs üzünü başqa tərəfə tutarsa bunu necə qiymətdəndirərsiniz? Namaz zamanı diqqətin Allahdan qeyri bir istiqamətə yönəldilməsi Ona arxa çevirməyə bərabərdir. Allah cism olmadığından Ona cismən yox, ruhən üz tutmaq zəruridir. Belə namazı dinin sütunu hesab etmək olarmı?
İnsanı digər canlılardan fərqləndirən onun diqqətli olmasıdır. Danışana diqqət göstərməyib arxa çevirmək heyvanlara məxsus xüsusiyyətdir. Həzrət Peyğəmbər (s) buyurur: «Namaz zamanı Allahdan qeyrisini düşünən kəs heyvana çevrilməkdən qorxmurmu?». («Biharul-ənvar», cild 84.) Uca məqam sahibləri olanlar ibadət zamanı diqqətli olar, fikirlərini Allaha yönəldərlər. «Namaz, dua, Qurana məşğul olarkən fikrim haradaydı» deyə düşünər, hər zaman nöqsana yol verdikləri üçün tövbə edərlər.
Əlbəttə ki, çoxlarının səviyyəsi deyiləndən aşağıdır. İnsanın övliyalar haqqında düşünməsi onu öz nöqsanlı ibadətinə görə xəcalət çəkməyə vadar edir. Bir dəfə iki rəkət gecə namazı qılmaqla insan necə qüdrətlənə bilər?! Övliyalar günaha yox, naqis ibadətə xatir tövbə edirlərsə, günahkarlar nə üçün tövbə etməməlidirlər?! Övliyalara bənzəmək üçün Allahdan yardım istəyək. Əhli-beyt yolunu getmək onlara oxşamaq üçün çalışmaq deməkdir. Həzrət Əli (ə) buyurur: «Ali məqama qüdrətiniz olmasa da, haramdan çəkinməyinizlə, özünüzə nəzarətlə bizə yaxınlaşın». («Nəhcül-bəlağə», 45-ci məktub.)


1636 بازدید