Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

İslamda elmin əhəmiyyəti

Elm haqqında, onun əhəmiyyətinə, tarixinə dair həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən çoxlu məqalələr, kitablar yazılıb. Misal üçün, doqquzuncu əsrdə yaşamış Məhəmməd ibn Səhnun "Müəllimlik qaydaları", Şəhid Sani "Müəllimlik və şagirdlik qaydaları", Corc Sarton, Pier Russo və digərləri "Elm tarixi" adlı kitablar yazmışlar, Corci Zeydan beşcildlik "İslam sivilizasiyası tarixi" əsərinin üçüncü cildini elmə həsr etmişdir.

Elmin dəyəri və əhəmiyyəti
İslam dininin elmə verdiyi dəyər bu gün heç kimə sirr deyil. Qurani-kərimlə azacıq tanışlığı olanlar bunu həm də onun həqiqətən Allah tərəfindən göndərilməsinə dəlil saya bilərlər. Yalnız fikirlərinin doğruluğuna hədsiz dərəcədə əmin olan, sözlərində ziddiyyət və qeyri-dəqiqlik olmayan bir kitab elmə, məntiqə, təfəkkürə bu qədər çağırış edə bilər. Bu kitab möhtəşəm olaraq "Oxu!" sözü ilə başlayır (1) və onda deyilir: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?!" (2)
Peyğəmbərin vəzifələrindən biri də məhz insanlara kitab və hikmət öyrətmək olmuşdur. (3) Quran və Peyğəmbər hidayət amilləri, elm isə hidayətin vacib şərtidir. Allah insanın kor-koranə itaətini deyil, elmlə, ağılla, aydınlıqla hidayət yolunu seçməsini istəyir: "De: “Bu mənim yolumdur. Mən və mənə tabe olanlar ayıq şəkildə (kor-koranə deyil, dəlillərlə) Allaha çağırırıq". (4) İslam peyğəmbəri bu haqda buyurur: "Elmsiz əməl edənin ziyanı xeyrindən çox olar". (5)
Elm dini nöqteyi-nəzərdən o qədər əhəmiyyətlidir ki, Allahın böyük peyğəmbərlərindən olan Musa (ə) ondan ötrü uzun və təhlükəli bir səfərə çıxır: "Musa ondan (Xızırdan) soruşdu: “Doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” (6)
İslama görə elm və bilgi höccət sayılır və müsəlman öz elminə uyğun hərəkət etməyə borcludur. İnsan qarşısındakı mayenin su olduğuna əmindirsə, yüz nəfər onun şərab olduğunu söyləsə də, ona haram olmaz. Digər tərəfdən, bilmədiyini söyləməməli, özündən hökm çıxarmamalıdır: "Bilmədiyin bir şeyin ardınca getmə (bilmədiyin bir sözü demə). Çünki qulaq, göz, ürək - bunların hamısı sorğu-sual olunacaqdır." (7)
Ən mötəbər hədis qaynaqlarından olan əl-Kafi kitabında elmə dair yüzdən artıq hədis qeyd olunmuşdur. Peyğəmbərimizin buyurduğuna əsasən, elm öyrənmək hər bir müsəlmana vacibdir və Allah elm öyrənənləri sevir. (8) İmam Əli elm öyrənməyi və sonra ona əməl etməyi dinin kamilliyi üçün vacib şərt sayır, elm toplamağı mal-dövlət toplamaqdan zəruri hesab edir. (9)
İslamdan qabaq bəzi cəmiyyətlər müxtəlif təbəqələrə ayrılırdılar, elm öyrənmək müəyyən təbəqələrin inhisarında idi, hamı elm öyrənə bilməzdi. Peyğəmbərimizin qurduğu İslam cəmiyyətində isə böyük bir savadlanma hərəkatı başlandı, yalnız bir neçə nəfərin yazıb-oxumaq bildiyi bir bölgədə hətta qadınlar və uşaqlar da elmə həvəs göstərdilər. Tarixçilər qeyd edirlər ki, Bədr döyüşündə ələ keçirilmiş düşmən əsirlərinin hər biri on müsəlman uşağa yazıb-oxumaq öyrətmək qarşılığında azad olunurdular. (10) Elmə həvəsləndirmə, savadlılara hörmət və belə kreativ tədbirlər sonralar müsəlmanların elmi birinciliyinə səbəb oldu.

Alim və tələbə
İslama görə, insan ya alim olmalı, ya da daim elmlə, öyrənməklə məşğul olmalıdır. Bu dində durğunluq, passivlik, ətalət yolverilməzdir. İmam Sadiqin bir bölgüsünə görə insanlar üç qismə ayrılırlar: alim, öyrənci və su üzərində köpük. (11) İmam Əli də insanları oxşar qisimlərə bölərək buyurur: "İnsanlar üç qisimdirlər: ilahi alim, qurtuluş yolunda olan öyrənci və faydasız nadanlar. (Sonuncular) hər çağıranın arxasınca gedər, hər küləklə bir tərəfə əyilərlər; elm nurundan işıq götürməyib və möhkəm dayağa söykənməyiblər". (12)
Dini ədəbiyyatda alim şəhid və abiddən üstün tutulur. Çünki şəhadət də, ibadət də elmə əsaslananda gözəldir. Elmsiz cihad və şəhadət əslində qətl və intihar, elmsiz ibadət də əslində xurafat ola bilər. İmam Baqir buyurub: "(Cəmiyyətə) faydalı bir alim yetmiş min abiddən üstündür". (13) Məhz buna görə Qurani-kərim elm öyrənənləri hərbi mükəlləfiyyətdən azad edib buyurur: "(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (döyüşə) getməməlidir. Barı, hər tayfadan bir dəstə dini dərindən öyrənmək üçün qalsın ki, qayıtdıqları zaman tayfalarını (Allahın əzabı ilə) qorxutsunlar". (14)

İslam və qeyri-islam bilgiləri
Quran və hədislərdə danışılmış, tövsiyə olunmuş bilgiləri İslam və qeyri-islam kateqoriyalarına bölmək olar. İslam bilgiləri dedikdə bu dindən törəmiş, yaxud onunla bilavasitə bağlı bilgilər nəzərdə tutulur. Fiqh, İslam tarixi, quranşünaslıq, hədisşünaslıq, üsul belə bilgilərdəndir. Müstəqil elm olmadıqlarına görə biz bunları bilgi adlandırırıq. Bu misalların birincisi hüquq, ikincisi tarix, digərləri isə hermenevtika elminin sahələri olub humanitar fənlərdən sayılırlar.
İslam ədəbiyyatında elmə dair bir qisim tövsiyələrdə məqsəd məhz İslam bilgiləri, özü də insan hidayəti və din təbliğatı ilə bağlı olanlardır. Misal üçün, "Alimlər peyğəmbərlərin varisləridir" (15) hədisində məqsəd fizika və ya musiqişünaslıq mütəxəssisləri deyil, insanları Allahın yoluna səsləyən və İslam təbliğatı ilə məşğul olan din və şəriət alimləridir.
Bəs Peyğəmbərimiz elm öyrənməyin hər bir müsəlmana vacib olduğunu buyurarkən hansı bilgiləri nəzərdə tuturdu? Təbii ki, burada ilk məqsəd Allahın halal və haramlarını tanımaq, vacib əməlləri yerinə yetirmə tərzini bilməkdir. Misal üçün, namazın sözlərini, hansı əməllərin orucu batil etdiyini və ya xumsun hesablanma qaydasını öyrənmək hər bir müsəlmana vacibdir. Bundan əlavə, cəmiyyətin ehtiyacı olan elm və bilgilərə yiyələnmək də kifai formada (16) vacibdir. Əgər cəmiyyət həkim çatışmazlığından əziyyət çəkirsə, yaxud müəllimə ciddi ehtiyac varsa, cəmiyyətin bir qismi bu sahələrdə ixtisaslaşmalıdır. İmam Əli bu haqda buyurub: "Ən yaxşı elm faydalı olandır". (17)

Din və elmi yeniliklər
Elm, alim və öyrənci haqqında söylənmiş hədislərin hamısı İslam bilgilərinə aid deyil, bəziləri qeyri-islam bilgilərinə də şamil olur. Allahın razılığından ötrü görülən və xeyirxah hisslərdən doğan hər bir iş, o cümlədən dünyəvi elmlərlə məşğul olmaq, öyrətmək və öyrənmək də ibadət sayılır. Təhrifə məruz qalmayan sağlam bir din elmə qarşı çıxa bilməz. Orta əsrlərdə Avropada kilsənin saxta nəzəriyyələrinə qarşı fikir yürüdən elm adamlarının təkfir edilməsi, əqidələrin təftiş olunması və bundan dolayı minlərlə adamın cəzalandırılması, diri-diri tonqallarda yandırılması tarixin qara səhifələrini təşkil edir.
Bəzən bütün elmlərin kökünü Quranda axtarır, yaxud peyğəmbərləri onların banisi sayırlar. Əslində nəzərdən qaçırmaq olmaz ki, Allah peyğəmbər, din və kitabları texniki inkişaf üçün deyil, bəşərin hidayəti üçün göndərmişdir. Təbii ki, bu hidayət baş tutduqda maddi-texniki inkişaf da qaçılmaz olar. Digər tərəfdən, peyğəmbərlər nəinki elmi yeniliklərə qarşı çıxmamış, hətta bundan istifadə də etmişlər. Məhəmməd peyğəmbər (s) mancanaq silahı barədə öyrənmək, məlumat toplamaq üçün Ürvə və Qəylan adlı iki səhabəsini Cürəş bölgəsinə göndərmiş, (18) yəhudilərlə müqavilə imzalayarkən sözləri təhrif olunmasın deyə Zeyd ibn Sabitə ibranicə yazmağı öyrənməsini tapşırmışdı. (19) İmam Sadiqin "Hətta dəryanın dibinə qərq olmaqla olsa belə elm öyrənin" (20) cümləsi də sözügedən qeyri-islam bilgilərinə işarə sayıla bilər.
Vüsal Hüseynzadə


Qeydlər
1. Ələq, 1.
2. Zümər, 9.
3. Cümə, 2.
4. Yusif, 108.
5. Kuleyni. Əl-Kafi, 1/44.
6. Kəhf, 66.
7. İsra, 36.
8. Kuleyni, 1/31.
9. Yenə orada, 1/30.
10. İbn Səd. "Ət-Təbəqat əl-kubra", 1/22.
11. Kuleyni, 1/34.
12. Nəhcül-bəlağə, hikmət: 139.
13. Kuleyni, 1/33.
14. Tövbə, 122.
15. Kuleyni, 1/32.
16. Kifai vacibə əməl olunmadıqca hamı məsuliyyət daşıyır, yetərincə insan tərəfindən həyata keçirildikdən sonra isə digərlərinin də boynundan düşür.
17. Amidi. "Qürər əl-hikəm", 1/387.
18. Vaqidi. Əl-Məğazi, 3/924.
19. Təbəri. Tarix, c. 2, sə