Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Şəms Təbrizi Mövlananın qonağı olur

Elə bir şeyə söykənməlisən ki, zaman ötməklə və vəziyyətin dəyişməsi ilə aradan getməsin.
Böyük sufi arif Şəms Təbrizi, Mövlana Cəlaləddin Ruminin ustadlarından sayılır. Mövlana, Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış, ona dərin hörmətlə yanaşmışdır. Hətta, Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir.
Bir gün Mövlana, Şəms Təbrizini evinə qonaq çağırır. Şəms, Mövlananın evinə gedir və qonaq üçün düzülmüş xörəkləri nəzərdən keçirdikdən sonra soruşur: - Mənim üçün şərab hazırlamamısan?
Mövlana heyrətlə deyir: - Sən şərab içirsənmi?
Şəms: - Bəli.
Mövlana: Amma mən bunu bilmirdim.
Şəms: - İndi ki, bildin, mənim üçün şərab gətir.
Mövlana: - Gecənin bu vaxtı mən şərabı haradan tapım?!
Şəms: - Xidmətçilərindən birinə tapşır, getsin tapsın gətirsin.
Mövlana: - Belə etsəm, xidmətçilərim arasında abrım gedər.
Şəms: - Onda özün get, al gətir.
Mövlana: - Axı, bu şəhərdə hamı məni tanıyır. Mən necə xristian məhəlləsinə gedib, şərab ala bilərəm?!
Şəms: - Əgər mənə hörmət bəsləyirsənsə, mənim rahatlıq vəsaitlərimi də hazırlamalısan. Mən gecələr şərab içmədən yemək yeyə, söhbət edə və yata bilmirəm.
Şəmsə çox məhəbbət bəsləyən Mövlana xirqəsini çiyninə atır, əlinə böyük bir şüşə qab götürüb xirqəsinin altında gizlədir və xristianlar yaşayan məhəlləyə yollanır.
Mövlananın o məhəlləyə getməsinə qədər heç kəs onun işləri ilə maraqlanmırdı. Amma onun bu məhəlləyə girməsi hamını heyrətə saldı. Görənlər, onun ardınca düşüb izləməyə başladı. Onlar görürlər ki, Mövlana meyxanaya daxil oldu və bir şüşə şərab aldı, onu xirqəsinin altında gizlədərək eşiyə çıxdı.
Hələ xristian məhəlləsindən çıxmamışdı ki, oranın müsəlmanlarından bir dəstəsi onun ardınca düşdü və getdikcə bu dəstənin sıraları artmağa başladı. Mövlana imam camaat olduğu məscidə çatanda, hər gün namazlarını ona iqtida etməklə yerinə yetirən camaat da ona çatdı.
Bu vaxt camaatın içərisində olan Mövlananın rəqiblərindən biri qışqırır: - Ay camaat! Hər gün namazda ona iqtida etdiyiniz Şeyx Cəlaləddin xristianların məhəlləsinə getmiş və şərab almışdır.
O, bu sözü deyəndən sonra Mövlananın çiynindən xirqəni çəkdi. Camaat şərab şüşəsini gördü. O kişi dedi: - Bu münafiq zahid olmasını iddia edir və siz ona iqtida edirsiniz, amma indi şərab alıb, evinə aparır!
Sonra o, ağzının suyunu Cəlaləddin Ruminin üzünə atdı və başına elə vurdu ki, onun dəstarı (başına bağladığı əmmamə kimi parça) başından düşdü.
Bu səhnəni müşahidə edən camaat, Mövlananın da ona cavab verməməsindən və sükut etməsindən onun bir ömür zöhd və təqva libası ilə onları aldatmalarına əmin oldular. Camaat artıq ona hücum edib döyməyə, ya öldürməyə hazırlaşırdı.
Bu zaman Şəms ora yetişir və fəryad edir: - Ey həyasız camaat! Utanmırsız ki, dindar və fəqih bir insana şərabxar töhməti vurusuz? Bu gördüyünüz şüşənin içərisindəki sirkədir. O, yeməyini hər gün sirkə ilə yeyir.
Mövlananın rəqibi qışqırır: - Sən nə danışırsan? Bu sirkə deyil, şərabdır.
Şəms şüşənin ağzını açır və camaatın ovcuna, o cümlədən onun rəqibinin ovcuna şüşədəki mayedən tökür. Hamı onun sirkə olduğunu görür. Vəziyyət dəyişir! Mövlananın rəqibi öz başına döyür və özünü onun ayaqlarına atır. Ora toplaşan camaat ondan üzr istəyib, əlini öpərək dağılışdılar.
Mövlana Şəmsdən soruşur: - Nə üçün bu gecə məni belə faciəyə düçar elədin və məni öz əlimlə abrımın getməsinə məcbur elədin.
Şəms dedi: Bunu ona görə etdim ki, biləsən, onunla qürurlandığın ilğımdan başqa bir şey deyil. Sən elə bilirdin ki, bir dəstə avam adamın sənə hörmət etməsi, əbədi sərmayədir. Halbuki, özün gördün ki, əlindəkini şərab şüşəsi hesab etməklə bütün bu hörmətlər aradan getdi, sənin üzünə ağız suyu atdılar, başına vurdular, hətta səni öldürmək istədilər.
Sənin sərmayə hesab etdiyin, gördüyün kimi bir gecədə məhv oldu. Deməli, elə bir şeyə söykənməlisən ki, zaman ötməklə və vəziyyətin dəyişməsi ilə aradan getməsin.


742 بازدید