Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2016

İYİRMİ BEŞ İL MƏNALI SÜKUT

İslam aləmində Peyğəmbərin (s) vəfatından sonra heç kəs fəzilət, ictimai-mənəvi mövqe, elm, bilik, Allah yolunda cihad, kasıblara, yoxsullara kömək etmək baxımından Əli (ə) ilə müqayisə olunası deyildi
Əmirəlmöminin Əlinin (ə) Peyğəmbərin (s) sağlığındakı həyatının mühüm hadisələrinin araşdırılması sona çatdı. Hərçənd bu bölmədə geniş təhlil və kamil axtarış aparılmadı və Əlinin (ə) bu dövrdə qarşılaşdığı, lakin əhəmiyyət baxımından ikinci dərəcəli məsələlər sayılan hadisələrin çoxu deyilməmiş qaldı, amma imamın şəxsiyyətini formalaşdıran və imanının möhkəmliyini, ruhunun əzəmətini göstərən böyük hadisələr ardıcıllıqla qeyd olundu. Bu hadisələri araşdırdıqda o həzrətin insani fəzilətləri və əxlaqi səciyyələri ilə kifayət qədər tanış olduq. İndi isə İmamın (ə) həyatının dördüncü bölməsini təhlil edirik. Əlinin (ə) həyatının üç mərhələsi şərafətli ömrünün 35 ilini təşkil edirdi. İmam bu qısa müddət ərzində islamın ən böyük qəhrəmanı, ən bacarıqlı bir rəhbəri və parlaq bir şəxsiyyəti kimi tanınmışdı.

İslam aləmində Peyğəmbərin (s) vəfatından sonra heç kəs fəzilət, ictimai-mənəvi mövqe, elm, bilik, Allah yolunda cihad, kasıblara, yoxsullara kömək etmək baxımından Əli (ə) ilə müqayisə olunası deyildi. Hər yerdə Peyğəmbərin Əliyə qarşı olan dərin mehr-məhəbbətindən, onun şücaətindən, qəhrəmanlığından, fədakarlığından və candan keçməsindən söhbət gedirdi. Buna görə, ilkin qaydaya görə Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra da dinin mehvəri və islam cəmiyyətinin əsil mərkəzi olmalı idi. Amma tarixdə bunun tam əksini görürük. Belə ki İmam (ə) həyatının dördüncü mərhələsində (təqribən 25 il) yaranmış xüsusi şəraitlə əlaqədar ictimai səhnədən xüsusi bir tərzdə kənara çəkilərək sükut yolunu seçdi; nə cihadda iştirak etdi, nə də cəmiyyətdə rəsmi şəkildə bir söz dedi. Qılıncdan əl çəkib şəxsi vəzifələri yerinə yetirməklə, şagird yetişdirməklə məşğul oldu. Əvvəllər cəmiyyətin içində olan, islam dünyasının ikinci şəxsiyyəti və müsəlmanların böyük arxası sayılan belə bir şəxsiyyət üçün bu uzun sükut və guşənişinlik çox da asan deyildi. Özünə hakim olub keçmişlə təzadlı olan yeni şəraitlə uyğunlaşmaq üçün böyük ruh lazım idi.

İmamın (ə) bu dövrdəki fəaliyyətləri aşağıdakılarla xülasələnir:

1) Allaha ibadət (həm də Əli (ə) kimi bir şəxsə layiq olan ibadət). Hətta İmam Səccad (ə) öz əziz cəddinin ibadətləri qarşısında özünün heyrətləndirici ibadətini çox az sayırdı.
2) Quran təfsiri, ayələrdəki müşkülləri həll etmək, İbni Abbas kimi şagirdlər tərbiyə etmək (o, Əlidən (ə) sonra ən böyük təfsirçi sayılırdı).
3) Başqa millətlərin və dinlərin alimlərinin suallarına cavab vermək. Xüsusilə, Peyğəmbər (s) vəfat edəndən sonra islam barəsində tədqiqat aparmaq üçün Mədinəyə gələn yəhudi və məsihilər elə suallar qarşıya qoyurdular ki, onlara Əlidən (ə) başqa heç kəs cavab verə bilmirdi (O həzrətin Tövrat və İncili dərindən bilməsi sözlərindən məlum idi). Əgər bu çətinliklər Əlinin (ə) vasitəsi ilə aradan qaldırılmasaydı, islam cəmiyyəti böyük xarlıqlara düçar olardı. İmam (ə) bütün suallara tutarlı və qətiyyətli cavab verdikdə Peyğəmbərin (s) yerində oturmuş xəlifələri heyrət bürüyür və təəccüblənirdilər.
4) Əvvəllər qarşıya çıxmayan, barəsində Quran göstərişi və Peyğəmbərdən (s) hədis nəql olunmayan yeni-yeni hadisələrin çoxunun hökmünü bəyan etmək. Bu, İmamın (ə) həyatının ən mühüm və həssas işlərindən biri idi. Əgər səhabələr arasında Əli (ə) kimi elmli bir şəxsiyyət olmasaydı, (Peyğəmbərin (s) buyurduğu kimi, Əli (ə) ümmətin ən biliklisi, hökm və qəzavət işlərinə ən yaxşı şəkildə yiyələnən bir şəxs idi) islamın əvvəllərində bir çox məsələlər həll olunmayaraq açılmaz bir düyün kimi qalacaqdı. Qarşıya çıxan təzə məsələlər Peyğəmbərin (s) vəfatından sonra camaatın içində onun kimi bir məsum və xəbərdar şəxsin olmasını, nəticədə islamın bütün üsul və fürusuna kifayət qədər alim olub, onu hərtərəfli və geniş elmi şərhini verən, ümməti xoşagəlməz istiqamətlərə meyl etməkdən, qiyasa və gümana əməl etməkdən saxlayan bir şəxsin varlığını tələb edirdi. Bu da Peyğəmbərin (s) bütün dostlarının təsdiq etdiyi kimi, Əlidən (ə) başqa heç kim deyildi. İmamın (ə) qəzavətlərinin bir qismi, Quran ayələrindən maraqlı və misilsiz şəkildə istifadə etməsi tarix və hədis kitablarında əks etdirilmişdir.
5) Xəlifələr bəzi siyasi məsələlərdə çətinliyə düşüb çıxılmaz vəziyyətdə qalanda İmam (ə) yeganə etimadlı bir məşvərətçi idi. O, müdrikliklə müşkülləri həll edib işin nəticəsini müəyyənləşdirirdi. Bu məşvərətlərin bəziləri "Nəhcül-bəlağə"də və tarix kitablarında nəql olunmuşdur.
6) Mənəviyyatda irəliləmək üçün ruhi hazırlıqları və batinləri pak olan insanlar yetişdirib tərbiyə edirdi ki, o həzrətin rəhbərliyi və təcrübəsi sayəsində mənəvi kamal zirvələrini fəth edib, zahiri gözlə görünməyən şeyləri bəsirət və qəlb gözü ilə görsünlər.
7) Yoxsulların çoxunun güzəranını təmin etmək üçün işləyib çalışmaq. İmam (ə) bu dövrdə öz əli ilə bağ salır, kəhriz qazır, sonra isə onları Allah yolunda vəqf edirdi.
Bunlar İmamın (ə) 25 il ərzindəki gözə çarpan işgüzar fəaliyyətləri idi. Amma təəssüflə qeyd etmək lazımdır ki, islamın böyük tarixçiləri İmamın (ə) həyatının bu mərhələsinə lazımi əhəmiyyət verməmiş, bu dövrdə Əlinin (ə) həyatının xüsusiyyətlərini və incəliklərini düzgün şəkildə qələmə almamışlar. Halbuki onlar Bəni-Üməyyə və Bəni-Abbasın zalım hakimlərinin həyatlarını çox diqqətlə, ətraflı şəkildə qələmə almış, heç nəyi əsirgəməmişlər. Məgər İmamın (ə) iyirmi beş illik həyatının xüsusiyyətlərinin müəmmalı bir məsələ olaraq qalması, lakin cəfakar tarixçilər, yaxud cinayətkar yazıçılar tərəfindən Abbasi xəlifələrinin, Müaviyənin və Mərvanın övladlarının eyş-işrət məclislərini incəliklərinə qədər yazıb saxlamaları, bu məclislərdə xəlifələrin və müğənnilərin arasında oxunan şerləri, bihudə sözləri və s. öz kitablarında islam tarixi adı ilə dərc etmələri təəssüf yeri deyilmi?! Onların həyatının təkcə bu hissəsini qələmə almamışlar, üstəlik xidmətçilərin və nökərlərin həyatını, mal-qaralarının sayını, bər-bəzəklərinin xüsusiyyətlərini, onların qadınlarının və məşuqələrinin necə bəzənmələrini belə, bəyan etmişlər. Amma Allah övliyalarının və haqq insanların (elə insanların ki, əgər onların fədakarlıqları olmasaydı, bu ləyaqətsiz insanlar heç vaxt xilafət və ağalığa sahib ola bilməzdilər) həyatlarını qələmə alanda sanki qələmləri zəncirlənir və tələsən bir yolçu kimi tarixin bu fəslini sürətlə ötüb sona çatdırmaq istəyirlər.


1009 بازدید