Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2013

Yalan tələləri

Saxta irfan adı altında əsarət planlarını həyata keçirənlər araşdırmalara əsasən cəmiyyəti təbəqələrə bölürlər və hər təbəqəyə nüfuz üçün uzunmüddətli proqram hazırlayırlar. Onlar üçün ən yaxın zümrə daxildə və xaricdəki muzdurlardır. Onlar bütün fəaliyyətləri boyu qadınları hədəfdə saxlayırlar. Təəssüflər olsun ki, hədəfə çatdıqları məqam da kifayət qədərdir.
Qadın zümrələrinə ən çox nüfuz edənlərdən biri arifnüma, saxta irfançılar, cadugərlər, xürafatçılardır. Xürafat çox vaxt adi həyatdakı problemlərin həllində elmi yollardan sadə və yaxın görünür.
Bəzən fərd təxəyyülündə yaranmış qüvvələrin gücünə inanır və onun ardınca gedir. Təxəyyüldəki mövzulardan biri də bəxt, şans məsələsidir. Guya bəxti olan insanlar heç bir qeyd-şərtsiz xoşbəxtliyə çatırlar. Hansı ki İslamın əqli və etiqadi prinsiplərinə görə heç bir hadisə səbəbsiz baş vermir.
Qeyd etdik ki, xürafat insanları şiddətlə cəzb edir. Xüsusilə qadınlar buna maraqlıdır. Onlar xürafatı ilahi vəhy kimi qəbul edirlər. Qapıdan müxtəlif əşyalar asmaq, evdə divarları müxtəlif əşyalarla bəzəmək bəzi insanlarda uğura ümid yaradır.
Saxta irfan, xürafat, sehr-cadu, bəxt açmaq, insanları sehirləmək sadə insanları tez təsir altına salır. Qadınların isə təbiəti çox lətifdir, onlar çox tez inanırlar.
Qədimdə bir çoxları öz problemlərinin həlli üçün dua yazdırar, rəmmala müraciət edərdilər. Bu gün də bu hal var. Ruhi, fiziki, maddi çətinliklə rastlaşmış insan dua dalınca qaçır. Bu münasibət cadu ilə məşğul olanların bazarını qızışdırır. Onlar hətta övlad vəd edir, yoxsulluğu qovurlar.
Xürafatla bağlı söhbət olduqca genişdir. Xürafat fikirlər cəmiyyətdə elə sürətlə yayılır ki, onunla mübarizə olduqca çətinləşir.
Texnoloji vasitələr artıqca xürafat da artır. Hazırda insanların təfəkkürü inkişaf edib. Maşınlaşmış həyatımızda iqtisadi problemlər də artıb. Həyatdakı boşluqları aradan qaldırmaq üçün cəmiyyətdə əyləncə, yoqa kimi hadisələr də artmaqdadır. Şərqdə sufilik, qərbdə yoqa, Amerikada qırmızı irfan, Hindistanda hind irfanı cəmiyyətdə özünə yer edib.
Xürafat ardınca gedən insanlar aldadıcı təsir altında ağıllarını bir həddə itirirlər ki, çılpaq heykəllərə təzim edir, problemlərinin həllini onlardan istəyirlər. Psixoloqların nəzərincə insanın elmi yolları qoyub xürafat ardınca getməsinin əsas səbəblərindən biri onun düzgün tərbiyə almamasıdır. Bu bazarın müştəriləri əksəri tərbiyə problemi yaşayır.
İmtahandan keçmək, həyat yoldaşı tapmaq kimi məsələlərə baxdıqda daha çox qadınların xürafat ardınca getdiyi aydın olur. Belə qadınlar İslamın ən böyük ərməğanı olan qəlb aramlığıdan məhrumdurlar.
Ailə qurmamış xanımları narahat edən əsas mövzu ərə getməkdir. Maddi durumun pis olması bu istəyi bir az da gücləndirir. Ərə getdikdən sonra ailədə soyuqluq yaranarsa və ya övlad problemi yaşanarsa qadın dərhal xürafat dalınca qaçır.
Müasir həyatımızda problemlər çoxdur. Gələcəyi görmək asan deyil. Qadınlar qarşıdakı problemlərin həlli üçün qısa yol axtarır və duaya, caduya üz tuturlar.
Qeyd etdik ki, kişilər qadınlarla müqayisədə xürafata az meyillidir. Xürafat əslində ailədə inkişaf edir. Xüsusilə o ailələrdə ki elmə bir o qədər də etina edilmir. Əlbəttə ki, alimlər arasında da xürafat ardınca gedənlər var. Xürafatın yayılmasında başqa bir amil cəmiyyətə hakim mədəniyyətdir. Qadınların fərdi xüsusiyyətləri də bu işdə az təsirli olmur. Ailədə lazımi diqqətdən bəhrələnməyən qadınlar xürafata daha tez üz tutur. Demək xürafata meylin bir səbəbi də insanın özünü arxasız hiss etməsidir. Özünü zəif, kimsəsiz hiss edən qadın təxəyyülə və yuxulara pənah aparır.
Bəzən xürafata meylin səbəbi psixoloji tarazlığın pozulmasıdır. Ruhi aramlığını itirmiş insanın xürafatda çarə axtarması mümkündür.
Unutmamalıyıq ki, Allah-Taala xoşbəxt olmaq üçün bizim ixtiyarımıza böyük nemətlər verib. İnsan özünü dünyanın bir hissəsi sayanda möcüzə gözləmir, həyatını və dünyanı dəyişmək üçün addım atır.
Cəmiyyətdə böyük kütlələri təsir altına salmış xürafatlar məşhurdur. Dərviş adı ilə tanınmış B.K. adlı xanım orta təhsilini başa vurmamış savadsız bir şəxs olub. Bu şəxs ona üz tutanlardan 200 milyon dollar pul toplayıb və onun 20 milyon dollarını xeyriyyə işlərinə sərf etməklə müştərilərinin gözündən pərdə asıb. Bu qadın ailə qurduqdan sonra dörd övlad sahibi olur. Ağır yoxsulluq içində yol axtaran B.K. xürafata üz tutur. Əyninə ağ libas geyinir, özünü ciddi aparır və dərviş adı ilə tanınır. Bu qadının müştəriləri arasında avam adamlarla yanaşı savadlılara da təsadüf edilir. İş bir həddə çatır ki, bu qadın İmam Zaman adına məscid tikmək fikrinə düşür.
Xürafatla kütləvi şəkildə məşğul olanlar da var. 20-25 nəfərlik xürafat bandaları müxtəlif oyunlar qurur, insanları aldadaraq onlardan külli miqdarda pul toplayır. Belə məşhur bandalardan birinə 17 il Amerikada yaşamış universitet professorunun rəfiqəsi başçılıq edir. Qadın onunla ailə həyatı qurur və bundan sonra fəaliyyət dairəsini bir neçə dəfə genişləndirir. Onun fəaliyyətləri İran, Kürdüstan, Azərbaycanı əhatə edir. Belə
bandalar öz fəaliyyətlərində nüfuzlu adamlarla rabitələrdən istifadə edirlər. Müştərilər görəndə ki tanınmış şəxsiyyətlər, alimlər belə insanların qapısına gəlir inamları daha da güclənir. Belə bandalar xüsusi kurslar təşkil edir, kitab nəşri ilə məşğul olur, təşkilatlanmış fəaliyyət göstərirlər. Onlar şirkətlər yaratmaqla öz fəaliyyət masştablarını beynəlxalq həddə dək artırırlar. Belələri üçün həqiqi dindəki müqəddəsliklər mötəbər deyil. Onlar namazda "Əllahu əkbər" yerinə eşq sözünü işlədir, müxtəlif bidətlərə əl atırlar. Fırıldaqçıların əsas hiylələrindən biri İmam Zaman adından istifadə etməkdir. Belələri arasında hətta özünü imam sayan var. Onlardan biri müştəri xanımlarına deyirmiş ki hansı qadın altı ay həyat yoldaşı ilə görüşməsə hökmən İmam Zamanı görəcək.
Belə qruplar arasında qarşıdurmalar da var. Bir cadugər o biri cadugəri heç vaxt təsdiq etmir. Çünki bu müştərilərin sayını azaldır.
Xürafatçıların əsas üsullarından biri xeyriyyə cəmiyyətləri yaratmaqdır. Hətta Avropada belə fırıldaqçı cəmiyyətlərin sayı kifayət qədərdir. Belə cəmiyyətlər müəyyən sayda yoxsul ailəni rəsmi şəkildə himayəyə götürür və bu ad altında külli miqdarda pullar mənimsəyir.
Xürafatçı qadınlar arasında özünü İmam Zamanın həyat yoldaşı kimi təqdim edənlər də var. G.A. adlı bir xanım dəfələrlə izdivac etmiş, sonda özünü İmam Zamanın xanımı kimi təqdim etmişdir. Bu qadın iddia edirmiş ki, bütün fəaliyyətlərini İmamın göstərişləri əsasında qurur. Maraqlıdır ki, orta təhsilli bu qadın doqquz cild kitab yazmışdır. Fırıldaqçı qadın iddia edir ki, İmam ona buyurub: "Üç nəfər sənin kimisi olsa zühur edərəm." Guya onu buyururmuş ki, yazdığı kitablar bəşəriyyətin qanı qədər dəyərlidir. Qadın deyir: "İmam mənə bir maşın aldı, qiymətli bir mənzil bağışladı. İzdivac üçün onun yolunu gözləyirəm." Bu qadın Fransa, Almaniya, İtaliya, İsveç və İsraildə özü kimi fırıldaqçılarla əlaqə qurmuş geniş bir şəbəkə yaratmışdır.
Belə fırıldaqçılar müsəlman ölkələrində adətən ziyarətgahlar, imamzadələri fəaliyyət mərkəzinə çevirir. Dövlət nəzarətindən müxtəlif üsullarla yayınan belə fırıldaqçılar hətta rəsmi kurslar təşkil edir, görüşlər keçirirlər. Onlar iddialıdırlar ki, cəmiyyətin problemlərini həll edirlər, insanlara aramlıq gətirirlər. Amerikada yaşayan belə fırıldaqçılardan biri yəhudilərlə daimi əlaqə saxlamış, alkaqollu içkilərə aludə olmuşdur. Budda, zərdüşt, kabala irfanlarını ümumiləşdirmiş bu xanım ardıcıl şəkildə Amerikada alimlərlə görüşmüş öz fəaliyyət proqramlarını onların tövsiyələri əsasında qurmuşdur.

Nur-az.com/hawzah


1537 بازدید
در حال ارسال اطلاعات...