Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2014

Müsəlman şəxs qanuna qarşı

Acıdır, amma həqiqət. Qanunların, özü də İslam qanunlarının kənarından, başının üstən ötüb-keçmək müsəlman toplumunda adi hal almaqdadır. Toplumda deyirəm, müsəlman alimlər, rəhbərlər arasında yox. Bu Əmirəlmömininin (ə) dərdi idi. İmam Sadiq (ə) Həzrət Əlinin (ə) həyatından bir əhvalat nəql edir. Bir gün Həzrət Əli (ə) ən sevimli xidmətçisi, “qardaşım” adlandırdığı Qənbərə göstəriş verir ki, qanunu pozmuş şəxsə 80 qamçı zərbəsi (şallaq) vursun. Qənbər məhkum şəxsə qarşı o qədər qəzəbli olur ki, 3 qamçı da artıq vurur. Zərbələri sayan Əmirəlmöminin (ə) həmin 3 qamçını Qənbərə “qaytarır”. (تهذیب الاحكام، ج 10، ص 27، ح 11)

Üzüldük, Allah! Ədalətə, qanuna, insaf-mürüvvətə çəp baxışımızdan, təəssübdən üzüldük. Keçmişin söhbətidir. Azərbaycanda fəal dindarlardan biri cəmiyyətində tanınmış ruhani alimi şəxsi avtomobili ilə məclisdən evinə apararkən qırmızı işıqdan ötüb keçir. Alim tanınmış fəala irad tutur ki, müsəlman belə etməməmlidir. Fəal dindar hakimiyyətə işarə ilə “bunlar dinsizdir, qanunları da batil”, deyir. Əcəba!

Qanun Allahın qanunudur. Allahın qanunları ümumidir, bünövrədir, çərçivədir. Bu qanunları pozmayan məhdudiyyətlər, göstərişlər “dinsiz” hökumət tərəfindən olsa da “batil” deyil. Avropa kafirdir deyib qırmızı işıqdan keçəni yük maşını altına almır yoxsa?! Avropa kafir olsa belə avropalı insanın qanunlara sayğısı mən müsəlmandan qat-qat böyükdür. Bu sadəcə xəstəlik yox, cəmiyyətimizi bürümüş epidemiyadır.

Özünənəzarət

Az məktəbdə insanın özünə hesabat verməsi tələb kimi ortaya qoyulur. Mahiyyətcə kamilləşmə, özünütərbiyə məktəbi olan İslamda konkret proqramlar var. Əxlaq ustadları nəfsin tərbiyəsi üçün üç mərhələ nəzərdə tutur. Birinci mərhələ “müşaritə" adlanır.
(Allaha) Verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları günə (qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı.
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir vəd verməmişdimi? Yoxsa (mənim sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”
(Quran)
İnsan özü ilə şərt kəsir ki, Allahın qəzəbinə səbəb olmayacaq, həyat fürsətində Onun göstərdiyi yoldan çıxmayacaq.
İkinci mərhələ “müraqibə” adlanır. Bu mərhələdə insan öhdəsinə götürdüyü şərtləri pozmamağa çalışır. Bir çox alimlər müraqibənin elə təqva olduğunu düşünür.
Və nəhayət “mühasibə”! İnsan günün sonunda həmin günkü söz, rəftar və əməllərini araşdırır. Görsə ki, ilahi vəzifələri yerinə yetirib, şükür edir. İlahi vəzifələrə əməl etməmiş olsa, özünü danlayır, tövbə edir, aradan qaldırılması mümkün olan günahları yumaq barədə qərar çıxarır.

Gəlin hesabat aparaq. Heç olmaya bir gün gecə yatmazdan qabaq serialların cazibəsindən çırpınıb çıxaq və Allah qarşısında hesabat verək. Bu gün Allahdan qeyrisinə əyildinmi, yaltaqlandınmı, onun şəninə tərif dedinmi? İnsan Allah qarşısında təvazö göstərir, yalvarışla danışır. Sən nə üçün üç səslə danışdın bu gün? Ailə-övladla bərkdən, Allahla halsız, qoluzorlu ilə astadan? Tövbə, ya Rəbb! Bugünkü işlərimdə Səni və Qanunu bir kənara qoyub fərasətimə güvəndim. Tövbə!

Bu gün ata-ana ilə rəftarların necə oldu? Onları kənarından ötüb-keçdiyin yol polisi qədər saydınmı? Tövbə, ya Rəbb!

Bu gün neçə qəlb qırdın? Özü də zəiflərin qəlbini. Qapını döyən, əl açan dilənçinin, səni sevdiyindən bağışlayanların qəlbini. Tövbə!

Bu gün rəisə, polisə, hər zorlu kəsə baş əydin, salam verdin. Namazları necə, vaxtındamı, Allahın adına layiqmi qıldın? Telefon zəng çalanda əvvəlcə baxırsan ki, kimdir. Əgər xeyir verənsə, bazburutlusa, arvadağasa, qaçaraq cavab verirsən. İşi düşən, zəif, sadə biri olsa, telefonun səsini alırsan. Elə azan veriləndə də belə etdin. Allahla söhbətə qaçmaqdansa... Tövbə, ya Rəbb!

Haram tikə! Bu gün kiminsə haqqını yedinmi? Haram tikə təkcə haram kabab, haram təndir çörəyi deyil. Növbəyə soxulub (növbəsiz) halal pulla aldığın çörək də sənin deyil. Bir zaman imtahandan kəsilməli, universitetdən qovulmalı idin və yerinə başqası gəlməli idi. Yol tapdın, pulla, yağlı dillə, gizli köçürməklə imtahandan keçdin, diplom aldın. Məsələn, 20 ildir həmin diplomla işləyir, maaş alırsan. Vay halına! Hiylə ilə başqasının diplomuna sahib oldun. Universitetdə sənin yerində başqası oturmalı idi, bu gün sənin maaşını başqası almalı idi. Tövbə, ya Rəbb! Tövbə? Tövbə o zaman qəbuldur ki, qəsb etdiyin haqqı qaytarasan, bədənində haramdan cücərmiş əti əridəsən.

Bu gün bütün vədləri yerinə yetirdinmi? Hamısını? Kimsə yolunu, kimsə pulunu gözləyə-gözləyə qalmadı ki? Aç telefonu cavabsız qoyduğun zəngləri, mesajları nəzərdən keçir. Gör yazıq filankəs sənə son bir həftədə neçə dəfə zəng vurub?! Bir həftədir söz vermisən ki, onun müşkülünü həll edəcəksən. Tövbə!

Yavaş-yavaş xatırlayırsan ki, bu gün Allahın, peyğəmbərin, imamların adından nə qədər yalan danışmısan. Arvada dedin Allah səni bağışlamayacaq, qardaşına dedin peyğəmbər sənin bu işindən razı deyil, iş yoldaşını da imamların adından qorxutdun. Tövbə, ya Rəbb!

Söz gəzdirməklə də aran yoxdur, hə? Bu gün qardaşdan qardaşa, dostdan dosta, bir müsəlmandan o birinə nə qədər söz daşıdın! Qeybət də ki öz yerində. Danışanda da elə danışırsan ki, elə bil hakim kürsüsündən çıxış edirsən, bütün dediklərin ayədir! Tövbə, Allah, tövbə!

Bir də yadına sal səhərdən gecəyədək gün uzunu sözlərini, əməllərini. Yerindən qalxdın və yatağını narkoman yatağı kimi qoyub, əl-üzünü yumadan soyuducunu açdın. Gözlərin yarıqapalı vəziyyətdə ağzına bir şokolad atdın. Onu çeynəyə-çeynəyə tualetə girdin. Ancaq tualetdən çıxanda xatırladın ki, dəstəmaz almamasan. Günortaya az qalıb, nə dəstəmaz! Elə günorta namazı ilə birlikdə qılaram dedin və yataq otağına keçib geyinməyə başladın. Düşdün qaraja. Heç baxmadın ki, bu maşının təkərləri, təkərlərin havası yerindədir ya yox. Evdən çıxdın və... yoldan ötən pişiyi qoydun maşının altda. Tükürpədən bir səs eşitdin. Bu səsə bir neçə pişik balası koldan başını çıxardı. Onların süd əmən vaxtı idi. Qazı basıb bu səhnədən uzaqlaşmaqla məsuliyyətdən qaça biləcəyini düşündün. Düşündük ki, pişik qara deyildi, qorxusu yoxdur!

Mən Allah qanunları və cəmiyyətin xeyrinə tənzimlənmiş bütün qanunları müqəddəs sayan müsəlmanların əlindən öpüb, acı və kobud sözlərimə görə üzr diləyirəm.
Bu gün xalq arasında (Azərbaycanda) ən çox işlənən rus sözlərindən biri “bespredel” sözüdür. Maraqlı sözdür. Vikipediada əksər sözün başqa dillərdə də qarşılığı var. Bu sözün yalnız ukrayna dilində qarşılığı verilib: ”svavolya”. Bu sözü dilimizə “özbaşınalıq” kimi tərcümə etsək də, naqis olur. Bespredel elə bespredeldir! Bu söz əvvəllər oğru leksikonunda yer alıb, tədricən ümumiləşib. 1989-cu ildə bu adla Leonid Nikitinskinin eyni adlı oçerki əsasındaa film də çəkilib. Bespredel bütün yazılı və yazılmamış qanunları ayaq altına almaqdır. Bespredel adamlar oğru dünyasında daim qanunu pozan adamlardır. Mən Allah, peyğəmbər qanunları, ictimai qanunları, əxlaq normalarını pozan müsəlmanları nə adlandırım ki, düzgün təsəvvür yaransın! Neçə ildir evlənib, evlənmək haqqında şəhadətnaməsi yoxdur. Uşağının beş yaşı var, doğum haqqında şəhadətnamə götürülməyib. On ildir sürücülük vəsiqəsi olmadan maşın sürür. Yaşa dolub, 40-ı keşib həyat proqramı, günün rejimi deyilən şey qulağına deyil. Bazara gedəndə əlində bir qeyd olmur ki, nə alacaq. Bu adamın cibində ömür boyu dəftər-qələm olmayıb. Yoldan ötəni saxlayıb qələm istəyir, qeydini əlinə yazır. Ev pal-paltarla dolub, amma bir dəfə səliqəli, ütülü geyim görməzsən əynində. Bespredel!

Əksər şiə müsəlmanların qəbul etdiyi Ayətullah Misbah Yəzdi yazır: “İctimai qanunların zəruriliyini göstərən üç müqəddimə var: həyat ictimaidir, cəmiyyətdə mənafelər toqquşur, yaranacaq problemlərin qarşısını almaq üçün məhdudiyyətlər qoyulmalıdır...”

İmam Xomeyninin (r) Parisdə yaşadığı evin həyətində kəsilmiş qurbanlığın ətindən yeməməsi məşhur əhvalatdır. İmam ona görə yemir ki, Fransa qanunlarına görə şəxsi həyətdə heyvan kəsmək olmaz! İmam öz vəsiyyətnaməsində yazır ki, insanın şərəf və ləyaqəti onun qanunlara itaətindədir, təqva elə budur! Əraf surəsində belə bir ayə var: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq). Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik.” İmam Sadiq (ə) buyurur: “Ehtiyacsız və varlı insanların ganahları və azğınlığı olmasaydı, cəmiyyətdə heç vaxt yoxsul, möhtac, ac və çılpaq olmazdı.” (إنَ الناسَ مَا افتَقَرُوا وَ لَا احتاجُوا وَلا جاعُوا وَ لا جاعُوا وَ لا عُرُوا إلا بِذُنُوبِ الأغنِیاءِ)

Müsəlman qardaş! Müsəlman dost! Müsəlman ata-ana! Müsəlman övlad! Sən ki hər gün gecələri mühasibə aparmamısan, əməllərini tərəziyə qoymamasan, indi bu iş üçün bir neçə gün vaxt ayır və bütün həyatını nəzərdən keçir. Vay halına o insanların ki, bütün gəncliyi yandırdığını görəcək. Ondan da pis vəziyyətdə o insanlardır ki, hər şeyi qaydasında görüb öz “bespredel” həyatını davam etdirəcək.

Əsil tövbədə itki var. Əgər tövbə zamanı nələrdənsə imtina etməmisənsə, bu özünü aldatmaqdır, tövbə deyil. Şərabxorun, narkomanın tövbəsi şərabla, narkotika ilə yanaşı keçmiş dostları atmaqdır. Xalqın malını yeməyin tövbəsi bir də ağız açmamaq, həm də xalqın haqqını qaytarmaqdır. Aç kar qulaqlarını eşit ki, xalq sənin evini, maşınını, geyimini, süfrəni görəndə onun üçün “haradan gətirdi” sualı yaranır. Nə üçün məsələn Bill Qeyts, Pol Allen, Sten Kronke, Stiven Şvarsman haqqında şübhə yaranmır. Amma Bakıda hakimiyyətə işləyən, ABŞ-a işləyən, həqiqətdən başqa hər nəyə desən əyilənlərin altında yüz minlik maşın da sual yaradır.

Əsil tövbədə itki var, bəli. Əgər bu xalqa, bu cəmiyyətə hörmətin varsa, qırmızı işıqdan keçməməli, sürət məhdudiyyətlərini gözləməlisən.

Amma...

Bəzən insanlara bu həyatdan haqqı verilmir. Hətta İslam qanunları ilə idarə olunan ölkədə məhz İslam sevgisi ilə hicrət edən insanların qanuni sığınacağa sahib olması, sürücülük vəsiqəsi əldə etməsi, ev alması, işə düzəlməsi qarşında əngəllər mövcuddur. Bu problemlər vətəndə də var. Hicab qadağası! Allahın azad yaratdığı qadına deyilir ki, başına örpək sala bilməzsən! Bunu qanuniləşdirirlər, cəza nəzərdə tuturlar. Beləcə hicabın müdafiəsinə qalxan insanlar həbs edilir. İnsanı qanunsuzluğa vadar edirlər. Demək, qanunu pozma məcburiyyəti təkcə xarici ölkələrə aid deyil, edlə bizdə də var, özü də ən allahsızından! Mən İran kimi İslan qanunlarına sadiq ölkədə (buna zərrəcə şübhəm yoxdur) çətinliklər yaşayıram. Mənim himayəmdə olduğu üçün hicrət həyatı yaşamalı olan və artıq 18 yaşı tamam olmuş övladım sadə bir sürücülük vəsiqəsi ala bilmir. O çalışır, tər tökür, pul qazanır və ucuz bir maşın almaq istəyir ki, dərsə çata bilsin. Bu atalar və bu oğullar vətənini tərk etdi ki, Allah qanunları ilə yaşasın. Amma qoymurlar. Demək Allah yolunda hicrət də qurban istəyir. Hamının istifadə etdiyi elementar hüquqlarını qurban verməlisən Onun yolunda. Əgər verməsən... Düzü aqibətini bilmirəm.

A.Eyvazov
Nur-az.com


1241 بازدید
در حال ارسال اطلاعات...