Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2016

HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ

«Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir».
Həzrət Əli (ə) öz şəhadətindən xəbərdar idi. O, mübarək ramazan günlərindən birində minbərdə ikən əlini saqqalına çəkərək buyurdu: «İnsanların ən zalımı bu tükləri başımın qanına boyayacaq». Buna görə də həzrət ömrünün son günlərini övladlarından birinin yanında keçirirdi. Şəhadət gecəsi isə qızı Ümmü-Gülsümün qonağı idi.
İftar zamanı üç tikə yemək yedi. Sonra ibadətə durdu. Həzrət gecədən sübhədək təşviş içində oldu. Bəzən səmaya baxıb ulduzları seyr edirdi. Sübh çağı yaxınlaşdıqca həzrətin narahatlığı da artırdı. Belə ki, Ümmü-Gülsüm ondan soruşdu: «Atacan, nə üçün bu gecə bir belə narahatsan?» Həzrət buyurdu: «Qızım, mən bütün ömrümü döyüş səhnəsində keçirmiş, adlı-sanlı pəhləvanlarla mübarizə aparmışam. Belə şeylərdən qorxmuram. Amma hiss edirəm ki, haqla görüş məqamı yaxındadır».
Nəhayət, hövlnak gecə başa çatdı. Evdə yuva qurmuş quşlar evdən çıxmaq istəyən həzrətin qədəmləri önündə qanad çalaraq, sanki onu getməkdən çəkindirmək istəyirdilər. Həzrət buyurdu: «Bu quşların səs-küyünün ardınca növhə avazları ucalacaq». Həzrətin sözləri Ümmü-Gülsümü pərişan etdi. O, atasına belə dedi: «Yaxşı olar ki, tək getməyəsən». Həzrət buyurdu: «Əgər bəla yer bəlası olsa, mən təklikdə onu dəf etməyə qadirəm. Əgər bu səmanın qəzavü-qədəridirsə, hökmən yerinə yetməlidir».
Həzrət məscidə üz tutdu. Dama çıxıb sübh azanını elan etdi. Sonra məscidə daxil oldu. Yatanları oyatdı. Sonra mehraba yaxınlaşdı. Sübh nafilə namazına durdu. Səcdəyə getdiyi vaxt Əbdürrəhman ibn Mülcəm zəhərli qılıncı ilə həzrətin mübarək başına bir zərbə vurdu. İbn-Mülcəmin zərbəsi bir vaxt Əmr ibn Əbdüvədin vurduğu zərbənin yerinə düşdü. Həzrətin başı alnınadək yarıldı. İbn-Mülcəm və yoldaşları dərhal qaçdılar.
Həzrət Əlinin (ə) mübarək başından qan axmağa başladı. Onun şərif saqqalı başının qanına boyandı. Həzrət buyurdu: «And olsun Kəbənin Allahına, qurtuldum». Sonra həzrət bu ayəni tilavət etdi: «Sizi torpaqdan yaratdım və torpağa qaytararam. Sonra yenidən torpaqdan qaldıraram». Bu vaxt həzrət Cəbrailin yer ilə göy arasından nida çəkdiyini eşitdi: «And olsun Allaha, hidayət sütunları uçuldu, təqva nişanələri məhv oldu, xaliqlə məxluq arasındakı ən möhkəm bağ qırıldı. Peyğəmbərin əmisi oğlu öldürüldü. Həzrət Əli (ə) şəhadətə çatdı. Ən zalımların ən bədbəxti onu şəhid etdi».
Məsciddə hay-küy qopdu. Həsən və Hüseyn evdən məscidə qaçdılar. Bir qrup adam da İbn-Mülcəmin ardınca gedib onu tutdu. Həsən və Hüseyn haşimilərin köməyi ilə həzrəti kilimin üstünə qoyub evə gətirdilər. Dərhal həkim ardınca adam getdi. Həkim gəldikdən sonra yaranı müayinə edib yaranın sağalmaz olduğunu bildirdi. Çünki həzrətin vurulduğu qılınca zəhər çəkilmişdi.
Həzrət Əli (ə) başqalarından fərqli olaraq ölümünün labüd olduğunu eşitdikdə narahat olmadı. O, Həsən və Hüseynə vəsiyyət edirdi. Bəli, həzrət ölümdən qorxmurdu. O dəfələrlə buyurmuşdu ki, uşaq anasının döşünə müştaq olduğu tək o da ölümə müştaqdır.
Həzrət Əli (ə) ömür boyu ölümlə çarpışmışdı. Düşmənlər həzrət Peyğəmbərin (s) yatağını qılınclamaq istədikləri vaxt həzrətin (s) yerində yatan Əli (ə) idi. Həzrət daim İslam qəzavatlarında olmuş, ölümün gözünə dik baxmışdı. Həzrət buyurdu ki, mənim üçün fərqi yoxdur ki, ölüm mənim sorağıma gələ, ya mən ölümün sorağına gedəm». Həzrət (ə) Həsən və Hüseynə belə vəsiyyət etdi: «Sizə təqvalı olmağı və Allahdan qorxmağı tövsiyə edirəm. Dünya sizin ardınızca gəlsə də, siz onun ardınca getməyin. Əlinizdən dünya malı çıxdıqda təəssüflənməyin. Doğru və haqq söz danışın. Axirət mükafatı üçün iş görün. Zalıma düşmən, məzluma yardımçı olun.
Sizə, bütün övladlarıma və Əhli-beytimə məktubum yetişən hər bir adama təqvanı, Allahdan qorxmağı, həyat işlərini tənzimləməyi, öz aralarında sazişi vəsiyyət edirəm. Çünki babanız Peyğəmbərin belə dediyini eşitmişəm: «İki nəfər arasında sülh yaratmaq namaz və orucdan üstündür». Yetimlərə münasibətdə Allahdan qorxun. Onların ağzı üçün növbə qərarlaşdırmayın (bəzən tox, bəzən isə ac olalar). Sizin diqqətsizliyiniz səbəbindən onlar zaya çıxmasınlar. Qonşulara münasibətdə Allahdan qorxun. Onları Peyğəmbər tapşırmışdır. Həzrət qonşuları elə tapşırardı ki, güman edərdik qonşu qonşudan irs aparacaq. Qurana münasibətdə Allahdan qorxun. Ona əməl etməkdə sizi ötüb keçməsinlər. Namaza münasibətdə Allahdan qorxun. Namaz dinin sütunudur. Kəbəyə münasibətdə Allahdan qorxun. Nə qədər ki, dirisiz, Allah evini boş qoymayın. Əgər o boş qalsa, cəzada möhlət almayacaqsınız. Cihada münasibətdə Allahdan qorxun. Malınız, canınız, dilinizlə Allah yolunda cihad edin. Əlaqələrinizi qoruyun və bir-birinizə bağışlayın. Bir-birinizə arxa çevirməkdən, bir-birinizdən ayrılmaqdan çəkinin. Əmr be məruf və nəhy əz münkəri (yaxşıya əmr, pisə qadağa) tərk etməyin. Yoxsa şər adamlar sizə hakim olar. Bu halda siz Allahı çağırsanız da, O sizin dualarınıza cavab verməz.


880 بازدید
در حال ارسال اطلاعات...