Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2014

Şirvanşahlar saray kompleksi

Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə tikilmiş kompleksdir. Bakının mərkəzində, İçərişəhərdə yerləşən saray kompleksi Yaxın Şərqin ən görkəmli memarlıq abidələrindən biridir. Kompleksə Şirvanşahlar sarayı, Divanxana, Kеyqubаd məscidi, Şirvanşahlar türbəsi (1435-1436), Şah məscidi (1441), Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası (1585), saray hamamı və ovdan daxildir. 1964-cü ildən muzey-qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafizə olunur. 2000-ci ildə YUNESKO tərəfindən İçəri şəhər və Qız qalası ilə birlikdə Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.
Şirvanşahlar memarlıq kompleksinin aşağı həyətində yerləşmiş Şirvanşahlar türbəsi ilə Şah məscidi birlikdə, yuxarı həyətin memarlıq kompleksindən fərqlənən, kiçik bir tikinti kompleksi yaratmışdır. Düzbucaqlı prizma formasında olan Şirvanşahlar türbəsinin Şərq fasadı portal (baştağ) kompozisiyası ilə qeyd edilmiş və dekorativ ünsürlərlə bəzədilmişdir. Bu binanın ifadəli görkəm almasına kompozisiya aydınlığı və memarlıq formalarının ciddiliyi səbəb olmuşdur. Türbə tikintisində işıq kölgə ləkələrinə, şaquli memarlıq hissələri ilə üfüqi formalar arasındakı kontrastlığa və ustaların məharətlə yaratdığı daş üstündəki oymalara geniş yer verilmişdir.
Binanın daxili hissəsi çatma günbəzlə nəhayətlənib. Cənub və Şimal tərəflərdə yerləşmiş xidmət otaqları tağtavanla örtülmüşdür. Şimal tərəfdəki otaqda dama aparan dolama pilləkənlər yerləşdirilmişdir. Daxili quruluşun əsas hissəsi salona verilmişdir. Salonun divarlarında çatmatağlı dərin taxçalar yerləşdirilmişdir. Salonun üstü itibucaqlı təpəsi olan günbəzlə örtülmüşdür. Bu günbəz kürəvi formalı yelkənlər üzərində yerləşdirilmişdir. Günbəzin daxili səthi zərif dilim hissələrə parçalanmışdır. Salonun Qərb tərəfindəki iki kiçik otaqda türbə əmlakı saxlanırmış. Salonun ciddi üslublu memarlıq görkəmində nəzərə çarpan cəhət interyerlə qamətli günbəzin düzgün nisbətdə tikilməsidir. Günbəz vaxtilə firuzəyi kaşı lövhələrlə örtülü olmuşdur.
Bu türbəni fərqləndirən