Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Mart 2014

Ərdəbilin cümə namazı – 28 fevral (9 isfənd)

Birinci xütbə

بسم الله الرحمن الرحیم


الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Əmirəlmöminin (ə) buyurur ki, günah zəhərini yalnız təqva təsirsizləşdirə bilər. Günahda olan zəhər şərti deyil, köklüdür. Nisa, 123: "Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!" Demək, dünyada kim günaha batsa onun cəzalanması ilahi qanundur və istisna yoxdur.
Varlıq aləmindəki qanunların hökmü qətidir. Heç kim pis əmələ görə sığortalanmayıb. Necə ki, həzrət Peyğəmbər (s) əziz xatirə günlərini yaşadığımız qızı Fatiməyə buyurur: "Qızım! Özün üçün xeyir iş gör. Mən səni nədənsə ehtiyacsız edə bilmərəm. Özün öz işini görməlisən." Xanım Zəhrada nöqsan yox idi və Peyğəmbərin (s) buyuruğu zahirən ona ünvanlanıb. Əslində isə bu mesaj hamıya aiddir. Peyğəmbər (s) demək istəyir ki, heç bir qohumluq, dostluq qanunu poza bilməz. Əgər həqiqəti demək istəsək, deməliyik ki, günaha yol verəndə Peyğəmbərin özü də bunu aradan qaldıra bilməz. Ömrünün son anlarında həzrət (s) buyurur ki, saziş və güzəşt olsaydı Allah öz Peyğəmbərinə güzəştə gedərdi. Amma Allah Peyğəmbərlə güzəştsiz danışır. Bəqərə, 145: "(Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!" Rəd, 37: "(Ya Rəsulum!) Beləliklə, Biz onu (Quranı) ərəbcə bir hökm olaraq (insanlar arasında onunla hökm etmək üçün) nazil etdik. Əgər sənə (vəhylə) gələn elmdən (Qurandan) sonra (kafirlərin) nəfslərinin istəklərinə (puç arzularına) uysan, səni Allahın əzabından qoruyan və qurtaran olmaz! (Və ya: Sənin Allah tərəfindən nə bir dostun, nə də bir qoruyucun olar!)" Bəli, Peyğəmbər xətaya yol verərsə Allah qarşısında onu müdafiə edəcək kəs yoxdur. Bəzən Allah Peyğəmbərlə elə söhbət edir ki, insan heyrətdə qalır. Mərhum Şeyx Cəfər Şüştəri bu ayəni yada salıb xəbərdarlıq edir ki, kimsə öz pis əməlinə görə güzəşt gözləməsin. İsra, 74, 75: "Əgər Biz sənə səbat verməsəydik, yəqin ki, az da olsa, onlara uyacaqdın; (Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara bilməz)." Bu ayəni imkan qədər xəlvətdə oxuyun və yadda saxlamağa çalışın. Bu ayə böyük göstərişdir. Həzrət Peyğəmbər (s) Ərəbistan Yarımadasını fəth edəndə hələ İslamı qəbul etməmiş bir dəstə ərəb Peyğəmbərə (s) dedi: "Biz təslim olub İslamı qəbul edirik, amma bir şərtimiz var. Allahdan istə ki, namazdakı rükunu götürsün. Biz bu vaxta qədər kimsənin qarşısında əyilməmişik." Onların cavabında ayə nazil oldu. Peyğəmbər çox istəyirdi ki, o adamlar iman gətirsin. Allah Peyğəmbərə xəbərdarlıq edir ki, Biz səni saxlamasaydıq onlara meyl edər və nəticədə iki qat dünya, iki qat axirət əzabı görərdin. Haqqə, 44-46: " Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi; Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq); Sonra onun şah damarını qopardardıq!"
Əzizlər! Əgər insana dəyər vermək istəsək, onun şəxsiyyətini qiymətləndirməyə cəhd etsək baxmalıyıq ki, Allah qarşısında dayanmaq gücü hansı həddədir? Allahla söhbət, raz-niyaz üçün özünü necə hazırlayıb? Özünü Allahın hüzurunda görürmü? Onun üçün həqiqi ləzzət nədir? Allahla ünsiyyətdədirmi? Namazın fəlsəfsi budur ki, insan Allahın hüzuranda dayansın, Onunla danışsın. İnsan həmin məqamda tərbiyələnə bilir. Namazın ruhu Allahla söhbət, həqiqətə yaxınlaşmaqdır. Məkkədə bir gəncin dediyi söz məni çox qəmləndirdi. Dedi ki, Mədinədə olduğumuz vaxt rövzə dedik, ağladıq, sinə vurduq, bir sözlə xoş keçdi. İndi Məkkəyə gəlmişik, bilmirəm nə edim. Axı Məkkədə rövzə oxunmur! Bu çox pis haldır. Necə ola bilər ki, insanın Allaha deyiləsi sözü olmasın?!
Şairin təbirincə, insan qəlbində yüz min tərcüman var və Allahla söhbət dili həmişəki dil deyil. Əgər Kəbə kənarında Allahla danışmağa dilin yoxsa, Onunla harada danışacaqsan?!
Namazın ruhu var. Namazın ruhu özünü Allahın qarşısında hiss etməkdir. Buna zikr halı deyirlər. Namazı bu hal üçün nəzərdə tutublar. Allah buyurur ki, namazı zikr üçün qərar verdik. Bu məqamda insan öz daxilində bir hiss yaşayır, özünü Allahın hüzurunda görür. Namaz gündə qıldığımız iki, üç, dörd rəkət deyil. İnsan hər zaman namaz halında ola bilər. Namaz insanı çirkin işlərdən saxlayır. Elə bu məqsədlə Allahın qarşısında dayanmağa dəyər. Ənkəbut, 45: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" Nə üçün namaz kənarında zikr sözü qeyd olunur. Zikr insanı günahdan saxlayır. İnsan hiss edəndə ki, Allahın qarşısında dayanıb bu halı ən dəyərli hal sayır. Zariyat, 55: "Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir."Allah buyurmur ki, moizə et. Buyurur ki, "zukr" halına çatdır. Bu hala çatmayan insan ibadət etməyib. 70-80 il ibadətə dayanan, amma bu halı yaşamayan fayda götürməyib.
İmam Sadiq (ə) Həmmad ibn İsaya buyurur: "Siz şiələr üçün çox pisdir ki, 60-70 il ibadət edəsiniz, amma bir namazınız qəbul olmaya." Namaz qılmayan da, namaz qılıb Allahın qarşısında dayandığını hiss etməyən də ibadətdən uzaq sayılır. Allah-Taala belə insanların müştərisi deyil. Nəcm, 29: "Artıq (ya Peyğəmbər!) Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!" Bəli, Allahın hüzurunu hiss edən insanın namazında ruh var. Rəvayətdə deyilir ki, bəzi insanların namazını başına vurarlar. İslam dininin yüksək ədəbi var. Peyğəmbər (s) böyük ədəb sahibidir. Amma namaza dayanıb Allahdan qeyri mövzularda düşünən bu ədəbi pozub. (Biharul-ənvar). Namazda ikən üzünü Allahdan qeyrisinə tutan qorxmurmu ki, Allah onu heyvan şəklinə salsın! Təbii ki, namazda üzü qiblədən kənara çevirmək olmaz. Bu namazı batil edir. Allahın hüzurunu hiss etməyən insan qəlb üzünü başqa səmtə çevirir. O bir növ həmd-surə oxuyan maqnitafona bənzəyir. Maqnitafondan gələn səs insanı islah edə bilməz. Çoxlarının namazı maqnitafonun səsi kimidir. Onlar adət üzündən namaz qılır. Adət səbəbindən qəlb namazda iştirak etməsə insan şeytana ibadət edir. Peyğəmbər (s) buyurur: "Şeytana üz verməyin, ona üz versəniz adət edəcək. Əgər şeytan sübh namazında hüzuri-qəlbi əlinizdən alsa buna öyrəşəcək və yenə qapınıza gələcək." Rəvayətlərdə deyilir ki, bəzi namazın bir rükusu, bəzi namazın bir səcdəsi qəbuldur. Çünki insan yalnız həmin rüku və ya səcdədə Allahı hiss edib. Namazın ruhu həmin hissdir. Namazla bağlı bütün göstərişlər namazda hal üçündür. Əgər bu hal olmasa ibadətin əhəmiyyəti yoxdur. Namazın qaydalarından biri budur ki, göz açıq olsun. Namazda gözü yummaq məkruhdur. Amma şəhid Sani buyurur ki, gözü bağlamaqla hüzuri-qəlb yaransa gözü yummaq daha məsləhətlidir. Çünki əsas məqsəd həmin hüzuri-qəlb, başqa sözlə qəlbin iştirakıdır. Bir cümlədə böyük mənalar var. Namazın ruhu qəlbin iştirakıdır. Gecə namazı üçün seçilən vaxt insanda hal yaranmasına kömək edir. İnsan həmişə bu halda ola bilər. Bu sözləri qəlbinə yaz. İmam Səccad (ə) Allaha belə ərz edir: "İlahi, vücudumun bütün zərrələrini hüzur məqamına çatdır." Belə olanda insan həmişə namaz halında olur. Məaric, 23: "O kəslər ki, daim namaz qılarlar." Allah başqa təbirlər də işlədir. Məaric, 34: " Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər". Allah Quranda namazı hifz edənləri üç dəfə mədh edir. Bir məqamda isə namazın hifzi yox, onun davamından danışır. Məaric, 19-23: "Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır; Ona bir pislik üz verdikdə fəryad qoparar; Ona bir xeyir nəsib olduqda isə xəsis olar; Namaz qılanlar istisnadır; O kəslər ki, daim namaz qılarlar." Şairin təbirincə, xoş halına Allahın yar olduqlarının! Xoş halına daim namazda olanların!
İmam Sadiqdən (ə) daim namazda olmaq barədə soruşulur. İmam (ə) buyurur ki, nəzərdə tutulan daim namaz qılmaq yox, daim "zukr" halında olmaqdır. Əgər idarə və müəssisədə, təhsil müəssisəsində, bazarda bu halda olsaq, namaz halındayıq.
Ayətullah Qazinin son şagirdlərindən olan Ayətullah Mərəndidən daim namazda olmaq barədə soruşulur. Buyurur ki, bu çətin deyil, Allahdan xeyir aqibət istəyin. Allah aqibətimizi xeyir etsin. Bu duanı əzbərləyin və həmişə oxuyun:

اللهم لا تَأْخُذْنِی عَلَى غِرَّةٍ وَ لا تَأْخُذْنِی عَلَى غَفْلَةٍ وَ لا تَجْعَلْ عَوَاقِبَ أَعْمَالِی حَسْرَةً؛این دعا را حفظ کنید و همیشه بخوانید


İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Təqva ölçü ilə, qayda qanunla yaşamaqdır. Varlıq aləminə göz gəzdirin, hikmətsiz bir məxluq, ölçüsüz bir hərəkət görürsünüzmü?! Allah varlıq aləmini hikmətlə, nizamla yaradıb.
Rəd, 8: "Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur. )"
Hicr, 21: "Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk. (Onun nə qədər lazım olması isə yalnız Bizə məlumdur)."
Ənbiya, 33: "Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların (həmçinin ulduzların) hər biri (özünə məxsus) bir göydə üzür (öz hədəqəsində, öz dairəsində hərəkət edir)."
İnsan ölçülü həyata arxa çevirdikdən sonra heyvan kimi yaşayır. Varlıq nizamına qarşı çıxanı isə təbiət özü cəzalandırır. Allahın intiqam almasını heç vaxt tam mənasında dərk edə bilmirik.
Səcdə, 22: "Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!"
Təlaq, 8-10: "Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik; Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu; Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Quran nazil etmiş"
Əzizlər! Elm Hövzəsinə qəbul başlayıb. İstedadı olan gənclər bilsinlər ki, insanın böyük irfani və mənəvi məqama çatması üçün böyük tövfiq, ilahi yardım lazımdır. Dünyada nəfsin tərbiyəsindən mühüm iş yoxdur. Heç kim bilmir ki, Allah bildiyinə əməl edən alim üçün axirətdə hansı mükafat hazırlayıb.
Ali-İmran, 18: "Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər."
Əzizlər! Bu həftədən ehsan və xeyirxahlıq həftəsi başlayır. Novruz bayramı qarşıdadır. Cəmiyyətimiz öz din və insanlığını bu günlərdə göstərməlidir. Yaxşı olmaz ki, bir qrup nemət içində qərq olsun, başqa qrup ona tamaşa etsin. Bu nə İslam, nə də insanlığa sığan haldır. Belə bir cəmiyyətə amansızlıq hakimdir. Bundan da pisi odur ki, azğın ənənələr ortaya atılsın, dəbdəbəçilik, israf, eyş-işrət cəmiyyəti bürüsün. Çox pisdir ki, cahiliyyət adətləri hər gün cəmiyyətdə artır. İnsanların şəxsiyyəti bu azğın adətlər altında əzilir. Belə bir cəmiyyət çox mərhəmətsizdir. Cəmiyyətdə mərhəmət olmayanda bəla gələr. Allah buyurur ki, rəhm edin, sizə rəhm olunsun. Azğın ənənələr yaradanlar kaş bu sözləri eşidə. Peyğəmbər (s) buyurur: "Bu dünyada insanlara əzab verənləri Allah cəzalandırar." Maddi vəziyyəti yaxşı olanlar bilsinlər ki, onların malında məzlumların payı var.
Zariyat, 19: "Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi."
Bu pay xüms və zəkatdan ayrı bir paydır. Xüms-zəkat versəniz də malınızda olan o haqq ödənməmiş qalır. Allah mömini tərif edəndə onların səxavət və mərhəmətindən danışır. Biz mərhəməti cəmiyyətmizdə mədəniyyətə çevirməliyik. Peyğəmbər (s) buyurur: "Ümmətimdən bir dəstə məhşər səhnəsinə gələr, siratdan ildırım kimi keçər. Onların nuruna baxmağa gözdə güc olmaz." Həzrət buyurur ki, bu insanlar peyğəmbər, siddiqlər və şəhidlər deyil. Bəs onlar kimdir? Həzrət buyurur ki, bu insanlar insanların müşküllərini həll edənlərdir. Allah öz bəndələrinin çətinliklərini bu adamlar vasitəsilə aradan qaldırır. Həyatımızdan düzgün istifadə etməsək sonradan təəssüf edərik. Bəzilərinin var-dövləti çox olsa da bundan faydalanmırlar. Onlar olanlarını ləzzətə xərcləyirlər. Sonda görürlər ki, ətraf qaranlıqdır, heç bir ləzzətdən soraq yoxdur. Amma son məqamda yaşanılan böyük bir ləzzət də var. Bu ləzzətə çatmaq üçün mərhəmət və səxavət lazımdır. Peyğəmbər (s) buyurur ki, bir məntəqədə bir şəxs ac yatarsa Allah qiyamətdə bütün məntəqə əhlinə nəzər salmaz. Qonşusu ac ikən tox yatan insan Allaha iman gətirməmiş sayılır. İmam Baqir (ə) buyurur ki, qonşu deyiləndə hər tərəfə 40 ev nəzərdə tutulur. Həzrət Peyğəmbərin (s) meyvə bağı vardı. Meyvələr yetişəndə həzrət göstəriş verərdi ki, divarlardan yol açsınlar və ehtiyacı olan bağdan istifadə etsin. Həzrət buyururdu ki, onun üçün tək süfrə salmasınlar və imkan daxilində süfrəyə tənha oturmazdı. İslamda tək yemək məkruhdur. Həzrət Peyğəmbər (s) buyurur: "Ən üstün süfrə çox əl olan süfrədir." Rəvayətə görə Peyğəmbər evdə bir ildən artığın azuqəsini saxlamamağı tapşırır. Peyğəmbər bu işi görər, arpa və buğda saxlayardı. Artıq qalanı Allah yolunda paylayardı. İstəyən olanda bir il üçün nəzərdə tutulmuş azuqədən verərdi. İl başa çatmamış azuqəsi başa çatardı.
Əzizlər! Bu günlər iqtisadiyyatdan çox danışılır. Müqavimət iqtisadiyyatı günün mövzusudur. Bu iqtisadiyyatın mühüm bir sütunu var. Bu sütun olmadan müqavimət iqtisadiyyatı qurmaq olmaz. Müqavimət iqtisadiyyatı odur ki, insan ehtiyacından artığı toplamır, dəbdəbəçilik, pul yığmaq ardınca deyil. Müqavimət mədəniyyət sorağında olan insanın məqsədi ibadətdir. Ən böyük ibadət ailənin izzətini qorumaqdır. Belə düşünən insan pulunu banka qoyub qazanc gözləmir. O pulunu elə bir yerə yatırır ki, bir ailənin izzəti qorunsun. Mən sahibkarlara üz tuturam. Siz behişt və Allaha bizlərdən çox yaxınsınız. Allah sizə sərvət verməklə yol açıb. Əgər ayın sonunda 300 nəfər maaş almaq üçün növbəyə dayanırsa bunu başqa heç nə ilə müqayisə etmək olmaz.
Müqavimət iqtisadiyyatı deyəndə böhrana düşməyən iqtisadiyyat nəzərdə tutulur. Ölkəmiz ağır iqtisadi təzyiqlərlə üzbəüzdür. Bu iqtisadiyyatın ilk növbədə dini, insani, səmavi mədəniyyətə ehtiyacı var. Adi halda əsas işimiz ibadəti cəmiyyətə, dükan-bazara çıxarmaqdır. Əgər bunu edə bilsək müqamivət iqtisadiyyatı yaranar.
İqtisadiyyat həmişə mədəniyyətdən təsirlənir. Mədəniyyət olduqca mühüm məsələdir. Böyük Rəhbər buyurur ki, iqtidar mədəniyyətdə iqtidardır.
Bəziləri böyük sərvət toplayıb. Amma kiminsə izzətini, ləyaqətini ayaq altından qaldırmaq fikrində deyillər. Həzrət Əli (ə) hər gün sübh bazara daxil olar, yuxuya gedənləri oyadardı. Buyurardı ki, qalx, izzətinin ardınca get. Həzrət 25 il bellə, külünglə dağ və səhrada tər axıtdı. Bağlar saldı, quyular qazdı. Məqsədi pul qazanmaq deyildi. Əgər tacirlər və sənətkarlar işlərinə ibadət kimi baxmasalar, heç vaxt öz ayağımız üstə dayana bilmərik. Həzrət Əli (ə) quyu qazanda su çıxan kimi onu vəqf edərdi. Bu mübarək bir stimuldur. Bu günlərdə ustanımıza gəlmiş sərmayədarlardan biri deyirdi ki, 1 trilyon pul sərmayə yatırıb. Deyirdi ki, bu pulu banka qoysaydı böyük gəlir götürərdi. Amma pul yatırdığı sahə insanların çətinliklərini həll edir. Yüzlərlə ailə həmin yerdən dolanır. Deyirdi ki, insanların rifahı mənim üçün puldan üstündür. İnsana qalan qazanc deyil, insanları diriltməkdir. Əgər bir insanın izzəti ona qaytarılsa həyata qayıtmış kimidir.

Nur-az.com


1352 بازدید
در حال ارسال اطلاعات...