Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Oktyabr 2013

Sonu cəhənnəm olan ibadət

İnsan bəzən bir işin dalınca vəzifə və eşq olaraq yox, başqa məqsədlərlə gedir. İbadət də belədir. Təəssüf ki, bəziləri Allahın razılığı yox, insanların diqqətini cəlb etmək və ya kimlərisə aldatmaq məqsədilə ibadət edirlər.

İnsan malik olduğu şeylərə görə qürrələnirsə bu çirkin sifət sayılır. "Mənim varımdır, başqalarının yox", deyib lovğalanmaq insanın xaraktercə naqis olduğunu göstərir. İnsan üzünə bir sızaq çıxanda narahat olur ki, bu eybi aradan qaldırsın. Amma ruhundakı öldürücü xərçəngi görmür. Bu xərçəng insanın malik olduğu şeylərlə, o cümlədən ibadəti ilə lovğalanmasıdır. İnsanın özünü göstərmək, başqalarından seçilmək istəyi xəstəlikdir. Bu xəstəlik ağırlaşanda insan utanmadan özünü tərifləyir, öz gecə namazından həvəslə danışır.

Riyakarın üç əlaməti var: Tək olanda süst ibadət edər, xalq arasında diqqətlə namaz qılar, hər gördüyü işə görə tərif gözləyər. (Biharul-ənvar).

Bəli, insanların diqqətini cəlb etmək üçün ibadət edənlər var. Təsəvvür edin ki, bir şəxs şirkət açıb və ayda şəriklərinə müəyyən qədər qazanc verməlidir. Əgər şəriklərinin payını başqasına versə hansı münasibətlə üzləşər?! İbadət edəndə başqalarından tərif gözləmək Allahın haqqını başqaların verməkdir. Bu vaxt Allahdan hansı münasibət gözləmək olar?!

Riyadan çəkinin! Doğrudan da, riya Allaha şərik qoşmaqdır. Riyakarı qiyamət günü dörd adla çağırarlar: Ey kafir! Ey bədəməl! Ey hilyəgər! Ey ziyankar! Beləsinin əməllərinin savabı puça çıxar, qiyamət günü fayda görməz. Deyərlər ki, get əməlinin əvəzini tərif gözlədiyin şəxsdən al!

Şübhəsiz ki, belə bir şəriklə heç kim işləmək istəməz və sonda müflis olar. Əsl tövhid odur ki, insan hamının razılığını kənara qoyub, yalnız Allahın razılığını düşünsün. Yalnzı Allahın razılığı insana fayda verə bilər. Əmanətə xəyanət edən insana inam itir və kimsə ona etibar etmir. Özünü göstərmək üçün addım atan insan da Allahın nəzərində etibarsızdır.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizin üçün ən çox qorxduğum sifət kiçik şirkdir. Kiçik şirk riyakarlıqdır və qiyamət günü Allah belələrinə buyurar: Kimə görə iş görmüsünüzsə mükafatını onlardan alın!" (Biharul-ənvar).

İmam Sadiq (ə) buyurur ki, Loğman öz oğluna belə nəsihət etdi: Riyakarın üç xüsusiyyətini unutma. Tənha qalanda halsız ibadət edər, camaatın gözünün qabağında təlaş göstərər, hər işdə tərif intizarında olar.

Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü Allah-Taala əmr edər ki, insanları cəhənnəmə aparın. Cəhənnəm məmuruna əmr edilər ki, od bu adamların ayağını yandırmasın. Çünki onlar məscidə gediblər. Od onların üzünü yandırmasın. Çünki dəstəmaz alıblar. Od onların əllərini yandırmasın. Çünki dua üçün Allah dərgahına əl açıblar. Od onların dili yandırmasın. Çünki çox Quran oxuyublar. Cəhənnəm məmuru soruşar ki, əgər beləsə, sizi cəhənnəmə nə üçün gətiriblər? Onlar deyərlər: Biz bu işləri Allahdan qeyrilərinin razılığı üçün görmüşük. Bizə dedilər ki, əməlinizin muzdunu tərif gözlədiklərinizdən alın. (Biharul-ənvar).

Bir insan başqalarının diqqətini cəlb etmək üçün ibadət edərsə və qəlbində ilahi niyyət olmazsa, yalana əl atıb. Bu xasiyyətin nəticəsi təkamül yolundan qalmaq, süqutdur. Din düşmənləri bəzən qəsdən saxta dindarlar meydana çıxarırlar ki, möminlərə olan etimadı aradan qaldırsınlar.

Həzrət Peyğəmbər (s) buyurur: Riyadan çəkin! Riya şirkdir. Riyaya yol versən səni kafir, bədəməl, hiyləgər, ziyankar adı ilə çağırarlar. Bu halda bütün əməllərinin savabı puça çıxar. Savab istəsən, səni tərif gözlədiyin adamların sorağına göndərərlər. (Biharul-ənvar).


Nur-az.com/Tebyan


1450 بازدید
در حال ارسال اطلاعات...