Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2014

Quran ilahi möcüzədir

İslam və Quran tarixindən məlumatı olan hər bir insan bu həqiqəti tərəddüd etmədən qəbul edir. Həzrət Məhəmməd (s) bəşəriyyəti Quranla birliyə, qardaşlığa çağırır. Müxalif olanların etirazlarının qarşısında Quran ayələrinə istinad edir və bunun bəşər kəlamı olduğunu iddia edənlərə Quran ayələrinə oxşar bir ayə gətirmələrini tələb edirdi. O, deyərdi: Əgər dedikləriniz düzdürsə Qurana oxşar bir kitab gətirin, gətirərsinizsə mən öhdəmə düşən vəzifədən əl çəkəcəyəm. Bununla da o, həm Allahın yer üzündəki höccətini, həm də öz peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmiş olurdu.
O, iddiaçıların uğursuzluqlarını görüb Qurana oxşar on ayə gətirmələrini təklif etdi. Bunun da öhdəsindən gələ bilməyəcəklərini görüb, yalnız bir ayə gətirmələrini istədi.
Bu mübarizə əsrlər boyu davam etmiş və qiyamət gününədək davam edəcəkdir.
İlk baxışda şer və ədəbiyyatın, fəsahət və bəlağət elmlərinin dərinliklərinə yol tapan ərəblər üçün Qurana oxşar ikinci bir kitabın tərtib olunması heç də çətin bir iş deyildi. Onlar belə bir kitab yazmaqla həm öz adlarını əbədi olaraq tarixə zəbt edər, həm də ərəb millətini gələcək sarsıntı və çətinliklərdən xilas edə bilərdi.
Amma fəsahətli ərəblər Quran ayələrini tilavət etdikləri ilk gündən onun ilahi möcüzə olduğunu dərk etdilər. Onlar artıq başa düşürdülər ki, Quranla mübarizə aparmaq yalnız onların məğlubiyyəti və rüsvayçılığı ilə nəticələnə bilər. Bu səbəbdən də Quranın əzəmətinin qarşısında aciz olduqlarını etiraf etdilər.
Beləliklə onlardan bəziləri İslamı qəbul edərək həzrət Məhəmmədə (s) iman gətirdi, bəziləri isə inadkarlıq edərək mübarizəni qılınc-qalxan ilə davam etdirməyi hər şeydən üstün tutdular.
Fəsahətli ərəblərin Quranı ilahi möcüzə kimi qəbul etmələri və onun qarşısında özlərinin aciz olduqlarını etiraf etmələri, Quranın bir daha ilahi vəhy olduğunu sübuta yetirir.

Quranda təkallahlıq

«[Yəhudilər, xaçpərəstlər və müşriklər] dedilər: “Allah özü üçün övlad götürmüşdür.” Allah pak və müqəddəsdir [bu sözlərin Ona heç bir aidiyyatı yoxdur, O bütün eyb və nöqsanlardan xalidir]. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!» (Bəqərə 116-117).
«Sizin tanrınız tək olan Allahdır. Ondan başqa tanrı yoxdur. O rəhimli və mərhəmətlidir.» (Bəqərə-163).
«Allahdan başqa heç bir tanrı yoxdur [Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan] əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa hamısı Onundur!» (Bəqərə-255).
«Yerdə və göydə heç bir şey Allahdan gizli qalmaz. Anaların bətnində sizə istədiyi surəti verən Odur! O qüdrət və hikmət sahibindən başqa heç bir tanrı yoxdur!» (Ali İmran 5-6).
«O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona itaət edin. O hər şeyə vəkildir. Gözlər Onu [görüb] dərk etməz O, gözləri dərk edər.» ( Ənan 102-103).
«De ki: Allah məxluqu yoxdan yaradır, sonra da [öldürüb yenidən] dirildir. Elə isə [haqdan] üz döndərirsiniz?» (Yunus-34).
«Göyləri, gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta [dünyanın axırına, qiyamətə] qədər [səmada] dolanan günəşi və ayı [iradəsinə] tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. [Bütün bu dəlillərdən sonra] Rəbbinizlə qarşılaşacağınıza [qiyamət günü dirilib haqq-hesab hüzurunda duracağınıza] bəlkə inanasınız!» (Rəd-3).
«Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız.» (Qəsəs-70).
«O özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhimli və mərhəmətlidir! [Allah dünyada bütün bəndələrinə rəhm edən, Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!]
O özündən başqa heç bir tanrı olmayan, [bütün məxluqatın] sahibi, müqəddəs və pak bəxş olan [bəndələrinə] əmin-amanlıq, salamatlıq bəxş edən, [peyğəmbərlərini öz köməyinə] arxayın edən, [hər şeyə] göz-qulaq olan, yenilməz qüvvət və qüdrət sahibi, [hər işdə] qalib olub hökmü keçən [bəndələrinin işini yoluna qoyan, həm də onları istədiyi hər bir şeyə məcbur etməyə qadir olan] və [hər şeyin] fövqündə olan Allahdır! Ən gözəl adlar [əsmayi hüsna] ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsdiq edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!» (Həşr 22-24).
Göründüyü kimi Allah-taala Qurani-kərimdə ən gözəl ad və sifətlərlə vəsf edilmişdir. Belə ki, insan əqli dəlillərlə bütün bunları asanlıqla qəbul edir və ona tərəddüd etmədən iman gətirir.
Əziz oxucular! Özünüz nəticə çıxarın, kimsədən dərs almamış, həddindən artıq geri qalmış bir mühitdə yaşayan insan bu kimi ifadələri bəyan edə bilərdimi?

Nur-az.com


1225 بازدید
در حال ارسال اطلاعات...