Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2016

Tarixdən bir həqiqət: Vay, rusların halına!

Fətəli şah müharibəyə son qoyulmasını və sülh müqaviləsini imzalanmasını elan etmək üçün dövlət xadimlərini topladı
Azərbaycanın valisi olmuş Abdullah Mustovfi “Şərhi zindegiyi mən” kitabında yazır:
II Rusiya-İran müharibəsində (1826-1828) rus qoşunları Təbrizə girdilər. Qoşun Miyanəyə tərəf hərəkət etmək niyyətində idi. İran dövləti öz işinin bitdiyini gördükdə rusların tərtib etdiyi sülh müqaviləsini imzalamağa məcbur oldu.
Fətəli şah müharibəyə son qoyulmasını və sülh müqaviləsini imzalanmasını elan etmək üçün dövlət xadimlərini topladı. İclasdan qabaq sarayda vəzifəsi şahın rəsmi salam və xüdahafizi olan Salam Müxatəb ləqəbilə tanınan şəxsə şahın suallarının cavabında hansı cümlələri deyəcəyi barədə tapşırıq verilmişdi. Artıq o və köməkçiləri hansı rolu oynayacağını bilirdi.
İclas başladı. Fətəli şah öz taxtında oturdu. Dövlət rəsmiləri hamısı təzim etdilər. Şah, Müxatəb Salama xitab edərək dedi: - Əgər biz əmr etsək ki, cənub və şimal tayfaları birləşsin və birdəfəyə nəhs ruslara qarşı hücuma keçsinlər, onları tari-mar etsinlər, nə baş verər?
Bu teatrda öz rolunu yaxşı əzbərləyən Müxatəb Salam səcdəyə oxşar təzim edərək dedi: - Vay, rusların halına! Vay, rusların halına!
Fətəli şah yenə soruşdu: - Əgər fərman verilsə ki, Xorasan və Azərbaycan qoşunları birləşsin və birlikdə dinsizlərə (ruslara) qarşı hücuma keçsin, onda necə?
Müxatəb Salam dedi: - Vay, rusların halına! Vay, rusların halına!
Şah yenə dedi: - Əgər Xəmsə topçularını da Marağa topçularının köməyinə göndərsək və əmr etsək ki, öz topları ilə kafirlərin ölkəsini yerlə yeksan etsinlər, nə olar?
Müxatəb Salam yenə dedi: - Vay, rusların halına! Vay, rusların halına!
O vaxta qədər taxtında oturub, mirvaridlə işlənmiş iki balışa söykənmiş şahın qəzəb dəryası coşdu, iki dizi üstə qalxıb, belinə bağladığı qılıncını qınından bir qarış çəkdi və uca səslə bu şeri oxudu:
Çəksəm Miyanə qılıncı
Şir meşədən qaçar
Vursam Paskeviçin başından
Tüstü Pyotrdan qalxar
Bu an Müxatəb Salam və onun sağ və sol tərəfindən dayanan iki nəfər özlərini şahın taxtının ayağına atdılar və üzləri üstə yerə düşüb dedilər: - Qurban, çəkmə, çəkmə, dünya alt-üst olar.
Fətəli şah bir az sükut etdikdən sonra dedi: - İndi ki, belə məsləhət bilirsiniz, mən də göstəriş verirəm ki, işi bu dinsiz tayfa (ruslar) ilə dinc yolla həll edin.
Abdullah Mustovfi; “Şərhi zindegiyi mən” kitabı.
Qeyd edək ki, Abdullah Mustovfi Azərbaycanın valisi, Qacarilər və Pəhləvilər dövründə dövlət xadimi olmuşdur. Qacar şahlarının dəftərxana işləri onun öhdəsinə olmuşdur. Abdullah Mustovfinin Qacarilərin hökuməti barədə yazdığı kitablar çox mötəbər və dəyərli kitablar hesab olunur.


1081 بازدید
در حال ارسال اطلاعات...