Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

Dini təcrübə nədir?

Dinin müxtəlif yönləri var. Etiqad, əxlaq, fiqh, hüquq və digər sahələr dini təlimləri təşkil edir. Dinə birtərəfli baxmaq mane olur ki, insan həqiqi dini dərk etsin.
Dindəki sahələrdən biri də dini təcrübədir. Dini təcrübə dedikdə yalnız qeybə aid sahələr yox, həm də insanın dünyaya aid etiqadla bağlı düşüncə və əməlləri nəzərdə tutulur. Peyğəmbərlərin həyatın nəzər saldıqda biz dini təcrübədə faydalı ola biləcək nöqtələri müşahidə edirik.
Dini təcrübəyə misal olaraq həzrət İbrahimin (ə) oğlu İsmaili Allah yolunda qurbanlıq etmək niyyətini yada sala bilərik. "O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”" (Saffat, 102). Ayədən göründüyü kimi insan bir məqama çatmaq üçün imtahanlardan keçməlidir. Bəqərə surəsinin 124-cü ayəsində oxuyuruq: "(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu."
Dini təcrübəyə başqa bir misalla Taha surəsinin 11-14-cü ayələrində rastlaşırıq: "(Musa) Odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa! Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan! Mən səni (peyğəmbər) seçdim. (Sənə) Vəhy olunanı dinlə! Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!" Bu ayədə də hər bir mömin üçün dini bir təcrübə göstərişi var. Həzrət Yunusun (ə) başına gələnlər və duası, İslam Peyğəmbərinin (s) meracı dini təcrübə nümunələridir.
Ürfdə, xalq arasında təcrübə deyəndə başqa birinin müvəffəqiyyətə aparan iş üsulundan bəhrələnmək nəzərdə tutulur. Təcrübə sözü müxtəlif elmlərdə istifadə olunur. Təbiət elmlərində, psixologiyada, fəlsəfədə təcrübə sözü ilə tez-tez rastlaşırıq. Metodologiyada, yəni üsulşünaslıq sahəsində təcrübə sözü mühakimə mənasında işlədilir. Başqa hallarda təcrübə dedikdə isə müşahidələr, analizlər başa düşülür.
Dində insana tövsiyə olunan əsas dəyər mərifətdir. Mərifət insanın özünü və Allahını tanımasıdır. Mərifətə çatmaq üçün dörd yol göstərilib:
1.Hissi-təcrübi yol: Təbiət elmləri və humanitar elmlər bu üsulla dəyərləndirilir.
2.Əqli-arqumentasiya yolu: Fəlsəfə, riyaziyyat və məntiqdə bu yoldan istifadə edilir.
3.Nəqli-tarixi yol: Tarix elmi bu yoldan faydalanır.
4.Kəşf və məna aləmini görmək yolu: Bu yol irfan və psixologiyada istfiadə olunur. Təcrübə bir növ hüzuri elmdir. Hüzuri elmdə vasitə yoxdur, insan hiss üzvləri ilə hadisəni dərk edir.
Dini təcrübə isə bir qədər fərqlidir. Onun bir neçə növünü qeyd edirik:
1.Bütün etiqadlı insanların təcrübələri: Dua, minacat, tövbə və s.
2.Bəzi təcrübələri yalnız seyr-süluk, nəfsin təbriyəsi yolu ilə əldə etmək olur. Bu təcrübələr etiqad yolu ilə qazanılmır.
Qurani-Kərimin gecəni oyaq qalmaq, ibadətə məşğul olmaq kimi göstərişləri insan üçün belə təcrübələrə yol açır. Həzrət Əli (ə) buyurur: "Pərvərdigara, mən Sənə nə od qorxusundan, nə də behişt tamahı ilə ibadət edirəm. Səni ibadətə layiq bilib pərəstiş edirəm."
3.Bir qism təcrübələr peyğəmbərlərə aiddir. Bu təcrübə vəhydir. Peyğəmbərlərdən savayı kimsə vəhy təcrübə edə bilməz.
Din fəlsəfəsi və müasir ilahiyyatda adətən vəhy əvəzinə vəhy təcrübəsi və ya peyğəmbər təcrübəsi ifadələri işlədilir. Bəzi filosoflar bu əqidədədir ki, vəhy İslam Peyğəməbərində sonra kəsilib. Bəziləri isə vəhyin müxtəlif şəkillərdə, məsələn ilham şəklində davam etdiyini düşünür. Peyğəmbər yolunu gedən hər bir möminə ilham olunmasına inanırlar.
Dini təcrübə ifadəsi təcrübə və din sözlərində yaranıb. Bugünki mənasında belə başa düşülür ki, insan özündə ilham və xüsusi lütf üçün ləyaqət yaratmalıdır. Hansı ki təcrübə bizim qarşımıza çıxan hadisədir, həyata keçirdiyimiz iş deyil. Empristlər bu fikirdədir ki, təcrübə əqlə qarşıdır. Onların nəzərincə insan yalnız hiss üzvləri ilə dərk etdiyinə inanmalıdır. Amma Uilyam Ceyms kimi mütəfəkkirlər dini təcrübənin daha geniş mənaya malik olduğunu düşünür. Onların nəzərincə dini təcrübənin beş xüsusiyyəti var:
1.Hadisəni canlı dərk etmək;
2.Hadisənin ağrısını yaşmaq;
3.Onun əqli arqumentlərdən asılı olmaması;
4.Onun vasitə ilə ötürülməməsi;
5.Dini təcrübəni xüsusi olması.
Bu mənada dini təcrübə dedikdə hadisəni ruhən dərk etmək başa düşülür. Əslində təcrübə o zaman dini olur ki, təbiətüstü tərəfə bağlı olsun. Təcrübədə tərəf Allahdırsa bunu dini təcrübə saymaq olar. Digər tərəfdən dini təcrübəni yaşayan insan onun vəsfində dini terminlərdən istifadə etməlidir.
Liberal-protestant ilahiyyata görə din təcrübi yönünə görə süquta uğrayıb. Onlar hissi təcrübəni dini təcrübə kimi qəbul edir. Hansı ki dini təcrübə dedikdə ilahi mərifət kimi dini yaşadan hadisələr nəzərdə tutulur.
Dini təcrübə nədir? Buna qısa cavab vermək çətindir. İstənilə bir qısa cavab yeni suallar yaradır. Braytman yazır: "Hər bir insan Allahla rabitədə dini təcrübə yaşaya bilər." Filosof Uilyam Alston deyir: "Dini təcrübə deyəndə insanın dini və mənəvi həyatındakı təcrübələr nəzərdə tutulsa da günah hissi, mərhəmət, şükür kimi hallar da dini təcrübədəndir. Fəlsəfənin dini təcrübəyə baxışı məhduddur. Onların nəzərincə ibadət edən hər bir insan dini təcrübə yaşayır."
Deyə bilərik ki, dini təcrübəni iki əsas ünsürü var: İlahi müqəddəratı dərk etmək və özünü Allaha tapşırmaq.
Mütəfəkkirlər dini təcrübəyə müxtəlif nümunələr göstəriblər. Bu sahədə maraqlı fikir sahiblərindən biri Devisdir. Onun nəzərincə dini təcrübə bir neçə dini təbəqəyə bölünür:
a) Təfsiri təcrübə: Bu təcrübələr xüsusiyyətinə görə yox, təfsirdən alındığına görə dini sayılır. Zəlzələ dini hadisə deyil. Amma onu günahın nəticəsi kimi təqdim etdikdə diniləşir. Belə təcrübələrə təfsiri təcrübələr deyilir.
b) Yarıhissi təcrübələr: Bu təcrübələrdə hissin rolu var. Əgər dini təcrübədə beş hiss üzvündən biri iştirak edərsə ona yarıhissi təcrübə deyərlər. Yuxu, ağrı, xüsusi səslər eşitmək bu qəbildəndir.
v) Vəhy təcrübəsi: Burada vəhy deyəndə ilham və bəsirət nəzərdə tutulur. Əslində vəhy peyğəmbərlərə aiddir. Bu təcrübələri məzmununa görə vəhy təcrübəsi adlandırırlar. Ariflər maddi yox, ruhani yolla bəzi təcrübələr əldə edirlər. Arif bu təcrübə sayəsində həqiqi imana çatır.
q) Həyatverici təcrübələr: Dində ən məşhur təcrübə bu təcrübədir. Adi insanlar da onu yaşaya bilər. İnsan ibadət edəndə özündə bir güc, arxayınlıq hiss edir. Belə təcrübələr həyatverici təcrübə adlanır. d) Minoi təcrübə: Oto bu sözü işlətmiş ilk şəxsdir. O bu təcrübəni üç növdə xülasələşdirir: Özünü tam Allaha məxsus bilmək; Allahı düşünəndə insanı lərzəyə gətirən xof; Allahın varlığından duyulan həzz.
e) İrfani təcrübə: İrfani təcrübənin xüsusiyyətləri var: Həqiqətin mütləq dərki: Zaman və məkan məhdudiyyətindən çıxmaq; Vəhdətin müşahidəsi.
Ümumiyyətlə dini təcrübənin din daxilində və din xaricində bəhrələri var. Bu təcrübələr müqəddəs mahiyyətə malik olduğundan iman yolunda yardımçıdır. Mirça İlyade dini təcrübə haqqında yazır: "İrfani təcrübə ilahi qüvvənin əlçatmaz olmadığını insana yaşadır, bütün dini təlimləri insan üçün təravətli saxlayır."
Rudolf Hud dini təcrübəni imandan qaynaqlanan hadisə kimi qəbul edir. Onun nəzərincə insan dini təcrübə sayəsində daha dərin imana sahib ola bilər. Bəzi alimlər dini təcübəni Allahın varlığının subutu üçün ən etibarlı yol kimi dəyərləndirir.
Öncə qeyd etdiyimiz kimi digər elmlərdə təcrübə elmi biliklərin əsası sayılır. Onu təkcə din fəlsəfəsinə aid etmək olmaz. Psixologiya, fəlsəfə, kəlam, sosiolgiya dini təcrübədən faydalanır. Psixoloq öz fəaliyyətlərində ölüm kimi bir təcrübəyə əsas yer verir. Ölüm hadisəsinin araşdırılması psixoloqlar üçün ən maraqlı mövzulardandır.

Nur-az.com


1578 بازدید