Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2013

Naməhrəmlə münasibət

İslam düşmənlərinin mühüm məqsədlərindən biri dini mədəniyyət və həyat tərzinin dəyişdirilməsidir. Bu işi ideoloji müharibə müstəvisində çox dəqiq proqramla icra edirlər. Bu proqrmlar reallaşdıqda mədəniyyətimizdəki bir sıra pis əməllər yaxşı qələmə verilir, haramlar halal görünür. Belə getsə cəmiyyətimizdə İslam mədəniyyəti və dini həyat tərzi böyük təhlükə ilə üzləşəcək. Bu dəyərlər qərb cəmiyyətinin özündə süquta uğradığı zaman bizim cəmiyyətlərə hakim edilir.
Düşmənlər qəzet-jurnal, kino-teatr, televiziya, internet, peyk şəbəkələri və bütün digər vasitələrlə öz çirkin niyyətlərini həyata keçirməyə çalışırlar. Bu təbliğat imkanları cəmiyyətə zərbə üçün əsas yoldur. Təəssüf ki, bu təbliğat vasitələrindən, xüsusilə peyk şəbəkələri və internetdən istifadə edən ailələr övladlarına nəzarətdə səhlənkarlığa yol verirlər. Peyk kanalları ilə yayımlanan uzan-uzadı seriallara heyranlıqla tamaşa edənlər hətta övladlarının onlarla yanaşı oturduğundan xəbərsiz qalırlar. İnformasiya texnologiyaları üzrə mütəxəssislərdən biri deyir: "Aparılan sorğulardan məlum olub ki, qadınların iyirmi faizi, kişilərin on faizi öz geyim formasını baxdığı filmlərdən, internetdən götürür.
Bütün dini təbliğat mərkəzləri, ideoloji sahələrdə çalışanların bu sahədə vəzifələri var. Biz öz mədəniyyətimizə uyğun proqramlar hazırlamalı, cəmiyyəti azdırıcı şəbəkələr əvəzinə bu proqramlara cəzb etməliyik. Əlbəttə ki, görüləcək işlərdən mühüm biri cəmiyyətə təbliğat vasitələrinin təhlükəsini anlatmaqdır. Göz qabağındadır ki, İslama düşmən mərkəzlərin iş proqramlarında dini həyat tərzinin dəyişdirilməsi əsas hədəflərdəndir. Onlar bu yolla sonda İslamı səhnədən çıxarmağı nəzərdə tuturlar.
Müsəlman məmləkətlərinin əksərində, hətta laik dövlət üsul-idarələrində cəmiyyət dini mədəniyyəti yaşadır, adət-ənənələrə riayət edir. Düşmən müsəlman cəmiyyətlərində hicabın, əxlaqi dəyərlərin səhnədən çıxarılması üçün layihələr həyata keçirir. Açıq-saçıqlıq, qərb stilində geyim ciddi təbliğ olunur. Onlar İslam hökumətlərini nüfuzdan salmaq, xalq arasındakı mədəniyyəti məhv etmək istəyirlər.
Dini mənbələrə əsasən İbrahimi dinlərdə (İslam, məsihilik, yəhudilik) hicabla bağlı müştərək qanunlar var. Dünyanın əksər qərəzsiz mütəfəkkirləri bu fikirdədirlər ki, hicab qadın ruhuna misilsiz müsbət təsir göstərir. Hicab qadının gövhəridir. Bəs necə olur ki, müsəlman qadın hicabsızlığı, açıq-saçıqlığı özünə həyat tərzi seçir?
Bəziləri iddia edir ki, hicab şəxsi işdir və onu ictimailəşdirmək olmaz. Bu iddia ilə istər həyatda, istər televiziyada hicabsızlığı mümkün sayırlar. Bünövrəsi televiziya şəbəkələrində qoyulan bu biganəlik sonradan həyatda özünü göstərir.
Aparılan sorğulara əsasən günün dəbində, rəngarəng, açıq geyinən qadınlar psixoloji bir gərginlik yaşayırlar. Onlarda özünü göstərmək marağı o qədər güclü olur ki, qəlb rahatlığını əldən çıxarırlar. Bu tip qadınlar üçün ən qorxulu fikir cəmiyyətdən geri qalmaqdır. Onlar bu geriliyi aradan qaldırmaq üçün öz zahiri görkəmləri ilə diqqət mərkəzində qalmağa çalışırlar. Zinət əşyalarında istifadə edir, bəzənib-düzənir, günlərini gözəllik salonlarında keçirirlər. Onlar öz ruhi itkilərini bu yollarla tapmağa çalışırlar. Özləri ilə birlikdə ətraflarını da fəsad bataqlığına çəkirlər. İnsani dəyərlərdən xəbərsiz belə qadınlar öz zahiri görkəmləri üzərində gecə-gündüz işləməklə daxili istəklərinə cavab vermək istəyirlər.
Qadın gözəl bir rəsm əsəri kimi daim gözlərdən yağan oxların hədəfindədir. O bu işi ilə nəinki gözəlliyinə müştəri tapa bilmir, hətta hər saat əvvəlkindən daha dəyərsiz olur. Olsun ki kimlərsə bu saxta əsər qarşısında təbəssüm nümayiş etdirsin, onlara gözəllik müsabiqəsinin mükafatı verilsin. Amma bir qadının cəmiyyətə bağlı gözəlliyi naməhrəmlər qarşısına çıxarılırsa bu elə bir məğlubiyyətdir ki, onu heç bir mükafatla aradan qaldırmaq olmaz. Qadının dəyəri onun geyimində deyil. O nə qədər müasir geyinsə də örtüksüzlük onun üzərində bir möhür olaraq qalır.
Bəs iki müxalif cins arasında hansı məhdudiyyətlər var? Bu münasibətlərdə ifrat və təfrit müşahidə olunur. Bəziləri hətta bacı-qardaş arasında münasibətləri məntiqə sığmayan bir həddə məhdudlaşdırırlar. Bəziləri də əksinə cinsi münasibətlərdə hətta bacı-qardaş məhdudiyyətini yersiz sayırlar. İslam mötədil, orta hədd gözləyən dindir. Bəqərə surəsinin 143-cü ayəsində oxuyuruq: "(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhisəllam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir." Digər tərəfdən Alla-Taala müxalif cinslər arasında münasibəti ən gözəl şəkildə tənzimləmişdi. Baxış, danışıq, bədən təması sahəsində insanın təkamülü üçün faydalı olan bütün normalar nəzərdə tutulmuşdur.
İslamda insanın şəhvətini qıcıqlandıran təsvir və səhnələrə baxmaq haramdır. Nur surəsinin 30-31-ci ayələrində buyurulur: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!; Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)"
Təqva yolunda ən mühüm işlərdən biri gözü qorumaqdır. Bununla bağlı müəyyən göstərişlər də yer alıb. Həzrət Əli (ə) buyurub: "Şəhvəti cilovlamaq yolunda harama göz yummaq ən təsirli işdir." Başqa bir məqamda həzrət buyurur: "Əgər gözünü cilovlaya bilsən heç vaxt zina təhlükəsi ilə üzləşməzsən." Həzrət Məsih buyurur: "Rəva olmayan bir şeyə baxmamalısan. Nə qədər ki, gözünü qoruyursan zinaya getməyəcəksən. Əgər naməhrəm qadının libasına belə baxmamağı bacarırsansa bu işi gör."
Təbii ki, şəhvəti alovlandıran səhnələrə baxan şəxs təmas ləzzəti ala bilmir. Amma bu baxış onun qəlbindəki aramlığı aradan qaldırır, bir tonqal çatır. Amma baxışına nəzarət edə bilən insanın qəlbində aramlıq var. Həzrət Əli (ə) buyurur ki, gözünü naməhrəmə qapaya bilən şəxs öz qəlbini rahatlaşdırmışdır.
İnsan Allahın tövfiqi, yardımı ilə iman ləzzətini dadır. İmam Sadiq (ə) buyurur: "Xəyanətkar baxış şeytanın zəhərli oxlarındandır. Allahın razılığı xatirinə bu baxışlardan imtina edən şəxsə iman əta olunar, bu şəxs imanın ləzzətini dadar." Hətta imanı olmayan insan gözünü qoruya bilərsə zinadan uzaq olar. Bu ehtiyat imanla yanaşı olduqda Allahın razılığı əldə edilir.
Yuxarıda deyilənlərə əsasən insanın öz baxışlarına nəzarəti onu fəlakətdən qoruyur. Həzrət Əli (ə) buyurur ki, gözünü harama qapaya bilən az təəssüf edər və fəlakətdən amanda qalar.
Naməhrəmlə ünsiyyətdə əsas mövzulardan biri söhbət, danışıqdır. Naməhrəmlə söhətt insanı cinsi azğınlıqlara sürükləyə bilər. Bəzən belə söhbətlər qaçılmaz olur. Əgər bir şəxs
naməhrəmlə danışmağa məcburdursa bu işdə hədd gözləməli, söhbəti uzatmamalı, söhbət gedişində müxalif cinsə baxmamalıdır.
Həzrət Yusifin Qurani-Kərimdəki əhvalatında buyurulur: "(Yusif) Dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram." Bəli, naməhrəmlə söhbət bu qədər təhlükəlidir. Ayədən aydın olur ki, həzrət Yusif kimi yüksək peyğəmbərlik məqamında olan bir şəxs həbsxanaya getməklə özünü təhlükədən qoruyur.
Təhlükəli nöqtələrdən biri də naməhrəmlə deyib-gülmək, zarafat etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: "Naməhrəm qadınla zarafat edən insan söhbətdəki hər söz müqabilində min il cəhənnəmdə həbs ediləcək." (Biharul-ənvar)
İmam Sadiqin (ə) şagirdlərindən olmuş Əba Bəsir onun dilindən nəql edir ki, Kufədə bir qadına Quran öyrədən tələbə təsadüfən zarafat edir. Mədinədə İmam Baqirin (ə) görüşündə olanda İmam buyurur: "Xəlvətdə günaha yol verənə Allah etina etməz. O qadına nə dedin?" Tələbə deyir ki, xəcalətdən üzümü tutdum, tövbə etdim. İmam buyurdu ki, bir də bu işi təkrarlama! Mühüm nöqtələrdən biri də naməhrəmlə söhbətdə ciddi olmaq, hətta sadə danışığa yol verməməkdir. Əhzab surəsinin 32-ci ayəsində buyurulur: "Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)"
Quranda bu mövzu ilə bağlı başqa bir əhvalat həzrət Musanın əhvalatıdır. Qəsəs surəsinin 23-24-cü ayələrində oxuyuruq: "(Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında (heyvanlarını sulayan) bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) görüb dedi: “Sizə nə olub (dərdiniz nədir)?” Onlar: “Çobanlar (heyvanlarını) sulayıb getməmiş biz (qoyunlarımıza) su vermirik. Atamız da ixtiyar bir qocadır (buna görə qoyunları sulamağa biz gətiririk)”, - deyə cavab verdilər; (Musa) onlar üçün (yaxınlıqdakı başqa bir quyudan su çəkib qoyunlarını) suladı, sonra da kölgəyə çəkilib dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi)."
Müxalif cinslərin olduğu fəza insanın sağlamlığına da təsirlidir. Bu səbəbdən İslamda naməhrəmlə xəlvətdə qalmaq tövsiyə olunmur. Müxalif cinslər elə qapalı mühitdə qalmamalıdır ki, üçüncü şəxsin oraya daxil olması qeyri-mümkün olsun. İmam Sadiqin (ə) yaxınlarından olan Məhəmməd Təyyar deyir: Mədinəyə getdim, bir müddət orada qalmaq fikrim vardı. İcarə üçün ev axtarırdım. Tapdığım evin iki otağı vardı və otaqlar arasında qapı qoyulmuşdu. Otaqlardan birində gənc bir qadın yaşayırdı. Otaqlar arasında qapı olduğundan bu evi icarələmək fikrindən daşındım. Qadın dedi ki, əgər bu otağı icarələsəniz mən aradakı qapını bağlayaram. Buna razılaşsaq da, sonradan otağında havasızlığı bəhanə edib vədinə əməl etmədi. İmam Sadiqin (ə) görüşünə gedib əhvalatı danışdım. İmam (ə) buyurdu: "Oradan köç. Naməhrəm kişi ilə qadın xəlvətdə qaldıqda orada üçüncü şəxs şeytandır."
Müsəlmanın cinsi həyat tərzi müxtəlif ayələrdə öz əksini tapır. Əhzab surəsinin 53-cü ayəsində oxuyuruq: "Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra
onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!" Aydın olur ki, insan öz imanına güvənib riskli fəzaya daxil olmamalıdır.
İnsanı müxalif cinslə ünsiyyətdə qoruyan əsas amillərdən biri də hicabdır. Əhzab surəsinin 59-cu ayəsində buyurulur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir." Qadına əmr olunan zinətdən istifadə etməmək deyil, zinətləri naməhrəmlərə göstərməməkdir. Nur surəsinin 31-ci ayəsində bu nöqtəyə işarə olundu ki, zinətlərinizi aşkara çıxarmayın. Əhzab surəsinin 33-cü ayəsində oxuyuruq: "Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" Ayədən aydın olur ki, çılpaqlıq, qadının özünü nümayiş etdirməsi cahiliyyət dövrünün xüsusiyyətlərindəndir. Bunun cahiliyyət sayılmasının səbəbi odur ki, insan özünü göstərməklə yalnız sui-istifadəyə şərait yaradır. Açıq-saçıqlıq, ətirlənmək, rəngli libaslar geyinmək qadını cəmiyyətdə hədəfə çevirir.
Bədənin bədənə toxunması insanı daha çox təhrik etdiyi üçün naməhrəmlə istənilən bir təmas qadağandır. Bu mövzuda rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: "Naməhrəm qadınla əl görüşən şəxs qiyamət səhnəsinə zəncirlənmiş vəziyyətdə gətirilər. Onun cəhənnəmə atılması ilə göstəriş verilər." Həzrət Peyğəmbər (s) naməhrəmi qucaqlamaqla bağlı buyurur: "Naməhrəm qadını qucaqlayan şəxs od zəncirlərlə şeytanlara doğru çəkilər və hər ikisi oda atılar." Müxalif cinslərin rabitələri ayə və rəvayətlərdə geniş şərh olunmuşdur. Amma buna nə dərəcədə əməl edilir? Müsəlman cəmiyyətində hansı həyat tərzi hakimdir? Bu sulları cavablandırmaq üçün hicab mövzusunu araşdırmaq zəruri olur.
Qədim və müasir tarixdə hicabsızlığın acı nəticələrini əks etdirən ibrətamiz hadisələr çoxdur. Eyni zamanda hicablı qadınların cəmiyyətdə daha çox uğur qazanması ilə bağlı faktlar kifayət qədərdir. Əgər hicabsız və hicablı qadının ictimai səhnədə fəaliyyətlərini araşdırsaq hicabın müsbət təsirinə şahid olarıq. Həzrət Xədicə, həzrət Zəhra, həzrət Zeynəb kimi dini və tarixi şəxsiyyətlərin fəaliyyətləri hicabın müsbət təsirinə sübutdur.
Qadının dəyəri nə zaman yüksək olur? Cəmiyyət hicablı qadına yüksək dəyər verir, yoxsa açıq-saçıq geyinmiş qadına? Əgər hicabsız qadın müxalif cinsin diqqət mərkəzindədirsə onun mənəvi dəyərləri arxa plana keçmişdir. Belə bir vəziyyətdə qadın şəxsiyyətindən danışmağa dəyməz və o əmtəə yerini tutmuşdur. Hicabsız qadın ilahi eşqi naməhrəmlərin həvəsinə qurban verir və bu itkidən xəbər tutanda artıq gec olur. Təəssüf ki, bu gün hətta müsəlman cəmiyyətlərində kamil hicablı qadınlara rişxənd edildiyinə şahid oluruq. Həvəsbaz insanlar tikanlı sözlərlə hicabı gözdən salmağa çalışır, onu gerilik adlandırıb hicablı qadınların hicab eşqini hədəfə alırlar. İslam məktəbində insanların hicaba təşviq olunması xüsusi yer alır. Peyğəmbərlərin əsas vəzifələrində biri xəbərdarlıq və qorxutma yolu ilə insanları azğın yoldan çəkindirmək olub. Quranda 120 dəfədən artıq "qorxutmaq", 40 dəfədən artıq "müjdə" sözlərinin müxtəlif formaları işlədilib. Bir çox ayələrdə maddi və mənəvi behişt nemətləri vəsf edilir. Məqsəd insanları dini dəyərlərə təşviq etməkdir. Din yolunu gedənlərin təşviqi həm də azğın yol tutanlara xəbərdarlıqdır.
İslam təlimlərinin təbliği və müdafiəsi dindarların öhdəsinə qoyulmuş vəzifədir. Ruhanilər, ziyalılar, sənət adamları, mətbuat işçiləri bu sahədə məsuliyyət daşıyırlar. Təəssüf ki, bəzən kütləvi informasiya vasitələri hicabın təbliği əvəzinə hicaba qarşı proqramlar efirə çıxarır. Etiqadlı müsəlman ixtiyarında olan bütün vasitələrdən dini dəyərlərin yayılması üçün istifadə etməlidir. Ailə mühüm istitutdur. Cəmiyyəti təşkil edən fərdlər öncə ailədə tərbiyə olunur. Bu baxımdan hicab öncə ailədə təbliğ olunmalıdır. Valideyn nümunələr göstərməklə övladı kiçik yaşlarından hicaba həvəsləndirməlidir.
Əlbəttə ki, hicabla bağlı ən böyük məsuliyyət dövlətin üzərinə düşüb. Təəssüflə qeyd etməliyik ki, hazırdı bir sıra müsəlman ölkələrində dövlət nəinki bu mühüm məsuliyyəti yerinə yetirmir, hətta hicaba qarşı layihələr həyata keçirir. Mədəniyyət işçiləri, maarif sahəsində çalışanlar unutmamalıdırlar ki, dövlətin dinə münasibətindən asılı olmayaraq onların üzərində dini vəzifələr var. Hicab kimi qlobal mövzunu fərdlərin öhdəsinə buraxmaq kifayət etməsə də bəzən şahid oluruq ki, bir məktəb müdirinin dini dəyərlərə bağlılığı həmin məktəbdə hicaba yol açır. İncəsənətdə də belədir. Sənətkarın əqidəsi sənət əsərində özünü göstərir. Dini dəyərlərin cəmiyyətdə yayılmasında şübhəsiz ki, dövlətin imkanları daha böyükdür və bu məsuliyyət hamıdan qabaq dövlətin üzərinə düşür.

Nur-az.com/Hawzah


1883 بازدید
در حال ارسال اطلاعات...