Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Mart 2014

Ərdəbilin cümə namazı – 7 mart (16 isfənd)

Birinci xütbə

بسم الله الرحمن الرحیم



الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Allah-Taala təqvanı böyük təsirə malik, tale yüklü xüsusiyyət kimi yada salır. (bax: Əraf, 128). İnsan təqvalı olsa, xeyir aqibətə çatar. Allah dünyanı elə yaradıb ki, xeyir işdən bir zərrə də itib-batmaz. Bir insanın işi düz gətirməyibsə, çətinliyə düşübsə ona əl tutun və əmin olun ki, zəhmətiniz puça çıxmayacaq. Əgər əliniz harama dəyibsə ondan uzaq olun və bilin ki, xeyrini görəcəksiniz. Xəyanətə şərait yarananda buna getməsəniz, itirməzsiniz. Əgər gözünüzü başqalarının namusuna haram baxışdan saxlasanız, puça çıxmayacaq. Əgər ata-ana, yaşlıların hörmətini saxlasanız, əvəzini görəcəksiniz. Əgər bir xanım hicab taxırsa, bu heç vaxt onun zərərinə tamamlanmayacaq. Allah yalnız təqva sahiblərinə xeyir aqibət vəd edir. Həzrət Loğmanın dilindən buyurulur: "(Loğman öyüd-nəsihətinə davam edərək) Dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!" (Loğman, 16).
Allah misal çəkir ki, həzrət Musa (ə), Şüeybin qızları quyudan su çəkmək istəyəndə onlara kömək etdi. Qızlar Musaya dedilər ki, ataları onu görmək istəyir. Həmin vaxt Musa yolda qızlardan qabaqda gedirdi. Qızlara demişdi ki, onun arxasınca gəlsinlər və yol göstərsinlər. Bəli, həzrət Musa (ə) iffətini qorudu. Ona həyat yoldaşını Allah seçdi. Şüeyb özü də peyğəmbər idi. Şüeyb on il Musaya müəllimlik etdi. Bir insanın müəllimi peyğəmbər olarsa, bundan böyük lütf yoxdur. Şüeybin qızı həyalı bir qız idi, həya ilə yol gedərdi. Allah Musa üçün onu seçdi. (bax: Qəsəs, 25). Allah və varlıq aləmindəki bütün zərrələr insan həyasının müştərisidir. Ey həyat qurmaq istəyən xanımlar, həyanızı hifz edin, cəmiyyətdə həyalı olun! Allah sevgisi istəmirsinizmi?! Xalqın gözünə girmək yaxşıdır, yoxsa Allah sevgisi?! Allah Şüeybin qızına lütflə baxdı. Bu həmin qızın həyasına görə idi. Həyası müqabilində Allah onu ulul-əzm peyğəmbər həzrət Musaya (ə) həyat yoldaşı seçdi. Allah-Taala həzrət Musaya həyasına görə iki böyük lütf etdi. Şüeybin qızını ona yoldaş seçdi, Musanın nəslinin tərbiyəsini diqqətdə saxladı. Çünki qadın hamiləlik dövrünün çoxunu ana evində keçirir. Bu həyanı qorumağın nəticəsidir. Başqa bir misal həzrət Yusifdir. Həzrət Yusif iffətini qoruduğu, əmanətə sədaqəti sayəsində yüksək məqama qalxdı. (Yusuf, 90): "Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi." Əgər gözünüzü harama yumsanız, Allah bu əməlinizin əvəzini verəcək.
İnsanın şərafəti ondadır ki, Allahın hüzurunda dayanmaq məqamına çatsın. Allahla danışmağın ləzzətini hiss etmək böyük lütfdür. İki saat güzgü qabağında dayanıb bəzənmək cəmiyyətin diqqətini çəkmək azğınlıqdır. İnsan üçün ən böyük ləzzət Allahla ünsiyyət ləzzətidir. Bu məqama zikr məqamı deyirlər. Allah Quranı zikr adlandırır. (bax: Ənbiya, 10). Allah-Taala namazı insanı zikr məqamına çatdırmaq üçün əmr edib. (bax: Taha, 14). Həzrət Peyğəmbər (s) buyurur ki, Allah yanında ən üstün, pak, məqamınızı qaldıran, günəşin işıqlandırdığı ən yüksək dəyər Allahın zikridir. Bəqərə, 152: "Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!"
İnsanın Allahı yada salması birinci mərhələdə bəndənin zikridir. İkinci dəfə yada salmaq Allahın zikridir. Şairin təbirincə, dərd bir insanın Allahdan üz çevirməsi deyil. Dərd odur ki, Allah insandan üz çevirsin.
Əgər Allah bir şəxsi unutsa, ondan üz çevirsə, bu insanın bütün təlaşları faydasızdır. Təbii ki Allah heç nəyi unutmur. Burada unutmaq sözü üz çevirmək mənasındadır. Həzrət Peyğəmbər (s) buyurur ki, Allahın nəzərində ölmüş insanın dodaqlarının zikrdən yaş qalması çox dəyərlidir. Yəni insan ömrünü Allahın zikri ilə başa vurur. Sələmçiliklə məşğul insanın can verərkən la ilahə illəllah deməsi mümkünsüzdür. Bir insan musiqiyə əsir olana qədər ona qulaq asırsa, dilinə la ilahə illəllah gəlməz. Behişt əhli yalnız bir şeyin həsrətini çəkər: Dünya həyatında zikrsiz ötən anların!
Bizim bu dünyada məsuliyyətimiz var, başına buraxılmamışıq. Bizə bir məqsədə doğru hərəkət etmək tapşırılıb. Biz bu səciyyələrə sahib olmalıyıq. Allah qarşısında dayanmaq, Onunla ünsiyyətin ləzzətini duymaq əsas məqsədlərimizdəndir.
İnsan can verdiyi zaman birinci iş onun ruhunu Allahın hüzuruna aparmaqdır. Əsl hüzur məqamı o zaman yaranır. O zaman vəziyyətin necəliyi dünya həyatının necəliyindən asılıdır. Bizə dünya həyatında Allahla ünsiyyət halını əldən çıxarmamaq tapşırılır. (bax: Kəhf, 24). Elə bir şəraitə düşsəniz ki, bu şərait sizə Allahı unutdurur, dərhal dodaqlarınızı zikrlə isladın. Bizim zikrdən uzaq insanlardan uzaqlaşmağımız zəruridir. Nəcm, 29: "Artıq (ya Peyğəmbər!) Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!"
Bir insan Allahla ünsiyyət halından çıxsa, sözünün dəyəri yoxdur. Onu dinləməyə dəyməz. Onun sözü ardınca getmək olmaz. Onun əmrinə itaət etməməlisən. İnsanın dünya həyatından payı, səma ruzisi Allahla rabitəsindən asılıdır. Bu rabitə nə qədər güclü olarsa, insanın dünyadan payı da çox olar.
Əzizlər! Allah hər şeyə hədd qoyub. Amma Allah qarşısında dayanmaq, zikrə hədd yoxdur. (bax: Nisa, 64). Quran nəql edir ki, həzrət Musa Allahla danışmaq məqamına çatmışdır. Əllamə Təbatəbai bir şəxs nəsə soruşana qədər susardı. Ehtizar halında ikən gözünü bir nöqtəyə zilləmişdi. Ondan halını soruşdular. Buyurdu ki, danışıq məqamındadır. Kiminlə danışdığını soruşdular. Buyurdu ki, Allahla danışır. İnsan bu məqama çatanda həmin məqamın cazibəsindən çıxa bilmir. Allah-Taala Musadan bir söz soruşanda Musa bu söhbətin cazibəsindən çıxa bilməyib sözü uzadır. Taha, 18: "(Musa) Dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarıma xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!" İmam Səccad (ə) belə ərz edir: "Pərvərdigara, Sənin zikrindən başqa bütün ləzzətlərə görə əfv diləyirəm. Dünyam da, axirətim də Sənsən."
Allah insana bacardıqca çox zikr etməyi tapşırır. Bəqərə, 200: "Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin!"

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm. Təqva azuqədir. İnsanın axirət üçün əməl azuqəsi təqvadır. Allah-Taala Quranda axirətlə bağlı adlar zikr edir. Gözəl olar ki, insan bu adlar barədə düşünsün. Həmin adlardan biri "həsrət günüdür". Allah Quranda həsrət və peşmançılıqdan danışır. Peşmançılıqla bağlı bütün ayələri bir yerə toplayıb nəzərdən keçirəndə Allah insanı qorumasa, insan həlak olar. Peyğəmbərlər və İmamlar ömrürlərinin axırlarında göz yaşına sığınıblar. İmam Hüseyn (ə) buyurur: "Bir dəfə atamın hüzuruna daxil oldum. O ibadət halında arası kəsilmədən ağlayırdı." Yunus, 54: " Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. İnsanlar arasında ədalətlə hökm olunar, onlara zülm edilməz. (Birinin günahı o birinin boynuna qoyulmaz və heç kəsə günahından artıq cəza verilməz)." Zülm edən, irs yeyən, beytul-mala əl uzadan, rüşvət alan insan xəyanətkardır. Canını götürüb həkimin qəbuluna gələn insan həkimin hər sözünə inanır. Vay xəyanət edən həkimin halına. Allah-Taala buyurur ki, qiyamət günü dünyada olanlarınızı Allah yolunda xərcləmədiyinizə görə peşman olarsınız. İnsan əzabı görən kimi dəyişər. Allah ədalətlə hökm verər. Kimsəyə zülm olunmaz. İnsanın başına nə gələrsə, öz əməllərinin cavabıdır. Fürqan, 27, 28: "O gün zalım (küfrə düşməklə özünə zülm edən peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım; Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim." Elə bir gün gələr ki, zalım öz əlini gəmirər. Görün necə dəhşətli vəziyyətə düşər ki, belə hərəkət edər. Zalım elə bir hala düşüb ki, qiyamət dərdindən başqa dərd gözünə görünmür. Ey kaş Peyğəmbərə bənzəyəydik. 40 il yaşayıb xəyanət etməsən, səni əmin adlandırarlar, Peyğəmbərə bənzəyərsən. Quran insanın peşmançılığını yada salır. İnsan onu yoldan çıxaran, günaha aparanların əlindən şikayətlə onları dost seçməyə peşmançılığını bildirir.
Bu gün həzrət Zeynəbin (s) mövlud il dönümüdür. Həzrət Zeynəbdə Əmirəlmöminin və xanım Zəhranın ruhani gücü var. Bu xanım əbədi bir nümunədir. Bu xanımın sözü, həyası, işi, şücaəti, mərifəti nöqsansızdır. Cəmiyyətimiz və xanımlarımızın Zeynəb şəxsiyyəti ilə tanışlığa ehtiyacı var. Bu xanım vəhy ağuşunda tərbiyə alıb. Xanımın təvəllüdü münasibətilə bu gün tibb işçiləri (tibb bacısı və tibb qardaşı) günü adlandırılıb. Nə gözəl olar ki, insan seçdiyi peşənin müqəddəsliyini dərk etsin. Bəli, bəzi peşələrdə müqəddəslik var. Təbabət belə müqəddəsdir. Mən bu sahədə çalışan insanları, bu sahəyə sevgi ilə qədəm qoyanları təbrik edirəm. Bu barədə rəvayətlər var. Allah özü bilir ki, insanların sağlamlığına sədaqətlə xidmət edənləri necə mükafatlandıracaq. Əgər bir iş, bir xidməti dəyərləndirmək istəyiriksə, onun müqəddəsliyinə diqqət yetirməliyik. Hər şeydən öncə tibb bacıları, bu sahədə çalışan xanımlar öz məqamlarını hifz etsin, dünyəvi məqsədlərlə səmavi məqamı əldən çıxarmasın.
Xibrəqan Məclisinin böyük vəzifələri var. Bu vəzifələrdən biri Rəhbəri seçmək, digəri Rəhbərdə olası səciyyələri daim izləmək, eləcə də ölkənin siyasətini araşdırmaqdır. Xibrəqan Məclisinin son iclasında ölkənin əsas problemləri araşdırıldı və bəyanat verildi. İqtisadi baxımdan aşağı təbəqənin vəziyyətinə xüsusi diqqət yetirildi. İclasda qonaq olan prezident, iqtisadiyyat nazirinə tövsiyələr verildi. Aztəminatlı ailələrlə bağlı dövlətə diqqətli olmaq tapşırıldı. Təyinatlı yardımların ünvana çatdırılmasının mühümlüyü vurğulandı. Bu işin ikinci mərhələsində xeyir niyyətdə olan dövlətə xatırladıldı ki, heç bir şəraitdə aztəminatlı ailələrə zərbə dəyməməlidir.
Mən məsullardan xahiş edirəm ki, ən azı bir ay sadə fəhlənin aldığı maaşla yaşayıb onların həqiqi vəziyyətini hiss etsinlər. İslamda müstəhəbdir ki, başçı öz dolanışıq səviyyəsini aztəminatlı ailələrin dolanışıq səviyyəsində saxlasın. Ev, maşın kimi bütün ehtiyaclarda səviyyə gözlənilsin. Nə üçün? Ona görə ki, yoxsulluq məhrum təbəqəni sıxmasın. Əmirəlmöminin (ə) 209-cu xütbədə bu barədə tövsiyələr verir.
Xalqın nəzərinə çatdırıram ki, bayram öncəsi bir ailənin üzvü olaraq bir-birimizi nəzərə alaq. Məbada biri nemət içində qərq olsun, başqa biri tamaşa etsin. İnsanın şərəfi ondadır ki, qarşısına süfrə salınanda yoxsulları yada salsın, vicdan əzabı onu narahat etsin.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) belə buyurduğunu nəql edir: "Qiyamət günü ayaq altındakı yer torpaqdan yox, oddandır." (Vəsailüş-şiə). Möminin ayağı altında od olmaz. Çünki o öz sədəqəsi, yardımları ilə möhtacların qəlbindəki odu söndürüb. Bu sədəqələr qiyamət səhnəsində də odu söndürər. Bəzən pulsuzluq səbəbindən ailə dağılır. Bizim işimiz buna mane olmaq, boşanmanın qarşısını almaq, övladların bədbəxtçiliyi qarşısında dayanmaqdır.
Bəni-Əsəd İmam Hüseyni (ə) qüsl üçün gətirəndə İmam Səccaddan (ə) ağanın bədənindəki köhnə yaralar barədə soruşdular. Həzrət buyurdu: "Bu yaralar gecələr yoxsullara daşınan yükün yaralarıdır." İnsan çiyninə nə qədər yük almalıdır ki, onun yeri yara olsun?! Allah-Taala bizi bu şəxslərə oxşamaqda müvəffəq buyursun.
Əzizlər! Ukrayna hadisələri acı və böyük bir həqiqət üzərindən pərdəni qaldırdı. İndi Qərb və Amerika Rusiyaya qarşı dayanıb. Rus qoşunları Krıma daxil olub, bununla da insan haqlarını, ərazi bütövlüyünü, milli dövlətçiliyi ayaq altına almaqda ittiham edilir. Çox təəccüblüdür! Əgər ABŞ və Qərb bu dəyərlərə hörmət göstərirsə, nə üçün işğalçı İsrailə qarşı çıxmır?! Nə üçün Bəhreyndə tank mərmiləri ilə xalqa hakimlik edirlər?! Nə üçün İsrailin 70 illik cinayətləri haqqında danışılmır?! Nə üçün Myanmarda müsəlmanların qətliamına göz yumulur. Mərkəzi Afrikada müsəlmanlar amansızlıqda qətlə yetirilir. Bütün bu cinayətlərə susanlar yalnız öz mənafelərini düşünürlər. Ətrafdakı ölkələrə baxın, onlar dünya imperializminin cinayətlərinə şərikdirlər. Ərəbistanda konstitusiya, seçki adlı bir şey yoxdur. Həbsxanalar etiraz edənlərlə doldurulub. Amma Böyük Britaniya Ərəbistanda demokratiyanın yüksək səviyyədə olduğunu deyir. Ağlamalıdır! "Bir ban, iki hava" siyasəti dünyanı idarə edir. Bəhreyndə şiələrin qətlini behişti qazanmaq kimi dəyərləndirən vəhabi hərbçilər meydandadır. Həbsxanalarda şiələrə dilə gətirilməyəsi əzab verilir. Bunu ibadət sayırlar. Görün Bəhreyndə nə qədər insan azadlıq tələbinə görə həbs olunub. Nə BMT-nin səsi çıxır, nə İnsan Haqları Komissiyasından xəbər var, nə Beynəlxalq Amnistiya təşkilatı bir söz deyir, nə Qərb, nə Amerika etiraz bildirmir.
İnsanların vətəndaşlığını ləğv edib onları ölkədən çıxarırlar. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Qonşu ölkədə yalnız hicab tələbinə görə 130 islamçı həbsə alınıb. Sadə vətəndaşın sözünü eşitməyə gücləri yoxdur. Deyirlər qarışqa yuvasına bir damcı düşəndə hay salırlar ki, sel gəldi. Bəhreyndə 14 müxalifə üst-üstə 200 il həbs verilib. Bu insan haqlarını pozmaq deyilmi?! Beynəlxalq təşkilatlarda guya müsəlmanların haqlarını təmsil edən Əhməd Şəhid kimi fiqurlar Amerikaya tabe olmayan İran kimi ölkələr üçün ortaya atılıb.
İslamçıları həbsə alanlara İmam Musa ibn Cəfərin (ə) bir sözünü xatırlayıram. Ey kaş bu böyük insanları həbsxanaya salanlar bu sözü eşidəydi. İmam Musa Kazim (ə) həbsxanadan xəlifə Harun ər-Rəşidə xitabən deyir: "Harun! Sənin ləzzət aldığın günlərdən bir gün azalanda bil ki, mənim də bəlalı günlərimdən biri azalır." (Təhzibul-kəmal). Bəli, insan hər gün ölümə yaxınlaşır və onu qiyamət sorğusu gözləyir. Günahsız insanın həbsinə əmr verənlər bu sözü eşidəndə bağrı yarılmalıdır. Həmin gün zalımlar üçün dözülməz gündür. Şair deyir ki, ulduzlara baxanda onları kiçik görürsən, amma onlar kiçik deyil. Böyük insanları həbsə atanlar bu ulduzları kiçik görür. Amma onların əli heç vaxt ulduzlara çatmaz. Bu ulduzlar toxunulmaz qalacaq.
Qarşıdakı həftə İmam Xomeyninin Şəhid Təşkilatı yaratmasının ildönümüdür. Şəhid günü iki rəvayətlə xatırlayıb, şəhidlər və onların ailələrinə ehtiramımızı bildirirəm. Həzrət Əli (ə) buyurur: "Allah-Taala şəhidləri cah-cəlal, nuraniyyətlə məhşərə gətirər. Onların qarşısından süvari keçən peyğəmbərlər nuraniyyətləri səbəbindən atdan düşərlər." Yəni peyğəmbərlik məqamı şəhid məqamı qarşısında təvazö göstərər.
İkinci rəvayətdə Peyğəmbər (s) buyurur: "Şəhidin qan damlası Allahın nəzərində ən sevimli damladır." (Vəsailüş-şiə). Rəvayətdə şəhidin qan damlası məsələn su damlası ilə müqayisə olunmur. Əzizlər! Varlıq aləmi Allahın əzəməti qarşısında bir damladır.