Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

Sərkisyanı dinləməyi dayandırın

Doğurdan da “qulaq gündə bir söz eşitməsə kar olar” deyimi həqiqətdir. Biz bu rejimin sayəsində qulaqlarımızı hər gün qoruya bilirik. Peşəkar hüquqşünas Ziyafət Əsgərov deyib ki, biz Sərkisyanın kabinetini dinləyirik. Əslində, bu fikirləri əsassız, yalan hesab etməyə bizim haqqımız var. Çünki uzun illərdir bunlar yoxsulluğun səviyyəsinin aşağı düşməsindən, uğurlu iqtisadi inkişafdan, “Lazım”ın gəlişindən, gənclərə qayğıdan və digər möhtəşəm işlərdən danışırlar. Reallıqda isə, bu sadaladıqlarımı görən olmayıb. Bu baxımdan Sərkisyanın dinlənilməsi məsələsini növbəti yalan kimi qəbul etmək olardı.

Ancaq el arasında “dil dolaşar sözün düzün deyər” məsəli də var. Ona görə Sərkisyanı dinləyən “kəşfiyyatçı” rejimlə bağlı bir neçə kəlmə yazmağı lazım bilirəm.

Biz 22 ildir ki, Qarabağ haqqında keçmiş zamanda danışırıq. 22 ildir ordumuz gücləndikcə, biz Qarabağdan uzaq düşürük. Yapokratiya isə, Sərkisyanı dinləməkdədir. Görəsən bu dinləmələr nəticəsində biz Sərkisyana hansı zərbəni vura bilmişik, Ermənistanın hansı mühüm lahiyəsin ifşa etmişik?

Təklif edirəm ki, bu dinləməni dayandıraq. Çünki bu dinləmələr nəticəsində nəinki Qarabağı almışıq, üstəlik, Qarabağ qazilərini də itirmişik. Siz, Sərkisyanı dinlədikcə cəbhə bölgəsində əsgərlərimiz daha çox ölür, atəşkəs daha çox pozulur. Siz Sərkisyanı dinləyib, erməni kəşfiyyatçısı tutmamısınız, ləyaqətli Azərbacan gənclərin “erməni dəyirmanına su tökən” adlandırmısınız.

Siz, Sərkisyanı dinləyə-dinləyə bu millətin sərvətini talan etmisiniz. Siz Sərkisyanı dinləyib, dövlətimizə zərbə vuranları tapmadınız, dövlətini sevənləri vətənə xəyanətdə ittiham etdiniz. Daha bu dinləməni dayandırın. Siz dinlədikcə, biz dilənçi vəziyyətinə düşürük. Sərkisyan 20 faiz torpağın iniltisini dinləyir. Siz, Sərkisyanın kabinetin dinləsəniz nə olacaq.

Xahiş edirəm, Sərkisyana istirahət verib bir az da bu xalqı dinləyin. Övladına çörək ala bilməyən atanın fəryadını, anasını müalicə edə bilməyən övladın iztirabını, oğlu şərlənərək həbs olunan ananın ah-naləsini dinləyin. Bakıda oturub Ermənistanı dinləyə bilirsiniz. Bəs, Ağır Cinayətlər Məhkəməsindəki biabırçılığı niyə dinləmirsiniz?

Mülkiyyəti əlindən alınan vətəndaşı niyə dinləmirsiniz? Biz 22 ildir sizi dinləyirik. Bu yalanları, yaltaqlıqları, şər-böhtanları dinləyirik. Yəqin ki, Sərkisyan kabinetində oturub, Xocalıda necə qan tökdüyünü, azərbaycanlı əsrlərə necə işgəncə verdiyini, torpaqlarımızda necə at oynatdığını danışır. Bəs, siz niyə bu danışıqlardan qəzəblənib, Qarabağı geri qaytarmırsınız?

Reallıq onu göstərir ki, siz Sərkisyana qulaq asıb, onun dediklərin bu xalqa tətbiq edirsiniz. Onlar soydaşlarımızı əsir edib. Siz də gənclərimizi zindanda əsir etmisiniz. Onlar bizi yurd-yuvamızdan ayrı salıb. Siz də vicdan məhbuslarını ailələrindən ayrı salmısınız. Onlar bizim səs-sədamızı o torpaqlardan uzaqlaşdırıb, siz də bizim səsimizi oğurlamısınız. Bütün bu oxşarlıqları görəndən sonra, hesab edirəm ki, Sərkisyanı dinləmək dövlətə xəyanətdir. Sərkisyanı dinləyə-dinləyə onun kimi olmusunuz. Təklif edirəm ki, bir az da öz kabinetinizdə oturub, vicdanınızın səsini dinləyin, özünüzlə danışın, ürəyinizdən beyninizə casusluq edin.

Sizi əmin edirəm ki, Sərkisyanı dinləməkdən əl çəkib, bu xalqı və özünüzü dinləsəniz, Ermənistana daha böyük zərbə vurarıq. Yaxşı olar ki, mayın 1-də hamılıqla gəlib NIDA-çı gənclərin son sözünüdə dinləyəsiniz. Inanın ki, Sərkisyanın kabinetində belə söhbətləri heç vaxt eşitməyəcəksiniz.

İlham Hüseyn/azadlıq


1118 بازدید
در حال ارسال اطلاعات...