Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

Mütəhhəri-Şəriəti ixtilafı haqda qeydlər

İslam alimlərinin Doktor Şəriəti haqda çox fərqli fikirləri var. Bu fikirlər o qədər ziddiyyətlidir ki, onların müqayisəli tədqiqinin belə nəyisə həll edəcəyini düşünmürük. Lakin hər şeyə rəğmən, dini liderimiz Ayətullah Xameneinin fikirlərini öyrənməyi özümüzə borc bilirik. Bu yazı onun Ustad Mütəhhəri və Doktor Şəriətinin qarşılıqlı münasibətləri haqda müxtəlif çıxışlarından çıxarışlardır:

“Bəlkə də Mütəhhəri və Şəriətinin hər ikisinin xorasanlı olması mənim onlarla tanışlığıma təbii zəmin yaratmışdı. Mərhum Ustad Şəhid Mütəhhəri ilə münasibətimiz çox yüksək idi. Mən Qumda olanda o orada hövzənin tanınmış elmi şəxsiyyətlərindən biri idi. Özü Tehranda olsa da, Qumda tələbələr arasında tanınırdı.
Mərhum Şəriəti cənab Məhəmmədtağı Şəriətinin oğlu idi və Məhəmmədtağı Şəriəti Məşhəddə tanınmış şəxsiyyət idi. Əli Şəriəti də aydın, ayıq və dini məsələlərə maraq göstərən bir gənc idi. Biz onunla 1957-ci ildə tanış olduq. Təsadüfən ikimiz də eyni ildə Məşhəddən köçdük; o, təhsilini davam etdirmək üçün Parisə getdi, mən də bir neçə aydan sonra Quma yollandım. Bir neçə il onu görmədim. Nəhayət, 1964-cü ildə o qayıtdı. Elə həmin ildə mən də Qumdan geri döndüm. Hər halda, həmyerlilikdən əlavə, dini və ictimai məsələlərə yanaşmada ortaq fikirlərimiz də vardı”.

“Mən Mütəhhəri və Şəriəti arasındakı ixtilafların tarixçəsindən danışmaq istəsəm, çox qəribə yerlərə gedib çıxacaq. Mərhum Şəriəti cənab Mütəhhərinin müridi, onun elm və düşüncəsinin vurğunu idi. Bunu mərhum Şəriətidən mən özüm eşitmişəm. O, cənab Mütəhhəri ilə ixtilaf etmək istəmirdi. Heç cənab Mütəhhəri də mərhum Şəriəti ilə bu mənada olan ixtilafa girmək istəmirdi. Bəli, onların arasında fikir ayrılığı vardı. Mərhum Mütəhhərinin Şəriətiyə bir sıra etirazları vardı. Bunlar son zamanlarda aşkar olundu və həmin iradları o bəzən burada deyirdi. Lakin ixtilafın baş qaldırdığı məqam 1970-ci ildə meydana çıxdı və oradan başlandı. İndi bunu xırdalamağa imkan yoxdur, lakin bəzi qruplar hər şeydən istifadə edirlər. Bu heç nəyə dəlil ola bilməz”. (Keyhan qəzetinin xüsusi buraxılışına müsahibədən: 2 may 1982)

“Mərhum Şəriətinin işləri gənclərın xoşladığı və emosiyalara hesablanan işlər idi. Onun baxışları inqilabi qüvvələrə yaxın idi. Buna görə də, xüsusən aydın fikirli gənclər arasında çox tez pöhrə verdi. Lakin Ustad Mütəhhərinin təfəkkürü dərin fəlsəfi təfəkkür idi. O, daha çox İslamın fundamental problemlərini və təməl məsələlərini araşdırırdı. Buna görə də, onun işinə daha çox mütəfəkkirlər, o cümlədən elmi hövzə adamları arasında diqqət göstərilirdi.
İşlərin təməl və prinsiplərinə nəzər salsaq, bu iki təfəkkür arasındakı əsaslı fərqləri görə bilərik. Lakin bir zaman onların hər ikisi eyni istiqamət və xətt üzrə hərəkət edirdi. İrşad hüseyniyyəsini mərhum Mütəhhəri qurmuş, Doktor Şəriəti də onun dəvəti ilə oranın uğurlu natiqlərindən biri olmuşdu. O zaman onlar bir istiqamətdə - İslama yeni baxış, yaxud İslam təfəkkürünün yenidən dirçəldilməsi xəttində çalışırdılar. Lakin burada iki məsələ var: Biri budur ki, öncə dediyim kimi, cənab Mütəhhəri fəlsəfi, elmi və etiqadi məsələlərə, mərhum Şəriəti isə ictimai məsələlərə və cəmiyyətin problemlərinə daha çox önəm verirdi. Onların hər birinin kitabları bu fərqi göstərir.
Digər məsələ budur ki, bu iki cərəyan irəliləyib hər biri müəyyən məqama çatdıqda məlum oldu ki, bəzi əsaslı məsələlərdə bir-biri ilə fikir ayrılıqları var. Yəni mərhum Mütəhhəri əsl İslam mənbələrinə - kitaba və sünnəyə müraciət etməyin tərəfdarı idi. O inanırdı ki, biz bütün təfəkkürlərimizi kitab və sünnədən götürməliyik. Halbuki mərhum Şəriəti dövrünün çoxlu fikirlərinin təsiri altına düşmüşdü, onlardan xəbərdar idi və o fikirlər onun İslam təfəkkürlərinə də təsir buraxırdı. Buna görə də, ortaq cəhətlərlə yanaşı, fərqli sərhədlər də aşkara çıxdı. Mərhum Şəriəti cənab Mütəhhərinin pərəstişkarı idi, onun elm və düşüncəsinə pərəstiş edirdi. Mən bunu mərhum Şəriətidən eşitmişəm”. (“Günün qadını” jurnalına müsahibədən: 18 iyun 1983.)

“Mənim yadımdadır, mərhum Mütəhhəri, mərhum Şəriəti və mən bir iclasda idik. Dəyirmi masaya bənzər bir məclis idi. Biz oraya toplaşanlar üçün söhbət etməli idik. Orada mərhum Doktor Şəriəti dedi ki, bizim bir düşmənimiz var və rəqibimiz isə marksizmdir. Yəni o, marksizmi düşmən hesab etmir, rəqib sayırdı. Əlbəttə, doktorun özü marksizmin əleyhdarı idi, amma fikri belə idi. Cənab Mütəhhəri həmin məclisdə bu sözə qarşı çıxıb dedi ki, bu, düzgün deyil. Siz düşməni necə tərif edirsiniz? Marksizm də düşməndir. Marksizm ateist fəlsəfi görüşlərinə görə daha açıq və daha aşkar düşməndir. Yəni o, anındaca reaksiya verir və məsələnin köklərini nəzərə alırdı”.

“İrşad hüseyniyyəsində əsas fiqur cənab Mütəhhəri idi. Oranın sponsoru cənab Hümayun da bu işin öncüllərindən idi. Bir neçə nəfər oturub hüseyniyyənin indiki yerindən bir qədər yuxarıda yer aldılar. Çadır qurub ətrafına yüngülvari bir divar çəkdilər. Bu oldu İrşad hüseyniyyəsi. Sonra isə natiqləri dəvət etməyə başladılar. Dəvət olunan şəxslərdən biri də Əli Şəriətinin atası olan cənab Məhəmmədtağı Şəriəti idi. O vaxt 1967-ci il idi, o, bir-iki il idi Tehranda yaşayır və çıxışlar edirdi. Cənab Mütəhhəri onu çağırdı və çox da təbliğ etdilər. Cənab Mütəhhərinin özü də 1968-ci ildən orada çıxışlara başladı. Həmin il "Məhəmməd (s) - peyğəmbərlərin sonuncusu" kitabının yazılması məsələsi ortaya çıxdı. Cənab Mütəhhəri bundan ötrü bir qrupun məqalə yazmasını istədi. Onlardan biri də mərhum Doktor Şəriəti idi. Doktor iki-üç il idi Fransadan qayıtmışdı. Əvvəlcə Məşhəddə tanınmaz halda müəllimlik edirdi. Cənab Mütəhhəri onu görmüş və ondan çox xoşu gəlmişdi; çox ağıllı, isedadlı, dəqiq və dərin düşüncəli bir gənc idi. İnsafla desək, cənab Mütəhhəri kimi bir şəxsin mərhum Şəriəti kimi bir şəxsi xoşlaması təbiidir. Onun da bir şey yazmasını istəmişdi. Mərhum doktor geniş bir məqalə yazdı: “Peyğəmbər (s) hicrətdən vəfata qədər”. “Məhəmmədin (s) siması” kitabının bir hissəsini də o yazmışdı. Mən bu məqalə mübadiləsində iştirak etmişdim. Doktor Məşhəddə idi, cənab Mütəhhəri isə Tehranda. Mən də Məşhədə gedib-gəldiyimdən bu məqalələrin mübadiləsində bir-iki dəfə vasitəçi olmuşam. Mərhum Mütəhhəri doktorun məqalələrini gördükdə çox xoşu gəldi; xüsusən də “Məhəmmədin (s) siması” məqaləsindən. Mənə dedi ki, mən bu məqaləni üç dəfə oxumuşam. Mərhum doktorun şirin və səlis qələmindən xoşu gəlmişdi. Bu səbəbdən o, doktoru çıxış üçün dəvət etdi. 1970-ci ilə qədər doktor çox az hallarda bəzən hüseyniyyəyə gəlib çıxış edirdi. Bu ildən isə onun İrşad hüseyniyyəsinə get-gəli iki və ya üç ayda bir dəfəyə çatdı. 1970-ci ildə cənab Mütəhhəri ilə cənab Minaçi arasında problem yarandı. Hüseyniyyənin daxili müdiri seçilmiş cənab Minaçi əməli olaraq, cənab Mütəhhərini və digərlərini saymırdı. Çıxışın və müxtəlif məclislərin seçiminə, çap və nəşriyyat işlərinə yalnız özü qərar verirdi. Cənab Mütəhhəri deyirdi ki, biz bir mərkəz yaratmışıq, xalq buranı bizimki bilir; düzgün deyil ki, biz burada kimin çıxış etdiyini, kitabın nə vaxt çap olunduğunu, hansı mövzularda çıxışların olacağını bilməyək. Ustad Mütəhhəri üçnəfərlik idarə heyətinin üzvü idi. Lakin Minaçi onun etirazlarını da qulaqardına vurdu. Cənab Mütəhhərinin səsi bir yerə çatmadı. Nəhayət, onların arasındakı ixtilaf dərinləşdi”.

“Biz Məşhəddə idik. Yay idi. O zaman cənab Mütəhhəri Məşhədə gəlmişdi. Mərhum doktor və onun atası da Məşhəddə idilər. Bizim hamımız 4-5 saatlıq iki geniş iclas keçirib hüseyniyyə məsələlərini müzakirə etdik. Qərara alındı ki, cənab doktor ayda iki dəfə keçirlən İslamşünaslıq dərslərinə başlasın. Cənab Mütəhhəri cənab Minaçinin əməllərinə etiraz əlaməti olaraq hüseyniyyəyə getmədi. Mənim yadımdadır, cənab Mütəhhəri etiraz üçün dedi ki, o, hüseyniyyədə özbaşına işləyənə qədər mən orada ola bilmərəm; mən əməli olaraq hüseyniyyədən kənara çəkildiyimi elan edirəm ki, hamı mənim orada olmadığımı bilsin. Onun orada proqramı vardı, amma məhərrəm ayının 7-8-də elan etdi ki, mən hüseyniyyəyə gəlməyəcəyəm. Cənab Mütəhhəri gedəndə hüseyniyyə doğrudan da ruhsuz qaldı. Mərhum doktor deyirdi ki, cənab Mütəhhəri “mən gəlməyəcəyəm” deyəndə sanki bütün arzularım bitdi, mənim üçün hər şey məhv oldu və hər şey mənasını itirdi. Yəni doktor cənab Mütəhhərini ürəkdən sevir və özünü həqiqətən onun müridi hesab edirdi.
Cənab Mütəhhərinin etirazının bəhrə verməsi və cənab Minaçinin mərhum Mütəhhərinin istəklərinə diqqət yetirməsi üçün hüseyniyyədə proqramı olan digər natiqlər də çıxışlarını sildilər. Mən də dedim ki, gəlməyəcəyəm. Cənab Haşimi Rəfsəncani də gəlməyəcəyini dedi. Və hətta Məhəmmədtağı Şəriəti də gəlmədi və bütün proqramlar ləğv olundu. Doktorun özü də dedi ki, mən də çıxışlarımı tətil edirəm, mən də gəlməyəcəyəm. Yəni hamı qəbul etdi və bu, Şəhid Mütəhhərinin sözünün doğruluğunu göstərir. Mən bir daha vurğulamaq istəyirəm ki, mən özüm Məşhəddə cənab Məhəmmədtağı Şəriəti ilə söhbət etdim. O dedi ki, mən çıxıram və Əlini də getməyə qoymayacağam. Yəni o qədər aydın idi ki, hamı qəbul etdi. Onun məntiqli və doğru sözünü qəbul etməyən yox idi. Belə olduqda, hüseyniyyə praktik olaraq boykot edildi. Lakin sonra bəzi dostlar hüseyniyyənin işıqları sönməsin deyə və məhərrəm-səfər aylarında proqramların tamamilə tətil olunmaması üçün dedilər ki, cənab Bahünər həftədə bir dəfə çıxış etsin. Rəngarəng çıxışlardan və izdihamdan isə xəbər yox idi.
Qeyd etdiyim kimi, cənab Minaçi çox təşkilatçı, zirəng və ağıllı insandır. O, bəzi dərslər üçün şərait yaratdı və doktoru qane etdi ki, bunlar bu gün zəruridir, tətil olunsa göy yerə gələr, yer göyə qalxar və s. Məşhəddə həmin iclaslarda dostlar dedilər ki, doktor bu sinifləri indi başlamasın, iki ay sonra başlasın, o zamana qədər hüseyniyyənin problemi həll olunsun. Doktor da qəbul etdi. Lakin Minaçi və digərləri mərhum doktoru mühasirəyə aldılar ki, yox, gec olar, din əldən gedər. Buna görə də, o, dərslərə başlatdı, əməli olaraq hüseyniyyəyə dair plan dayandı və cənab Mütəhhəri daha hüseyniyyə ilə barışmadı. Onun fikrinə azca diqqət belə göstərmək istəmədiklərini görəndə daha hüseyniyyəyə getmədi, özünün yaratdığı bir işi buraxmağa məcbur oldu. Əlbəttə, hüseyniyyə rövnəqləndi və mərhum doktor gedirdi. Məclislər 15 günlük idi və sonra həftəlik oldu. Lakin hüseyniyyə daha fərdi olmuşdu və yalnız Doktor Şəriətiyə bağlı idi. Yəni bir gün doktora soyuq dəyəndə və gələ bilməyəndə hüseyniyyə də yox idi. Bu, böyük bir qüsur idi. Onlar bu qüsuru aradan qaldırmaq istəyirdilər. Hətta bir dəfə mənim yanıma gəldilər, xüsusi sözlərlə həmin ilin 28 səfərində Məşhəddən Tehrana gəlib bir-iki çıxış etməyə vadar etdilər. Sonra gördüm cənablar hüseyniyyənin aylarla bu formada olduğu barədə həqiqətləri mənə deməyiblər. Əlbəttə, sonralar mərhum doktor özü Məşhədə gəlib mənimlə söhbət etdi və dedi ki, gedək hüseyniyyəni idarə edək. Bir layihə də hazırlamışdı. Mən razılaşdım ki, dostlarla əməkdaşlıq edək. Bəlkə də ümumilikdə 20 saatdan çox çəkən iclaslarda mən, cənab Haşimi, Bahünər və cənab Şəriəti dördlükdə Tehranda söhbətlər etdik, hüseyniyyə üçün layihə hazırladıq. Çox yaxşı layihə idi. Biz yazdıq və yalnız cənab Minaçinin “hə” deməsi lazım idi. Doktor dedi ki, bunu ondan alaram. O, “hə” almağa getdi, amma daha gəlmədi. Biz gördük ki, bütün zəhmətlərimiz hədər olub. Mən Məşhədə getdim və cənablar da öz işləri ilə məşğul oldular. Sonralar doktor gileylənirdi ki, siz niyə gəlmədiniz. Dedim ki, biz gəldik, siz cənab Minaçidən “hə” almalı idiniz. Söhbət cənab Mütəhhərinin hüseyniyyədən uzaqlaşmasından gedirdi”. (“İnqilabın sözü” jurnalının Ustad Şəhid Mütəhhəri haqda xüsusi buraxılışına müsahibədən: 1981)

“Mərhum Şəhid Mütəhhərinin Şəriəti barədə fikirləri mübaliğəli idi. Tanış olduqdan sonra iki-üç il onu həddən artıq təriflədi, sonralar isə heyrətamiz şəkildə qınamağa başladı. Məsələnin həddən artıq şişirdilməsi onun İmam Xomeyniyə yazdığı məktubunda da görünür. Şəhid Mütəhhərinin bu fikirləri barədə bizim digər dostlarımızın, o cümlədən mərhum Şəhid Behiştinin də qənaəti belə idi”. (Cəfərian R. “İranın dini-siyasi cərəyan və təşkilatları”, səh. 476)


Son söz əvəzi:
“Kimsə Doktor Şəriətiyə müxalifdirsə, bu gün bu, problemdirmi?! Doğrudan da bu gün bu müzakirənin yeridir ki, deyək kim Şəriətiyə müvafiqdir və kim müxalif? Bütün problem və ixtilaflar həll olunub, növbə bu məsələyə çatıb?! Bu məsələləri ortaya atmağın nə mənası var?!” (Universitet müəllimləri ilə görüşdə çıxışından: 9 sentyabr 1990.)

Nur-az.com


1520 بازدید
در حال ارسال اطلاعات...