Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Zülqərneyn İslam hədislərində

Giriş

Qurani-kərimin Kəhf surəsinin 16 ayəsində Zülqərneyn haqda söhbət açılmış, üç dəfə adı çəkilmişdir. Bu ayələrə əsasən, Zülqərneyn qüdrətli bir insan və ya padşah olub dünyanın şərq və qərbinə getmiş, müxtəlif qəbilələri Allaha dəvət etmişdir. O, güman ki, Qafqaz və ya Türküstanda iki dağ arasında Yəcuc–Məcuc tayfasının hücumlarına məruz qalan bir tayfa gördü. Onlar Zülqərneyndən düşmən tayfa ilə onlar arasında bir sədd çəkməsini istədilər. Zülqərneyn onların yardımı ilə dəmir və misdən möhkəm bir sədd düzəltdi və dedi: “Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt gəldikdə isə (Allah) onu yerlə-yeksan edəcəkdir!" (1)

Göründüyü kimi, Zülqərneyn Allahın elm, iman və qüvvə bəxş etdiyi saleh bir insan olub, müxtəlif tayfaları düz yola çağırıb, dini və dünyəvi işlərdə onlara yardım edib. Quranda onun kimliyi haqda əlavə məlumat verilmir. Lakin Zülqərneyn konkret olaraq kimdir? O, nə zaman yaşayıb? Peyğəmbər olubmu? Biz bu və digər suallara cavab tapmaq üçün iki növ ədəbiyyatdan istifadə edə bilərik: Bibliya, Herodotun tarixi və sair belə qədim mətnlər və İslam hədisləri. Bu yazıda uyğun suallara cavab tapmaq üçün şiə və sünni mənbələrində Peyğəmbərdən və ya Əhli-beyt imamlarından nəql olunmuş hədislərə müraciət edəcəyik.

Zülqərneyn kimdir?

Qeyd etmək lazımdır ki, İslamdan öncəyə aid olan əksər məlumatlar kimi, Zülqərneyn haqqında mövcud fikirlər də yetərincə qarışıq və ziddiyyətlidir. Bu ziddiyyətlərdən biri də onun konkret olaraq kimliyi ilə bağlıdır. Bəzi alimlər onu İran padşahlarından Firidunla, bəzisi Daryuşla, bəzisi Kuroşla, bəzisi Makedoniyalı Aleksandrla, bəzisi fironla, bəzisi isə hansısa Yəmən şahı ilə eyniləşdirsələr də, heç biri qaneedici dəlil göstərə bilməmişlər. Müxtəlif İslam hədislərində Zülqərneyn üçün müxtəlif adlar söylənmiş, Peyğəmbərə aid bir hədisdə isə rumlu olduğu bildirilmişdir. (2) Lakin qədim mətnlərə əsasən, İran şahı Kuroşun qərbə, şərqə, sonra isə şimala yürüşlərini, özünün də təkallahlı birisi olduğunu nəzərə alsaq, uyğun versiyanın həqiqətə daha yaxın olduğunu düşünə bilərik. (3)

"Zülqərneyn" sözünün mənası

"Zülqərneyn" – iki "qərn" sahibi deməkdir. "Qərn" sözünün isə müxtəlif mənaları vardır: hörük, buynuz, başın üstünü arxasından ayıran orta hissə, günəşin çıxdığ və batdığı yer, hündür dağ, qala, nəsil, əsr və sair. Bir rəvayətə görə, Peyğəmbər buyurub: "O, dünyanın gündoğan və günbatanını gəzdiyi üçün Zülqərneyn adlandırılmışdır". (4) İmam Əlidən nəql olunan hədisə əsasən, Zülqərneyn öz qövmünü Allaha çağırarkən, birinci dəfə başının bir tərəfindən, ikinci dəfə də o biri tərəfindən vurmuşlar. Buna görə ona Zülqərneyn deyilmişdir, onun buynuzu-zadı olmamışdır. (5)

Zülqərneyn peyğəmbər olmuşdurmu?

Bəzi sünni hədislərində Məhəmməd peyğəmbərin (s) Zülqərneynin peyğəmbər olub-olmamasını bilmədiyi qeyd olunsa da, (6) bir çox hədislərdə Əhli-beyt imamları özlərini Zülqərneynə, Musa peyğəmbərin canişini Yuşəyə və Süleyman peyğəmbərin səhabəsi Asəfə bənzətmişlər. (7) Bu baxımdan, onun peyğəmbər deyil, hansısa peyğəmbərin canişini, səhabəsi və ya hər halda çox saleh bir insan olduğunu söyləmək olar. Bu məsələ çoxlu hədislərdə açıq şəkildə də bəyan olunmuşdur. Rəvayətə görə, İmam Baqir (ə) buyurmuşdur: "Zülqərneyn peyğəmbər deyil, saleh bir bəndə olmuşdur". (8) Başqa bir rəvayətə görə, İmam Əlidən bu haqda soruşduqda cavab verdi ki, Peyğəmbərdən eşitdiyimə görə, o, bir bəndə olmuşdur və sizin aranızda da onun kimisi vardır. (9)

Zülqərneynin padşahlığı

Zülqərneyn hədislərdə Süleyman peyğəmbərdən başqa bütün yer üzünə hökmranlıq edən iki mömin padşahdan biri kimi təqdim olunur. (10) İslam peyğəmbərindən nəql olunan hədisə görə, Zülqərneyn Allahı, Allah da onu sevmiş və ona çoxlu imkanlar (elm, güc, hakimiyyət və s.) vermişdir. Allah onu şərqə və qərbə padşah etmişdi. O, haqqı deyir və haqqa əməl edirdi. (11)

Şiə və sünni qaynaqlarında yer alan bir çox hədislərdə isə Zülqərneynin padşah olmadığı bildirilmişdir. Lakin hədislər arasındakı bu ziddiyyəti Qurana müraciət etməklə çözmək olar. Qurana görə, Allah onu yer üzündə möhkəmləndirib qüvvətləndirmiş, ona hər şey bağışlamış, zülmkar olub iman gətirməyənləri cəzalandırmaq hüququ vermiş, o, şərqə və qərbə gedərək hamını Allaha çağırmış, çox möhkəm bir sədd tikmişdir. Bütün bunlara əsasən, onun həqiqətən böyük bir padşah olduğunu təsdiqləyən hədisləri qəbul etmək olar.

 Zülqərneynin yaşadığı tarix

Sual doğuran və kimliyini təyin etmək üçün böyük əhəmiyyətə malik olan məsələlərdən biri də Zülqərneynin nə zaman yaşadığıdır. İmam Baqirə (ə) aid bir hədisdə göstərilir ki, o, İbrahim peyğəmbəri görmüşdür. Bu hədisə görə, yer üzündə əllə salamlaşan ilk şəxslər məhz onlar olmuşlar. (12) Əgər bu, doğru olsa, Zülqərneynin İbrahim peyğəmbərin (ə) ömrünün sonlarını gördüyünü, bəlkə də gənc səhabələrindən olduğunu və çox sonralar şah taxtına çıxdığını ehtimal etmək olar. Çünki İbrahim peyğəmbərin dəvətinin əvvəllərində dövrün qüdrətli hökmdarı Nəmrud idi.

 Zülqərneynin qəbrinin və tikdiyi səddin yeri

Zülqərneynin qəbrinin harada yerləşdiyi dəqiq bəlli olmasa da, bəzi rəvayətlərə görə, onun Qafqazda yerləşdiyini söyləmək olar. Belə ki, İmam Baqirdən "Sınığı sağaltmaq üçün erməni torpağından istifadə etmək olarmı?" – deyə soruşulduqda cavab verir ki, olar, bu, Zülqərneynin qəbrinin torpağıdır. (13) Xatırlatmaq zəruridir ki, İslam yazıçıları Roma imperatoru Birinci Yustinianın bölgüsünə tabe olaraq, bəzən bütün Qafqazı Ərminiyyə adlandırırdılar. (14) Qafqaz sıra dağlarında, Şimali Qafqazla Cənubi Qafqazın ortasındakı Daryal keçidində yerləşən səddin dəmirdən düzəldildiyini nəzərə alsaq, Zülqərneynin sözügedən səddi orada düzəltdiyini və özünün də məhz həmin yerdə vəfat etdiyini ehtimal etmək olar. Çünki Qurana əsasən, Zülqərneyn həmin səddi iki dağ arasında, həm də dəmir və misdən düzəltmişdi.

İmam Baqirdən nəql olunan rəvayətə görə, Zülqərneyn 500 yaşında dünyadan köçmüşdür. (15)

 Nəticə

Şiə və Sünni mənbələrində Zülqərneyn haqda qeyd olunmuş hədislərdən belə anlaşılır ki, o, Allahın elm, qüdrət və şahlıq bəxş etdiyi saleh bəndəsi olmuş, müxtəlif tayfaları Allaha çağırmış, onlara yardım göstərmişdir. O, başının orta hissəsinin sağ və sol nahiyələrindən vurulduğuna, ya da dünyanın şərqinə və qərbinə yürüş etdiyinə görə Zülqərneyn adlandırılmışdır. Qəti elmi əsaslar olmasa da, Zülqərneynin İran şahı Kuroş, onun düzəltdiyi səddin isə Qafqaz dağlarında Daryal keçidində yerləşən sədd olduğu güman edilir.

 İstifadə olunmuş ədəbiyyat

1. Kəhf surəsi, ayə: 83-98. Tərcümə edən: Bünyadov Z. və Məmmədəliyev V.

2. Himyəri Qumi. "Qurb əl-isnad", səh: 322.

3. Bax: Məkarim Şirazi N. Nümunə təfsiri, c. 12, səh: 545-549.

4. Əz-Zeyləi. "Təxric əl-əhadis", c. 2, səh: 309; Zəməxşəri. Əl-Kəşşaf, c. 2, səh: 743.

5. İbn Əbdülbirr. "Came bəyan əl-elm", c. 1, səh: 114; İbn Kəsir. Təfsir, c. 3, səh: 106.

6. İbn Həcər. "Fəth əl-bari fi şərhi Səhih əl-Buxari", c. 6, səh: 383.

7. Kuleyni. Əl-Kafi, c. 1, səh: 268, 398; Müfid. Əl-İxtisas, səh: 309.

8. Səduq. "Kəmal əd-din", səh: 393.

9. Süyuti. "Əd-Durr əl-mənsur", c. 4, səh: 241; Müttəqi Hindi. "Kənz əl-ümmal", hədis: 4490.

10. Səduq. Əl-Xisal, səh: 255; Zəməxşəri. Əl-Kəşşaf, c. 2, səh: 743.

11. Kuleyni. Əl-Kafi, c. 5, səh: 70.

12. Tusi. Əl-Əmali, səh: 215.

13. Tusi. "Misbah əl-mütəhəccid", səh: 732.

14. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan, səh: 33.

15. Səduq. Əl-Əmali, səh: 237.


Zəhra Hüseynzadə, Elnarə Orucova, Nurlanə Babazadə,

Günay Həsənova, Cəmilə Əzizova


Nur-az.com



1343 بازدید
در حال ارسال اطلاعات...