Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Ayətullah-üzma Safinin 6 cavabı

Sual 1: Bir qrup şəxs «Şəms» surəsində Allahın nəfsin paklığına 11 dəfə and içməsini əsas götürərək nəfsin paklanmasını vacib bilmişlər. Bu düzgündürmü?
Cavab: Nəfsi saflaşdırmaq, paklamaq vacibdir. «Onu paklayan nicat tapar» (Şəms-9) ayəsinə müvafiq olaraq nəfsini paklayanlar nicat tapasıdırlar.
İslamın etiqad, əxlaq və ibadət bölmələrinə aid proqramlarda əxlaqın zinətləndirilməsinə xüsusi yer verilmişdir. Batinə səfa verilməsində, qəlb pasını təmizlənməsində bu proqramlar olduqca təsirlidir. Ali islam təlimlərinin bir hissəsi paklıq və saflıq, digər bir hissəsi isə kamillik və zinətlənmədir. Bu iki yönümün faydası bütün dini təlimlərdə təsdiqlənir.
Əxlaqın paklaşdırılmasında insan özü aparıcı rol oynayır. Vəzifələrin, ibadətlərin icrası, günahın tərk edilməsi ardıcıllıqla yerinə yetirilərsə, batinin nuru artar və Allaha üz tutmaqla qəlb aydınlaşar. Əksinə, günah və haramlar, dini göstərişlərə etinasızlıq qəlbi qaraldır, ruhu korlayır.
Beləcə, din Allaha üz tutmaq, paklamaq, zinətlənmək, kamilləşməkdir. «Hər bir mömin kişi və qadın yaxşı işlər görərsə, onu pak həyatda yaşadar, əməllərinin əvəzini daha artıq verərik.» (Nəhl-97). Bu əməllər bəyənilmiş həyata səbəb olur və insan elm və əməl qanadı ilə bu ali məqamlara yetişir.
Quran və Əhli-beyt hədislərini qoyub, onun-bunun sözünə əməl etmək və rəhbər, şeyx seçmək lazım deyil. Bəziləri gərəksiz olaraq Allaha yaxınlaşmaq adı altında təriqət və qruplar yaradır, hətta alimləri də qruplara bölürlər. Əsassız proqramlar islam adı ilə qələmə verilirlər.
Bütün kitabların (məsələn, Şeyx Tusinin «Misbahul-mutəhəccid» kitabı) göstərdiyi yaxınlaşma yolu vacibatlardan, nafilələrdən, insanları yaxşıya dəvət edib, pisdən çəkindirməkdən, «İslam» kəlməsini ucaltmaqdan, möminlərin ehtiyacını ödəməkdən, həzrət Mehdinin (ə) zühurunun həqiqi intizarında olmaqdan ibarətdir.
Allah-taala hamının öz dininə, doğru yol olan islama hidayət etsin.

Sual 2: Deyirlər ki, mənəvi kamilliyə çatmaq istəyən şəxs dua və zikrləri dərman bilib, bu dərmanları ruhani təbibin nəzarəti altında istifadə etməlidir. Çünki dualar ruhi təbəqələrə malikdir. Bu doğrudurmu?
Cavab: Deyilən məqsədə çatmaq üçün Əllamə Məclisinin kitablarından, Tusinin «Misbahından», «Məfatihul-cinan»dan dua və zikrlər oxunsa kifayətdir. Xüsusi bir icazə və göstərişə ehtiyac yoxdur. İcazəyə ehtiyaclı bilindirilən bəzi sufi proqramları əsassızdır. Bəzən isə bu proqramların müəyyən qismləri bidət və haramdır. Ən əsası odur ki, ibadət və təkliflər proqramı şəriət və məsumlara əsaslansın. İnsan kimlərinsə ixtiralarına tabe olmamalıdır.

Sual 3: Yaşayış mühitim çətinləşib. Səbəb ailə üzvlərinin islami vəzifə və göstərişlərə məsuliyyətsizliyidir. Evi tərk edib, başqa bir yerdə şəri vəzifələrimi rahatlıqla yerinə yetirmək istəyirəm. Yaddaşımın zəifliyi də narahatçılıq yaradır. Bu iki çətinlikdə dəyərli nəsihətlərinizlə yol göstərməyinizi xahiş edirəm.
Cavab: Bismillahir-rəhmanir-rəhim.
Yazdığınız çatdı. Allahdan çətinliklərinizin gözəl şəkildə həllini və sizin üçün xeyir aqibət istəyirəm.
Sizin əhkam və şəri vəzifələrə diqqətiniz bəyəniləsidir. Həzrət Bəqiyyətullahın (ə.c) lütfü sizə şamil olsun, inşaəllah.
Ailəniz məzhəbi vəzifələri hələlik lazım olan şəkildə yerinə yetirməsə də, siz müqavimət göstərin. Zənnimcə, təhsilinizi bitirməmiş yaşayış şəraitinizi dəyişsəniz yeni çətinliklərlə qarşılaşacaqsınız.
İlkin islam dövrünü və o dövrün müsəlmanlarını xatırlayın. O zaman gənclər kafir ailələr içində müsəlman olur və xeyli əzab-əziyyətlə qarşılaşırdılar. Məyus olmayın. İnşaəllah müvəffəq olarsınız.
Hafizənizin zəifliyi də qorxulu deyil. Bir çox istedadlı şəxsiyyətlərin hafizəsi zəif olub. Allah sizə kömək olsun.

Sual 4: Böyük şəxsiyyətlərlə ünsiyyətdə olduğunuzu nəzərə alaraq, sizdən dünya və axirət səadətinə yol açan bir nəsihət istəyirəm. «Nəsihət möminlər üçün faydalıdır.» (Zariyat-55).
Cavab: Bismillahir-rəhmanir-rəhim.
Aləm və onda olan hər bir şey, bütün hadisələr, ilin dövrü, ömrün və gecə-gündüzün keçməsi, yer və göy, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik, cavanlıq və qocalıq, həyat və ölüm, zillət və izzət, bütün gördüklərimiz, hər hansı bir şeyin vücuda gəlməsi və boya-başa çatması, ölümə qədər onda olan dəyişikliklər hər biri öyüd və nəsihətdir.
Əgər insanın baxışı ibrət baxışı olarsa, dünyanın zahirindən onun batinini tanıyarsa, hər hansı bir mövcudu baxış insanı oyadar. İnsan üçün imkan aləminin hər bir zərrəsində, hər bir yarpaqda mərifət qapıları və səadət yolları açılar. Bir şərtlə ki, insan aşağıdakı ayələrin şamil edildiyi qrupdan olsun: «Yerləri və göylərin yaranışı haqqında düşün – Pərvərdigara bunları əbəs yerə yaratmamısan» (Ali-İmran-191). Əksinə, bu ayədə göstərilən sifətdən uzaq ola: «Ürəkləri var, onunla dərk etməz, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər» (Əraf-179).
Yaranış kitabı dünya başdan-başa nəsihət və moizələrlə zəngindir. Lakin oxumaq üçün savad, mənaların dərki üçün ağıl gərəkdir. Böyük vəhy və şəriət kitabı olan Qurani-kərim də yaranış aləmi kimi nəsihətlərdən ibarətdir. Onu çox oxuduqca, mənalarını çox düşündükcə daha çox ibrət götürülür. İstənilən bir sahədə nəsihəti Qurandan tapa bilərsiniz.
Əbdür-rəhmanın sifətlərini mübarək «Fürqan» surəsindən, ictimai-əxlaqi təlimləri «İsra» surəsinin 22-39-cu ayələrindən oxuya bilərsiniz. Onun müjdə verən, qorxudan ayələrinin hər biri nəsihətamizdir. Sol və sağ tərəfdən olanların sifətlərinin bəyanı olduqca nəsihətlidir.
Peyğəmbərlərin və ilahi şəxslərin, eləcə də, kafirlərin və fironların aqibəti doğru yola yönəlmək üçün öyüd və nəsihətdir. Oxuyun, təkrarlayın və mənalarını düşünün. Çalışın ki, bu mənaların həqiqətini əldə edəniz. «Bu axirət mənzilidir. Onu yer üzündə azğınlıq, tüğyan etmək istəməyənlər üçün sabit etmişik və yaxşı aqibət təqva sahiblərinindir» (Qəsəs-83).
«Onlara bu dünya həyatını misal gətir – o, göydən yağan və cürbəcür bitkilər cücərdən yağış kimidir. Allah hər bir işə qadirdir» (Kəhf-45).
«Hər kəs zərrəcə yaxşılıq etsə, yaxlışıq hər kəs zərrəcə pislik etsə, pislik görər» (Zilzal 7-8).
«Göylərdə və yerdə baxılmayıb, ötürülən bir çox nişanələr var» (Yusif-105).
«özlərindən sonra necə bağlar və bulaqlar qaldı – əkinlər, gözəl evlər və içində qərq olduqları bir nemət» (Duxan 25, 26, 27).
«İllər boyu onları faydalandırdığımıza baxmayaraq, vəd olunmuş əzabın başlarına yağdığını gördün. Həmin faydalar onlara təsir etmədimi?» (Şuəra 205, 206, 207).
Xülasə, aydınlıq istəyənlər üçün Quran bütün qaranlıqları işıqlandırası bir nurdur. Əgər ərəb dili ilə tanışlığınız yoxdursa, düzgün tərcümələrdən istifadə edin. Quranla yanaşı həzrət Peyğəmbərin (s) moizə və nəsihətlərini, «Nəhcül-bəlağədən» həzrət Əlinin (ə) moizələrini, Quranın həqiqi şərhçilərinin nəsihətlərini mütaliə edin.
İmkan həddində mömin bacı və qardaşlarınızın hüququna riayət edin. Zəif təbəqələrin ehtiyacını ödəməyə çalışın. Cəmiyyəti, dini yığıncaqları tərk etməyin.
Gecə namazını qənimət bilin. Hər zaman Allahı zikr edin. Cümə axşamları «Kumeyl», cümə günləri isə «Nudbə» duası oxuyun.
Alverdə şəriklərin hesabından da ciddi öz şəxsi hesabınızı aparın. Hədisdə buyurulur: «Hər kəs özü ilə gündəlik hesabat aparmasa, bizdən deyil.» Əgər hesabatdan yaxşı iş alınsa, Allah bu şəxsin həmin işlərini artırar. Əksinə, günah iş alınsa, həmin şəxs tövbə edib, Allahdan bağışlanmaq istəməlidir. (Kuleyni «Kafi» 2-ci cild).
Niyyətinizi xalisləşdirin. özünüzü Allah və Onun savabından qeyri bir şey satmayın.
İmkan aləminin nümunə və hidayətçisi həzrət Bəqiyyətullah (ə.c.) ilə rabitənizi qoruyun. Onun hakimiyyəti altında olduğumuzu, ona rəiyyət olduğumuzu unutmayın. İşlərimizi bacardıqca onların öhdəsində qoyaq, onların ali məqsədlərinə itaət edək. O həzrətin (imam Zaman (ə.c.)) zühurunun intizarını çəkənləri, onun dostlarını sevək. Yalnız Əhli-beytə itaətlə əldə edilən uca məqama yüksələcəyinizi ümid edirəm. Allah sizləri, bizləri, bütün möminləri və ins və cindən olan şeytanların, bidətçilərin tələlərindən qorusun.

Sual 5: Haqqa çatmaq üçün bir göstəriş buyurun. Bu hədəfə nail olmaq üçün özümə rəhbər, şeyx seçimmi? Hansı kitabı məsləhət buyurursunuz?
Cavab: Bismillahir-rəhmanir-rəhim.
Məktubunuz çatdı və onun məzmunundan məlumat hasil oldu. Əxlaqı paklamaq və sizin sözünüzlə desək, Allaha tərəf getmək üçün göstəriş istəmisiniz. Yadınıza salıram ki, İslam təlimlərinə, vacib və müstəhəbbə əməl etmək, haram və məkruhdan çəkinmək haqqa tərəf getməkdir.
Hər bir müsəlman Allaha tərəf gedir, amma bu hərəktdə onlar dərəcə və rütbəcə fərqlənirlər. İnsan Allah və şəriət göstərişlərinə diqqətli olduqca daha çox müvəffəqiyyətə çatır. İbadi təlimlər, namaz, həcc, oruc, dua, Quran oxumaq, gecə namazı, nafilələrə diqqət, cümə gününün və gecəsinin ibadətləri, qeybət və yalanın tərki, nəfs ilə hesab, bəndələrin ehtiyacını ödəmək, ata-anaya yaxşılıq, qohum-əqrabanı yoxlamaq, qonşuya yaxşılıq, əmanətdarlıq, alimlərlə ünsiyyətdə olmaq, tövbəni təzələmək, təkbir, təhmid, təsbih, təhlil zikrləri, xalqla xoş rəftar, insanları yaxşıya dəvət edib, pisdən çəkindirmək, rəvayətdə (Muəlla ibni Xuneysin rəvayətində) deyildiyi həddə din qardaşlarının hüquqlarına riayət, bədən üzvlərini günahlardan qorumaq, hətta şübhəli işlərdən çəkinmək, yaranışda Allahın qüdrət və əzəmətini düşünmək, Qurani-məciddə bəyan olunmuş dağlar və dənizlərə, böyük və kiçik mövcudata ibrət gözü ilə baxmaq – bütün bu sadalananlar Allaha tərəf hərəkətdir.
Bu hərəkətin qayda-qanunları dua kitabları, risalələr, Quranın təfsirləri və hədis kitablarında göstərilmişdir. Şeyx və rəhbərə ehtiyac yoxdur. Ustad Quran və Əhli-beytdən olan hədislərdir.
Xülasə, bütün müsəlmanlar beş namaz vaxtı Allaha tərəf səfərdədirlər. Qadın öz evdarlığı və şəri vəzifələrini yerinə yetirməklə, kişi alın təri ilə ruzi qazanmaqla uyğun sərəfdə ola bilər. Lakin «...qafillərdən olma...» (Əraf-205) ayəsinə əməl edilməlidir. Bütün bu əməllərdə Allahın razılığı gözlənilməli, Allah unudulmamalıdır.
İslam təlimlərinin bərəkətindən yol açıqdır. Hətta günahlar yolu bağladıqda belə, tövbə ilə yenidən açılır.
Yaxşıya dəvəti, pisdən çəkindirməni tərk edən, cəmiyyətdən uzaqlaşıb bir güncdə oturan adamlar yol göstərə bilməzlər. Yola bələd Əhli-beyt məktəbinin şagirdləri və alimləridir. İşarə etdiyiniz həmin firqədən qorunun. Həmin yol küfr və şirkə aparır. Onların rəhbərlikdə məqsədi xalqı azdırmaqdır.
Qardaşcasına nəsihət edirəm: əvvəl vaxtda namaz qılmaqla, dilinizi qorumaqla, deyilən proqramlara baxmaqla elə öz ayağınızla Allaha tərəf getsəniz, Ona yaxın olarsınız.
«Yolumuzda çalışanları bu yola hidayət edərik və Allah yaxşı iş görənlərlədir» (Ənkəbut-69).
Sizin müvəffəqiyyətiniz və imanınızın ins və cin şeytanların vəsvəsəsindən qorunması üçün mən də dua edirəm. Siz də məni unutmayın.

Sual 6: Ruhi sarsıntı və uğursuzluqdan qurtulmaq üçün nə etmək lazımdır?
Cavab: Bismillahir-rəhmanir-rəhim.
Ruhi halətlər və müvəffəqiyyətlərin kəsilməsindən danışan məkbunuz çatdı.
Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir.
Şərafəli bir hədisə görə uzun illər ibadətə məşğul olmuş bir şəxs var idi. Bu şəxs o zamanın adət-ənənəsi ilə qurban kəsdi və bu qurban qəbul olmadı. O, öz nəfsinə üz tutub dedi: «Başıma nə gəldisə, səndən gəldi. Günahkar deyildim, sən etdin.» Xitab oldu ki, bu şəxsin öz nəfsini danlması illərlə etdiyi ibadətdən daha yaxşıdır.
Siz hazırkı imanınız ilə həmin ləyaqətli halətə sahib olmalı, savabın əldə verilməsindən narahatlıq keçirməlisiniz. Buna görə də ötən zərərlərin aradan qaldırılması məqamına gəlin və Allaha şükr edin ki, sizə belə bir işıqlı vicdan vermişdir. Şükr edə-edə, şadlıq və eşqlə öz proqramlarınızın icrasına başlayın. Allahdan tofiq və yardım diləyin. İnşəallah, halınız yaxşılaşacaq, qəlbinizin nuraniliyi, batininizin saflığı artacaq.
Bəndə öz nəfsani halətlərini nəzarət altında saxlamalıdır. Hədisdə var: «Qəlb də dəmir kimi paslanır və Quran oxumaqla, ölümü yada salmaqla təmizlənir.» («Əlmühəccətül-beyza» 2-ci cild).
Əgər bacarsanız, öz nəfsinizi cərimə edin. Allahın itaət və razılığı yolunda onu təzyiq altında saxlayın. Bu işlərdən əlavə, malınızdan infaq edin, çox namaz qılın, Quran oxuyun. Bəzi böyük şəxsiyyətlərin haqqında deyilib ki, namazı əvvəl vaxtdan gecikdirəndə özünü ədəbləndirmək üçün bir qul azad edərdi.
Əbu-həzmə Somalinin dualarından bu seçilmiş cümlələri oxuyun və işinizdə eyb varsa, onu düzəldin.
«Ey mənim Allahım! Hər zaman ki, öz batinimi islah edib, tövbəkarlara yaxın olmaq istədimsə, qarşıya bir çətinlik çıxdı və məndən sabit qədəmliyi aldı. Sənin xidmətində olmaqdan kənar düşdüm. Mənim ağam! Bəlkə məni öz dərgahından qovub, o dərgahda xidmət etməkdən məhrum etmisən? Bəlkə, Sənin haqqında səhlənkarlıq etdiyimi görüb, məni uzaqlaşdırdın? Bəlkə, Səndən üz döndərdiyimi gördün və mənə qəzəbləndin? Bəlkə, məni yalançılar sırasında gördün və başlı-başına buraxdın? Bəlkə, Sənin bəxşişlərinə minnətdar olmadığımı gördün və məni nəsibsiz qoydun? Bəlkə, məni alimlərlə həmsöhbət, yaxın görməyib xar etdin? Bəlkə, məni qəflətdə olanlarla görüb, rəhmətindən naümid etdin? Bəlkə, məni batil əməl sahibləri ilə görüb, onlara tapşırdın? («Məfatihul-cinan»).
Yuxarıda müvəffəqiyyətsizlik amilləri sadalandı və onlar kifayət qədər oyadıcıdır. Ümid edirəm ki, siz bu amillərdən heç birinin təsiri altına düşməyəcəksiniz. Allaha ümid bağlamaqla, proqramları əvvəlki kimi icra edin. İrəliləyin, addımlayın! Böyük xoşbəxtliklər və ali dərəcələr sizin intizarınızdadır!
Ağamız Mehdi (ə.c) həzrətlərinin ətəyindən yapışın və onun zühuru üçün dua edin.
Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin.

Nur-az.com


1472 بازدید