Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2014

Özünəpərəstiş süqut amilidir

Şirk və gizli küfr
Şeyx Ənsari namazdan aldığı ləzzətdən ehtiyat edirdi. Hansı ki, əksər abidlərin arzusu belə bir ləzzətə çatmaqdır. Əgər mərifət əhli ilə sadə abid arasında bir bu qədər fərq varsa, mərifətlə cəhalət arasındakı fərqdən danışmağa dəyməz. Şeyx ehtiyat edirdi ki, namazdan aldığı ləzzət onunla Allah arasında pərdə ola. Əgər doğrudan da həmin ləzzət insanın ilahi niyyətinə xələl gətirərsə, gizli şirk hesab olunar. Belə bir şirk insanı cəhənnəmə aparmasa da, təkamül yolunda maneədir. “Yusuf” surəsinin 106-cı ayəsində oxuyuruq: “Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar.”
Hər halda, bu qəbildən olan şirklər gizli və zəifdir. Eləcə də övliyalardan savay əksər insanlarda mövcuddur. Əgər özümüzə diqqət etsək bir çox ibadətlərimizdə bu mənfi halı müşahidə edərik. Əksəriyyətimiz çox təsadüfən namazımızı qəlbin iştirakı (hüzuri-qəlb) ilə qılırıq. Qəlbin iştirak etmədiyi namaz tam faydasız olsaydı, yəqin ki, çoxumuz namazdan uzaqlaşardıq. Amma Allaha xatir görülən iş gizli şirkə malik olsa da səmərəsiz deyil. Təkamülə üz tutmuş yolçuların dərəcələri müxtəlifdir və hər dərəcənin öz gizli şirki var. Şeyx Ənsari kimi şəxsiyyətlər bizim həsrətində olduğumuz ibadət ləzzətindən xoflanırlar. Bir daha qeyd edək ki, gizli şirk Allahın qəzəbinə səbəb olan şirk deyil. “Nisa” surəsinin 48-ci ayəsində buyurulur: “Allah ona şərik qoşanları bağışlamaz.” Ayədə nəzərdə tutulan şirk insanın bütün saleh əməllərini puça çıxaran şirkdir. “Nur” surəsinin 39-cu ayəsində oxuyuruq: “Kafirlərin əməlləri düzənlikdəki ilğıma bənzər, susayanlar onu su bilib yaxınlaşdıqları zaman orada heç nə tapa bilməzlər.” Küfr və şirkin ali mərtəbəsi Fironda idi. Amma adi insanlarda müşahidə olunan şirkin zəif bir halıdır və insan bu halın güclənməməsi üçün diqqətli olmalıdır.
Şirkin gizli formasını daşıyan insan Firon kimi Allahlıq iddiası etmir. Amma onda da Firon kimi insana sərf eləməyən həqiqətə qarşı inkarçılıq mövqeyi müşahidə edilir. “Küfr” “örtmək” mənasını verir. Kafir həqiqətin üstünü örtən insana deyilir. Əgər biz əhəmiyyətsiz də olsa bildiyimiz həqiqəti inkar ediriksə hansısa səviyyədə küfrə yol veririk. Bu küfr zəif halda qorxulu olmasa da nəzarətsiz buraxılıb güc-lənərsə imanı kökündən qoparar. Ona görə də imanlı insan nəfsinə qarşı çıxmaqla gizli küfrü daha da zəiflətməlidir. Gizli küfr bir növ kiçik Firondur. Bu kiçik Firona meydan verən şəxs bir gün özünü Allah da hesab edə bilər.

Süqutun kökü özünəpərəstişdir
Bütün küfrlərin əsası öünəpərəstişdir. İnsan gizli və ya açıq küfrün hansı mərtəbəsindədirsə həmin mərtəbəyə uyğun özünəpərəstişə düçardır. Gördüyümüz işin təkamülə və ya tənəzzülə apardığını təyin etmək üçün bu işin kimin istəyi ilə görüldüyünü müəyyənləşdirməliyik. Allahın istəyi ilə görülən iş isə insanı təkamülə, nəfsin istəyi ilə görülən iş süquta aparır. Bəzi mərtəbələrdə özünəpərəstiş o qədər gizli ola bilər ki, nəzərdən yayınar.
Hər halda nəfsin hiylələrinə qarşı diqqətli olmaq lazımdır. Nəfs bəzən özünəpərəstişi gizləmək üçün yalançı məntiqlə müəyyən dəlillərdən istifadə edir. Hələ ilk yaranışda Adəmə səcdə etməkdən boyun qaçıran İblis Adəmə səcdənin yanlış addım olmağını dəlil gətirmişdi. Nəfs də müxtəlif elmi məsələlərlə insanı aldada bilər.
Yaşadığımız dövrdə özünəpərəstişə yoluxub imanını əldən verən çox şəxsiyyətlər görmüşük. Onlar elmi dəlillər gətirərək öz yanlış fikirlərinə həqiqət donu geyindirməyə çalışırlar. Hətta uzun illər dini mərkəzlərdə təhsil alanlar arasında da nəfsin hiyləsinə aldananlar tapılır. Qırx il dini elmlərlə məşğul olan alim “iman yəqinlə bir araya sığmır” iddiası ilə çıxış edir. O, Qurana istinad edərək Quranın ziddinə hökm çıxarır. Guya, insan yalnız bilmədiyi məsələyə iman gətirə bilər. Hansı ki, Allah-təala açıq-aşkar şəkildə inam məsələsində zənn və gümanı məzəmmət edərək insanları yəqinliyə çağırır. Quran inam məsələsində şübhəni eyb kimi tanıtdıraraq yəqinliyi olmayanları zəif düşüncəli hesab edir. “Nəml” surəsinin 66-cı ayəsində oxuyuruq: “Olsun ki, onların axirət haqqında elmləri yetərsizdir.”

Nur-az.com


1189 بازدید