Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Fevral 2014

Möminin nişanələri

Hazırkı məqalədə həzrət Əlinin (ə) "Həmmam" xütbəsi əsasında möminin sifətləri araşdırılır.

Ey Həmmam! Mömin həmin fərasətli və ayıq insandır ki, sevinci çöhərsində, qəm-qüssəsi qəlbindədir. O hamıdan təvazökardır, xeyir işə tələsir, qəlbində kin-küdurət, paxıllıq yoxdur, xalqa qəzəblənməz, onları təhqir etməz. Mömin eyib axtarmaz, qeybət etməz, şöhrət ardınca qaçmaz. Möminin kədəri uzun, təlaşı böyük, sükutu çoxdur. Mömin vüqarlıdır, səbirlidir, şükr edəndir. Əməllərinə görə qəmgindir, mehriban və vəfalıdır, kimsəyə zərər vurmaz, yalançı və sirr açan deyil.

Möminin güləndə səsi ucalmaz, qəzəblənəndə özünə nəzarəti itirməz. Gülüşü dodaqdadır. Bilmək üçün soruşar, anlamaq üçün ikinci dəfə sual verər. Elmi çox, dözümü və mehribanlığı böyükdür. Kimsəyə paxıllıq etməz, işdə tələsməz, ümidsiz olmaz. Mühakimə yürütsə haqqın ziddinə getməz, əməldə düzdür, alış-verişdə həris deyil. Onu sərt görməzsən, iddiası böyük deyil, hər şeylə maraqlanmaz, mübahisəsi ədəbli, müraciəti şərafətlidir. Qəzəblənəndə də ədalətlidir. Mömin mülayimdir. Bir şey istəsə zor göstərməz. Dostluqda səmimidir, əhdinə sadiqdir, verdiyi sözü yerinə yetirər.

Mömin özünü çox gözə soxmaz. O Allahdan razıdır, nəfs istəklərinə qarşı çıxır, tabeçiliyində olanı incitmir. Ona aid olmayan mövzuya qatışmaz, dinə və möminlərə yardımçıdır, müsəlmanları himayə edər. Xalqın tərifi ona ləzzət verməz, nadanlar onun bildiyini anlamaz.

Söz deyər, ona əməl edər. Uzaqgörəndir, təhqir etməz, qohumları yoxlayar, onlara yük olmaz. İsraf etmədən bağışlayar, hiyləgər deyil, kimsədə eyib axtarmaz, kimsəyə zülm etməz, insanlarla xoş davranar. Ətrafdakıların ehtiyacını təmin etmək üçün çalışar. Zəifə kömək edər, biçarənin harayına qaçar, kimsənin sirrini açmaz. Möminin çətinliyi çoxdur, şikayəti az. Ona edilən yaxşılığı yadda saxlayar, pislikləri gizləyər. Başqalarının səhvini bağışlayar, xətasına göz yumar. Əmanətdardır, vəfalıdır, təqvalıdır, pakdır, üzr üstəyənin üzrünü qəbul edər. İnsanlar haqqında xoşgümandır, yalnız öz eyiblərinə görə narahatdır.

Düşüncə ilə Allaha xatir dostluq edər, uzaqgörənliklə Allaha xatir çoxluqdan çəkinər. Xoş gün onu aldatmaz, ağlını əlindən almaz. Bilənin yadına salar, bilməyənə öyrədər. Kimsə ondan şər gözləmir, kimsə üçün bəla deyil. Hamını özündən ixlaslı və səmimi sayar, başqalarını saleh əməldə özündən qabaqda görər. Eyiblərini bilir və buna görə qəmgindir. Allahdan başqasına sığınmaz, qərib və tənhadır. Allaha xatir dostluq edər, Allah yolunda vuruşar ki, Allahın razılığını qazansın. Öznüə görə intiqam almaz, bu işi Allaha tapşırar.

Yoxsullarla əyləşər, haqq əhlinə kömək əli uzadar, qohumlara əl tutar yetimlərə ata, kimsəsizlərə ümid yeri, ehtiyaclılara mərhəmətlidir. Çətinliyə düşənlər onu arzulayar, ona ümid edər. Siması şaddır, üzünü turşutmaz, qəzəbini udub təbəssümünü qoruyar. Həqiqi mömin çox diqqətlidir ki, nadanların ölçüsüz əməlləri müqabilində nadanlıq göstərməsin. Paxıllığa paxıllıqla cavab verməz. Qənaət edər ki, möhtac olmasın. Həyası şəhvətindən, dostluğu həsədindən, əfvi kinindən üstündür. Yalnız doğru danışır. Qənaətçildir, təvazö ilə yol gedir, Allaha itaətdə mütidir. Bütün hallarda Allahdan razıdır, niyyəti xalisdir, əməldə iftara varmaz, hiylə işlətməz. Baxışı ibrətdir, sükutu düşüncədir, danışdığı hikmət. Xeyirxah, bağışlayan və dözümlüdür. Aşkarda və gizlində nəsihət edər, qardaşındanr kənar gəzməz, qeybət etməz, ona qarşı hiylə işlətməz. Dünya malı əlindən çıxanda təəssüflənməz, çətinliklə rastlaşanda üzülməz, yersiz təmənnası yoxdur, çətinlik onu süstləşdirməz. Xoş günlərdə bundan məst olmaz, dözümü elmlə, əqli səbrlə yanaşıdır. Tənbəllik etməz, nikbinliyi davamlı, arzuları yaxın, büdrəmələri azdır. Ölümü gözləyir, qəlbi mütidir, daim Allahı xatırlayır. Nəfsi qanedir, cəhalətdən uzaqdır, işləri asan başa gəlir. Günahlarına görə qəmgindir, şəhvəti ölüb, qəzəbini udub, sifəti açıqdır, qonşusu ondan asayişdədir. Özünü bəyənməz, Allahın yetirdiyi ilə kifayətlənər, dözümü ardıcıl, işi möhkəm, təfəkkürü dərindir.

Ağıllı insanlarla ünsiyyətdə olar. Susar ki, salamat qalsın, soruşar ki, anlasın, ticarət edər ki, qazansın, qulaq asanda məqsədi özünü başqalarına göstərmək deyil. Danışmaz ki, zor göstərsin, özü öz zəhmətini çəkir, kimsəni incitməz, özünü axirəti üçün zəhmətə salar, insanlar onun şərindən amandadır, zülm görəndə səbr edər və intiqam alamağı Allahın öhdəsinə buraxar. Birindən uzaqlaşar ki, təmiz qalsın, birinə yaxınlaşar ki, mehribanlıq göstərsin. Birindən üz döndərəndə məqsədi özünü üstün tutmaq deyil. Birinə yaxınlaşanda məqsədi hiylə olmaz. Xeyir əhlinin ardınca gedər, yaxşı işdə öncüldür.

Ravi deyir ki, Həmma fəryad çəkdi, huşunu itirdi. Əmirəlmöminin (ə) buyurdu: "And olsun Allaha mən onun dözməyəcəyindən qorxurdum. Lazımlı öyüd-nəsihət nəsihət əhlinə belə təsir edir." Bir şəxs soruşdu ki, nə üçün siz

bu hala düşmədiniz? Həzrət buyurdu: "Hər kəs üçün bir əcəl, aşılmayan səbəb var. Sakit ol, danışma. Bu sözü şeytan sənin dilinə gətirdi."

Ruhun xəstəliyi ilə deməliyik ki, bir xasiyyət davamlı olduqda sifətə çevrilir. Əxlaq sözü xülq sözünün cəmidir. Bir dəfə paxıllıqla insan paxıl olmur. Amma bu təkrarlansa insanda xasiyyətə çevrilər. Rəzil sifətlər bizi Allahdan uzaqlaşdırır.

Əksər insanlarda rəzil, pis sifət var. İnsan həqiqi tövbə etdikdə bu tövbə çirkin sifətin qarşısında dayanır. Bir pis rəftar sifətə çevrilirsə, möhkəmlənirsə, ondan uzaqlaşmaq asan deyil. Qurani-Kərimdə bu barədə deyilir ki, belələrinin qəlbi xəstədir və Allah onların xəstəliyini artırar, onlar üçün ağır əzab var. Çünki onlar yalan danışırlar, iman əhli ilə səmimi deyillər.

Əlinizdə ağ bir vərəq təsəvvür edin. Qələmlə onu bir nöqtə qoyun. Sonra həmin nöqtələrin sayını artırın. Bir həddə çatdırın ki, vərəqdə ağ yer qalmasın. Artıq ona ağ vərəq demək olmaz. Pak ruh da ağ səhifə kimidir. Bu ağ səhifəni Allah insanın ixtiyarında qoyub. Pis əmələ yol verdikdə qəlbin ağ səhifəsinə ləkə düşür. Pis sifətlər təkrarlananda qəlbin ləkələri artır, sonda ruh bulaşır. Beləcə ruh xəstəliyə düçar olur, zaman keçdikcə onun vəziyyəti ağırlaşır. Çirkin sifətlər ruhu o qədər əhatəyə alır ki, artıq pislik xasiyyətə çevrilir. Ruh və qəlb çirkaba batdıqda qalın bir hicabla örtülür. Bu hicab qəlbə qaranlıq çökdürür. Hafizin təbirincə, qəlbin gözünü toz-torpaq tutur və xoş o dəmə ki, bu çöhrədən pərdə götürülür.

Ruhu qaranlığa bürünən insanın ağlı da işləmir. O danışdığını, hərəkətlərini dərk etmir. Nə qədər xəbərdarlıq olunsa da qəflətdən oyanmır. Quranda belələri haqqında buyurulub ki, Allah onların qəlbini möhürləyib.

Ruh, qəlb, fitrət ağıldan uzaqlaşanda insan heykəli tək qalır. Bu heykəl hansısa düzgün addım ata bilməz. Ona gözəl səslə Quran və dua oxunsa da fərqi yoxdur. Çox yaşadıqca Allahdan daha da uzaqlaşır. Ondan xeyir iş görməzsən. Ziyarətə getsə, imam ya imamzadəyə salam versə cavab almaz. Əlbəttə ki, burada məna aləminə aid cavab nəzərdə tutulur.

Maraqlıdır ki, bəzi insanlar savadsızdır, Qruna və duaları oxuyanda səhvə yol verirlər, ərəbcə tələffüzləri düzgün deyil. Amma ruhları sağlam olduğundan oxuduqlarından bəhrə götürürlər, Allah da bunu qəbul edir. Bu insanlar savadsız olsalar da nurani və pakdırlar.

Ruhu zülmət hicablarından qurtulmuş insanın bütün əməlləri ibadətdir. Ənam, 162: "De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!"

Həqiqi möminin yuxusu da ibadətdir. Rəvayətə görə oruc tutan insanı yuxusu, nəfəsi, ağzının qoxusu ibadətdir. Bunun səbəbi ruhun çirkab zülmətindən qurtuluşudur. Həqiqi möminin bütün əməlləri Allaha xatirdir. Belə bir bəndə ilahi sifətlərlə zinətlənmişdir, Allaha yaxındır. O öz məqamını bilir. Amma özünü görmür, özünü böyük saymır. Heç vaxt deməz ki, hansı məqamdadır. Qeyb elmlərinə yol tapsa belə kimsəyə bildirməz. Heç vaxt insanların ölümü, həyatı, çətinlikləri barədə rəy bildirməz. Yalnız Allahı elm sahibi sayar. Fikir bildirməkdən qorxar. Səbəbi budur ki, öz fikrinin Allahın nəzəri ilə eyni olmamasını ehtimal verər.

Bəli, həqiqi səadət və kamilliyə çatmaq üçün çirkin sifətləri tanımaq lazımdır. Çirkin sifətləri tanıdıqdan sonra bu sifətlərdən uzaqlaşmaq olar. Çirkin sifətlərə yox deyən insan əbədi səadət yolunu tutub. Əxlaq elminin vəzifəsi bu yolda insanlara əl tutmaqdır.

Nur-az.com


1242 بازدید
در حال ارسال اطلاعات...