Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Uzun arzuların məzəmməti və onun ümidlə fərqi

Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır. Uzun-uzadı arzuların insanı kamal yolundan saxlayan mənfi rolunu və axirətin əbədi səadətini nəzərdə tutaraq, şeytan bu yoldan Allah bəndələrini azdırmaq üçün yararlı ehram ünvanı ilə istifadə edir: Allah Şeytanı öz dərgahından qovanda Şeytan dedi: - “...Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara saldıracağam...” (Nisa, 118-119)
Uzun arzuların xətəri barəsində, onların insanı şübhəyə salıb sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən Həzrət Əli (ə) buyurur: - “Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaqdır, digəri uzun arzulara qapılmaq. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular axirəti yaddan çıxarar.” (Nəhcül-Bəlağə, xütbə 42, səh. 127)
Ümidlə uzun arzular arasındakı təfavütü başa düşmək üçün uzun arzunun məfhumunu izah etmək lazımdır. Xüsusilə də ona görə ki, arzu sözünün məfhumundan ümid anlayışı da çıxır. İnsan həyatının, zəhmətinin mayası – istər maddi işlərdə olsun, istərsə də mənəvi – ümiddir. Əgər bir adamın vəziyyətinin yaxşılaşmasına, yaxşı əməllərin nəticə verəcəyinə ümidi olmasa, nə dünya üçün iş görər, nə də axirət üçün. Quranın buyurduğu kimi:
“Hər kim Allahın dünyada və axirətdə öz peyğəmbərinə kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın öz peyğəmbərinə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi?” (Həcc, 15)
Bu tərcüməyə əsasən, əgər insanın Allahın köməyinə ümidi olmasa həmişə qəzəbin, ümidsizliyin torunda ilişib qalacaqdır. Həmişə narahat və dilxor olacaqdır və boşluğun, ümidsizliyin şiddətindən nə özünün, nə də başqalarının səadəti üçün bir addım belə ata bilməyəcəkdir. Günaha, cinayətə bulaşmasa da, başqa bir hərəkəti də olmayacaqdır.
Deməli, ümid uzun arzudan fərq edir. Ümid insanın hərəkət mühərrikidir. Allaha, axirət savabına, ilahi inayətə ümid etmək əxlaqi fəzilətlərdəndir. Həmin rəvayətdə Peyğəmbər (s) Əbuzərə buyurur: - “Behiştə getmək istəyirsən?” Yəni Behiştə getmək ümidin, arzun var? Bu onu göstərir ki, ümid bəyəniləndir. Pis olan, bəyənilməyən uzun arzular, xəyalpərvərlik, dünyaya qapılıb qalmaqdır. Deməli, mömin ümidsiz olmaz, əksinə o, dünyəvi arzuları beynindən silməklə zehni rahatlıq tapır, çünki zehni bu cür dünyəvi arzulara vaxt ayırmaqdansa daha şərəfli şeylər barəsində fəaliyyət edər. Möminin zehni Allaha ümidlə, Ona yaxınlaşmaq şövqə ilə qüvvət tapır.
Dünya - vəsilə, ya hədəf
Dünya zatən tələb olunan əsas hədəf, məqsəd deyil, bəlkə onun lazımlığı vəsilə və alətlərin lazımlığı həddindədir; yəni insan dünya üçün çalışmalıdır, amma hədəfi dünya olmamalıdır. Dünyəvi çalışqanlıq axirət üçün vasitə olmalıdır. Əgər belə olmasa, yəni axirət hədəf olmasa, adi dünya işləri üçün səylərinin də düzgün əqli izahı olmayacaqdır. Belə olan surətdə gör başında dünyəvi uzun arzular bəsləyən insan nə vəziyyətdə olar.
İnsanın dünyadakı səyləri üzərinə düşən təklifləri yerinə yetirmək xarakteri daşımalıdır. Onun hərəkəti – istər fərdi məsələlərdə olsun, istərsə də ictimai zəminələrdə - Allahın razılığı və axirət səadətini kəsb etmək üçün olmalıdır. Belə olmazsa, İslam baxımından onun hərəkəti və səyləri bəyənilməyəcəkdir və məzəmmətə tuşlanacaqdır. Həmçinin dünyaya ümid etməyin özü də axirət ümidi ilə paralel götürülməlidir.
Əgər insan dünyəvi fəaliyyətlərini axirətə vasitə qərar vermək istəsə, diqqət etməlidir ki, axirətə çatmaq üçün rol oynayan və mənəvi işlərə maneçilik törətməyən dünyəvi fəaliyyətlər məhduddur. Buna görə də fikrini, zehnini çox da dünyəvi işlərə məşğul etməməlidir. Çünki insanın zehninin tutumu və təxəyyül qüvvəsi də məhduddur: bir mövzu haqqında düşünəndə, digər məsələlər barədə tətil edir. Onun diqqəti bir şeyə yönələndə, digər məsələlərdən diqqətini çəkir. İnsan əgər gecə-gündüz fikrini dünya işlərinə qatsa – evi, arvadı, yeməyi, paltarı, camaat arasındakı mövqeyi, xülasə dünyaya aid olan hər şeyi – fikirləşsə, onun zehni elə dolacaq, bu işlərə elə qarışacaq ki, daha axirət barədə fikirləşməyə macalı olmayacaq. Hətta yuxusunda da onu götürüb, bunu qoyacaq.
Əgər ticarət, alış-veriş adamıdırsa yuxusunda pul sayıb, pul böləcək, əgər bənna, memardırsa zehnində inşaat materiallarını götür-qoy edəcək. Evlənməyən adam beynində qız seçməklə məşğuldur, qız köçürən cehizi necə verəcəyini, toyun xərclərini düşünür; bu fikri məşğələlərlə artıq axirət barəsində, mənəviyyatı, yaradılış hədəfi haqqında düşünməyə vaxt qalmır.
Bu cür gündəlik işlər insanın zehnini elə məşğul edir ki, vacib işlərinə yetişə bilmir. Əgər gündəlik məsələlərdən qurtarıb bir az vaxt tapırsa, onda da yüz il sonranın fikrini etməyə başlayır: nəvəsi nə vaxt böyüyəcək, instituta nə vaxt girəcək, nəticəsi necə olacaq? Uşaqlar nə vaxt boya-başa çatacaqlar, nə vaxt evlənəcəklər? Dünya işi bir deyil, iki deyil – saymaqla qurtarmaz. Çox təəssüflər olsun ki, bəzən hətta mənəvi işlərin özünü də dünya üçün vasitəyə çevirirlər! Bu artıq insanın ən böyük ziyanı və bədbəxtliyidir. İşi ticarət olan bir adamın ticarətdən öz dünyəvi istəklərinə çatması üçün istifadə etməsi təəccüblü deyil. Təəccüblü olan budur ki, insan dini, dünyasını təmin etmək üçün vasitə qərar versin; dini öz dünyəvi istəklərinə çatmaq, qazanc əldə etmək üçün bazara çevirsin! Belə insan dinsatandır, rəvayətin təbiri ilə desək, dinin vasitəsilə ruzi yeyir. Burnundan gələcək! İnsan nə qədər bədbəxt olmalıdır ki, din işlərindən dünyəvi istəkləri üçün istifadə etsin.
Məsumlarımızdan birinin buyurduğu kimi, belə şəxsin dindən bəhrəsi, dinin vasitəsilə qazandığı həmin ruzisidir ki, din yolu ilə yeyir və bundan başqa dindən heç bir bəhrə götürmür.

Nur-az.com


1051 بازدید
در حال ارسال اطلاعات...