Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2014

İslamda elm vә alimin fәzilәti

İslam dini həyatın bütün sahələrində olduğu kimi, təlim və təhsil sahəsində də bəzi üsul və qanunlar müəyyən etmişdir. Onlardan bəziləri müəllimlərin tədrisinə, bəziləri şagirdlərin əxlaq və davranışlarına, bəziləri də şagirdlərlə müəllimlərin qarşılıqlı münasibətlərinə aiddir.
Növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq. Lakin hər şeydən əvvəl diqqətinizi islamın elm sahiblərinə verdiyi qiymətə cəlb edirik.

Quranın elm vә alimlәrә verdiyi qiymәt
1. Peyğəmbərə (s) nazil olan ilk ayələrdə Allah-taala yaradılışın necəliyi haqda xəbər verdikdən sonra, bəşəriyyətə bəxş olunan ilk nemətin məhz elm olmasını buyurur.
«[Ya Peyğəmbər! Qurani-kərimi bütün məxluqatı] yoxdan yaradan Rəbbinin adı ilə [Bismillah deyərək] oxu!
O, insanı laxtalanmış qandan yaratdı.
[Ya Peyğəmbər!] Oxu! Sənin Rəbbin ən böyük Kərəm sahibidir!
O Rəbbin ki qələmlə [yazmağı] öyrətdi.
O Rəbbin ki, insana bilmədiklərini öyrətdi». (Әləq 1-5.)
2. Allah-taala elm sahiblərini başqalarından üstün tutur.
«...Allah da sizdən iman gətirənlərin və [xüsusilə] elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın...» (Mücadilə-11.)
3. Hikmət sahiblərinə böyük nemət nəsib olmuşdur.
«...Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir...» (Bəqərə-269.)
Hikmətə nail olmağın yollarından biri də elm və agahlıq əldə etməkdir.
4. Quran nöqteyi-nəzərindən elm sahibləri beş xüsusiyyətə malikdirlər:
a). Iman; «...Elmdə qüvvətli olanlar isə: Biz onlara iman gətirdik, onların hamısı Rəbbimiz tərəfindəndir...» (Ali-Imran-7.)
b). Tövhid; «Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir...» (Ali-Imran-18.)
v). Allah qorxusundan qəm-qüssə; «Ondan əvvəl elmə çatmış kəslər yanlarında Quran oxunduğu zaman üzü üstə səcdəyə qapanarlar.» (İsra 107-109.)
q). Təvazökarlıq; Yuxarıdakı ayələrdə bu haqda danışıldı.
d). Qorxu. «...Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar...» (Fatir-28.)

Peyğәmbәrin (s) kәlamlarında elm vә alimin dәyәri
1. «Allah-taala xeyir və səadətini istədiyi şəxsləri öz dinində idrak və düşüncə sahibi edər.» (Səhih Buxari, Elm fəsli-70.)
2. «Ümmətimin alimləri Bəni-Israil peyğəmbərləri ilə bərabərdirlər». (Biharul-ənvar, 2-ci cild, Elm kitabı.)
3. «Alimlər peyğəmbərlərin varisləridir». (Sünəni Ibni Macə, 1-ci cild, 17-ci bab, 223-cü hədis.)
4. «Göylərdə və yerdə olanların hamısı alimlərin bağışlanmasını istəyər». (Sünəni ibni Davud, 2-ci cild, səh-285.)
5. «Alimlər insanları peyğəmbərlərin gətirdikləri şəriətlə hidayət etdikləri, mücahidlər isə peyğəmbərlərin gətirdiklərinin təlim olunmasının keşiyində durduqları üçün peyğəmbərlik məqamına ən yaxın olan kəslərdir». (Ehyaul-ülum, Ğəzzali, Elm kitabı.)
6. «Qiyamət günü alimlərin mürəkkəbi şəhidlərin qanı ilə ölçülər». (Həmən mənbə.)
7. «Həqiqətən yer üzünün alimləri göydəki ulduzlara bənzəyərlər. Onların gecənin qaranlığında dəniz və quruda saçdıqları işıqla insanlar öz yollarına davam edər, söndükdə isə yolu azmaq təhlükəsi ilə qarşılaşarlar». (Kənzül-ümmal, 28769-cü hədis.)
8. «Allah-taala Ibrahim (ə)-a vəhy edərək buyurdu: «Ey Ibrahim! Həqiqətən Mən Özüm aliməm, alimləri də sevirəm». (Ehyaul-ülum, Ğəzzali, Elm kitabı. Әsqəlanidən nəql olunur.)
9. «Bir alimin ölümü bir qəbilənin ölümündən daha ağırdır». (Ehyaul-ülum, Ğəzzali, Elm kitabı, Təbəranidən nəql olunur.)
10. «Alimlərin məqamı abid və pəhrizkarların məqamından yetmiş dəfə ucadır. Onlar arasındakı məsafə o qədər böyükdür ki, çapar atlar bu iki məqamın arasını yetmiş ilə qət edərlər. Alimlərin onlardan üstün olmaları bundan irəli gəlir ki, abidlər ibadətlə məşğul olduqları bir halda Şeytan bidətçilik məqsədilə onları haqq yoldan azdırmaq istərkən, yayılmaqda olan bidətin qarşısını məhz alimlər alarlar». (Әttrəğib-vəttərhib, 1-ci cild, səh-102, 36-cı hədis.)
11. «Min abidin mövcud olmasına dözmək, Şeytan üçün bir alimin mövcud olmasına dözməkdən daha asandır». (Sünəni Termezi, Elm kitabı, 11-ci bab, 2681-ci hədis.)
12. «Allah-taala, dinini öyrənmək üçün sə᾿y edən şəxslərə güman etmədiyi yerdən ruzi verib ehtiyacsız edər». (Ehyul-ülum, Ğəzzali, Elm kitabı, Xətibdən nəql olunur.)
13. «Qiyamət günü üç dəstəyə şəfaət edərlər: Peyğəmbərlər, alimlər və şəhidlər». (Sünəni ibni Macə, 1209-cu hədis.)
14. «Әn gözəl sədəqə odur ki, insan elm öyrənib onu müsəlman bacı-qardaşlarına da təlim etsin». (Sünəni ibni Macə, 20-ci bab, 243-cü hədis.)
15. «Mələklər, hətta qarışqa və dənizdəki balıqlar da insanlara elm öyrədib haqq yolu göstərənləri alqışlayarlar». (Kənzül-ümmal, 28736-cı hədis.)
16. «Alimlərin üzlərinə nəzər salmaq ibadətdir». (Biharul-ənvar, 1-ci cild, Elm kitabı.)
17. «Alimin dünyadan köçməsi islam dinində elə bir boşluq yaradır ki, gecə və gündüzün bir-birinin yerini dəyişməsi bu boşluğu doldurmur». (Kənzül-ümmal, 28761-ci hədis.)

Nur-az.com


1577 بازدید
در حال ارسال اطلاعات...