Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Ən pis əxlaqi xüsusiyyətlər

Ən xoşagəlməz əxlaqi xüsusiyyətlərdən biri də "nifaq və ikiüzlülükdür." Azadlıq və səadətə layiq və ən yüksək məqama çatmağa qadir olan insan yalan və vəfasızlıq kimi xoşagəlməz xüsusiyyətlərə aludə olduqda, nifaq və ikiüzlülük yoluxucu xəstəlik kimi insanın bütün vücudunu bürüyür. Nifaq, insanın vücudunda bir çox əxlaqi xüsusiyyətlərin meydana gəlməsinə böyük maneə yaradır. Nəfsani təkamülün qarşısını alan hər bir şey isə ruhi təkamül və xoşbəxt həyatla kəskin şəkildə müxalifət edir.
Nifaq insanın şərəf və mənəviyyatına ağır zərbə vurur. Əxlaqi dəyərlərin aradan getməsinə səbəb olmaqla yanaşı, insanın müvəffəqiyyəti üçün zəruri olan etimadın əvəzinə qəlbə iztirab və bədbinlik toxumu səpir.
Fırıldaqçı və hiyləgər şəxslər böyük məharətlə özlərini hamıya sevdirir və xeyirxah bir insan kimi tanıtdırmağa nail olur. Ruhi bağlılığı olmadan zahirdə iki nəfər küsülünün hər biri ilə səmimi münasibətlər yaradıb riyakarlıqla birinin tərəfini saxlayır, digərinə qarşı isə müxalif mövqe tutaraq ixtilafların daha da dərinləşməsinə səbəb olurlar.
Bəli! Zahirdə camaatın rəyi ilə müvafiq olub, lazım gəldikdə isə həqiqətdən boyun qaçırmaq münafiq və ikiüzlü şəxslərin ən bariz xüsusiyyətlərindəndir.
Hansı cəmiyyətdə olursa-olsun, münafiqlər düşmənlərdən daha təhlükəli olurlar. Dahi şəxslərdən biri deyir: "Düşmən həm zahirdə, həm də batində öz çirkin niyyətlərindən əl çəkməz. Çünki düşmənçiliyin yalnız bir rəngi vardır. Kaş ki, dostlar da düşmənlər tək qətiyyətli olaydılar! Şübhəsiz ki, münafiq və riyakar dostlar düşməndən daha pisdirlər. "
Münafiqlər şərəfli həyatdan məhrum olan şəxslərdir. İkiüzlülüyə adət edən şəxslər heç vaxt ünsiyyətdə olduğu insanların qəlblərində özlərinə yol tapa bilməzlər. Həqiqəti gizli saxlamağa cəhd etdikləri üçün daim rüsvayçılıqla üzləşər və öz əməlləri ilə iç üzlərini büruzə verərlər. İctimaiyyətin bədbəxtçiliyinə səbəb olan amillərdən biri də cəmiyyətin müxtəlif təbəqələri arasında hiylə, riyakarlıq, yalan və etimadsızlığın baş alıb getməsidir. Nifaq cəmiyyətə yol tapıb qəlblərdə özünə yer etdiyi zaman camaatın mənəviyyatına ağır zərbə vurmaqla yanaşı, cəmiyyəti bütünlüklə öz arxasınca çəkib uçuruma sürükləyir. Samuel Smaylz deyir: "Yaşadığımız dövrün ictimai və siyasi adamlarının əxlaqı uçurum və pozğunluğa doğru gedir.
Bu günlər şəxsi qəbul otaqlarında deyilən sözlər tribunalarda söylənilənlərdən olduqca fərqlidir. Ümumi məclislərdə camaatın rə’y və təklifləri tərif olunur, şəxsi yığıncaqlarda isə istehza və məsxərə olunur. İnsanın vicdanı bu günlər başqa vaxtlardan daha çox əziyyət çəkir. Onların şəxsi mənafeləri isə məslək və məramla bir anda olsun ayaqlaşmayıb daim dəyişməkdir. Beləliklə, riyakarlıq mənfi xüsusiyyətlər cərgəsindən çıxıb adi hala çevrilir. Əgər üst təbəqə riyakarlığa adət edərsə, alt təbəqə də onlardan geri qalmamağa çalışır. Çünki onlar üst təbəqəni özlərinə örnək götürürlər və beləliklə, riyakarlığa adət etməyə başlayırlar. Bu günlər əldə olunan şan-şöhrət insanın gözəl xüsusiyyətlərindən xəbər vermək əvəzinə, bir çox hallarda onun mənəvi düşkünlüyündən xəbər verir. Rus atalar məsəlində deyilir: "Möhkəm fəqərə sümüyü olanlar heç vaxt yüksək dərəcələrə çatmayacaqdır. "Lakin şan-şöhrət, maddiyyat vurğunu olanların fəqərə sümüyü külək əsən tərəfə əyilir və nəfsani istəklərdən tam asılı vəziyyətdə olur. Aldatma, həqiqəti ümumi kütlədən gizlətmə və zahirdə alt təbəqənin istəyi əsasında hökm vermə, ən pisi isə ictimai münaqişələr yaratma vasitəsilə əldə olunan şan-şöhrət sağlam mənəviyyata malik olan şəxslərin nəzərində ən mənfur bir hərəkətdir. Həmin şəxslərə isə onlar heç bir dəyər və əhəmiyyət verməzlər. "
Saf mənəviyyat və insaniyyətdən xəbər verən nişanələrdən biri də düzlük və səadətdir. Sağlam ruhdan mənşələnən tapan bu yüksək xüsusiyyət insanın şəxsiyyətinə birlik bəxş edir. Həmçinin, sülh və əmin-amanlığı təmin etməklə yanaşı, cəmiyyəti güclü və həmahəng edir. Təbii ki, insan özünün sadiq dostlarına daha çox səmimiyyət və mehr-məhəbbətlə yanaşır. Onun bu şəxslərə qarşı səmimiyyəti nə qədər güclü olarsa, münafiq və ikiüzlülərə qarşı da bir o qədər çox nifrət bəsləyər.

Nur-az.com


1201 بازدید