Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Mart 2014

İslam dəbdəbəyə qarşı

İslam fərdi və ictimai həyatın bütün sahələrini əhatə edəcək göstərişlər verib. İnsan və cəmiyyətin qarşılaşacağı bütün problemlərin həll yol göstərilib. Peyğəmbərlər və övliyalar Allahın buyurduqlarını bəşəriyyətə çatdırıb.

İnsanın vacib əmirlərə itaəti, haramdan çəkinməsi onun kamala çatmasına təsirlidir. Əgər insan orta həddi gözləsə, mötədil olsa ilahi əmrlərə itaətlə kamilləşə bilər. Hətta ibadətdə ifrata varmaq İslamda tövsiyə olunmur. Saleh işlərdə belə ifrat məzəmmət edilir.

Müasir dövrümüzdə qarşımızda dayanan problemlərin əksəriyyətini özümüz yaratmışıq. İslam rahat həyat yolu göstərir. Əgər insanın yaranışında məqsəd onun Allahın razılığını qazanmaqla kamala çatmasıdırsa bu yol çox rahatdır. Amma insan özü özünə maneələr yaradır. İslamın göstərdiyi həyat tərzindən imtina edib yeni qaydalar qoymaqla işini çətinləşdirir.

Hazırda cəmiyyət ilə, ailə ilə, ətrafdakılarla, övladlarla münasibətdə problemlərimiz var. Bəzən bu problemlər bizi boğaza yığır, həyatdan doyuruq. Hansı ki dinin göstərdiyi həyat tərzi insana rahatlıq gətirir.

Mənəvi baxımdan insanın məqsədi qurtuluşsa, həyat tərzi bu məqsədə çatmaqda çox təsirlidir. Qurtuluşa etiqadı olmayan insan belə düzgün həyat tərzi ilə rahatlıq əldə edə bilər.

Böyük Rəhbər ötən il Xorasana səfərində gənclərlə görüşdü və həyat tərzindəki problemlərlə bağlı xəbərdarlıq etdi. Rəhbər buyurdu: "İslam baxımından inkişaf yollarından biri həyat tərzidir. İctimai rəftarlar, yaşam tərzi həyatımızı təşkil edir. Ailə, izdivac, məskən, libas, qida, əyləncənin necəliyi, işdə, evdə, təhsil müəssisəsində, siyasi səhnədə, idmanda rəftarlarımız, ata-ana, ailə-övladla münasibətlərimiz, polis və dövlət məmurları ilə rəftarımız, dost-düşmənlə münasibətlərimiz mədəniyyətimizin əsasını təşkil edir. Bunlar insan həyatının bünövrəsidir."

Rəhbər bu söhbətində cəmiyyətin əsas problemləri ilə bağlı sualları cavablandırıb. Bu sualardan bəziləri bizim mövzumula əlaqəlidir: Nə üçün bəzi məntəqələrdə boşanmaların sayı artıb? Nə üçün bəzi məntəqələrlə gənclər narkotikaya üz tutub? Nə üçün qonşularla münasibətdə qaydalara riayət etmirik? Nə üçün qohumları yoxlamaqda sabitqədəm deyilik? Nə üçün sürücülük zamanı yol hərəkəti qaydalarına əməl etmirik? Bazarda, idarədə, gündəlik münasibətlərdə doğruçuyuqmu? Cəmiyyətimizdə yalan nə qədər yer tutur? Nə üçün bir-birimizin arxamızca danışırıq? Nə üçün işdə faydalı iş saatımız azdır? Nə üçün 8 saatlıq iş vaxtının yalnız 2-3 saatını işləyirik? Nə üçün israfçılıq baş alıb gedir? Nə üçün zəruri ehtiyaclar çərçivəsindən kənara həvəslə pul xərcləyirik? Sələmin kökünün necə kəsmək olar? Ailə-övladın hüquqlarına necə riayət edək?

Bir sözlə, nə üçün həyatımız bir bu qədər problemlə dolub? Hamıya irad tuturuq, hamını tənqid edirik, amma özümüz səhvlər içində ikən rahatıq? Allaha qarşı nankoruq, təbiətə və özümüzə zülm edirik. Özümüzü elə aparırıq ki, hamı bizə borcludur.

Çox olur ki, sadə insanlar dövlət məsullarına irad tutur. Amma öz işində daha məsuliyyətsizdir. Tabeçiliyində olan adamlara zülm edir, ətrafdakı insanları aldadır, fırıldaqçılıq edir, əskik satır, xalqın haqqını tapdayır. Yoldan maşın ötür, maşından küçəyə zibil atılır, yol hərəkəti qaydalarını rahatlıqla pozuruq. Amma yolda bir çala görsək dərhal məsulların ünvanına söyüş yağdırırıq.

Özümüzə çox problem yaratmışıq. Bu problemlər bizi doğru həyat yolundan yayındırır. Ən əsas problemlərdən biri dəbdəbəli həyata maraq, zinətli yaşamaq həvəsidir. Cəmiyyətdə güclənməkdə olan bu maraq fərdi və ictimai həyata böyük zərbə vurur. Nədir dəbdəbəçilik? Nə üçün cəmiyyətdə varlı, harın həyata meyil güclənir? Dəbdəbəçilik odur ki, insan maddiyyata, kübar həyata əsir olur. Hansı ki çoxlarının varlı yaşamaq imkanı yoxdur. Ö z imkanlarından yuxarı libas, nəqliyyat vasitəsi, ev əşyaları, mənzil ardınca qaçmaq, bu sahələrdə hamını ötüb keçmək böyük ictimai fəsaddır. Din rəhbərləri dəbdəbəçiliyi, kübar həyatı məzəmmət edib. Həzrət Əli (ə) buyurub: "Dünyanın zər-zibası zəif ağılları puça çıxarır."

Mühüm bir nöqtəni qeyd etməliyik. Geyim və mənzilin təmizliyi, insanın səliqəsi İslamda bəyənilən işlərdir və dəbdəbəçilik sayılmır. Gözəllik fitri istəkdir, hədislərdə buyurulur ki, Allah gözəldir və gözəlliyi sevir. Təmiz və gözəlliyi təqdir edən rəvayətlər çoxdur. İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) ətirə yeməkdən çox pul xərcləyərdi." Bir gün saç-saqqalı ağarmış qoca Peyğəmbərin görüşünə gəldi. Həzrət ona baxıb buyurdu ki, nuranidir. Bir müddət sonra həmin şəxs saç-saqqalına həna qoyub gəlmişdi. Peyğəmbər bu dəfə "həm nuranidir, həm də müsəlmanlıq nişanəsi var", deyə buyurdu. Kişi üçüncü dəfə saç-saqqalını qara rəngə boyamışdı. Həzrət buyurdu ki, həm nuranidir, həm müsəlmanlıq nişanəsi var, həm düşmənlərin qəlbinə qorxu salar.

Demək, zahirən bəzənmək maddiyyata əsir olmaq deyil. Təmizlik və gözəllik məqbuldur, gözə girmək üçün dəbdəbəçilik qeyri-məqbul.

Təbii ki, təmizlik və gözəllikdə də bir hədd var. Həddi aşmaqla insan özünə əziyyət verir, daha çox başqalarının nəzərini düşünür.

Dəbdəbəçilik müxtəlif yollarla, müxtəlif səbəblərdən yaranır və yayılır:

1.İnformasiya vasitələri

Televiziya insana o qədər yaxınlaşıb ki, bir növ ona hakim olub. Bəzən maddi və qeyri-maraqlar səbəbindən televiziyada dəbdəbəçilik, kübar həyat təbliğ olunur. Bahalı və rəngli geyimlər, ev əşyaları və digər vasitələr insanların həyat məqsədinə çevrilir. Mütəxəssislər bu fikirdədir ki, televiziyanın həyat tərzinə təsiri böyükdür. Mənfi təbliğat səbəbindən gənclərin ailə qurması problemə çevrilib. Ailə qurmaq bir növ ticarət olub. Televiziyada cehiz üçün 42 inc ölçülü televizor, 8 kq.-lıq paltar yuyan maşın tövsiyə olunursa insanlarda belə bir fikir yaranır ki, bu əşyalar olmadan ailə qurmaq olmaz.

2.Dəbdəbəçi insanlar

Cəmiyyətdə insanları dəbdəbəçiliyə sövq edən amillərdən biri gözə soxulan ayrı-ayrı insanlardır. İnsanlıqdan xəbərsiz bəzi harın şəxslər geyimi, avtomobili, zinət əşyları ilə insanların ağlını oğurlayır, bir növ özünü etalon göstərir. Ətrafdakı insanlar öz imkanlarını nəzərə almadan həmin şəxsə çatmağa çalışır. Çox olur ki, yoxsul bir insanın əynində bahalı libas görürük. Belələri başqa zəruri xərclərini azaltmaqla varlılar kimi geyinmək istəyir.

Qadınlar arasında dəbdəbəçilik daha çox gözə çarpır. Bəzi xanımlar hər mərasim üçün yeni paltar tələb edir. Guya bir paltarı iki məclisə geymək qəbahətdir. Onlar öz istəklərinin reallaşması üçün həyat yoldaşlarını sıxıntıya salır. Təəssüf ki, bəzən təzyiq altında qalan ər qeyri-qanuni yollarla həyat yoldaşının arzularını həyata keçirməyə cəhd edir.

Dəbdəbəli, kübar həyatda istifadə olunan geyimlərin, əşyaların əksəri qeyri-zəruridir. Evdən elə bir çilçıraq asılır ki, onun insanın xoşbəxtliyinə heç bir təsiri yoxdur, yalnız insanı əsas həyat məqsədindən uzaqlaşdırır. Belə əşyalar bir növ insanın qibləsinə çevrilir.

3.Cəmiyyət

Əksər cəmiyyətlərdə insanlara hakim olan kübar ənənələr yer alıb. Dəbdəbəçilik bir növ ictimai tələbə çevrilib. Ailə qurmaq istəyən insan cəmiyyətə hakim olan bu yanlış ənənələrin təsiri altında öz fikrindən daşınır. Hucurat surəsinin 13-cü ayəsində oxuyuruq: " Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır." Bəli, Allahın nəzərində insanın qiyməti onun var-dövləti yox, təqvasındadır.

Dəbdəbəçiliyin, dünyapərəstliyin ağır nəticələri var:

1.Allahdan xəbərsiz qalmaq

İnsanın maddiyyata əsir olması onu mənəviyyatdan məhrum edir. Dəbdəbəçi insan üçün Allah və din əsas deyil. O gecə gündüz həyatını zinətləndirmək barədə düşünür.

2.Düzgün həyat proqramından məhrumluq

İnsan həyatı qısa və uzun müddətli proqramlar əsasında uğurlu olur. Lazımsız əşyalara, dəbdəbəyə böyük pullar xərclənməsi insanı zəruri ictimai-siyasi fəaliyyətlərdən saxlayır. İnsan həyatında ən mühüm hadisələrdən biri izdivacdır. Hazırda izdivac qarşısında ən böyük maneə dəbdəbəçilikdir. Əgər ailə qurmaq zamanı çatıbsa insan harın ənənələrə fikir vermədən addım atmalıdır. Rəvayətlərdə buyurulur ki, süfrəyə çörək qoyulandan sonra başqa şeylərin gətirilməsini gözləmədən yeməyə başlayın. Gözləməyin ki, plov gəlsin, kabab gəlsin. İnsan ac olanda çörəklə yeməyə başlayır. Əgər çeşidli xörəklər gözləyirsə demək ac deyil. Bunu izdivaca da aid etmək olar. Əgər gənclər izdivaca həqiqi ehtiyac hiss etsə ənənələrə baxmadan sadə bir məclislə ailə qurarlar.

Belə bir əhvalat nəql olunur ki, qədim zamanlarda bir şəxs bazarda qul satarkən qulu onun təşnə, susuz adamı tanıması ilə tərif edirmiş. Başqa biri fikirləşir ki, bu çox maraqlıdır, özünü başqalarına göstərmək üçün bu qulu alım. Qulu alır və bir müddət sonra ziyafət məclisi təşkil edir. Süfrə dadlı xörəklərlə doludurlsa da, ortaya su qoyulmur. Qonaqlar yeyir və su istəyirlər. Qul deyir ki, onlar yalan deyir, susamayıblar. Qonaqlar nə qədər israr edirsə qul su gətirmir. Nəhayət qonaqlardan biri ayağa qalxıb özü su gətirməyə gedir. Qul deyir ki, bəli, bu şəxs həqiqətən susayıb.

3.İstedadların məhvi

Dəbdəbəçilik hakim olan yerdə istedadlar məhv olur. İnsanın cismi və ruhu maddiyyat əsarətinə düşübsə o Allahpərəstlik əvəzinə bütpərəstlik ardınca gedəcək. Dəbdəbə ardınca olan insanda elm və sənət marağı olmur. O hər şeyə pula çatmaq üçün vasitə kimi baxır. Sadə, bər-bəzəksiz həyat tərzi istedadları çiçəkləndirir. Əksər din böyükləri, övliyalar sadə geyinib, sadə yaşayıb və cəmiyyətin ən aram, rahat insanı olub.

Nur-az.com/Hawzah


1193 بازدید
در حال ارسال اطلاعات...