Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Günahın təsirləri

Günah dedikdə itaətsizlik, qanunu pozmaq, dünyanın təbii nizamına qarşı qiyam mənaları nəzərdə tutulur. Bu baxışa əsasən, yaranış aləminin tam qanuni zərurətlərini görməməzliyə vuran şəxs günahkar sayılır. Çünki yaranış nizama əsaslanır, hər bir nizam qanundan qaynaqlanır. Qanunsuzluq özü günahdır və günah xaliqə qarşı üsyan kimi başa düşülür. Bu gün bəşəriyyət mənəviyyat qaynağından uzaqlaşaraq itaətsizliyə üz tutmaqla yerdə və göydə bir çox bəlalar ərsəyə gətirmişdir. İnsan isə faciəyə düçar olmasının səbəbini anlamır. Doğrudan da, bəşəriyyət nə üçün bir bu qədər bəlaya düçar olmuşdur? Hansı bəladan danışaq?
Bəzən dəhşətli bir sel şəhərləri və əkin sahələrini xaraba qoyur, sunami şəklində cənub-şərqi Asiya sahillərini bürüyür, milyonlarla insan ev-eşiksiz qalır;
Bəzən göy yerə açılmış bacalarını bağlayır, yaşıl aləm dodağını islatmaq arzusunda qalır. Quraqlıq, qəhətlik, aclıq, məcburi mühacirətlərlə sonuclanır;
Bəzən od, bəzən külək, bəzən torpaq sürüşməsi, bəzən su elə fəlakətlər yaradır ki, buna savaşlar, qətl-qarətlər də əlavə olunsa bəşər nəslinə son qoyular.
Əgər bu hadisələrin, təbii və qeyri-təbii bəlaların səbəbini araşdırsaq belə bir qənaətə gələrik ki, biz öncədən yolumuzu seçmişik: Mənəviyyatdan uzaqlaşmaq!
Bu iddia üçün sözsüz ki, dəlillərimiz var. Birinci dəlil tam məntiqi və asan anlaşılandır: Hər kəs əkdiyini biçir. Yəni müsibət əkən, torpağa günah toxumu səpən rahatlıq və xoşbəxtlik görmür. İkinci dəlil vəhy və məsumların buyurduqlarında əks olunur. İslami mənbələrdə bəd əməllərin acı nəticələrinə aşkar işarələr var. Qarşıdakı söhbətlərimizdə deyilənlər ətraflı şəkildə açıqlanacaq, günahın təsirləri araşdırılacaq:

1. Müsibətlər
İtaətsizlik və azğınlıq müsibət və bəlalarla sonuclanır. Allah-təala buyurur: “Anlamadılarmı ki, onlardan öncə bir çoxlarını məhv etdik? Hansı ki, onlara yer üzündə sizə vermədiyimiz imkanı vermişdik. Onlar üçün yağış yağdırır, yaxınlıqlarından çaylar axıdırdıq. Sonra günahlarına görə onları məhv etdik və başqa bir dövrün insanlarını yaratdıq.”
Məsum imamlar da bu nöqtəyə işarə etmişlər. İmam Sadiq (ə) buyurur: “Allahın çətinliklərindən gecə-gündüz Onun özünə pənah aparın.” Rəvayətçi deyir ki, çətinliklər deyərkən imamın nəyi nəzərdə tutduğunu soruşdum. Həzrət (ə) buyurdu: “İtaətsizliklərinə görə bəndələrin tutulması.”
Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur: “Agah olun, bilin ki, günaha batmadan bir damar titrəməz, heç bir müsibət və xəstəlik qarşıya çıxmaz. Allah buyuruğunun məfhumu yalnız budur ki, sizə üz tutan hər bir müsibətin səbəbi sizin öz əməllərinizdir. Amma Allah sizin çox xətalarınızı bağışlayır.” Sonra İmam (ə) buyurur: “Hər halda Allah daha çox bağışlayır, nəinki cəzalandırır!”
İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə deyilir: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Şadlıq zamanı elə gülmə ki, dişlərin görünsün. Günaha yol verən kəs gecə göndəriləcək ilahi əzabdan heç vaxt amanda qalmayacaq.”

2. Ruzinin azalması
Günah ruzini azaldır və dünyanı insana dar edir. İmam Baqir (ə) buyurmuşdur: “Allahın bəndəsi günaha batdığı vaxt ruzinin azalması bəlasına düçar olar.” İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, günah bəndəni ruzidən məhrum edən səbəbdir.” İmam Baqir (ə) buyurmuşdur: “İnsanlar günaha batdığında ruzi onlardan uzaqlaşır.” Sonra İmam (ə) bu ayəni tilavət etmişdir: “Bir dəstə and içdi ki, sübhlər bağın məhsulunu yığarıq. Amma “inşaəllah” demədilər. Onlar yuxuda olduğu vaxt Allahın istəyi ilə bəla bağı məhv etdi.”

3. Yağıntının azalması, quraqlıq
Yağış təbii nemətlərdəndir. O quru torpağı isladıb, gülüstana çevirir. Torpağın yağışdan öz payı var. Haraya nə qədər yağış yağması iqlimdən asılıdır. Amma bəzən göyün üzü elə bağlanır ki, təbiətin dodağı quruyur. Əlbəttə ki, bunun səbəbləri var.
Göyün yerdən küsmə səbəblərindən biri insanların günahkarlığı, Allah qanunlarına qarşı qiyam qaldırmasıdır.
Əbu-Həmzə imam Baqirin (ə) dilindən belə nəql edir: “Heç bir ilin yağış payı o biri ilkindən az deyil. Amma yağışı istədiyi yerə yağdıran Allahdır. Allah günahkar insanların yağış payını kəsib, onu dağlara və dənizlərə yağdırır. İnsanlar günah etdikləri yerdə Allah təzək qurduna əzab verər, yağışı kəsər və onu günaha yol verilməyən yerlərə yağdırar.” Sonra həzrət (ə) buyurdu: “Ey bəsirət sahibləri, ibrət götürün!” (İnsanların günahına görə dili bağlı canlı cəzalandırılırsa, günahkarların halı necə olacaq?!)

4. Nemətin kəsilməsi, bədbəxtçiliyin gəlməsi
Yer üzünün əhatəli iqlimi ilahi kərəmin geniş süfrəsidir. Bütün məxluqun, güclü və zəif varlıqların bu iqlimdən payı var.

Onun süfrəsidir bütün yer üzü,
Yaxşı, yaman yeyir, hələ yox sözü.
Bu süfrə o qədər genişdir, inan,
Quş da dənsiz qalmır yol gedən zaman,
Təpərsiz canların yoxsa da sayı,
Hərənin ruzidən vardır öz payı.

Bununla belə, günahkar nemətin kəsilməsi ilə cəzalandırılır. İndi isə uyğun müddəanın təsdiqi üçün Səmaə və Əbu-Əmrdən nəql olunmuş rəvayətlərə nəzər salaq:
a) Səmaə deyir: İmam Sadiqdən (ə) belə buyurduğunu eşitdim: “Allah öz bəndəsinə nemət əta etmir ki, özü həmin neməti geri alsın. Bəndə günaha batır və bu səbəbdən nemət kəsilir.”
b) Əbu-Əmr Mədaini imam Sadiqin (ə) dilindən belə nəql edir: “Atam imam Baqir (ə) buyurdu: Həqiqətən, Allahın qərarı budur ki, bəndəsinə əta etdiyi neməti ondan almasın. Bəndə yalnız günaha yol verməklə Allahın qəzəbinə gəlir. (Günaha yol verib özünü nemətdən məhrum edir.)”

5. Mədəniyyətlərin viran qoyulması, abadlıqların xaraba qalması
Yer kürəsi neçə yüzilliklər, minilliklərdir ki, ömür sürür. Bu müddətdə saysız hökmranlar, hakimlər, sultanlar və imperatorlar gəlib getmişdir. Onlar əbədilik eşqi ilə uca qəsrlər inşa etmişlər, amma bu qəsrlərdən çoxlarının məhv olub getdiyi göz qabağındadır. Babil bağları, Çin səddi, Misir ehramları bu qəbildəndir. Əksər imarətlər isə bəlalar, təbiət hadisələri nəticəsində uçulub-dağılmışdır.
Əgər desək ki, tarixi tikililər zaman ötdüyü üçün viran qalmışdır, bunu da unutmamalıyıq ki, bir çox tarixi əsərlər zamana görə yox, insanların günahlarına görə məhv olmuşdur. Çünki abadlığın viran qalması günahın acı sonluqlarından biridir. Məsələn, bir vaxt Sasani imperatorlarının taxt-tacı yerləşmiş bu günki Mədain xarabalıqlarına ibrət gözü ilə baxmaq lazımdır. Həmin əzəmətli sarayın qalıqlarına Xaqani Şirvani ilə birlikdə nəzər salmaq lazım gəlir:

Ey könül, nəzər sal ibrət gözüylə
Mədain gözəli hardadı söylə?
Çağır o gözəli göz yaşlarınla,
Cavab batindədir, gözünü bağla.
Bu qəsrin hər tacı ibrətdir, ibrət,
Qoy danışsın sənə nədir cinayət.
Zalımların zülmü uçurdu bizi,
Qəsri uçan sultan nə çəkdi özü!
Göylərin hökmüylə uçan imarət
Başqa bir hökmlə tapmaz dəyanət.
Bu torpaq şahları çəkdi kamına,
Dayanmaz, hərisdir zalım qanına.

Bəli, Fironun, Kəsranın bütün müstəbid sultanların sarayları torpaqla bir oldu. Bu mədəniyyətlərin məhv olmasının səbəbi həm zaman, həm də günahkarların əməlidir. İmam Musa ibn Cəfər (ə) buyurur: “İçərisində günahlar edilən abadlıqlar Allah tərəfindən viran qoyulmağa layiqdir. Onlar xaraba qaldıqdan sonra pak günəş heç bir maneəsiz torpağın üzünə gülür və onu günahdan paka çıxarır.”
Fiqhdə pakedicilərdən biri də günəşdir. Günəş öz şəfəqi ilə murdarı paka çıxarır. Rəvayətdə günahdan törəmiş mənəvi çirkinliklərin paklanmasına işarə olunur. İndi isə günah nəticəsində mədəniyyətlərin və abadlıqların məhv olmasından danışan iki rəvayətə nəzər salaq:
a) Sudəyr belə nəql edir: Qurani-kərimdə belə bir ayə var: “Dedilər ki, Pərvərdigara, bizim səfərlərimizi uzat və bununla özlərinə zülm etdilər.” Bir şəxs imam Sadiqdən (ə) bu ayə haqqında soruşdu. Həzrət (ə) buyurdu: “Onlar nemət və bir-birinə bitişik abadlıq sahibi idilər. Bir-birlərini görürdülər, sulu çeşmələri və çoxlu malları vardı. Amma nankorluq etdilər və günaha batmaqla öz vəziyyətlərini dəyişdilər. Allah da nemətlərini onlardan aldı, ora güclü bir sel göndərməklə abadlıqlarını qərq edib, mənzillərini xaraba qoydu, mal-mülklərini yoxa çıxardı, nemətli və bəhrəli bağlarını iki meşəyə çevirdi. Bu cəzanı doğuran isə onların nankorluğu idi. Ağır bir cəza nankorların intizarındadır.”
b) Həysəm ibn Vaqit imam Cəfər Sadiqdən (ə) belə nəql edir: Allah peyğəmbərlər arasından bir peyğəmbəri öz qövmünə məbus etdi. Həmin peyğəmbərə vəhy etdi ki, qövmünə desin: “Mənə itaət edib vəzifəsini yerinə yetirən insanlara bol nemət verdim. Elə ki, itaətimdən çıxıb mən istəmədiyim halda günaha yol verdilər, mən də nemətimi geri götürüb onlar istəmədiyi halda bəla nazil etdim. Kim mənə qarşı günaha yol versə günahları səbəbindən onları bəla və yoxsulluğa düçar edərəm. Günahı ibadətlə əvəz etdikdə, mən də bəlanı nemətlə əvəz edərəm. Onlara de ki, mənim rəhmətim qəzəbimdən irəlidir. Rəhmətimdən məyus olmasınlar, günahın böyüklüyü mənim mərhəmətimə mane olmur. Onlara de ki, inadkarlıq götstərib qəzəb istəməsinlər, mənim dostlarımı kiçik saymasınlar. Çünki mənim qəzəbim nazil olanda, bəlalar və müsibətlər onlara yetişəndə kimsə onun qarşısında dayanıb müqavimət göstərə bilməyəcək.” 

Nur-az.com






1280 بازدید