Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2014

Quranda şirk (Allaha şərik qoşmaq)

İmam Sadiq (ə) buyurmuşdur: “Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”
Ümumiyyətlə, Quran baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də etiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:
1-Allaha şərik qoşmaq ağılsızlıq əlamətidir. (“Bəqərə” surəsi, ayə: 170.)
2-Allahı başqa bir varlığa bənzətmək və oxşatmaq nadanlıqdan irəli gəlir; çünki Allaha şərik qoşub, Onu başqa bir varlığa bənzətmək elm və əqidəyə uyğun gəlmir. (“Bəqərə” surəsi, ayə: 22.) Bu səbəbdən də, Quran bildirir ki, Allaha şərik qoşmağın əsas səbəbi nadanlıqdır və müşriklər nadan insanlardır. (“Rum” surəsi, 30-32-ci; “Yusif” surəsi, 39-40-cı; “Bəqərə” surəsi, 113 və 118-ci ayələr.)
3-Şirkdə elmə yol yoxdur. Yəni şirk məlum ola bilməz, çünki zatən “yoxluqdur” (mövcud deyildir). Zatən “yox” olan (mövcud olmayan) hər hansı bir şeyə elm aid etmək olmaz. Ona görə ki, elm vücudi (isbati) bir məsələdir və onun vücudu olmayan (yox olan) şeylərə aid edilməsi qeyri-mümkündür. Allah-taala “Loğman” surəsinin 15-ci ayəsində buyurur: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə.” (“Təfsiri mövzuiyi Quran”, Cəvadi Amuli, 4-cü cild, səh.138-139.)
4-Quranın bəzi ayələrində “şəkk” də Allaha şərik qoşmaq amillərindən hesab edilmişdir. (“Nəml” surəsi, ayə: 66; “Hud” surəsi, ayə: 62 və 110.)
5-Bir sıra ayələrdə müşriklərin mürəkkəb (qatı) nadanlıq içində olduğu da açıqlanmışdır; yəni nadan olduqları halda həqiqəti bildiklərini güman edirlər. (“Yasin” surəsi, ayə: 6, 9 və 10; “Rum” surəsi, ayə: 59.)
6-Bəzi təfsirlərə əsasən, bütpərəstliyin və Allaha şərik qoşmağın səbəbi üç növ nadanlıq ola bilər:
a) Allaha münasibətdə – Allahın bənzəri, oxşarı və tayı-bərabəri olub-olmamasında nadanlıq.
b) İnsanın məqamı – Allahın bütün məxluqlarından üstün olması – barəsində nadanlığı.
c) Təbiət aləmi və cansız əşyaların insan müqabilində dəyərsiz olması barəsində nadanlıq.
7-Qurani-kərimdə şirkə yönəlmənin iki əsas amili bəyan olunmuşdur:
a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi: Allah-taala müxtəlif ayələrdə bu müddəanı rədd edir. (“Qaf” surəsi, ayə: 16; “Zümər” surəsi, ayə: 36; “Qafir” surəsi, ayə: 60; “Ali-İmran” surəsi, ayə: 29.)
b) Kainatın idarə olunmasının kiçik tanrıların öhdəsinə qoyulması: Bunun da puç və rədd olması ilə əlaqədar bir neçə ayə nazil olmuşdur. (“Əraf” surəsi, ayə: 54; “Yunis” surəsi, ayə: 31-32.)
8-Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, öz müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər. (“Muminun” surəsi, ayə: 117.)
9-Quran nöqteyi-nəzərindən Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki Allaha şərik qoşmaqla ən mühüm haqq və ədalət (tovhidi ədalət) aradan qalxır.
10-Qurani-kərimin bəzi ayələrində müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilmişdir.
11-Müşriklərin Allaha şərik qoşmasında mərifətşünaslıqla bağlı amillərdən əlavə, psixoloji amillər var. Həsəd, (“Nisa” surəsi, ayə: 54.) günah, (“Ali-İmran” surəsi, ayə: 112.) eləcə də Allah, peyğəmbər və dinlə düşmənçilik... (“Müddəssir” surəsi, ayə: 11 və 25.) buna misal ola bilər.
12-Quran ayələrinə əsasən, “tovhid” yarpaqları və budaqları əxlaq və ibadətdən ibarət pak ağac, “şirk” isə kökü cəhənnəmdə, od yaradan, yarpaqları və budaqları günah olan çirkin bir ağaca bənzəyir. “Şirk” adlı bu çirkin ağac cəhənnəmdən baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Məhz bu səbəbdən deyirlər: Günah edən şəxsin tovhidə və Allahın birliyinə xalis inanması qeyri-mümkün olduğu kimi, Allaha itaət edən şəxsin müşrik olması da mümkün deyildir. Rəvayətlərdə buyurulur: “Mömin şəxs (heç vaxt) zina və oğurluq etməz.” (“Biharul-ənvar”, 66-cı cild, səh. 63, hədis: 7-8 və səh.67, hədis: 17; “Kafi”, 2-ci cild, səh. 32, hədis: 1; bax: “Təfsiri mövzuiyi Quran”, 7-ci cild, səh. 384.)
13-Quran ayələri baxımından, şirkin xarici nümunələri Allahı yaddan çıxarmağa və namazın tərkinə zəmin yaradır. (“Maidə” surəsi, ayə: 91.) Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır. (“Bəqərə” surəsi, ayə: 113.)
14-Bir nöqteyi-nəzərdən Quran ayələrində şirk iki növdür: 1-İtaətdə şirk. 2-İbadətdə şirk. İbadətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına ibadət etməsidir. İtaətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına – məsələn, Şeytana itaəti, onun əmrlərini icra etməsidir. “Yusif” surəsinin “Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!” (“Yusif” surəsi, ayə: 106.) – ayəsi itaətdə Allaha şərik qoşmaqdan danışır; yəni bəzi möminlər Allaha Ona qoşduqları şəriklər – bütlər və şeytanlarla birlikdə ibadət edərlər. (“Əl-mizan”, 11-ci cild, səh. 280.)

Nur-az.com



1047 بازدید
در حال ارسال اطلاعات...