Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

ABŞ-ın İslamdan qisası: 683 ixvançıya edam

Misirdə demokratik Mursi hökumətini devirmiş xuntanın nəzarətində olan məhkəmə “Müsəlman qardaşlar” təşkilatının 683 üzvünə edam hökmü çıxarıb. Bu absurd hökm mədəniyyət, tərəqqi və sivilizasiyadan dəm vuran müasir bəşəriyyətin hələ də meşə qanunlarından qurtulmadığını, vandalizm içində çabaladığını göstərir.
Əslində isə hər şey ABŞ və Avropanın “uşaq”ları, diplomatik dillə desək, yaxın müttəfiqləri olan ərəb şahlarına qarşı ümumxalq etirazlarından, inqilablardan başlandı. Hegemon dövlətlərin maraqlarına ilk ciddi zərbə o zaman endirildi. Azad seçkilərdə “Müsəlman qardaşlar”ın qələbəsi ikinci zərbə kimi bölgədə rezonans doğurdu. Üçüncü zərbə isə artıq vəziyyətin dözülməz olduğunu göstərib bütün qüvvələri hərəkətə keçirdi. Söhbət Qəzzada gedən səkkizgünlük müharibədə Misirin HƏMAS-a verdiyi dəstəkdən gedir.
Bu arada zavallı Mursi həm ABŞ və Avropanı razı salmalı idi, həm ərəb dövlətlərini, həm antiisrail misirliləri, həm də daxildəki vəhhabiləri. Bu isə imkansız idi. Və bütün bunlar “Müsəlman qardaşlar”ın vaxtından qabaq hakimiyyətə gəldiklərini sübut edir; 1992-ci ildə bizdə hazırlıqsız hakimiyyətə gələn demokratlar kimi.
Bu gün - "Müsəlman qardaşlar"ın yüzlərlə fəalının edam və ömürlük həbs cəzası gözlədikləri bir vaxtda qlobal hegemonizmin nəhəng media imperatorluğu boş durmur, yalançı bəyanatlar arxasından onları terrorçu, təkfirçi kimi təqdim etməyə çalışır. Halbuki Misirdə terrorçu və təkfirçi təşkilatlar olsa da, qoca İxvan belələrindən deyil. Sadəcə olaraq, hakimiyyətə gəlmək üçün Mursi vəhhabilərin də dəstəyini almağa məcbur oldu. Mübarəkdən sonra isə vəhhabilərin də əl-qolu açıldı, şiələrə qarşı kobud əməllər törətdilər, on ikinci imamın doğum günündə bayram tədbiri keçirən şiə alimini bir neçə nəfərlə birgə qətlə yetirib vəhşicəsinə yerdə sürüdülər. Lakin bu, "Müsəlman qardaşlar"ın günahı deyildi, yeni inqilab şəraitinə görə təbii idi. Axı vəhhabi və təkfirçilər bir ilin içində peyda olmamışdılar. Hər halda, bu təşkilat Misirdə ən mütərəqqi və demokratik təşkilatdır. Əslində onu ekstremist, ehkamçı kimi təqdim etməklə müsəlmanların dəstəyindən məhrum etmək istəyirlər.
Şiə liderinin qətlinə gəlincə isə, bu daha çox planlı tədbirə oxşayırdı. Mursi və Baş nazir səviyyəsində buna qarşı rəsmi bəyanatlar yayılsa, əl-Əzhər rəhbərliyi hadisəni pisləsə də, birbaşa ABŞ-ın nəzarətində olan Amnesty İnternational və Human Rights Watch təşkilatları məhz Mursini və İxvanı ittiham etdi, onlara qarşı güclü propaqanda başladı, bəzi vəhhabi liderləri bunun Mursinin əmri ilə yerinə yetirildiyini söylədilər. Məqsəd Mursini tək qoyub devirmək üçün Misirin şiələrini, antisələfi sünnilərini və ənənəvi tolerant ixvançıları ondan uzaqlaşdırmaq, Mursi hökumətinə qarşı beynəlxalq qəzəb yaratmaq idi. Və təəssüf ki, buna nail oldular.
Hər halda, bu təşkilatın 683 üzvünə qarşı edam hökmü qlobal hegemonizmin İslamdan, İslam oyanışından və ərəb baharından aldığı QİSAS kimi dəyərləndirilməlidir.

Nur-az.com


1138 بازدید
در حال ارسال اطلاعات...