Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Vəhhabilik və Nurçuluq qadağan olunsunmu?

Bir-birinin ardınca ölkə gündəmini zəbt edən vəhhabilik və nurçuluq məsələsi hələ də müəmma olaraq qalır. Kiminsə nəsə gözlədiyi, nədənsə ehtiyatlandığı hiss olunur və bu da şübhələrin artmasına gətirib çıxarır.
Gülənin Azərbaycan imamının vurulması nə qədər sərt oldusa, sonrakı susqunluq ondan da artıq vahimə yaratdı. Belə yumşaq və təmkinli zərərsizləşdirmə üsulu hərifin yeddibaşlı əjdaha olduğunu göstərir. Əks təqdirdə, "ilk səhv elə son səhvdir" prinsipinə əsasən, uyğun tədbirlərin bu böyük xəyanətə heç də adekvat olmadığını iddia edə bilərik. Çünki heç bir planı olmasa belə, nə zamansa dövləti idarə etməyə qadir olan, vahid mərkəzə bağlı intizamlı bir komandanın yaradılması yetərincə böyük "cinayət"dir; elə bir "cinayət" ki, son 20 ildə partiya, hərəkat və bloklar bunu ancaq xəyallarından keçirə bilmişlər.
Bütün bunlara rəğmən, nurçuluq, yaxud gülənçilik Azərbaycana təhlükəlidirmi? Xüsusən son illərdə hakimiyyətə qarşı hər bir siyasi hərəkətin dövlətçiliyə təhlükə kimi xarakterizə edildiyini nəzərə alsaq, burada da kifayət qədər sual işarəsi ilə qarşılaşmalı olacağıq. Məsələn, Gülənin komandası nə vaxtsa Azərbaycanda hakimiyyəti ələ keçirsəydi, yaxud "çox güclü siyasətçi" olan imam həzrətləri ölkənin ikinci, üçüncü postuna yüksəlsəydi, nə baş verərdi? Azərbaycan dövləti və xalqı bundan nə qazanardı, nə itirərdi? Bu suallara ətraflı cavab vermək üçün Gülən hərəkatının siyasi və geosiyasi strategiyasını dərindən incələmək, eyni zamanda Amerika islamı faktorunu, Türkiyənin antiimperialist və antisionist islamçı lideri olmuş mərhum Nəcməddin Ərbakan amilini nəzərə almaq lazımdır. Amma nə olursa-olsun, Pensilvaniyadan "siyasi fətva" alan bir komandanın hakimiyyətə can atması təkcə iqtidar üçün deyil, xalq üçün də yaxşı heç nə vəd etmir; üstəlik, liderləri ömrünün 73-cü baharını yaşayırsa.
Nurçuluq hakimiyyətə can atan siyasi cərəyandırsa, vəhhabilik həm xilafət və darülislam xülyasıyla yaşayan, həm də rəqiblərinin fiziki məhvini düşünən dini sektadır. Nurçular sivil və zahirən hüquqi metodlardan istifadə edirlərsə, vəhhabilərdə daha geniş yayılmış üsul odlu silah və canlı bombalardır. Nurçuluq müasir dünyayla ayaqlaşan modern dini-siyasi doktrinadırsa, vəhhabizm xalqı Orta əsrlərə qaytaran mürtəce və ehkamçı təriqətdir.
Şeyximiz bu iki cərəyanın qadağan olunmasını təklif edir. Yuxarıdakı qeydlərə əsasən, bu təklif əslində gecikmiş olsa da, xüsusən vəhhabizmlə bağlı çox müsbət addım və yeganə çıxış yoludur. Ona görə yox ki, biz ölkənin ənənəvi məzhəblərindən birinə bağlıyıq. Ona görə ki, sülhə, əmin-amanlığa qarşı yönələn, digər inanclara qarşı düşmən mövqedə duran radikal dini sektalar hər yerdə qanunla qadağan olunur. Azərbaycan Respublikasının Dini etiqad azadlığı haqqında qanununun birinci maddəsində deyilir: "İnsanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır". Əlavə və dəyişikliyə ehtiyac olmadan, təkcə bu maddə ilə bütün vəhhabi camaatlarının fəaliyyətinə xitam vermək olar. Xalqın inanclarını küfr adlandıran, etiqadına görə insanlara edam hökmü nəzərdə tutan, hamını əvvəlcə gülərüzlə, sonra təhqir və təkfirlə, daha sonra isə zor gücünə və baş kəsməklə vəhhabiləşdirməyə çalışan radikal bir qrupun etiqad və əməlləri insanpərvərlik prinsiplərinə zidd deyilmi?!
Vəhhabizm, sələfizm, xəvaric, təkfirçilik, cihadçılıq – adını nə qoyursuzsa-qoyun, hamısı birdir, onları çox cüzi fərqlər ayırır – ölkəmizə ayaq açdığı gündən xalqın əqidəsini söyməklə məşğul olub: "qəbirləri ziyarət etmək küfrdür"; "Allahdan başqasından bir şey istəmək şirkdir"; "ölənlərə qəbir düzəltmək, başdaşı qoymaq bidətdir" və s.
Sonda qeyd etmək lazımdır ki, gülənçilərdən fərqli olaraq nurçuluğun Mustafa Sunqur qanadının dövlətçiliyə qarşı fəaliyyəti isbat olunmadığına görə onlara qarşı hər hansı maneə yuxarıda sözü keçən qanunun tələblərinə ziddir. Radikallığa, antihumanizmə, antitolerantlığa və zorakılığa gəldikdə isə bu prinsiplər hələ ki, vəhhabizmə xas olaraq qalır.

Nur-az.com


1265 بازدید
در حال ارسال اطلاعات...