Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

İslam ictimai dindir

İslamı digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və onun düz yolu seçib saflaşmasına diqqət yetirilir.
Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, insanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır.
Hər bir insan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar daim ən yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar.
Bu bir həqiqətdir ki, hər bir insan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir.
Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, insanlar bu yolda müxtəlif maneə və çətinliklərlə qarşılaşmağı və tənəzzülə uğramağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən özlərində bir növ narahatçılıq və ümidsizlik hiss edirlər. Bu xüsusiyyəti islam alimləri «kamillik axtaran fitrət» adlandırırlar.
Belə nəzərə çarpır ki, belə bir fitri xüsusiyyət insanda hansısa şəkk və tərəddüd olunası şəxs tərəfindən vücuda gəlməmişdir. Bütün din və ideoloji məktəblər yekdilliklə belə bir xüsusiyyətin insan fitrətində mövcud olduğunu e᾽tiraf etmiş, lakin bir-birindən fərqli olaraq insanın səadət və kamala çatması üçün bəşəriyyətə müxtəlif üsullar təqdim etmişlər. Yaranmış ixtilaf da yalnız insanın kamala çatması üçün ona təqdim olunan yolların hansının haqq və həqiqət olmasından ibarətdir.
İstər ilahi, istərsə də qeyri-ilahi məktəblərin prinsiplərini nəzərdən keçirdikdə belə qənaətə gəlmək olur ki, onların hər biri insanın kamala çatması üçün yalnız öz ideya və amallarının həqiqət olduğunu hesab edir. Bu səbəbdən də deyə bilərik ki, dinlər arasında mövcud olan ən başlıca fərq insanın xoşbəxt həyat və səadətə necə çatmasındadır. O, buna nail olmaq üçün görəsən hansı yolları keçməli və hansı əxlaqi xüsusiyyətlərə malik olmalıdır?
Qeyd etdik ki, insan xoşbəxt həyata meyl etməklə yanaşı bu yüksəlişin heç vaxt sona çatmamasını da arzu edir. Buradan belə bir nəticəyə gəlmək olur ki, insanın arzu etdiyi səadət və xoşbəxt həyat, sonsuz xoşbəxtlikdir. Әgər bunu qəbul edəriksə, sözün əsl mə᾽nasında islam dininin bəşəriyyətə təqdim etdiyi səadəti qəbul etmiş olarıq. Bu isə Allaha yaxınlıq və Onun razılığını qazanmaq deməkdir. Çünki, varlıqlar arasında yeganə sonsuz və mütləq qüvvə Allahın müqəddəs vücudu və zatıdır. İnsan kamala yalnız o zaman nail ola bilər ki, Allahın razılığını qazanmaqla Ona yaxınlaşmış olsun. Bunun isə yeganə yolu ibadət və ilahi göstərişlərə layiqincə əməl etməkdir.
İslam nöqteyi-nəzərindən Allahdan başqa hər bir şey fani və məhduddur. İnsanın daimi istək və ehtiyaclarını tə᾽min edən yeganə və mütləq varlıq Allahın müqəddəs vücududur. Bu səbəbdən də xoşbəxtliyi var-dövlətdə görənlər böyük səhvə yol vermiş olurlar. Çünki, pul və var-dövlət nə qədər çox olarsa, yenə də fani və tükənəsidir. Var-dövlət çox olduqda belə, insan bir çox hallarda qarşılaşdığı çətinlikləri pulla aradan qaldırıb hər şeyi onunla əldə edə bilmir və xəyalında yaradıb-yaşatdığı xoşbəxtliyə çatmır. Aləmləri yaradan, bütün xeyir və gözəlliklərin səbəbkarı olan Allah isə fani deyil, əbədidir. İnsan yalnız Allaha arxalanmaqla öz ehtiyaclarını ödəyə və əbədiyyətə qovuşa bilər.
Fatir surəsinin 15-ci ayəsində bu haqda deyilir:
«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə [heç nəyə, o cümlədən sizin ibadətinizə] möhtac deyildir və hər cür şükrə, tə᾽rifə layiqdir! [Onun bütün işləri bəyəniləndir]».
İmam Hüseyn (ə) Әrəfə duasında bu mətləbə işarə edərək buyurur:
«İlahi! Səni itirən şəxs nəyi axtarır və Səni tapan şəxs nəyi itirmiş olur?»
İmam Hüseyn (ə) bu ifadələri bəyan etməklə Allahın ən kamil varlıq olmasına işarə etmişdir.
Allahdan qeyrisinə üz tutan şəxs sanki puçluğa və faniliyə doğru hərəkət edir və hər şeydən məhrum olur. Lakin Allaha üz tutan şəxs bütün ehtiyac və nöqsanlarını aradan qaldırmış olur.
Bəs islam dini insanın kamala çatması üçün hansı yolu nəzərdə tutmuşdur?
Bu suala cavab tapmaq üçün Qur᾽ana müraciət edirik. Kəhf surəsinin 110-cu ayəsində deyilir:
«...Kim Rəbbi ilə qarşılaşacağına [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına] ümid bəsləyirsə, [yaxud qiyamətdən qorxursa], yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın».
Göründüyü kimi bu ayədə Allah-taala insanın dünya və axirət səadətinə qovuşması və Onun razılığını qazanması üçün qarşıya iki əsas şərt qoyur:
1. Әməli-saleh iş görmək;
2. Allahın birliyinə iman gətirib ibadəti saf niyyətlə yerinə yetirmək.
Deyə bilərik ki, islam nöqteyi-nəzərindən insanın kamala çatmasının ən başlıca şərti Allahın razılığını qazanmaq məqsədi ilə ilahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.
İnsan, Allahın razılığına və Onun tükənməz maddi və mə᾽nəvi ne᾽mətlərinə yalnız ibadət yolu ilə nail ola bilər.
İlahi göstərişlərə [istər ibadi olsun, istər qeyri-ibadi] diqqət yetirdikdə bu həqiqətin şahidi oluruq ki, onların əksəriyyətinin insan cəmiyyəti ilə sıx bağlılığı vardır və şəriət hökmlərinin çox az bir qismi ayrı-ayrı fərdlərə aid olur.
Başqa sözlə desək islam, insanın Allaha yaxınlaşmasını yalnız saf niyyətlə həyata keçirilən ibadətdə görür. Amma bu heç də o demək deyildir ki, o, cəmiyyətdən uzaq düşərək ömrünü-gününü ibadətdə keçirməlidir. İnsan daim özünü cəmiyyətin bir üzvü bilməli, yaranmış çətinliklərin aradan qaldırılmasında onlarla qarşılıqlı həmkarlıq və dostluq əlaqələri qurmalıdır.
İlahi göstərişlərin bir çoxu ictimai olmaqla yanaşı, kütləvi halda da həyata keçirilir. Hətta «e᾽tikaf» kimi müstəhəbbi əməl də məscidlərdə müəyyən şərait və qanunlar çərçivəsində cəm halda həyata keçirilir. Buradan ən başlıca məqsəd nəfsin saflaşması və insanın yüksək əxlaqi dəyərlərə yiyələnməsidir. E᾽tikafın əsas şərtlərindən biri onun ümumi şəkildə məscidlərdə təşkil olunması və oradan yalnız zəruri hallarda çıxılmasıdır. E᾽tikaf günlərində insan həqiqi səadətə çatmaq üçün öz mə᾽nəviyyatını saflaşdırır və qarşıdan gələn imtahanlar üçün batini güc toplayır.
Diqqət yetirilsə mə᾿lum olar ki, belə bir əxlaqi və mə᾿nəvi əməlin həyata keçirilməsi yalnız ictimai əlaqələrin bərqərar olunmasından asılıdır.
Qeyd etmək lazımdır ki, insanın xudpəsəndlik və pisliklərdən çəkinmə qabiliyyəti cəmiyyət üzvləri ilə ünsiyyətdə olarkən özünü daha da büruzə verir.
Belə bir nəticəyə gəlirik ki, insan öz səadət və xoşbəxtliyinə təklik və guşənişinlikdə deyil, cəmiyyətdə və cəmiyyət üzvləri ilə ünsiyyətdə olmaqla nail ola bilər.

Nur-az.com


1424 بازدید
در حال ارسال اطلاعات...