Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2016

Nadir şah Əfşar necə şiə oldu?

Yüzlərlə il bundan qabaq ölmüş bir adamın qəbrinin üstə gedib ona salam verirsiniz?
Böyük xətib və Əhli-beyt (ə) müdafiəçisi Seyid Hüseyn Fani, ana tərəfindən olan babası Kərbəla şəhərində Şeyx Kiçik Həsən kimi tanınmış məşhur alim, iman və təqvada nadir şəxsiyyətlərdən hesab olunan Şeyx Həsən Hairidən belə nəql edir:
Bir gün Həzrət Əbəlfəzin (ə) hərəminin kitabxanasında saxlanılan əzyazma kitabları arasında “Əsrarus-səlatin” kitabını mütaliə edirdim. Kitabın bir hissəsində belə yazılmışdı:
Nadir şahın Mirza Məhdi adlı şiə əqidəli vəziri olmuşdur. Nadir şah Hindistanı fəth etdikdən sonra bəzi məsələlərdə məşvərət etmək üçün onu yanına çağırır. Vəzir məsləhətləri arasında ona İraqda müqəddəs ziyarətgahları ziyarət etməsini də tövsiyə edir. Nadir şah vəzirin bu məsləhətini eşidəndə ona istehza ilə deyir: - Siz şiələr ölüyə pərəstiş edirsiniz. Yüzlərlə il bundan qabaq ölmüş bir adamın qəbrinin üstə gedib ona salam verirsiniz?

Şiə vəzir təmkinlə deyir:
Onun zahirdə ölməyində heç bir şəkk-şübhə yoxdur. Lakin onlar bəzi işlər görürlər ki, diri adamlar o işləri bacarmır. Bu camaat da həmişə onların möcüzə və kəramətlərini yazırlar. Bu sözləri sübut edən bir çox faktlar vardır. (Nümunə üçün) Onların (məsum imamların) atası Nəcəfin sultanı mövla Əlinin (ə) kəramətlərindən biri budur ki, eyni-murdar heyvanlar onun qəbrinə yaxınlaşmır. Bundan da təəccüblüsü odur ki, şərab onun pak qəbrinə yaxınlaşmazdan qabaq ya xarab olur, ya da sirkəyə çevrilir, məstlik xüsusiyyətini itirir.
Nadir şah bu sözləri eşitdikdən sonra deyir: - Əgər sənin dediyin kimidirsə, mən bu kəraməti görmək üçün səninlə İraqa gedəcəm.
Bundan sonra Nadir şah İraq səmtinə hərəkət edir. Əmirəlmöminin Əlinin (ə) hərəminə yaxınlaşdıqda içərisində şərab olan və möhkəm bağlanmış şüşə qabı çölə çıxarır. O, şüşədən sirkə iyinin gəlməsini hiss edir. Onu açıb dadır və şərabın sirkəyə döndüyünə əmin olur. Sonra bir it gətirdir ki, onu Əmirəlmöminin Əlinin (ə) hərəminə yaxın aparsın. Lakin nə qədər çalışırsa, iti apara bilmir. Nadir şah itin boynuna dəmir zəncir bağlayır və onu sürüyə-sürüyə aparmaq istəyir. Amma zəncir qırılır və iti hərəmin mühitinə daxil etmək cəhdi boşa çıxır.
Nadir şah bu böyük kəraməti gördükdə həzrət Əmirəlmöminin Əliyə (ə) qarşı təvazökarlıq göstərir, ona təzim edir. Sonra öz adamlarına deyir ki, mən bu böyük kəraməti gördüm. İti bağladığınız həmin dəmir zəncirlə məni bağlayın və mən onunla Əmirəlmöminin Əlinin (ə) zərihinə daxil olum. Lakin heç kim Nadir şahın bu göstərişini yerinə yetirmir və onun dəli olduğunu sanırlar. Bir az keçdikdən sonra onun doğru dediyini anladılar. Bu zaman tanış olmayan və eyni zamanda çox heybətli bir kişi Nadir şaha yaxınlaşdı, onun boynuna qızıl zəncir salaraq Əmirəlmöminin Əlinin (ə) qəbrinə tərəf çəkdi. Nadir şah pak qəbrə çatan kimi xüzu və ədəblə hərəmə daxil oldu, ona şahlardan miras qalmış çox qiymətli tacını zərihlə üzbəüz qoyaraq dedi: - Şah sənsən, ey mənim ağam və mövlam. Mən isə sənin evinin qapısının iti olmaq istəyən kiçik qulamlarından biriyəm.

Nadir şah bir neçə gün Nəcəfi-Əşrəfdə qaldı. Əmirəlmöminin Əlinin (ə) hərəminin kaşı ilə işlənmiş günbəzini təzədən qızıldan düzəltdirdi. Bundan sonra Kərbəlaya yola düşdü. Aşura hadisələrini yaxından dinlədi və çox təsirləndi. Şah bu dərd-qəmlə dolu Aşura hadisələrini eşitdikcə özünü saxlaya bilməyib ağlayırdı. Bu hadisələr içində həzrət Əbəlfəzin qəhrəmanlıq hekayəsini və onun çəkdiyi çətinlik, möhnət və dərdləri də eşitdi. Nadir şah soruşdu: Abbasın (ə) qəbri haradadır? Dedilər ki, onun qəbri şəhidlərin qəbrinin yanında deyil və başqa yerdədir (Fərat çayının kənarındadır). Nadir şah yolunu həzrət Əbəlfəzin (ə) hərəminə tərəf saldı. Onun hərəminin heybət və əzəmətinin Seyyidüş-şühədanın hərəminin əzəmət və calalından az olmamasını gördü.

Nadir şah həzrət Abbasın (ə) qardaşı İmam Hüseyndən (ə) aralı dəfn olunmasının hikmətini soruşdu. Ona dedilər: - Bunun səbəbi odur ki, həzrət Əbəlfəz (ə) özü qardaşı Hüseyndən (ə) istəmişdir ki, Aşura günü onu yerə düşdüyü və qanına qəltan olduğu (şəhid olduğu) yerdə dəfn etsin. İmam Hüseyn (ə) onu xeymələrə tərəf aparmaq istədikdə Abbas (ə) gözlərini açır və qardaşının onu aparmaq istədiyini görür. Deyir: - Məni hara aparmaq istəyirsən? İmam Hüseyn (ə) buyurur: - Xeyməyə. Abbas (ə) deyir: - Qardaş, səni and verirəm baban Rəsulullaha, məni ora aparma və burada saxla. İmam Hüseyn (ə) bunun səbəbini soruşduqda Əbəlfəz (ə) deyir: - Mən sənin qızın Səkinədən xəcalət çəkirəm. Mən ona su söz vermişdim, amma gətirə bilmədim.
Alimlər, həzrət Əbəlfəzin (ə) özünün orada qalmaq istəməsinə nə qədər sübut gətirsələr də Nadir şahı bu məsələdə qane edə bilmədilər. Bu əsnada həzrət Əbəlfəzlil-Abbasın (ə) hərəmindən bir cavan adamın səsi gəldi. O səs və yerli ləhcə ilə deyirdi: - Ey Zeynəbin qardaşı, fəryadıma yet!
Nadir şah dedi: - Bu fəryad nədir, nə baş verib və nə istəyirsən? Cavan dedi: - Mən, Məsud qəbiləsindənəm və Kərbəladan iki-üç fərsəx uzaqda yaşayıram. Qəbiləmizin adəti budur ki, gəlin və bəy həzrət Abbasın (ə) hərəminə gəlir, onun yanında əhd-peyman bağlayır ki, bir-birinə xəyanət etməsinlər. Əgər xəyanət etsə, Abbas (ə) özü onun xəyanətinin cəzasını versin. Bu gecə mənim zifaf gecəmdir. Mən öz zövcəmlə birlikdə əhd-peyman bağlamaq üçün Əbəlfəzin (ə) hərəminə tərəf gəlirdik. Bir dəstə silahlı yolkəsən bizə hücum etdi. Biz onlara qarşılaşdıq. Amma yollarım birində onlar mənim yoldaşımı zorla apardılar. İndi gəlmişəm həzrət Əbəlfəzin (ə) yanına ki, ondan nicat və kömək istəyim.
Nadir şah bu hadisəni eşitdikdə çox təsirləndi və ona dedi: - Tezliklə yoldaşını tapdırıb, axşama kimi sənin yanına qaytararam. Amma Nadir şahı tanımayan gənc onun sözünə əhəmiyyət vermədi və dedi: - Mən səndən kömək istəmirəm. Mən, Zeynəbi-Kübranın qardaşından kömək istəməyə gəlmişəm və ondan istəyirəm ki, mənim zövcəmi mümkün olan ən tez halda mənə qaytarsın və oğruların cəzasını tezliklə versin.
Nadir şah cavanın cürət edərək onun sözlərini qəbul etməməsindən qəzəblənərək dedi: - Yaxşı, əgər Abbas (ə) sənin zövcəni qaytarmasa, gecə olmazdan qabaq mən şəxsən özüm səninlə hesablaşacağam.
Sonra cavan həzrət Əbəlfəzə (ə) tərəf əyilərək uca səslə dedi: - Ey sığınacağı olmayanların pənahı, ey Əmirəlmömininin (ə) oğlu! Mənim dadıma yet!
Hələ onun sözü tamam olmamışdı ki, pak hərəmin daxilində səs-küy qalxdı və bir qadın bərkdən səslənirdi: - Ey Əbəlfəz, sənin bayrağını uca gördüm. Sənə təşəkkür edirəm ey Zeynəbin qardaşı!
Nadir şah hadisəni yaxından eşitmək üçün cavanla gəlinin onun yanına gətirilməsini istədi. Gəlin dedi: - Yolkəsənlər bizi tutdular və məni ərimdən ayırdılar. Onların əlində əsir və çarəsiz qalmışdım. Babəl-həvaic Əbəlfəzlil-Abbasa təvəssül etməkdən başqa yolum yox idi. O həzrətə təvəssül etdim, onu and verərək dedim: - Səni and verirəm bacın Zeynəbi-Kübraya! Məni bu çətinlikdən qurtar.
Bu arada Kərbəla tərəfdən bir atlı gəldi və yolkəsənlərə əmr etdi ki, azad etsinlər. Amma yolkəsənlər onun sözünə baxmadılar, hətta öldürmək üçün ona hücum etdilər. o da bərq vuran qılıncı ilə onların boynunu vurdu və cəsədlərini səhraya atdı. Onların cəsədləri elə həmin yerdə qaldı. Mən bir də özümü burada gördüm.
Nadir şah bu hadisəni eşitdikdən və bu böyük kəraməti öz gözü ilə gördükdən sonra həzrət Əbəlfəzin (ə) qardaşının yanında böyük məqamı olmasını və onun üçün ayrı bir hərəmin olmasını qəbul etdi. Bundan sonra Qəməri Bəni-Haşimin (ə) hərəminin genişlənməsi və qəbrin baş tərəfi hissəsində məscid inşa edilməsinin, həmçinin hərəmin həyət və eyvanının əsaslı təmirinə göstəriş verdi. Bu hadisə 1153-cü h. qəməri ilində baş vermişdir.

Qaynaq:
Əqidəduş-şiə
Çöhreyi dirəxşani Qəməri Bəni-Haşim (ə)

Çevirən: Seyid Zahir