Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2016

İNSAN ÜÇÜN ƏN ALİ LƏZZƏT NƏDİR?

Əgər bir şeyə məhəbbətiniz yoxdursa, ona qovuşmağın da ləzzəti yoxdur.
Ləzzət, insanın öz arzuladığı və sevdiyi şeyə qovuşmaqdan, duyduğu qəlb halətidir. Əgər bir şeyə məhəbbətiniz yoxdursa, ona qovuşmağın da ləzzəti yoxdur. Hətta insan arzuladığı şeyə qovuşduğundan xəbərsiz olarsa, yenə də ləzzət duya bilməz. Demək, ləzzəti duymaq üçün arzulanan şeyə qovuşmaq kifayət deyildir. Ləzzəti duymaq üçün bu şeyə qovuşduğunu dərk etmək də şərtdir. Arzulanan şeyi tanımaq, ona qovuşduğunu anlamaq, ləzzətin duyulmasında əsas amillərdəndir. Ləzzətin dərəcəsi insanın diqqətindən və dərketmə qüvvəsindən asılıdır. Müxtəlif insanların eyni bir şeyi yeməkdən duyduqları ləzzət müxtəlif ola bilər. İnsan bir yeməyə nisbətən digər yeməkdən daha çox ləzzət ala bilər. Burada yeməyin dadı yox, insanın hansı yeməyi daha çox sevməsi şərtdir. Eyni bir elmlə məşğul olan iki tələbədən biri öyrəndiyi elmdən daha çox ləzzət ala bilər. Demək, ləzzətə münasibətdə insanın istəyi olduqca əhəmiyyətlidir.
Ləzzətin davamı da şəraitdən asılıdır. Ləzzət alanın, ləzzət verənin, ləzzət verən şeyə istəyin aradan getməsi ilə ləzzət də tükənir. Lakin bu şərtlər ümumi və adi ləzzətlərə aiddir. Deyilən şərtlərdən asılı olmayan həqiqi ləzzətlər də vardır.
Məsələn, elmə yiyələnmək üçün alimin vücudu və elm sifəti tələb olunur. İnsanın özündən, Allah-təalanın öz zatından xəbərdarlığında isə elm, alim, mə’lum kimi müxtəliflik yoxdur. Əgər məhəbbət üçün sevən, sevilən və sevgi şərtdirsə də, insanın özünə sevgisində bu müxtəliflik mövcud deyildir. İnsan özünə daha istəkli olduğundan, özündən daha çox ləzzət aparır. Bütün digər ləzzətlər insanın özündən apardığı ləzzətin kölgəsindədir.
Adi halda ləzzətin yoxluğu diqqətsizlikdəndir. Əgər insan xarici amillər, böyük təhlükələr və ya diqqətini təmərküzləşdirmək səbəbindən xarici aləmdən ayrılıb özünə qapıla bilsə, böyük bir ləzzət duyar. Əgər haqqında ölüm hökmü çıxarılmış insan qəfildən bu hökmün ləğv olunduğunu eşitsə, olduqca böyük ləzzət alar. Bu ləzzətin səbəbi əldən verilmiş dünya həyatının geri qaytarılmasıdır. Bu misal insanın həyata və özünə sevgisini aşkar göstərdiyi üçün mövzumuz üçün faydalıdır.
Demək, insan ya öz vücudundan, ya öz kamilliyindən, ya da ehtiyaclı olduqlarından ləzzət aparır. Əgər insan öz varlığını onu ehtiyacsız edə biləcək bir varlığa bağlasa, ən ali ləzzəti əldə etmiş olar. Əgər insan öz vücudunu həmin ali varlıqla bağlılıq vasitəsi bilsə, öz müstəqilliyi yox, həmin varlığın müstəqilliyindən ləzzət alar.
Beləcə, insanın həqiqi istəklisi onun ən yüksək ləzzət aldığı elə bir mövcuddur ki, insanın varlığı bilavasitə ona aiddir. Əsl ləzzət həmin mövcudla əlaqənin müşahidəsidir.