Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

Sələfi Albani və Səqəleyn hədisi

Məhəmməd Nasirəddin Albani (1914-1999) Vəhhabi firqəsinin ən görkəmli hədisşünaslarındandır. O, Albaniyada doğulmuş, Suriyada böyümüş, 3 il Səudiyyə Ərəbistanında hədis elmini tədris etmişdir. Səudiyyə Ərəbistanının və Vəhhabi təriqətinin Baş müftisi olmuş Bin Baz İbn Teymiyyə və Məhəmməd ibn Əbdülvəhhab kimi, onu da öz əsrinin yenilikçisi adlandırmış və haqqında belə demişdi:
“Bugünkü dünyada hədis elmində Əllamə Məhəmməd Nasirəddin Albani kimisini görməmişəm”.
Təbii ki, bu iltifat Albaninin sələfiliyə yönəlməsindən sonra yaranmışdır. O, ömrünün son ilində Ərəbistanın Beynəlxalq Məlik Feysəl mükafatına da layiq görülmüşdür.

Albani və Əhli-beytin fəzilətləri
Albani hədislərin dəyərləndirilməsinə dair elmi meyarlarına uyğun olaraq, özünün “Səhih hədislər toplusu” kitabında Əhli-beyt barədə bəzi hədisləri, o cümlədən, Səqəleyn, Qədir-Xum, Bayraq, “Əlini sevən məni sevmişdir”, (Əliyə müraciətlə:) “Mən səndənəm, sən məndən”, “Sənə yalnız münafiqlər kin bəsləyər və səni yalnız möminlər sevər”, “Əlidən şikayət etməyin”, “Mən Quranın nazil olması üçün vuruşduğum kimi, Əli də Quranın təvili üçün vuruşar”, “Əlini incidən məni incitmişdir”, “Cənnətin ən üstün qadınları Xədicə, Fatimə, Məryəm və Asiyədir”, “Həsən və Hüseyn dünyadakı iki gülümdür”, “Həsən və Hüseyn cənnət gənclərinin ağalarıdır”, “Həsən və Hüseyni sevən məni sevmiş, onlara kin bəsləyən mənə kin bəsləmişdir”, “Hüseyn məndəndir, mən Hüseyndən”, “Peyğəmbərlər qəbirlərində diridirlər və namaz qılırlar”, “Əmmarı zalım qrup öldürəcək”, “Əmmar həmişə daha düzgün olanı seçmişdir”, “Cəbrayıl mənə xəbər verdi ki, oğlum Hüseyni ümmətim öldürəcək”, “(Ey Zübeyr!) Sən zalım tərəf olduğun halda ona (Əliyə) qarşı vuruşacaqsan” hədislərini və digər rəvayətləri səhih – düzgün elan etmişdir.

Səqəleyn hədisi
Cabir ibn Abdullahın rəvayətinə əsasən, Allahın rəsulu həcc zamanı, Ərəfə günü müsəlmanlara buyurdu: “Ey müsəlmanlar! Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-beytim. (Sünən-Tirmizi, 2-308).
Albani hədisi qeyd etdikdən sonra yazır:
“Bu hədis səhihdir. Zeyd ibn Ərqəmin Səhih-Müslimdə (7-122-123), Müsnəd-Əhməddə (4-366-367) və digər kitablarda yer almış, Əli ibn Rəbiənin Müsnəd-Əhməddə (4-371) və Möcəm-Təbəranidə (hədis: 5040) yer almış, Ətiyyə Övfinin Əbu Səid Xudridən nəql etdiyi (Müsnəd-Əhməd, 3-14, 17, 26, 59; Möcəm-Təbərani, hədis: 2678, 2679) və həmçinin digər eyni məzmunlu hədislər (Sünən-Dariqutni, hədis: 529; Müstədrək-Hakim, 3-93 və s.) bunu təsdiqləyir. Hakim Nişapuri, Zəhəbi və digərləri bu hədislərin bəzisini səhih saymışlar”. (Albani. “Silsilə əhadis əs-səhihə”, hədis: 1761)
Bu hədisin özəlliyi bundadır: Peyğəmbər buyurur ki, bunlarla (Quran və Əhli-beytlə) olduğunuz təqdirdə yolunuzu azmazsınız. İbn Teymiyyə bu hədisi zəif sayaraq Müslimin nəql etdiyi oxşar hədisi səhih hesab edirdi. Həmin hədisdə deyilir: “Sizin aranızda iki ağır əmanət qoyub gedirəm: Allahın kitabını... və Əhli-beytimi”. Sonra üç dəfə dedi: “Əhli-beytimə dair Allahı sizə xatırladıram”. Göründüyü kimi, bu hədisin də kifayət qədər ağır mesajı olsa da, birinci hədis kimi konkret şəkildə hidayət və azğınlıqla əlaqələndirilməmişdir.
Xatırlatmaq lazımdır ki, şiələr öz kitablarında da çoxlu səhabələr tərəfindən nəql olunmuş bu hədisi mütəvatir sayır və onu Təthir ayəsi () ilə yanaşı tutaraq, Əhli-beytin məsum olduğunu düşünürlər. Çünki Peyğəmbər bununla Əhli-beytin söz və əməllərinin doğruluğuna, hidayətdən kənar olmadığına zəmanət vermiş olur. Bundan əlavə, şiələr bu hədisə əsasən, Peyğəmbərin hər hansı məsələyə dair fikrini məhz Əhli-beytdən öyrənməyə çalışırlar. Onlara görə, Peyğəmbərin öz övladlarının – yəni haqqında bu qədər fəzilətlər bəyan olunmuş Əhli-beytin nəql etdiyi hədislər digər səhabə və tabeilərin nəql etdiklərindən daha etibarlıdır və Peyğəmbərin özü məhz bunu vəsiyyət etmişdir.

Abdullah Arif

Nur-az.com


1329 بازدید
در حال ارسال اطلاعات...