Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Dünya səfərində axirət dayanacaqları

Yox, səfərimiz ziyarət səfəri, iman səfəri deyildi. Sadəcə gündəlik iş şəraitindən aralanmaqla üzülməkdə olan zehnimizin ömrünü uzatmaq istəyirdik. Bu istəklə Qumun Kəhək qəsəbəsinə, əslində Kəhək şəhərciyinə yola düşdük. Amma...

Allah-Taala ibadət, kamala çatmaq üçün yaratdığı insanın keçdiyi yollarda əlamətlər, nişanələr qoyub. “Nə üçün düşünmürsünüz” - buyurur. Bu nöqtələri təfəkkür dayanacaqları, axirət dayanacaları adlandırmaq olar. Dünyaya əsir olmuş, onun şirinliklərinə aludə insana bu dayanacallarda oyan deyilir. Bu oyanış əmri bəla, xəstəlik, qəza, yoxsulluq, bir övliya ilə görüş kimi insanı silkələyən hadisələrlə müşayiət olunur.

Kəhəkdə qısa istirahət zamanı sanki yamyaşıl çinar ağaclarından bir pıçıltı endi ki, yaxınlıqdan bir alim nəfəsi gəlir. Əvvəl pışıltıdan, sonra həmin nəfəsdən tutub Kəhəkin Çal məhəllinə üz tutduq.

71 illik ömründə 7 dəfə pay-piyada Allah evinin ziyarətində olmuş və son səfərində Bəsrədə (hicri 1050) məşuqa qovuşmuş aşiq... Qapıdan qıfıl asılmışdı. Bu bir rəmz idi. Aşiqlərə heykəl qoyulsa belə onlar tənhadır, həbsdədir, onlarla görüş icazəsi yoxdur. Nəşi Bəsrədə idi. Amma divarlardan nəfəsi gəlirdi. Ayağımızın altına daş qoyub qapının başından evin fotosunu götürdük. 



Kimdir Molla Sədra? Sədrəddin Məhəmməd ibn İbrahim Qəvvam Şirazi daha çox Molla Sədra və Sədrülmütəəllihin adları ilə tanınmış dünya şöhrətli İslam filosoflarındandır.
Alim hicri 979-cu ildə Şirazda, Qəvvam məhəlləsində anadan olub. Nəql olunur ki, mirvari ticarəti ilə məşğul olan atası Xacə İbrahim Qəvvam Fars quberniyasının hakiminin vəziri olub, elmi məqamı ilə tanınıb. Ailənin yeganə övladı Molla Sədra bir dua ilə dünyaya gəlib. 



İsfahanın Xacə mədrəsəsində Şeyx Bəhai, Mirdamad, Mirfendereski kimi tanınmış alimlərdən dərs alıb. Şah Abbas Molla Sədranın elmi məqamı barədə məlumatlanıb. Fiqh alimlərindən bəziləri Molla Sədranı bidətdə, dində yenilikçilikdə ittiham edib onun İsfahandan sürgününə nail olurlar. Molla Sədra Qumun Kəhək qəsəbəsinə köçür. Qumda olduğu zaman (5-7 il) ona hövzədə tədris icazəsi verilmir. Onu mürtəd, dindən çıxmış elan edənlər də tapılır. Amma Molla Sədra sürgün dövründə Fəyyaz Lahici və Feyz Kaşani kimi alimlər yetişdirə bilir.
Şah Abbas Molla Sədranın sürgününə razı olmayıb. Sadəcə bir qrup alimin təzyiqi altında bu hökmü möhürləyib. Beləcə, Fars quberniyasının hakimi Allahverdixan Şirazda mədrəsə tikib, sonradan onun oğlu İmamqulu, Şah Abbasdan icazə alaraq Molla Sədranı Şiraza dəvət edib. Molla Sədra dini elmlərlə yanaşı riyaziyyat, kimya tədris edib.
Molla Sədra əqli mövzularda araşdırma və dəlilləri əhəmiyyətli sayan şiə alimi olub. İrfana könül verən Molla Sədra heç vaxt şəriət, fiqh hökmlərini azəhəmiyyətli saymayıb. Həm də riyazət, ibadətdə məqama çatıb.
Molla Sədra məktəbi Hikməti-mütəaliyyə adlanır.
Molla Sədranın Qumun 30 km-də yerləşən Kəhək qəsəbəsindəki (Çal məhəlində) yerləşən evi tarixi dəyərə malikdir. 



Yazırlar: Molla Sədra (Sədrəddin Şirazi) I Şah Abbasın hakimiyyəti illərində yaşayıb. Molla Sədra özünü İbn Sinanın, Sührəverdinin, xüsusilə İbn Ərəbinin fəlsəfəsini öyrənməyə həsr etmişdir.
Onun “Əqlin dörd səyahəti” əsəri İslam fəlsəfəsinin ensiklopediyası sayıla bilər. Molla Sədranın elə əsərləri də vardır ki, intellektual elita üçün nəzərdə tutulmuşdur.
Molla Sədra iki böyük filosofun təsiri altında olmuşdur. Bu filosoflar İbn Sina və işıq fəlsəfəsi, “Şərq nuru” məktəbinin banisi Sührəvərdidir.
Molla Sədranın fəlsəfəsi İslam fəlsəfəsi tarixində unikal hadisədir.
Molla Sədra özünün çoxcildlik “Əqlin dörd səyahəti” əsərində əqlin “mənəvi səfərindən” danışır. Onun Allahdan “ayrılmasından” başlayaraq Allahla vəhdətə nail olması bu qəbildəndir.

Yaddan çıxmasın, İmam Xomeyni (r) “Çehel hədis” kitabında Molla Sədranı “şiələrin iftixarı” adlandırır...

Nur-az


1453 بازدید
در حال ارسال اطلاعات...