Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Ərdəbilin cümə namazı – 21 fevral (2 isfənd)

Birinci xütbə

بسم الله الرحمن الرحیم


الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqva iki cəhənnəm, iki odu söndürə bilər. Onun rolu burada görünür. Əgər təqvanı dəyərləndirmək lazım gəlsə bu baxımdan dəyərləndirməliyik. Təqvanın söndürdüyü birinci od barədə deyilir. Zumər, 61: "Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər." İkinci od azğın nəfs odudur. Nəfsin özünün də iki növ odu var: Sifətlərin odu və əməllərin odu. Birinci od insanın daxilini cəhənnəmə çevirən çirkin sifətlər odudur. Cənab Sənainin təbirincə, cəhənnəm və behişti öz içində gör. İnsanın xarakterində, xasiyyətində yeddi cəhənnəm, səkkiz behişt yer alıb.
Allah-Taala Quranda insanı cəhənnəmin odununa bənzədir. Təhrim, 6: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)." Yəni insandan alov şölələnər. Bəzi alimlərin fikrincə ayədə daş deyərkən insanın tikdiyi riya evləri nəzərdə tutulur. İnsan israf, həddi aşmaqla ictimai tarazlığı pozur. Huməzə, 6, 7: "O, Allahın yanar odudur; Elə bir od ki, ürəkləri yandırıb-yaxar." İnsan bu odları yalnız təqva ilə söndürə bilər.
Dedik ki, ikinci od əməllərin odudur. İnsan elə bir iş görür ki, bu əmələ görə əbədi olaraq odda qalır. İnsanın bərzəx gözü olsa və bəzi əməllərin həqiqətini görə bilsə onların od olduğuna şübhəsi qalmaz.
Molla Sədra Şirazi deyir: İki nəfər söhbət edirdi, üçüncü bir şəxsin qeybətini qırırdılar. Hansı ağzını açırdısa ağzından od çıxırdı.
Rəvayətə görə namaz vaxtı çatanda mələklər nida çəkər, deyər ki, əməllərinizlə çatdığınız tonqalı namazla söndürün. (Mən la yəhzuruhul-fəqih). Bir çox əməllərin batini oddur. İnsanın təkəbbürü, maddi baxımdan özünü üstün tutması bu qəbildəndir. Rəvayətdə deyilir ki, axürüz-zəmanın əlamətlərindən biri insanların ev əşyaları ilə lovğalanmasıdır. Bu insanın kiçikliyini göstərir. O yalnız fiziki baxımdan böyüyüb. O insanların libasına görə dəyərləndirir. Cəhənnəmi yaradan belələridir.
İnsanın nəfs odu bütün odlardan təhlükəlidir. Bu od qabağında güclü bir keşikçiyə ehtiyac var. Həmin keşikçi təqvadır. Nəfs odu cəhənnəm odundan qorxuludur. Çünki cəhənnəm odunu yaradan nəfs odudur. Hər şey bir anda baş verir. Məsələn bir şəxs rabitələr, qohumluq vasitəsilə vəzifəyə gəlir. Onun işlədiyi müddətdə aldığı maaş haramdır. 30 il ailəsinə haram yedirdir. Biz belə mövzulara çox səhlənkar yanaşırıq. Belə ki, bu qəbil məsələlər adiləşib. Həmin vəzifəyə layiqli biri varkən bu şəxs əlaqələri vasitəsilə onun yerini tutub. Bu səbəbdən hər dəqiqəsi üçün günah yazılır. Biri ailə qurmaq istəyəndə kimsə bir kəlmə sözlə onu bu fikrindən daşındırır və həmin şəxs ömrünün sonunadək ailə qurmadığından əzab çəkir. Həmin bir kəlmə söz ömür boyu insana od olur. Rəvayətlərə əsasən insanın ağzından çıxan söz insanı yerlə göy arası yüksəldib-endirə bilər. Bəziləri yalnız maddi durumu yüksək olduğu üçün özünü söz sahibi bilir, cəmiyyətdə gözə soxulur. Bəziləri övladını küfr məmləkətinə göndərir. Övladı həmin yerdə ailə qurur, bir nəslin bünövrəsi qoyulur. Ata öz dinini hifz etsə də, övlad başqa bir yol gedir. Bilərəkdən bu işi görən ata qiyamət gününə qədər övladla günahı bölüşür. Yaxınlardan biri nəql edir ki, hazırda Amerikada yaşayan iranlı professorlardan biri həmin ölkəyə getdiyi üçün çox peşimandır. O deyirmiş ki, mən öz ayağımla gəldim, amma nəslimin ixtiyarı əlimdə deyil. Qızından bir əhvalat danışırmış. Bu əhvalatı dilə gətirmək mümkün deyil. Bəli, bəzi günahları yumaq mümkünsüz və ya çətin olur. Ümumiyyətlə, günah iki qisimdir. Bəzi günahları rahatlıqla yumaq olur. İnsan tövbə edib geri dönə bilir. Bəzi günahları yumaq qeyri-mümkündür. Əsr, 2: "İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir." Ayə müxtəlif şəkillərdə mənalandırılır. Bir mənası budur ki, yalnız insan bir anlıq günahla həmişəlik bədbəxt ola bilər. Bu, gözə iynə batırmaq kimidir. Hadisə bir anda baş verir, amma insan həmişəlik kor olur.
Bəziləri əlaqələr vasitəsilə haqqı olmadığı halda dövlətdən ev alır. Haqqı çatan isə bir başqasıdır. Bu şəxs o birinin haqqını yeyir. Evsiz qalmış şəxsin bütün büdrəmələri evi qəsb etmiş şəxsin ayağına yazılır. Evsiz qaldığından şəxsiyyəti alçalır, ailəsində günaha yol açılır, fitnə-fəsada düçar olur. Bütün bunlar qəsbkar şəxsin boynunadır. Bəzilərinin cilovu elə qırılır ki, başqasının namusuna göz tikir. Onun tamahı səbəbindən bir ailə dağılır, neçə uşaq yetim qalır. Ailənin dağılmasına səbəb olan insanın hər dəqiqəsinə günah yazılır. Boşanma Allahın ərşini titrədən bir addımdır. Boşanma insanın dünya və axirəti üçün təhlükə yaradır.
Çox olur ki, bir fırıldaqçı ona inanan şəxsin var-yoxunu əlindən çıxarır. Müflis olmuş, borca düşmüş şəxs intihar edir. Onun ailəsi başsız, övladları atasız qalır. Bu ailənin başına nə gəlirsə fırıldaqçının günahı sayılır. Bəli, insan bir anda uçuruma yuvarlana bilər. Bu vaxt nə qədər çalışsan da quyudan çıxa bilmizsən. Əlini hara atırsansa həmin yer uçulub başına tökülür.
Zülm nəticəsində məzlum məhv olursa bu günahı necə yumaq olar?! Belə zalımlar elə bir odda yanır ki, səsini eşidən olmur. Huməzə, 9: "Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!"
Şairin təbirincə, sənin qəlblərə vurduğun yara cəhənnəm odunu şölələndirdi, zəqqum yetirən bir ağac cücərdi.
Günahı yuyulmayan insanlar iki qisimdir. Onlardan bəziləri dərhal səhvini başa düşür və geri dönmək istəyir. Amma dönüş mümkünsüz olur. Onlar bir gün olsun belə Allaha yalvarışı tərk etmir və bağışlanmayan günahın bağışlanmasını istəyirlər. Bizə qarşı səhvə yol vermiş bir adam əfv üçün qapımızda dayananda, hətta sərvətini verməyə hazırlığını bildirəndə iki münasibətlə rastlaşa bilər. Günahı bağışlanası olanda razılığımızı əldə edə bilər. Amma günahı çox ağırsa, bir şəxsi qətlə yetiribsə, ailəsi başsız, övladarı yetim qalıbsa bağışlanmaması mümkündür. Aqil insan peşmançılığa səbəb olan iş görməz.
Günahı bağışlanmayası ikinci qrup şəxslər öz cinayətinə diqqətsiz şəxslərdir. Onlar ömürlərinin son anınadək günah işi davam etdirir və buna zərrəcə əhəmiyyət vermirlər.
Haqqında kitab yazılası bir söz də var. İnsan bəzən ardınca bir qoşun günah gətirən günaha imza atır. Bir şəxs vaxtı çatmış izdivacdan çəkindiriləndə onun yaratdığı fitnə-fəsad izdivaca mane olan adamın ayağına yazılır. Bir günah ardınca minlərlə günah gətirir. Bütün bunlar nəfs odudur. İnsan nəfsini cilovlamalıdır. Nəfs alovu bəzilərində şölələnib, bəzilərində yatmış haldadır. Mövlana gözəl deyir ki, meyillər yatmış itlər kimidir, onlarda həm xeyir, həm də şər var. Nə qədər ki, burunlarına qoxu gəlmir yatıblar. Burunlarına leş qoxusu gələn kimi oyanıb cumurlar. Bəli, biz yırtıcı sürüsü, təcavüzkar qoşunla üzbəüz dayanmışıq. Rüşvət həmin qoxudur. Rüşvətlə cəmiyyət məhvə gedir. Nur, 43: "Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər." Bəli, nə qədər ki, ov gözə dəymir yırtıcılar sakit dayanır. Dünya hər tərəfdən insana göz vurur, onu yoldan çıxarmaq istəyir. Sözdəki hikmətə bax. Dünyada belə zəngin ədəbiyyatı olan xalq azdır. Deyir insanın içində quduz itlər yatıb və leş iyi gözləyirlər. Bu iyi alan kimi hücum çəkirlər. Bu hücumun qarşısında dayana biləcək yeganə qüvvə təqvadır. Demək, insan təqvaya çatmaq üçün əlindən gələni etməli, yorulmamalıdır.

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri həqiqi bəndəliyə, Allahın razılığını qazanmağa və təqvaya dəvət edirəm. Allah-Taala Quranda üç məqamda təqva əhlinin aqibətinə işarə edir. Əgər xeyir aqibət istəyirsənsə yol təqvadır. Yaxşı övlad tərbiyəsi, uğurlu təhsilin də arxasında təqva dayanır. Alimlərdən biri töfsiyə edir ki, doğruçu olun, ən böyük fərasət, hünər doğruçuluqdur. Xocalı soyqrımının astanasındayıq. Xocalı Qarabağın bir məntəqəsidir. Miladi 1992-ci ildə həmin məntəqədə 3000 min nəfər müsəlman ermənilərin mühasirəsinə düşüb, bir hissəsi qətliam edilib, bir hissəsi əsir götürülüb. Tarixdə ermənilərin ayağına yazılmış böyük ləkələrdən biri budur. Azğın ermənilərin əsirlərə, uşaqlara, qadınlara təcavüzü təəssüf doğurur.
Hələ ki bu cinayətə görə intiqam alınmayıb. Xocalı qurbanlarının qanı yerdə qalıb. Azərbaycan hökuməti "bir dəqiqə sükutla" öz vəzifəsini başa çatmış sayır. Düşünürlər ki, onların sükutu şəhidlərin ruhuna aramlıq verir. Bir neçə meydanda Xocalı şəhidlərinin xatirəsinə abidə qoymaqla işlərini başa çatmış sayırlar. Gözləyirlər ki, sionist lobbi Qarabağı ermənilərdən alıb onlara qaytaracaq.
Qarabağ biz müsəlmanlar üçün böyük müsibətdir. Xocalıda erməni təcavüzünə məruz qalanların namusu bizim namusumuzdur. Bu insanlar Əhli-beyt ardıcılları idi. Digər tərəfdən bizim dinimiz təhqir olunub, oradakı məscid ən rəzil şəkildə alçaldılıb. Biz Azərbaycanın həmin torpaqlarını öz torpaqlarımız sayırıq. Ermənilər bu torpağı işğal edib. Buna görə düşünürük ki, Qarabağ mövzusu təkcə Azərbaycanın problemi deyil. Müharibənin əvvəlində İran Azərbaycana kömək əli uzatdı. Hərbi komandanlarımız Azərbaycana gedib Qarabağın geri qaytarılması üçün hazırlıqlarını bildirdilər. Azərbaycan rəsmiləri qorxdular ki, İran Qarabağı azad etsə, nüfuzu artar. Bu səbəbdən İran hərbiçilərinə casus damğası vurub ölkədən çıxardılar. Hələ də bu suala cavab verilməyib ki, Qarabağı kim azad edəcək. Azərbaycan hökuməti düşünür ki, Qarabağı sionistlər qaytaracaq. Bu məqsədlə sionist lobbi ilə əlaqələri gücləndirirlər. Amerikadakı sionist lobbi, AİPAK dünyanın ən güclü lobbisi sayılır. Onlar ABŞ senatı, ABŞ konqresinə göstəriş verirlər. Azərbaycan hökuməti bütün bunları əsas götürərək sionizmdən kömək gözləyir. İsrailə bağlılıqları da buna görədir. Şəmsi 1387-ci ildə İsrailin Azərbaycandakı səfiri 4 milyard dollarlıq neft müamiləsindən danışdı. İsrailə bu miqdarda neft verilməsəydi Tel-Əviv hökuməti çökərdi. Səfirin dediyi kimi, Azərbaycan İsrailin varlığını təmin edir. Liberman bildirib ki, qeyri rəsmi olaraq Azərbaycanın İsraildə səfirliyi fəaliyyət göstərir. Hazırda Azərbaycan İsrailə 15 milyon barel xam neft verir. Bu neft İsrailin ehtiyacının üçdə birini təmin edir. Bu yaxınlarda Azərbaycan parlamentinin müdafiə məsələləri üzrə komissiya başçısı maraqlı bir söz deyib: "Qarabağı bir anda geri ala biləcək ordumuz var." Başqa bir deputat deyib ki, əgər istəsək 24 saata Qarabağı geri alarıq. Bu sözlər dünya azərbaycanlılarında sual yaradıb: Əgər belə imkan varsa nə üçün Qarabağ alınmır? İnaşaallah biz də şahid olarıq ki, yaxın zamanda mübarək torpaqlar erməni təcavüzkarlarından azad ediləcək.
Əzizlər! Böyük Rəhbərin ötən həftədəki söhbəti çox gərəkli idi. Rəhbərin düşüncəsi, uzaqgörənliyi misilsizdir. ABŞ-ın sabiq dövlət katibi Kondoliza Rays deyirdi: "Saatlarla, həftələrlə, aylarla oturub İran üçün plan cızırıq, İran rəhbəri bir çıxışı ilə bütün planlarımızı alt-üst edir." Dünyanın bütün tanınmış siyasiləri etiraf edir ki, İmam kimi şəxslər istisna olmaqla bəşər tarixində Ayətullah Xamenei kimi bir şəxs görünməyib. Dünya imperializmini gözəl tanıyan Rəhbər buyurdu: "Mən (ABŞ və Avropa ilə) müzakirələrə nikbin baxmıram. Ölkənin izzəti və iqtidarı müqavimət iqtisadiyyatında, daxili imkanlara güvənməkdədir."
Əzizlər! Əgər düşmən üzərində qələbə istəyiriksə, əvvəlcə onu yaxşı tanımalıyıq. Düşmənin ruhiyyəsindən xəbərimiz olmalıdır. Daha sonra onun siyasətləri, hiylələri ilə tanış olmaq lazımdır. Onların nə üçün düşmən olduğunu bilməliyik. Əgər bu nöqtələrə diqqət yetirməsək düzgün qərar çıxara bilmərik. Dərzi bir şəxsin ölçüsünü götürmədən ona libas tiksə təbii ki, bu libas onun əyninə yaxşı oturmayacaq. Biz düşməni tanımalı və dünyaya tanıtdırmalıyıq. Hazırda dünyaya rəhbərlik iddiasında olan qüvvələr əslində bəşəriyyətin düşmənidir. Onun məqsədləri, istəklərini düzgün təyin etmək lazımdır.
Dünyaya elə bir sistem hakim olub ki, yalnız öz mənafelərinə xidmət edir. Bu güc özünü beynəlxalq qanunlardan yuxarı tutur, əslində özünü qanun sayır. Onlar BMT, Təhlükəsizlik Şurası kimi qurumları açıq-aşkar təhqir edirlər. Deyirlər ki, ABŞ-ın TŞ-dan icazə istəməsi Amerikanın ölümü deməkdir. İraqa hücum zamanı da "siçan-pişik oynamağa vaxtımız yoxdur" deyib BMT-nin qətnaməsi olmadan addım atdılar.
Bəli, dünyaya hakim olan güc özünü kiminsə qarşısında cavabdeh saymır. Dünyaya özbaşına bir güc rəhbərlik edir. Bu güc dünyaya elan edir ki, İran bizim narahatçılıqlarımızı aradan qaldırmalıdır. Bu haqqı sizə kim verib? Dünya sizinlə bağlı nigarançılığı aradan qaldırmalıdır.
İnsanları təbəqələrə bölüblər. Dünyaya dəhşətli irqçi bir sistem hakimdir. Daxili və xarici siyasətdə son sözü beynəlxalq sionizm deyir. ABŞ rəsmiləri açıq elan edir ki, İsrailin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Tələbləri İsrailin rəsmi tanınmasıdır. Dünyaya elə bir məntiq hakim ediblər ki, bütün beynəlxalq təşkilatların mövcudluğu kağız üzərindədir.
BMT nə üçün yaradılıb? Bu təşkilatın fəaliyyəti heçə endirilib. BMT İnsan Haqları Komissiyasının fəaliyyətləri heçə endirilib. BMT-nin məşhur yeddinci maddəsindən danışırlar. Bu maddə bir ölkəyə müdaxilə icazəsi verir. Məgər Suriyaya, İraqa BMT-nin razılığı ilə girdilər? Ortaya yeni terminlər atıblar. Onların haqqında dəm vurduğu azadlıq və demokratiya milli hökumətlərə, insan haqlarına ziddir. İmam Hüseyndən (ə) Bəni-Üməyyə haqqında nəql olunmuş cümlə mövcud sistemin mahiyyətini açır. İmam (ə) buyurur: "Mən ona görə qiyam etdim ki, bir qrup Allahın bəndələrini əsarət altına almışdı, yeni quldarlıq yaratmışdı, Allahın nemətlərini öz arasında bölmüşdü..." Bəli, dünyaya hakim olan sistem tağut, istibdad sistemidir. Biz müsəlmanların etiqadı iki əsas üzərində qurulub: Tağutun inkarı və Allaha iman. Allaha imanı olan, amma tağuta qarşı çıxmayan həqiqi iman sahibi deyil. Dəqiq baxsaq bu şəxsdə tövhid inancı yoxdur. Tövhidin tələblərindən biri budur ki, tağuta qarşı olasan. İndi BMT-nin qanunlarını kənara qoyub MAQATE-yə süvar olublar. Onlar təyin etməlidirlər ki, kimin uranı zənginləşdirmək hüququ var. Bir ölkənin elmi hara qədər inkişaf edə bilər, bunu da onlar deməlidir. Bizə deyirəlr ki, nə üçün ballistik raket yaratmağa bəs edəcək elmə çatmısınız? Deyirlər ki, müdafiə gücünüz artırb və sizdən təhlükə qoxusu gəlir. Onların nəzərincə heç bir ölkə İsrailə təhlükəli həddə güclənməməlidir. İranın gücünü məhdudlaşdırmaq, onu zəiflətmək istəyirlər. Hazırda müzakirə tərəfləri deyir ki, proses çox çətin gedəcək. Nə üçün? Əgər tərəflərin tələbləri düzgün olsa müzakirələr çətin olmaz. Onlar İranın daxili işlərinə müdaxilə edirlər. İrana göstəriş verirlər ki, sənin müdafiə gücün bu nöqtəyə qədər ola bilər. Son müzakirələrdə ardıcıl olaraq kollektiv razılaşmadan danışırlar. Yəni söhbət təkcə nüvə enerjisi deyil. İranın beynəlxalq əlaqələrini nəzarət altında saxlamağa çalışırlar. Onlar deməlidir ki, İran kiminlə dost, kiminlə düşmən olsun. Ballistik raketlərlə bağlı dəqiq məlumat tələb edirlər. Fordo mərkəzinin bağlanmasını istəyirlər. Deyirlər yer altında olmaz, yerin üstünə çıxarın. Aydın olur ki, İrana qarşı planları var. Özləri mühüm texnoloji mərkəzlərini ən təhlükəsiz nöqtələrdə yerləşdirirlər. Onlara kimsə söz deyə bilməz. İran isə başqadır, ona göstəriş vermək olar. Deyirlər ki, Ərak reaktoru dayandırılmalıdır. İran bütün bu tələblərlə razılaşsa qane olmayacaqlar. İrana beynəlxalq siyasətini dəyişmək təklif olunur. Hər şeydə onlara hesabat verməliyik. Belə bir qənaətə gəlmişik ki, onların məqsədi uranın zənginləşdirilməsini sıfra endirmək, reaktorları dayandırmaqdır.
Cənab Rəhbər böyük uzaqgörənliklə buyurdu ki, əgər onların qarşısında geri çəkilsək heç zaman təsir gücümüz olmayacaq. Onlar özlərini dünyanın sahibi sayır. Biz bu dünya polisinin tələblərini yerinə yetirə bilmərik. Onların istəyi 35 il ərzində əldə etdiyimiz elmi nailiyyətləri kənara qoymağımızdır.
Açıq deyirlər ki, İranın bir yolu var, Cənubi Afrika və Liviya kimi nüvə enerjisindən imtina etməlidir.
Rəvayətə görə elm gücdür, güc yaradır. Hazırda milli hökuməti saxlayan elmdir. Bir millətə baş ucalığı gətirən onun elmi səviyyəsidir. Elm olmasa millət və məmləkət məhv olar.
Onların cinayəti çoxdur. Amma üç cinayətləri daha böyükdür. Əvvəla, özlərini dünya mədəniyyətinin qaynağı sayırlar. Hamıdan tələb edirlər ki, onların mədəniyyətinə itaət edilsin. Əllərində güc var, informasiya şəbəkələrinə nəzarət edirlər. Bu yolla bütün cəmiyyətlərə öz mədəniyyətlərini qəbul etdirirlər. İndi bizdə ailə qurmaq istəyən gəncin cəvahirat almaq üçün bir neçə milyon pulu olmalıdır. Bu ənənələr haradan gəlib? Məgər müsəlman həyat tərzində belə məhdudiyyətlər var? Düşmən belə nüfuz edir. Həzrət Əli (ə) buyurur ki, evinin içində düşmənlə vuruşan şəxs zəlil olar. Yol verməməliyik ki, düşmən cəmiyyətimizə nüfuz etsin. Bizim saysız ənənələrimizin elmi əsası var, bu ənənələr bir fəzilətdir. Bizim mədəniyyətimiz səmavi qanunlar əsasında formalaşıb. Bu bir zülm olar ki, ilahi mədəniyyətimiz qərb humanizminin qurbanı olsun. İkinci cinayətləri qətliamdır. Bir milləti başqa yolla əsarət altına ala bilməyəndə onu qətliam edirlər. İsrail silahları ilə Cənubi Sudanda 2 milyon insan qətlə yetirildi. Nəhayət Sudanı parçaladılar. Sudan parçalanan kimi neftlə zəngin Cənubi Sudan İsrailin nəzarəti altına keçdi.
Üçüncü cinayətləri millətlər, dinlər arasında qarşıdurma yaratmaqdır. Azadlıq adında radio şəbəkəsi işlədirlər. İki saat kürdcə, iki saat türkcə, iki saat lorca, iki saat ərəbcə, iki saat talışca veriliş yayımlayırlar. Fars dilindəki proqramlarında o biri xalqlar təhqir olunur, aşağılanır. Sonra növbə türklərə, kürdlərə çatır. Onlar da deyirlər ki, bu region şumerlərə aiddir, türklər səlcuqilər zamanında gəlib, bu torpağı işğal edib. İndi hərə öz vətəninə qayıtmalıdır. Bu iki saatlıq proqramlar hər gün yayımlanır. Bir millətin adından o biri millətlər təhqir olunur, söyülür. Gecə ki oldu pərdə arxasında bir araya gəlib deyib-gülür, yeyib-içirlər. Ayda maaşlarını alır, millətlərin taleyi ilə oynayırlar. Amma xalqımız oyaqdır. Bu oyunlarla başımızı qata bilməzlər. Müqavimətin əsası millətin bəsirətidir. Bəsirətimiz isə həmişəlikdir.

Nur-az.com


1344 بازدید
در حال ارسال اطلاعات...