Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Savaş məqsədləri

Savaş məqsədlərini bir neçə cəhətdən xülasələşdirmək olar:

1. Düşmənlərin dəf edilməsi
Allah-təala buyurur: “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz!” (“Bəqərə” surəsi, ayə 190.)
Ayədən görünür ki, İslamda savaş dedikdə müdafiə nəzərdə tutulur və bu müdafiə insanların şərəi hüquqlarını qorumaq məqsədi daşıyır. Difa (müdafiə) zatən məhdud olsa da, həddi aşmamaqla mütləq olur. Savaş və cihada başlayan kəs müəyyən şərtlərə əməl etməlidir. Məsələn, haqq yola dəəvət etmədən döyüşməməlidir və döyüşə birinci başlamamalıdır. Eyni zamanda qadın və uşaqları öldürməməli və qaçan düşməni sonadək təəqib etməməlidir... (“Əl-mizan”, 2-ci cild, səh.61, ixtisarla.)
Başqa bir ayədə oxuyuruq: “Savaşa məəruz qaldıqlarına görə vuruşanlara izn verilmişdir. Allah onlara kömək etməyə əlbəttə qadirdir. O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar.” (“Həcc” surəsi, ayə 39 və 40.)

2. Zəiflərin müdafiə olunması və məzlumlara kömək
Allah-təala buyurur: “Sizə nə olub ki, Allah yolunda “Ey Rəbbimiz, bizi əhalisi zalım olan şəhərdən kənara çıxar, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla”, deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (“Nisa” surəsi, ayə 75.)
Başqa bir yerdə Allah-təala belə buyurur: “...İman gətirib hicrət etməyənlər qarşısında isə onlar hicrət etməyənədək öhdəçiliyiniz yoxdur. Lakin, əgər onlar din yolunda sizdən kömək istəsələr aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!” (“Ənfal” surəsi, ayə 72.)

3. Əhdi pozanlarla savaş
Allah təala buyurur: “Məgər siz andlarını, əhdlərini pozan, peyğəmbəri çıxarıb qovmaq niyyətində olan, üstəlik sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınızmı?” (“Tövbə” surəsi, ayə 13.)
“Əhdi pozan” dedikdə kimin nəzərdə tutulması ilə bağlı ixtilaf var. Bəəziləri deyirlər: “Burada Əhzab döyüşündə əhdi pozan və Məkkə müşriklərinin yolunu gedib peyğəmbəri Mədinədən xaric etmək istəyən yəhudilər nəzərdə tutulur. Bəəziləri isə hesab edirlər ki, bu şəxslər birinci dəfə əhdi pozan Məkkə əhalisi və qüreyş kafirləri idi. (“Məcməul-bəyan”, 5-ci cild, səh.22.)

4. Fitnənin qarşısının alınması
Allah-təala buyurur: “Müşriklərin fitnəsi aradan qalxanadək və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun, əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa, (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik yalnız zülm edənlərə qarşı olur.” (“Bəqərə” surəsi, ayə 193.)
Digər bir yerdə Allah-təala belə buyurur: “Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, ədalətli şəkildə onlara eəlan et ki, əhdləri pozulmuşdur; çünki Allah xainləri sevməz!” (“Ənfal” surəsi, səh.58.)
Bu və digər ayələrdən məlum olur ki, savaş xüsusi hallarda hökm olunan bir istisnadır. Başqa hallarda İslam öz müxaliflərini yaxşılıq və ədalətə dəəvət edir. Bu isə sülhün ən uca mərtəbəsi və dinlər arasında əmin-amanlıqdır. Allah-taala buyurur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!” (“Mumtəhinə” surəsi, ayə 8.)
İslam müsəlmanları sülh məsələsinə yenidən baxmağa və ilk fürsətdə müxaliflərlə savaşdan əl çəkməyə çağırır: “Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.” (“Nisa” surəsi, ayə 90.)

Nur-az.com


1651 بازدید
<