Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Vəhabi suallarına cavablarımız

Sual 1:Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur və ovcumuzdakı dəstəmaz suyu ilə (təri) ilə başın qabağına məsh çəkirik, ayaqlarımızın üstünə də əlimizdə qalmış dəstəmaz təri ilə məsh edirik; amma sünnilər bizdən fərqli olaraq, (bəziləri) başa qulaqlarla birlikdə məsh edir, ayaqları isə məsh əvəzinə yuyurlar?

Cavab:On iki imamçı şiələrlə sünnilər arasında bəzi vacib dəstəmaz hökmlərində fərq var:

1.Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bə’ziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.[1]Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.[2]

2.Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.[3]

3.Bizim fiqhdə başın qabağını məsh etmək vacibdir. Amma bu barədə sünnilər arasında fikir ayrılığı var. Bildiyiniz kimi, sünni məzhəbi maliki, hənbəli, hənəfi, şafei olmaqla dörd qrupa bölünür.

Hənbəlilərin fikrincə, bütün başa qulaqlarla birlikdə məsh edilməlidir. Onlar qulaqları başa aid edir və bu barədə rəvayət də göstərirlər.[4]

Hənəfilərin fikrincə, başın dörddə birini məsh etmək vacibdir.

Şafeilərin əqidəsinə görə, hər nə qədər olsa başın bir hissəsinə məsh çəkmək vacibdir.[5]

Sünnilərin bəziləri isə belə hesab edirlər ki, məsh əvəzinə baş yuyulsa və ya ona su tökülsə, kifayət edər.[6]

4.Şiə fiqhinə görə ayaqların üstünə məsh çəkmək vacibdirsə, sünnilər yekdil olaraq ayaqların yuyulmasını vacib hesab edirlər.[7]

Beləcə, şiələrlə sünnilər arasında dörd məsələdə fikir ayrılığı var:

1.Biz üzün yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bizim dəlilimiz Peyğəmbərin (s) dəstəmazda üzünü yuxarıdan aşağıya yumasını bildirən rəvayət və imamın (ə) əmrini çatdıran hədisdir: “Üzünüzü yuxarıdan aşağıya yuyun”[8].

Sünnə əhli isə bildirir ki, “fəğsilu vucuhəkum”( “üzünüzü yuyun”) ayəsi[9]üzü yumağı əmr etmiş və yuxarıdan aşağıya yumaq məsələsinə toxunmamışdır. Onların fikrincə, üzün necə yuyulması barədəki rəvayətlər bu hökmü vacib yox, müstəhəb edə bilər.

2.Biz əlləri yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bu hökm üçün dəlilimiz həzrət Peyğəmbərin (s) dəstəmazda əllərini yuxarıdan aşağıya yumasını nəql edən rəvayət və imamın (ə) uyğun ayənin təfsiri zamanı bir buyuruğudur: “Əllər yuxarıdan aşağıya yuyulmalıdır.”[10]

3.Biz başa məsh edilməsini vacib və müəyyən bilirik. Sünnilər isə hətta öz aralarında bu barədə fərqli əqidədədirlər. Başın qabaq hissəsinin bir miqdarına məsh çəkilməsi barədə rəvayətlərdən birində Zürarə imam Baqirdən (ə) soruşur: “Başın və ayaqların bir hissəsinə məsh çəkilməsini haradan bilirsiniz?” İmam buyurur: “Ey Zürarə bu hökmü Allahın Rəsulu (s) buyurmuş və bu barədə ayə nazil olmuşdur. Allah “üzünüzü yuyun” buyurduqdan sonra sözünə davam edərək “başınıza məsh edin” əmr etmişdir. “Bi ruusikum” kəlməsinin əvvəlindəki “bi”-hərfindən başa düşürük ki, məsh başın bə’zi hissəsinə aiddir.”

Beləcə, ayənin özündən də məlum olur ki, başın bir hissəsinə məsh vacibdir. Amma sünnə əhli uyğun ayəni fərqli anladığından öz aralarında ixtilafa düçar olmuşlar. Onlardan bəziləri belə bir rəvayət nəql edirlər ki, həzrət Peyğəmbər (s) əlini qabaqdan arxaya və təkrar arxadan qabağa gətirməklə bütün başa məsh çəkirmiş.[11]Başqa bir rəvayətdə isə qulaqların da başdan hesab edildiyi bildirilir.[12]Digər bir rəvayətdə isə şəhadət (səbbabə) barmağın qulağa daxil edilib, orta barmağı qulağa çəkmək lazım bilinir.[13]Amma bu hökm müstəhəb hesab edilir.

Uyğun ayədən görünür ki, üzün yuyulması ilə başa məsh çəkilməsi arasında əsas fərq “bi”-hərfidir. Sünni alimlərindən bir çoxu “bi” hərfini “bəzi” mənasında qəbul etsələr də, bəzi alimlər həmin mənanı təsdiq etmirlər.[14]

4.Şiələr ayaqlara məsh çəkilməsini vacib bilirlərsə, sünnilər yekdil şəkildə ayaqların yuyulmasını vacib hesab edirlər.

İstinad etdiyimiz ayəyə bir daha nəzər salaq. “Maidə”, 6: “ya əyyuhəlləzinə amənu iza qumtum iləs-səlati fəğsilu vucuhəkum və əydidəkum iləl-mərafiqi vəmsəhu biruusikum və ərculəkum iləl-kəbəyn.” Ayənin tərcüməsi: “Ey iman gətirən kəslər namaza durduğunuz vaxt üzünüzü və dirsəyədək əlinizi yuyun; başınıza və dikinədək ayağınıza məsh çəkin.” Şiələr ayəni yuxarıdakı kimi tərcümə etmişlər. Amma sünnilər belə hesab edirlər ki, “yuyun” əmri baş və ayağa da aiddir. Ona görə də ayəni belə tərcümə edirlər: “Üz və əllər kimi ayaqlarınızı da yuyun.” Cavab olaraq deməliyik ki, ayədə yuyun əmri yalnız üz və əllərə aiddir. Ərəb dilinin qrammatikasından xəbərdar olanlar deyilənləri daha yaxşı anlaya bilərlər.

Sual 2:Nə üçün şiələr gündəlik (yovmiyyə) namazları üç vaxtda, sünnilər isə beş vaxtda qılırlar?

Cavab:Həqiqətən də, gündəlik namazların beş vaxtda qılınması bildirilmişdir və həzrət Peyğəmbər (s) çox zaman namazlarını beş vaxtda qılmışdır. Şiə fiqhinə görə də namazı beş vaxtda qılmaq fəzilətlidir. Amma “Səhihe Müslim”[15]və “Səhihe Buxari”[16]də göstərildiyi kimi, həzrət Peyğəmbər (s) bə’zən günorta və ikindi, eləcə də, şam və xiftən namazlarını ardıcıl qılmışdır. Sünnilərin “Töhfətul-ixvan” adı ilə tanınmış kitabında da bu rəvayət nəql olunur: “İbn Abbasdan soruşdular ki, nə üçün Peyğəmbər (s) günorta və ikindi, şam və xüftən namazlarını bir yerdə qıldı? İbn Abbas dedi: Allahın rəsulu öz ümmətindən bir nəfərin də əziyyət çəkməməsini istədi.”[17]

Sual 3:Nə üçün şiələr sübh namazı üçün yalnız fəcr tülusu zamanı, sünnilər isə həm tüludan bir saat əvvəl, həm də tülu vaxtı azan verirlər?

Cavab:Şiə fiqhində bütün hökmlər Qur’ana, Peyğəmbərin (s) göstərişi və əməllərinə əsaslanır. Fəqihlər bütün bu bilikləri məsum Əhli-beyt (ə) vasitəsi ilə əldə edirlər. Kimsə öz təsəvvürünə və istəyinə əsasən ibadət ixtira edə bilməz. Şiə fəqihlərinin əlində tüludan qabaq azan vermək barədə heç bir dəlil yoxdur və bu işi bidət, haram sayırlar. Amma sünnilər öz kitablarındakı bə’zi rəvayətlərə[18] əsaslanaraq, tüludan qabaq azan verir və bildirirlər ki, bu azan obaşdanlığa durmaq, gecə namazı qılmaq, qüsl vermək istəyənləri oyatmaq üçündür.[19]

Sual 4:Nə üçün biz şiələr azan və iqamədə “əşhədu ənnə əmirəlmö’mininə əliyyən vəliyyullah” deyirik və sünnilər bizə etiraz edərək soruşurlar ki, məgər Allahın vəlisi (imamı, təyin etdiyi rəhbər) var?

Cavab:Şiə fiqhində belə bir rəvayət var ki, tövhid və həzrət Məhəmmədin (s) risalətinə şəhadət veriləndə həzrət Əlinin (ə) vilayətinə (imamlığına) də şəhadət verilsin. Rəvayətlərdən məlum olur ki, əvvəlki iki şəhadət üçüncüdən ayrı deyil və bu şəhadətlər arasında bağlılıq var. Azan və iqamə haqqındakı rəvayətlərdə bunun təkid olunmaması, zahirən, onun qeyri-zəruriliyi ilə yox, hansısa bir maneə ilə bağlıdır. Bütün bunlara baxmayaraq, imamət və vilayətə şəhadət şiələrin əsas şüarlarındandır və on iki imamçı şiələr lap qədimdən bu şüarla tanınmışlar.

“Tövzihil-məsail” risaləsində buyurulduğu kimi, həzrət Əlinin (ə) vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyil. Biz şiələr bu şəhadəti vacib hesab etməklə deyil, təbərrük məqsədi ilə deyirik. Əlinin (ə) vilayətinə şəhadət verməyimizin mənası budur ki, Məhəmməd (s) Allah tərəfindən peyğəmbər seçildiyi kimi, Əli (ə) də Allah tərəfindən imam seçilmişdir.

Amma sünnə əhli vilayət və imamət inancına müxalif olub, Əlinin (ə) imamətini təsdiq edəcək sözləri dilə gətirmirlər. Çoxlarına hətta başqa mənalar bildirən “əli” kəlməsini işlətmək ağır gəlir. Şiələr Quran tilavətini başa çatdırdıqda “sədəqəllahul-əliyyul-əzim” deyirlər. “Bəqərə” surəsinin 255-ci ayəsindəki “huvəl-əliyyul-əzim” – “Odur ən uca və böyük varlıq” ifadəsində “əliy” Allahın ucalıq sifətini bildirir və həzrət Əli (ə) ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, “əli” sözündən çəkinərək sünnilər hətta Quran tilavətindən sonra “sədəqəllahul-əzim” deyirlər.



[1]“Urvətül-vusqa”, dəstəmazınəməllərifəsli

[2] “Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, “Əl-fiqh ələl məzahibil-ərbəə” 1-cicild, fəraizulvuzusəh. 54. “Səlatul-mumin”, əl-Qəhtani,,Əl-qəhtani c. 1, s.41-42.

[3]“Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, “Əl-fiqh ələl məzahibil-ərbəə” 1-cicild, səh. 65. “Səlatul-mumin”, əl-Qəhtani,,Əl-qəhtani c. 1, s.41-42.

[4]“Səlatul-mumin”, əl-Qəhtani,,Əl-qəhtani c. 1, s.45.

[5] “Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 36-37, “Əl-fiqh ələl məzahibil-ərbəə” 1-cicild, fəraizulvuzusəh. 53. “Səlatul-mumin”, əl-Qəhtani,,Əl-qəhtani c. 1, s.42-46.

[6]həmin mənbə

[7]həmin mənbə

[8]“Vəsailüş-şiə”, 15-ci fəsil, hədis-22.

[9]“Maidə”, 6

[10]“Vəsailüş-şiə”, 19-cufəsil, hədis-1.

[11]“Səhihe-Buxari”, h.185, Səhihe-Müslim, hədis-235.

[12]“Səlatul-mumin, əl-Qəhtani”, cild -1, s.45

[13]həmin mənbə, s. 42

[14] “Əl-fiqh ələl məzahibil-xəmsə”, c. 1, s. 65.

[15]Babul-cəmibeynəs-səlateyni, hədis 705, səh-314.

[16]Səhih Buxari, kitabul Məvaqit, babutə`xiriz-zöhriilələsri, hədis 543 vəbabulvəqtil-məğrib, hədis 562 vəəbvabut-tətəvvui, fəsl 30, hədis 1174.

[17]“Töhfətul-ixvan”, Ben Baz, s. 174

[18]Səhih Buxari, Kitabuləzan, bab 13, əl-əzanqəbləlfəcr, hədis 621.

[19]“Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, c. 1, s.149vəəl-fiqhuələlməzahibilərbəəti, cild 1, şürutiləzan, səh-314.


Nur-az.com

 



1254 بازدید
در حال ارسال اطلاعات...