Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

Peyğəmbər (s) istəmirdi ki...

Həzrət Əli (ə) və həzrət Zəhra (s) izdivac etdikdən sonra, həzrət Peyğəmbərin (s) məşvərət və nəzəri ilə öz aralarında ev işlərini bölmək üçün o həzrətə (s) müraciət edirlər: Ya Rəsuləllah! Biz çox istəyirik ki, ev işlərinin təqsimi sizin nəzərinizlə olsun.
Həzrət Peyğəmbər (s) çöl işlərini həzrət Əliynin (ə), ev işlərini isə həzrət Zəhranın öhdəsində qoyur. Əli və Zəhra şəxsi həyatlarında həzrət Peyğəmbərin (s) nəzərinə yer verdikləri üçün o həzrət (s) də məhəbbət və mehribanlıqla onların istəyini qəbul etdi və öz nəzərini verdi. Məxsusən də həzrət Zəhra (s) həzrət Peyğəməbrin (s) onu çöl işlərindən azad etdiyi üçün öz razılığını bildirib deyir: Bir dünya xoşhal oldum ki, həzrət Peyğəmbər (s) məni naməhrəm kişilərlə üzbəüz olmaqdan azad etdi.
O gündən sonra su gətirmək, ərzaq, yanacaq və alış-verişi həzrət Əli (ə) yerinə yetirirdi. Eləcədə ev işlərini, məsələn buğdanı, aparanı un edib xəmir etmək, çörək bişirmək, libas yumaq və s. işləri isə həzrət Zəhra (s) yerinə yetirirdi.
Bununla yanaşı, həzrət Əli (ə) vaxtı olanda ev işlərində həzrət Zəhraya (s) kömək edirdi. Bir gün həzrət Peyğəmbər (s) onların evinə gəlir və onları birlikdə ev işlərində çalışdıqlarını görür. Soruşur: “Sizlərdən hansı biriniz çox yorulub, mən onun əvəzində işləyim?” İmam Əli (ə) ərz edir: “Ey Allahın Rəsulu! Zəhra yorulub.”
Beləliklə həzrət Peyğəmbər (s) Zəhraya istirahət verib, özü onun əvəzində işləməyə başlayır. Eləcə də, əgər həzrət Əli (ə) bir problemlə üzləşsəydi, ya səfərə getsəydi və yaxud da cihad olsaydı həzrət Zəhra özü çöl işlərini yerinə yetirərdi. Beləliklə onlar öhdələrinə düşən vəzifələrini özləri yerinə yetirərdi və xidmətçiyə ehtiyac görmürdülər. Bu minvalla övlad sahibi olurlar və ev işləri bir az da çoxalır.
Bir gün həzrət Əli (ə) həzrət Zəhranın həddən artıq çox işlədiyini görüb, narahat olur və həzrət Zəhranı atasının hüzuruna gedib bir xidmətçi istəməsini təklif edir. Həzrət Zəhra bu təklifi qəbul edib, atasının evinə yola düşür. Həmin vaxt həzrət Peyğəmbərin (s) evində qonaq olduğundan istəyini atasına deməyə xəcalət çəkir. Nəhayət evə qayıdır. Allahın Rəsulu başa düşür ki, Zəhranın nəsə bir istəyi vardı, amma deyə bilmədi.
Səhəri gün sübh tezdən qızının evinə gedir. Həmin vaxt Əli ilə Zəhra otaqda oturmuşdular. Həzrət Peyğəmbər (s) uca səslə Salamun əleykum deyir.
Əli və Zəhra xəcalətdən cavab vermirlər. O həzrət ikinci dəfə də Salamun əleykum deyir. Yenə də sükut edirlər.
Üçüncü dəfə də Salamun əleykum deyir.
Allahın Rəsulunun (ə) adəti idi ki, bir kəsin evinə gedib evin və ya otağın çölündən uca səslə üç dəfə salam verərdi. Əgər cavab versəydilər evə girmək üçün icazə alardı. Yox, əgər cavab verməsəydilər, salamını üç dəfə təkrarlayandan sonra geri qayıdardı.
Həzrət Əli (ə) başa düşür ki, Peyğəmbər (s) üçüncü salamdan sonra cavab verməzlərsə geri qayıdacaq və o həzrətin ziyarətindən məhrum olacaqlar. Uca səslə deyir: Aleykum Salam, ey Allahın Rəsulu, buyurun.
Həzrət Peyğəmbər (s) evə daxil olub onların başının üstə dayanıb Zəhraya deyir: “Dünən bizə gəldin və getdin, yəqin ki, bir işin vardı. De görüm nə işin vardı?”
Həzrət Əli (ə) ərz edir: Ya Rəsuləllah! İcazə verin mən Zəhranın sizə niyə gəldiyini deyim. Zəhranı mən sizin hüzurunuza göndərmişdim. Gördüm ki, ev işləri həddən artıq çox olub və əziyyət çəkir. İstədik ki, ev işlərində Zəhra üçün bir xidmətçi olsun.
Həzrət Peyğəmbər (s) istəmirdi ki, özünün və ya yaxınlarının yaşayışı ümməti arasında olan fəqirlərdən üstün olsun. Həmin vaxt Mədinədə ehtiyaclılar həddən artıq çox idi. Məxsusən də hicrət etmişlər arasında fəqir daha çox idi. Eyni halda qızının ruhiyyəsinə də yaxşı bələd idi və bilirdi ki, Zəhra nə qədər ibadət və mənəviyyat aşiqidir və eləcə də Allahı zikr etmək ona nə qədər güc və təravət verdiyini də yaxşı bilirdi. Buna görə də buyurur: “İstəyirsiniz sizə bir şey öyrədim, bütün bunlardan yaxşı olsun?”
Buyurun, ya Rəsuləllah!
Hər zaman yatmaq istəyəndə 33 dəfə Subhanəllah, 33 dəfə Əlhəmdulillah və 34 dəfə Allahu Əkbər zikrini yaddan çıxarmayın. Bu əməlin ruhunuza bəxş etdiyi əsər xidmətçinin sizin yaşayışınıza bəxş edəcəyi əsərdən çox-çox üstündür.
Həzrət Zəhra (s) xoşhal və ruhiyyə ilə üç dəfə deyir: “O əmələ ki, Allah, Peyğəmbər razı ola, mən də razıyam.” (Biharul-ənvar, 24, 25/10).

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



1032 بازدید
در حال ارسال اطلاعات...