Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2014

Tibdən ehtiyacsız edəcək dörd şərt...

Tibbi hədislər ensklopediyası (1)

Məhəmməd Məhəmmədi Reyşəhri

Əsbəğ ibn Nəbatədən nəql olunur: Həzrət Əli (ə) oğlu Həsənə buyurdu: "Oğlum! Səni tibbdən ehtiyacsız edəcək dörd şərt deyimmi?" İmam Həsən (ə) cavab verdi: "Eşidirəm, ya Əmirəlmöminin." Həzrət buyurdu: "Yalnız acanda süfrəyə otur, nə qədər ki, doymamısan süfrədən qalx, tikəni yaxşı çeynə, Əgər bu dörd nöqtəyə riayət etsən, tibbə ehtiyacın qalmaz.

Həzrət Əli (ə) buyurur: "Tam acmış vəziyyətdə yemək yeyən şəxs tikəsini yaxşı çeynəsin, iştahası varkən süfrədən qalxsın, təbii ehtiyacı olanda özünə əziyyət verib dözməsin. Deyilənlərə əməl edən insan xəstəlik görməz."

Həzrət Əli (ə) buyurur: "Sual verirlər ki, nə üçün Quranda tibbdən başqa bütün elmlər yer alıb? Quranda elə bir ayə var ki, bütün tibbi özündə cəmləşdirib: Yeyin, için, amma israf etməyin!"

Həzrət Peyğəmbər (s) buyurur: "Nə qədər ki, dözə bilirsən həbb qəbul etməkdən çəkin. Dözə bilmədiyin zaman həbb qəbul et."

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər insanın sağlamlığı xəstəliyinə üstünlük gəlirsə dava-dərmandan çəkinməsi yaxşıdır."

Həzrət Peyğəmbər (s) buyurur: "Xəstəliyi ilə keçinə bilən insan dava-dərmandan çəkinsin. Çünki əksər dərmanlar özü xəstəlik yaradır."

Həzrət Əli (ə) buyurur: "Sabun libas üçün necəsə, dərman bədən üçün elədir: Təmizləyir, amma həm də köhnəldir."

Həzrət Əli (ə) buyurur: "Xəstəliklə keçinə bildiyin vaxtadək bu işi davam etdir."

Həzrət Əli (ə) buyurur: "Müsəlman ümidini dava-dərmana bağlamır. O zaman dava-dərman sorağına gedir ki, xəstəlik sağlamalığa üstünlük gəlir."

İmam Sadiq (ə) buyurur: "Xəstələnməyən insanın dərman qəbul etməsi zərər verməsə belə pərişanlıq gətirər."

İmam Sadiq (ə) buyurur: "Sağlamlığı xəstəliyinə üstünlük gələn, xəstəliyə dözə bilən şəxsin qəbul etdiyi dava-dərman onun zərərinə tamamlanar."

İmam Kazim (ə) buyurur: "Nə qədər ki, xəstəlik sizi işdən saxlamır vaxtınızı həkim yanında keçirməyin. Dava-dərman bina kimidir. Bünövrəsini ki qoydun, qaldırmalısan."

Həzrət Peyğəmbər (s) buyurur: "Hər çətinliyin həll yolu var. Sağlamlığın şərti dörddür: Az danışmaq, ac yatmaq, az gəzmək, az yemək."

İmam Rizadan (ə) nəql olunur: "Acanda ye, susayanda iç, təbii ehtiyac əziyyət verəndə özünü rahatlaşdır, zərurət zamanı yaxınlıq et. Əgər mürgülüyürsənsə yat. Bütün bunlar sağlamlıq şərtidir."

Həzrət Peyğəmbər (s) buyurur: "Oruc tutun ki, sağlam olasınız."

Həzrət Peyğəmbər (s) buyurur: "Səfərə çıxın ki, sağlam olasınız."

Həzrət Peyğəmbər (s) buyurur: "Səfərə çıxmaqla sağlamlıq, cihadla qənimət, həcclə ehtiyacsızlıq əldə edin."

Həzrət Əli (ə) buyurur: "Gecəni oyaq qalmaq sağlamlıq səbəbidir."

İmam Səccad (ə) buyurur: "Həcc və ümrə yerinə yetirin ki, sağlam olasınız. Bu vaxt ruziniz artar, ailənizin ehtiyacı ödənər."

Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey insana şadlıq, təravət gətirər: Xoş qoxu (ətir), yumşaq libas və bal yemək."

Həzrət Peyğəmbər (s) buyurur: "Xoş qoxu şadlıq gətirər, bal insanı təravətli saxlar, yaşıllığa baxmaq insanın qəlbini açar. Süvarilik (at sürmək) insanı şad edər."

Həzrət Əli (ə) buyurur: "Xoş qoxu şadlıqdır. Bal, süvarilik, yaşıllığa baxmaq sevinc səbəbidir."

İmam Sadiq (ə) buyurur: "Sarı ayaqqabı geyən insan qəlbi onu köhnəldib çıxarana qədər pərişanlıqdan uzaqdır."

İmam Baqir (ə) buyurur: "Sarı ayaqqabı insanın qəlbini açır. Allah buyurur ki, sarı rəng baxana sevinc gətirir."

İmam Sadiq (ə) buyurur: "Üç şey insanı kökəldir: Tez-tez hamama getmək, xoş ətir qoxulamaq, yumşaq libas geymək."

Əhməd ibn Məhəmməd ibn Xalid İmam Sadiqdən (ə) belə nəql edir: "Üç şey yeməli olmasa da insanı kökəldir. Başqa yeməli üç şey insanı arıqladır. İki şey hər zaman faydalıdır, zərəri yoxdur. İki şey hər zaman zərərlidir, heç bir faydası yoxdur. Yeməli olmayan, amma insanı kökəldən üç şey qurudulmuş ət, pendir, təzə xurma. (Bir hədisə görə dəvənin bel əti də insanı kökəldir)... Hər şeyə zərərli olan qurumuş ət və pendirdir. Hər şeyə xeyirli olan ilıq su və nardır. (İmamdan insanı arıqladan üç şeyin nə oluduğunu soruşurlar, buyurur). Bilmirsiniz ki, arıqlıq özü fəsad nişanəsidir?!"

İmam Sadiq (ə) buyurur: "Sevinc on şeydədir: Gəzinti, süvarilik, suya baş vurmaq, yaşıllığa baxmaq, qədərində yemək və içmək, həyat yoldaşının xoş sima olması, halal yaxınlıq, dişləri yumaq, başı xətmi ilə yumaq, insanlarla xoş ünsiyyət."

İmam Rizadan (ə) belə nəql olunur: "Bədəni ovmaq, yumşaq libas geymək, xoş ətir qoxulamaq, tez-tez yuyunmaq bədənə güc və sevinc gətirən amillərdir."

İmam Riza (ə) buyurur: "Səfra məcazını (pərişanlığı) aradan qaldırmaq istəsəniz hər gün təzə və soyuq təbiətli qidalar qəbul edin, hərəkətiniz az olsun. Sevdiyiniz şeylərə çox baxın."

Həzrət Peyğəməbr (s) buyurur: "Dörd şey ömrü uzadır: Bakirə ilə izdivac, isti su ilə qüsl, sol çiyni üstə yatmaq, səhər alma yemək."

Həzrət Peyğəmbər (s) buyurur: "İsti məcazlı insanları uzun ömrülülüklə müjdələyin."

Həzrət Peyğəmbər (s) buyurur: "Əbədilik (uzun ömür) istəyən şəxs səhər yeməyini erkən yesin, rahat ayaqqabı geyinsin, libası yüngül olsun, qadınla az yaxınlıq etsin." Soruşdular ki, yüngül libas nədir? Həzrət buyurdu ki, az borc yüngül libasdır.

Həzrət Əli (ə) buyurur: "Uzunu ömür istəyən səhər yeməyini tez, şam yeməyini gec yesin, az yaxınlıq etsin, yüngül geyinsin."

Həzrət Əli (ə) buyurur: "Yeməkdən öncə və sonra əlləri yumaq ömrü uzadır."

İmam Sadiq (ə) buyurur: "Yeməkdən əvvəl və sonra əllərinizi yuyun. Bu, yoxsulluğu aradan qaldırır, ömrü uzadır."

Həzrət Peyğəmbər (s) buyurur: "On şey insanı tez qocaldır: Həddi aşan yaxınlıq, başı palçıqla yumaq, ayaq yolunda çox qalmaq, ayaq yolunda ikən danışmaq, ətirdən çox istifadə, yatanda su içmək, əks cinsin ayıb yerinə baxmaq, ağzı üstə yatmaq, ayaq üstə su içmək, üzü qol ilə silmək."

Həzrət Peyğəmbər (s) buyurur: "Şam yeməyini tərk etməyin, bir quru xurma da olsa yeyin. Şam yeməyinin tərk olunması qocalığa səbəb olar. Şam yeməyi qoca və cavanlara güc gətirər."

İmam Sadiq (ə) buyurur: "Dörd şey insanı vaxtında qabaq qocaldar: Qurudulmuş ət yemək, yaş yerdə oturmaq, pilləkanla yuxarı qalxmaq, qoca qadınla yaxınlıq etmək."

İmam Sadiq (ə) buyurur: "Üç şey insanın sağlamlığını əlindən alar: Tox halda hamama getmək, tox halda yaxınlıq, qoca qadınla yaxınlıq etmək."

İmam Sadiq (ə) buyurur: "Üç şey bədəni haldan salar: Qurudulmuş ət yemək, dolu qarınla hamama getmək, qoca qadınla yaxınlıq etmək."

İmam Sadiq (ə) buyurur: "İki şey hər zaman faydalı, iki şey zərərlidir: Nar və ilıq su faydalı, pendir və qurudulmuş ət zərərlidir."

Həzrət Peyğəmbər (s) buyurur: "Çox qəm çəkən, pərişanlıq keçirən insanın cismi xəstə olar."

Həzrət Peyğəmbər (s) buyurur: "Qəm-qüssə qocalığın yarısıdır."

Həzrət Əli (ə) buyurur: "Qocalıq ikidir, onun biri qəm-qüssədir."

Həzrət Əli (ə) buyurur: "Qəm-qüssə cismi əridər."

Həzrət Əli (ə) buyurur: "Qəm-qüssə bədəni gücdən salar."

Həzrət Əli (ə) buyurur: "Pərişanlıq bədəni haldan salar."

Həzrət Əli (ə) buyurur: "Soyuq düşəndə ondan qorunun, soyuq hava başa çatanda ondan istifadə edin. Soyuq ağaclara necə təsir edirsə, bədənə də elə təsir edir. Əvvəldən ağacları yandırır, sonda çiçəkləndirir."

Həzrət Peyğəmbər (s) buyurur: "Xoş qoxu ürəyi gücləndirir."

Həzrət Peyğəmbər (s) buyurur: "Kim xoş ətirlə ətirlənərsə ağılı güclənər."

Həzrət Peyğəmbər (s) buyurur: "Xoş qoxu ürəyi gücləndirər, cinsi qabiliyyəti artırar."

Həzrət Peyğəmbər (s) buyurur: "Bir şey içməzdən öncə bir qədər yeyib xoş ətir qoxulayan şəxsin oruc tutmağa gücü çox olar."

İmam Sadiq (ə) buyurur: "Xoş qoxu ağılı gücləndirir, cinsi qabiliyyəti gücləndirir."

İmam Sadiq (ə) buyurur: "Günün əvvəlində ətir vuran insanın gecəyə qədər ağılı onunla olar."

İmam Sadiq (ə) buyurur: "Oruc şəxs oruca başlamazdan xoş ətir qoxulasa ağılı işlək olar."

İmam Riza (ə) buyurur: "Nərgiz gülü qoxulamaq zökəmin qarşısını alar."

Həzrət Peyğəmbər (s) buyurur: "Paltarlarınızı daim təmiz saxlayın."

Həzrət Əli (ə) buyurur: "Libası təmizləmək qəm-qüssəni aradan aparar."

Həzrət Əli (ə) buyurur: "Təmiz libas qəm-qüssəni aradan qaldırar."

Həzrət Əli (ə) buyurur: "Libas nə qədər təmizsə namaz üçün paklıq səbəbidir."

Həzrət Peyğəmbər (s) buyurur: "Yağ və ət qoxulu dəstmalı otaqda saxlamayın, bu dəstmal şeytanın yatağıdır."

İmam Baqir (ə) buyurur: "Həzrət Peyğəmbər qapaqlı qablara üstünlük verərdi."

Həzrət Peyğəmbər (s) buyurur: "Qapılarınıza qıfıl vurun, məşkinizin (tuluq) ağzını bağlayın, qablara qapaq qoyun."

Həzrət Peyğəmbər (s) buyurur: "Evdən çıxanda qapını bağlayın, qabları tərsinə çevirin, məşklərin ağzını bağlayın, çıraqları keçirin. Bu işlərinizlə qapısı bağlı evinizdə şeytanın divarlara dırmanmasının qarşısını alın."

Həzrət Peyğəmbər (s) buyurur: "Dəstəmaz suyunun üstünü açıq qoymayın, məşklərinizin ağzını bağlayın, qabları tərsinə çevirin."

Həzrət Əli (ə) buyurur: "Peyğəmbərə İslamı aşkarlamaq göstərişi veriləndə müsəlmanlar az, kafirlər çox idi. Peyğəmbər çox pərişan olmuşdu. Cəbrailin Sidrətül-müntəhadan gətirdiyi sidrlə saçını yudu, pərişanlığı aradan qalxdı."

Həzrət Peyğəmbər (s) buyurur: "İnsan cümə günü bığ və dırnaqlarından bir qədər tutsa, Allah onun cisminə şəfa verər, dərdlərini aradan qaldırar."

Həzrət Peyğəmbər (s) buyurur: "Dırnaqları tutmaq böüyk dərdlərin qarşısını alar, ruzini artırar."

İmam Hüseyn (ə) buyurur: "Peyğəmbər buyururdu ki, yaxşı ayaqqabı geyin, ayaqqabı kişilər üçün xal-xal kimidir." (Xal-xal qadınların ayağa taxtığı zinət əşyasıdır.)

Həzrət Əli (ə) buyurur: "Yaxşı ayaqqabı bədəni qoruyur, (ayağı sağlam saxlamaqla) namaz və təharətdə yardımçıdır."

İmam Sadiq (ə) buyurur: "Ayaqqabı geyməyə adət etmək (ayaqyalın gəzməmək) pis ölümün qarşısını alır."

İmam Sadiq (ə) buyurur: "Qara ayaqqabı gözə ziyandır, cinsi qabiliyyəti zəifləşdirir."

İmam Sadiq (ə) buyurur: "Həzrət Peyğəmbər qaynar bulaqlarla müalicəni qəbul etmirdi. Belə bulaqlar dağlarda qaynayır və kükürd qoxusu verir."

İmam Sadiq (ə) buyurur: "Atam kükürdlü su ilə müalicəni sevməzdi. Həzrət Nuh tufan zamanı bütün sulara sakitləşmək əmri verəndə kükürdlü su tabe olmadı və Nuh onu nifrin etdi." 


Nur-az.com


1563 بازدید
در حال ارسال اطلاعات...