Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2014

Diktatorların əsl üzü

Tarix boyu, xüsusilə müasir dövrümüzdə diktatorların amansızlığı pərdə arxasında qalıb. Bu insanları adətən verdikləri amansız göstərişlərə görə diktator adlandırıblar. Əslində belələri pərdə arxasında şəxsən ən böyük amansızlıqlara imza atıblar.
İran şahı Rzaxan baş nazir olandan sonra tabeçiliyində olanlara divan tutub. Rzaxanın diktatorluğu elə bir həddə çatıb ki, bunu pərdələmək qeyri-mümkün olub. Rzaxan xalq arasında şəxsən adam döyməsi ilə tanınıb. O hətta yaşlı şeyxi döyməkdən çəkinməyib.
Rzaxan adından göründüyü kimi xan idi. Əgər bir xan ölkə başçısı postunu tutsa vay o millətin halına. Xan həmişə ətrafındakıları rəiyyət kimi görür. O hesab edir ki, xalqın malı və canı onun ixtiyarındadır. Rzaxan səltənət taxtına oturmazdan qabaq da vəhşi bir şəxs kimi tanınıb. Amerikanın konsulu Bernard Qutlib 1923-cü ildə öz ölkəsinə məxfi məruzəsində Rzaxanın vəhşiliyindən yazır: "Hazırda baş nazir Rzaxan savadsız bir kəndlidir. Amma onun xarakteri qətiyyət və möhkəmliyi ilə başqalarından seçilir. O məhz xarakteri sayəsində vəzifə pilləsində yüksəlib. Onun cilovlanmayan vəhşiliyi var. Rzaxan özündən əvvəlki baş nazir Qəvvamul Səltənəni şəxsən döyüb. Bir yaşlı jurnalisti əzişdirib yatağa salıb. Rzaxan ən pisi bu işi amerikalının gözü qarşısında edib. Baş nazir olandan sonra işçiləri, tabeçiliyində olanları camaatın gözü qabağında əzişdirib. Onun yaşlı şeyxi döyməsini bütün müasirləri xatırlayır. Bu şeyx gözü zəif gördüyündən məclisə Rzaxanın daxil olduğunu görmür. Buna görə də ayağa qalxmır. Aqibəti isə məlumdur, Rzaxanın yumruqları altında qalır."
Rzaxan baş nazir olmazdan qabaq qəzet redaktorlarını, jurnalistləri döyməyə adət etmişdi. Amerika rəsmisi Cozef Kornfild yazır: "Rzaxanın vəhşiliyini son iki hadisə gözəl göstərir. İki gün əvvəl jurnalistlərdən biri yazmışdı ki, müdafiə naziri də öz büdcə layihəsini məclisə verməlidir. Rzaxanın göstərişi ilə qəzet redaktorunu onu yanına gətirirlər, Rzaxan həmin şəxsi əzişdirir, dişlərini sındırır, sonra həbsxanaya göndərir. Bunu mənə hadisəni özü görmüş amerikalı danışıb.
İkinci hadisəni belçikalı rəsmidən eşitmişəm. O danışır ki, bir zabit (Rzaxan) maliyyə nazirliyində belçikalı işçinin yanına gedib müdafiə nazirinin göstərişi ilə üç min tümən tələb edir. İşçi deyir ki, nə qədər ki, maliyyə nazirinin icazəsi yoxdur, bu pulu zabitə verə bilməz. Həmin zabit qapını bağlayıb belçikalı işçini yumruqlamağa başlayır, yalnız pulu alandan sonra onun yaxasından əl çəkir."
Amerika rəsmisi Uliyam Hurnibruk bir qəzetçinin döyülməsindən danışır. Böyük ehtimala görə qəzetçini Rzaxan olub. O yazır: "Bir neçə ay öncə "İrane bastan" qəzetinin müdiri Seyf Azad əlahəzrətin hüzuruna gətirilir. Şah əvvəlcə onu söyür, sonra yumruqlamağa başlayır."
Rzaxan əlamətdar, şad günlərində də kiməsə rəhm etməyib. 1936-cı ilin may ayında beş il xaricdə təhsil alıb qayıdan oğlu Məhəmmədrzanı qarşılamaq üçün Ənzəli limanına gedir. Yolüstü Çalusda dayanır. Bağbanlar şahın gəlişi münasibətilə bütün bağları, ağacları sulayırlar ki, hər şey gözoxşayan olsun. Hotelin pəncərəsindən şahın qarşılanma mərasimini müşahidə edən ingilis hərbçi deyir ki, şah avtomobildən düşəndən azca sonra bağbanlardan birinə bir şapalaq ilişdirdi. Gedəndə də iki bağbanı döymüşdü. Göstəriş vermişdi ki, gözünə pis görünən iki ağacı kökündən çıxarsınlar. Şah gedəndən sonra azad nəfəs alan Çalusda bayram idi.
İran şahının vəhşiliyi adi hal almışdı. 1933-cü ildə şah həbsxanada Teymurtaşı huşu başından çıxana qədər döyür. 1938-ci ildə ordu zabitlərindən biri xalqın gözü qabağında şahın ayaqları altında qalır. 1937-ci ilin iyun ayında Fransa hərbi nümayəndəliyi öz qərargahını Alman nümayəndəliyinə vermək istəyir. Fransa rəsmisi bundan ötrü Fransada təhsil almış zabit Cahanbaniyə müraciət edir. Cahanbani fransalının sözünü şaha çatdırır. Fransalının şahın işinə qarışdığını düşünən Rzaxan Cahanbaniyə bir şapalaq ilişdirib, onu ordudan uzaqlaşdırır. Xaraktercə diktator olan Rzaxan zahirən qərbə meyil göstərsə də heç bir halda azadlığı həzm edə bilmirdi. Şah ölkədə hansısa vəzifəlini və ya xarici nümayəndəni adam yerinə qoymurdu. Onun vəhşiliyi hətta bəzi ölkələrlə, xüsusilə Fransa ilə münasibətlərdə soyuqluq yaratmışdı.
Rzaxanın yumruqlarının dadını görənlərdən biri də maliyyə naziri Rzaqulu Əmir Xosrəvi olub. Əmir Xosrəvi maliyyə naziri olmamışdan öncə on il milli banka başçılıq edib. Daha əvvəl Rzaxanın şəxsi bankının müdiri olub. Şaha böyük xidmətlər göstərmiş bu şəxs yeni il münasibətilə mərasimdə cəmiyyətin gözü qarşısında şah tərəfindən döyülür. Həyatında Rzaxana Əmir Xosrəvi qədər xidmət edən olmayıb. Şahın varidatını xarici banklarda yerləşdirən də Əmir Xosrəvi olub. Xarici diplomatlar Əmir Xosrəvinin şahla çox yaxınlığını bəzən istehza ilə qarşılayıb ona "madam pəhləvi" deyirmişlər. 1941-ci ildə bütün xidmətlərinə baxmayaraq Əmir Xosrəvi işdən uzaqlaşdırıldı.
ABŞ səfirliyini müvəqqəti işlər vəkili öz məruzəsində yazır: "Rzaxanın Xosrəvini işdən uzaqlaşdırmasının əsl səbəbi hələ ki məlum deyil. Şah may ayının əvvəli Tehranda deyildi, Xəzər sahilinə gəzintiyə çıxmışdı. Deyirlər Tehrana qayıdanda çox qəzəbli olub. O Xosrəvini çağırıb hansısa sənədləri istəyir, sənədlər gec tapıldıqda nazirlərin gözü qabağında Xosrəvini şallaqlamağa başlayır."
Bəli, diktatorlar təkcə hökmləri yox, həm də rəftarları ilə diktatordur. Onları başqa diktator xarakterlilərdən fərqləndirən əllərində hakimiyyətdir. Adi həyatda bir çox insanların amansız rəftarlarını müşahidə edəndə şükr edirsən ki, belələri hakim olmayıb.


Nur-az.com