Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2014

Nəfsin izzəti (özünə hörmət)

İslamda mühüm mövzulardan biri "izzəti-nəfs", yəni gözütoxluq, nəfsin qorunmasıdır. Qurani-Kərimdə bu sifətin gücləndirilməsi yolları barədə danışılır. İzzəti-nəfs psixologiyada işlənən terminlərdəndir. Bu sifət insanın özünü dəyər verməsi, gözütoxluğu, başqalarına əl açmaması kimi səciyyələrə malikdir. Özünə hörmət edən insan, başqa sözlə izzəti-nəfsi olan insan bu əqidədədir ki, insan müqəddəs varlıqdır. Müvəffəqiyyətə çatmaq üçün bu sifətə malik olmaq mühümdür. İzzəti-nəfsi olanlar adətən həyatda düzgün qərar qəbul edirlər.

Yaşından, cinsindən, yaşadığı mühitin mədəniyyətindən asılı olmayaraq bütün fərdlər bu sifətə ehtiyaclıdır. Psixoloqların gəldiyi qənaət budur ki, əgər insanda özünəhörmət hissi olmasa başqa ehtiyacları artır, istedadlar məhdudlaşır.

"İzzət" ərəb sözüdür, lüğət mənası möhkəm, nüfuzuedilməz deməkdir. "Ərzun əzizə" dedikdə suyun yol tapmadığı torpaq nəzərdə tutulur. İctimai baxımdan bu söz məğlubiyyətə mane olan mənasını bildirir. Həzrət Əli (ə) buyurur: "Allahdan qeyri yolla izzətə, hörmətə çatan insanı elə həmin izzət məhv edər."

Hazırkı əsrdə psixologiya ilə bağlı biliklər genişləndikdən sonra izzət əsas mövzulardan birinə çevrilib. İslamda bu sifəti gücləndirməklə bağlı yolların uzun tarixi var. İslam təlimlərində nəfsə hörmət, özünəhörmət hissinin gücləndirilməsi əsas mövzulardandır. İslamda izzətin qaynağı Allahdır. Bütün izzətlər, hörmətlər Allahdandır. Fatir surəsinin 10-cu ayəsində oxuyuruq: " Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar." Əgər izzət çeşməsi Allahdırsa onu Allahdan qeyri yolla əldə etmək zillət olar.

İzzətə meyl, zillətə ikrah fitridir. Bütün insanların qəlbində izzətə ehtiyac var. Bu hissə əhəmiyyət verilməyəndə o zəifləyir, eyni zamanda insanda zillətə nifrət azalır. Belə insan məğlubiyyəti asanlıqla qəbul edir. Bəs Quran bu barədə nə deyir?

1.Allaha təvəkkül

Fatir surəsinin 10-cu ayəsini nəzərdən keçirdik. Ayədə buyuruludu ki, izzət, hörmət istəyən onu Allahdan istəsin. İnsan Allaha ibadət və pərəstiş sayəsində, saleh əməl vasitəsilə izzətə çatır.

2.Qurana bağlılıq

Quran Allah kəlamına sarılmağı, ilahi ayələrdə izzət və hörmət axtarmağı tövsiyə edir. Zumər, 1: " Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!" Zuxruf, 43, 44: " Buna görə də sən özünə vəhy olunandan (Qurandan) yapış. Həqiqətən, sən düz yoldasan; Şübhəsiz ki, o (Quran) sənin üçün və sənin qövmün üçün şərəfdir (şərəfli bir xatırlama, öyüd-nəsihətdir). Siz (qiyamət günü Allahın əmrlərinə dünyada necə əməl etdiyiniz barədə) mütləq sorğu-sual olunacaqsınız!" Bəli, Peyğəmbər (s) və onun ardıcıllarına Qurana sarılmaq əmr olunur.

3.Peyğəmbər və onun Əhli-beytinə təvəssül

Quran Peyğəmbəri (s) böyük əxlaq sahibi adlandırır. (bax: Qələm, 4). Əxlaqın ən böyük fəzilətlərindən biri nəfsin izzəti, özünəhörmətdir. Həzrət Peyğəmbər və onun Əhli-beyti Allahla rabitədə kamil nümunələrdir. İmam Hüseyndən (ə) istədilər ki, Peyğəmbərdən (s) şəxsən eşitdiyi buyuruğu nəql etsin. İmam Hüseyn (ə) buyurdu: "Allah böyük və şərəfli işləri sevir. Eləcə də alçaq işləri xoşlamır." Qurani-Kərim Peyğəmbər və onun Əhli-beytinə ardıcıllığı tövsiyə edir. Nisa, 59: " Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." Peyğəmbər nə özü zillətə boyun əydi, nə də möminlərə belə icazə verdi. Həzrət buyurur ki, heç bir mömin özünü alçatmasın və alçaq saymasın. Bəli, Allah-Taala böyük və şərəfli işləri sevir.

4.Möminlərlə anlaşma

Qurani-Kərimdə buyurulur: "Onlar: “Əgər biz (Bəni Müstəliq vuruşunda) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – deyirlər. Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!" (Munafiqun, 8). Bəli, möminlərlə rabitə insana başıucalıq gətirir.

Ümid edirik ki, ilahi ayələrə sarılmaq, Peyğəmər və onun Əhli-beytinə təvəssül, həqiqi möminlərlə rabitə sayəsində insanlıq zirvəsinə çatacağıq.

Hüseyn Əsgəri

Nur-az.com


1308 بازدید
در حال ارسال اطلاعات...