Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2016

ANAYA XİDMƏT – İLAHİ EŞQƏ APARAN YOL

“İnayət Allah tərəfindəndir. Amma zahirinizdən belə bəlli olur ki, Allahın sizə xüsusi inayəti olmuşdur. Bunun xas bir səbəbimi vardır?”
Əllamə Məhəmməd Hüseyn Hüseyni (Tehrani) özünün “Quranın nuru” adlı kitabında şahidi olduğu bir əhvalatı belə nəql edir: Günlərin biri Tehranda kitab almaq üçün “İslamiyyə” adlı kitab mağazasına getmişdim. Dükan sahibi ilə yaxın münasibətlərimiz olduğu üçün hər görüşümüzdə bir az dükanda oturub onunla söhbət edər, çay içib dincimi alardım. Bu dükan, mallarını topdan satdığı üçün kitabları dəstə bağlanmış halda birbaşa anbardan verərdi. Müştərilərinin əksə-riyyəti də royon kitabçıları idi.
Səhər saat doqquzda kitabçı ilə birlikdə dükanın anbarında kitablara baxırdım. Bu vaxt anbara kitab almaq üçün orta yaşlı bir kişi daxil oldu. Salam verib, anbarın bir küncünə keçib kitab seçməyə başladı. Hiss olunurdu ki, dükanın köhnə müştərilərindəndir. Kişi əlindəki dəri qayışı yerə sərib seçdiyi kitabları səliqə ilə onun üstünə yığmağa başladı. Seçdiyi kitablara diqqət etdim, gördüm əksərən Quran, məfatih, risalə, dua və bu qəbildən olan kitablardır.
Kitabları üst-üstə yığıb rahladıqdan sonra qayışla dörd bir tərəfdən möhkəm sarıyıb, qaldırıb çiyninə keçirdi. Əlliyə yaxın kitab yığmışdı. Dedim yazığın indi çiyni qırılıb düşər yerə. Çıxmaq istəyəndə birdən dayanıb yanıqlı səslə dedi: “Həbibim Allah, təbibim Allah, yarım, sevgili-canım, cananım!”
Üzünə baxdım, gördüm pörtüb; tər alnından süzülüb arıq sifətindəki dərin yarıqlardan keçərək yamacda cığır açmış çeşmə kimi üzü aşağı axır.
Dedim: “Ağacan! Dərvişcan! Tək yemək ədəbdən deyil, bizə də bir şey ver!” (Mənəvi süfrənə bizi də qonaq elə)
Bunu demişdim, başladı ətrafında dövr vuraraq hündürdən və yanıqlı səslə böyük arif və şair Baba Tahir Üryandan şer oxumağa. Şeri oxuyub dayandı. Yükünü yerə qoyub bir xeyli ağladı. Sonra tutqun çöhrəsi bahar təravətini duyan çiçəklər kimi açılmağa başladı. Şad və xürrəm halda gülümsünüb alnının tərini sildi. Dedim: “Əhsən! Afərin! Mən həqir, fəqir (alim birisi olsam da) yolda ilişib qalmışam. Sizin duanıza möhtacam!”
Sözümə yenə arifanə bir şer oxumaqla cavab verdi. Dedi: “Əlhəmdulillah, yolun yaxşı yoldur. Seyyid! Məni ələ salırsan, nədir? Mənim özüm biçarə və möhtacam, sən də yükümüzün üstünə yük artırma! Mən sizi tanıyıram; “Qaim” məscidində imam camaatsınız. O məscidə gəlmişəm, yenə də gələcəyəm. Mənim bəlli bir yerim-yurdum yoxdur. Bir gün burdayam, o biri gün başqa yerdə. Gecələri gözümə yuxu getmir. Anam vəfat edəndən sonra evə çox az-az gedirəm.”
Dedim: “İnayət Allah tərəfindəndir. Amma zahirinizdən belə bəlli olur ki, Allahın sizə xüsusi inayəti olmuşdur. Bunun xas bir səbəbimi vardır?”
Dedi: “Bəli! Mənim qoca bir anam vardı: zəif və halsız. Neçə illər idi ki, xəstə halda yataqda yatırdı. Ona özüm baxır, hər bir istəyini yerinə yetirirdim: Yeməyini bişirir, əl-ayağını yuyurdum; bir sözlə, qulluğunda dururdum. Anamın xasiyyəti olduqca pis idi. Hərdən acıqlananda mənə söyüş yağdırır, mən isə dinməyib dözürdüm. Hər bir pis hərəkətinə qarşı təbəssümlə cavab verirdim. Buna görə evlənmirdim. Yaşım qırxı keçsə də anamın bu xasiyyəti ilə ailə qurmağı qeyri-mümkün hesab edirdim. Bilirdim ki, evlənsəm, ya geci-tezi ailəmiz dağılacaq, ya da başqa bir yolu bu idi ki, mən gərək anamı atıb gedəydim.
Anamı tək qoymağa vicdanım heç cür yol vermirdi. Bu üzdən də evlənmədim, dedim mənim qismətimə də belə yazılıb, gərək dözəm.
Anamın dözülməz xasiyyətinə səbir etməyimin nəticəsində hərdən gözlənilmədən qəlbimdə sanki şimşək çaxır, qəribə işartılar bərq vururdu. Təsəvvürəgəlməz rahatlıq, xoş hallar keçirirdim. Əlbəttə, bu hallar keçici, davamsız olurdu.
Qışın soyuq günlərindən birində anam tək qalıb qorxmasın deyə yatağımı o yatan otaqda salmışdım. Həm də deyirdim birdən anamın bir şeyə ehtiyacı olar, məni çağırar, eşitmərəm. Kuzəni həmişə su ilə doldurub yanıma qoyurdum ki, birdən anam qalxıb su istəsə, tez, suyu ona verə bilim.
Gecənin bir yarısı, alaqaranlıqda anam su istədi. Tez qalxıb kasanı doldurub ona verdim, dedim: Buyur anacan.
Anam yuxulu olduğu üçün mənim onun yanında olduğumdan xəbərsiz idi. Ona görə də başladı məni söyüb qarğımağa. Dedim, ana mən burdayam, al suyu! Anam kasanı alıb həmin andaca başıma çırpdı. Tez kasanı götürüb yenidən su ilə doldurub ona uzatdım və dedim: Bağışla məni ana, eşitmədim, ona görə gec gəldim, üzr istəyirəm.
Bir anlıq nə baş verdiyini anlamadım. Qəlbimdə bərq vuran qığılcımlar birdən püskürüb vulkana döndü. Günəş üfüqdən baş qaldırıb aləmi işıqlandırdığı kimi qəlbim nura qərq oldu. Həbibim, təbibim–Allahım mənimlə danışırdı. Bu hal artıq keçici olmadı, o vaxtdan qəlbimdə bir nur parlamaqdadır.”
Bu görüşümüzdən sonra mən onu bir daha görmə-dim.
Bu əhvalatı mən həmin ətrafda yaşayan dostlarımdan bəzisinə danışanda, dedilər ki, biz onu tanıyırıq: Anası neçə ildir ki, dünyasını dəyişib, özündə də qəribə hallar olur.
Kitabçı dostum dedi ki, o həmişə gəlib mənim dükanımdan kitab aparar. Aldığı kitabları səyyar şəkildə, hərdən bir yerdə, yolun bir kənarında dayanıb satar. Olduqca dəqiq adamdır. Ona görə də nə vaxt gəlsə, anbara ötürürəm, özü istədiyi qədər kitab seçib götürür. Kitabların pulunu da satandan sonra gətirib verir. Çox vaxt özünü cahil adamlar kimi göstərir. Amma, əslində olduqca dərin adamdır.
Bu əhvalatı nəql etməkdə məqsədim anaya xidmətin mənəvi nəticələrini bəyan etmək idi. Ana qəlbi Allah mehrinin və sirrinin xəzinəsidir. Əgər bağlı olsa, asimanın qapıları bağlanmışdır, əgər açıq olsa, asimanın qapıları açılmış olar.
Çox görmüşük Allah yolunun yolçuları gecə namazlarına qalxmaqla, oruc tutub çillələr saxlamaqla bu yolu başa vurmağa çalışmışlar, ki, rəftarları ailədə pis olduğu üçün zəhmətlərinin bəhrəsini dadmamışlar. Uzun illərin məşəqqətindən sonra bağlı qapı ilə üzləşmişlər.
Amma əhvalatını nəql etdiyimiz belə sadə insan-lar uzun və məşəqqətli riyazətlərə baş qoşmadan, təkcə həqqünnas məsələsinə riayət etməklə tez bir zamanda ali məqamlara çatmışlar. Həqqünnas dedikdə, insanın ətrafındakı adamların hüquqlarına riayət etməsi nəzərdə tutulur. Yəni sənin əlinin altındakı adamları incitməyəsən, ətrafındakılarla gözəl davranasan, sənə qarşı kobudluq olsa belə səbirli davranıb güzəşt edəsən. Bir sözlə rəftarımıza çox diqqət yetirməliyik.


1383 بازدید
در حال ارسال اطلاعات...