Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Beytülmal

Əqil, qardaşı Əmirəlmöminin Əlinin (ə) xilafəti dövründə o həzrətin Kufədəki evinə qonaq gəlir. Əli (ə) oğlu Həsənə işarə edir ki, əmisinə bir libas hədiyyə etsin. İmam Həsən (ə) də öz şəxsi libaslarından əmisinə hədiyyə edir. Axşam olur, hava da isti. Həzrət Əli (ə) evdə qardaşı ilə söhbət edirdi. Şam yeməyinin vaxtı çatır. Əqil özünü xilafət sahibinin qonağı saydığından, cürbəcür yeməklərlə dolu süfrə intizarında idi. Lakin onun fikirləşdiyinin əksinə olaraq çox kasıb süfrə açılır.
Təəccüblə soruşur: “Olan yeməyiniz elə budur?”
Həzrət Əli (ə) buyurur: “Məgər bunlar Allahın neməti deyil?! Mən bu nemətlərə görə Allaha şükr və təşəkkür edirəm.”
Əqil: Onda mən bura gəlməyimin səbəbini tez deyim və evimə qayıdım. Mənim borcum var və sizdən pul borc almağa gəlmişəm. Göstəriş verin mənim borcumu ödəsinlər. Qardaşına da nə qədər istəsən kömək et və mən də tez gedim evimizə.
-Nə qədər borcun var?
-100 min dirhəmə.
-Vay-vay, 100 min dirhəm! Nə çox! Bağışla qardaşım, bu qədər pul yoxumdur ki, sənin borcunu ödəyim. Amma əgər səbr etsən maaşımı alanda öz şəxsi hesabımdan götürüb sənə verərəm və qardaşlıq borcumu yerinə yetirmiş olaram.
-Nə?! Deyirsən gözləyim ki, maaş vaxtı çatsın?! Ölkənin beytül-mal və xəzinəsi sənin əlindədir. Amma sən mənə deyirsən ki, gözlə maaş vaxtı çatsın və öz səhmiyəmi sənə verim! Sən nə qədər istəsən beytül-malın xəzinəsindən götürə bilərsən. Amma məni maaşa qədər gözləməmi istəyirsən. Məgər sənin maaşdan səhmiyən nə qədərdir? Tutaq ki, maaşının hamısını mənə verdin, nə faydası olacaq?
-Mən sənin təklifinə təəccüb edirəm. Dövlətin xəzinəsinin pulu var və ya yoxdur, bunun mənə və ya sənən nə dəxli var? Biz də bütün müsəlmanlar kimi bir vətəndaşıq və mənim vəzifəmdir ki, imkanım çatan həddə qardaşıma köməklik edim. Amma öz malımdan, nə inki müsəlmanların beytül-malından.

Mübahisə davam edir və Əqil müxtəlif yollarla istəyirdi ki, beytül-maldan ona pul versinlər. Oturduqları yerdən Kufə bazarı görünürdü. Orada pul sandıqları və tacirlər müşahidə olunurdu. Əqil yenə də öz istəyini israrla almağa çalışırdı. Həzrət Əli (ə) Əqilə buyurdu: “Əgər öz fikrində israrlısansa və mənim dediyimi qəbul etmirsənsə, onda sənə bir təklifim olacaq. Əgər əməl etsən, həm bütün borclarını ödəyəcəksən və həm də özün üçün artıq pul qalacaq.
-Hansı işi görüm?
-Aşağıda pul sandıqları var, sakitlik olan kimi get aşağı sandıqları sındır və nə qədər istəyirsən pul götür!
-Sandıqlar kimindir?
-Bazarda çalışan tacirlərindir, pullarını o sandıqlara qoyurlar.
-Təəccüblüdür! Mənə məsləhət verirsən ki, camaatın min bir əzabla qazandığı pullarını oğurlayım?!
-Onda sən mənə necə təklif edirsən ki, müsəlmanların beytül-malından sənə pul verim? Bu pullar və bəs kimindir? Bu pullar da müsəlmanlarındır ki, evlərində rahat və arxayın yatıblar. İndi ayrı bir təklifin yoxsa, bu təklifi qəbul et.
-Daha nə təklif?
-Əgər hazırsansa həm mən, həm sən qılıncımızı götürək Kufə yaxınlığındakı qədim şəhər olan Hirə gedək. Orada çoxlu tacir və pullular var. Gecə birlikdə gedək onlardan birinə hücum edək və çoxlu mal-dövlət əldə edək.
-Əziz qardaşım! Mən bura oğurluğa gəlməmişəm ki, sən mənə bu təklifləri verirsən. Mən deyirəm ki, icazə ver sənin ixtiyarında olan beytül-maldan mənə versinlər və mən də öz borcumu ödəyim.
-Əksinə, bir nəfərin malını oğurlamaq, yüzlərlə müsəlmanın malını oğurlamaqdan daha yaxşıdır. Necə olur ki, bir nəfərə qılıncla hücum edib pulunu almaq oğurluq olur, amma bütün müsəlmanların pulunu aparmaq oğurluq olmur? Sən elə fikirləşirsən ki, bir nəfər o birinə hücum çəkib pulunu almaq oğurluqdur. Amma ən pis oğurluq, sənin mənə təklif etdiyin oğurluqdur. (Biharul-ənvar, 9/613).

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



1000 بازدید
در حال ارسال اطلاعات...