Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Sələf, yoxsa Əhli-beyt yolu (1)

Bu, olduqca mühüm sualdır. Hansı ki, əksər Əhli-beyt tərəfdarları bunun əhəmiyyətini yaxşı dərk etmir, çox zaman əhəmiyyətsiz şübhələr ətrafında mübahisələr aparırlar. Sələfi və vəhhabilər də imkan daxilində bu sualdan qaçmağa çalışır, Əhli-beytin də sələflərdən olduğunu söyləyirlər.
Şiələr insanları Quran, sünnə və Əhli-beyt yoluna dəvət edirlər. Bunun üçün isə kifayət qədər dəlil-sübut vardır. Biz burada mövzuya ən mühüm dəlillər arasından yalnız bir ayə və bir hədisə işarə vuracağıq:

1. Təthir ayəsi: “Ey Əhli-beyt! Allah sizdən hər bir çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!“ (Əhzab-33)
Ayədən başa düşürük ki, Əhli-beyt günah və azğınlıqdan ibarət çirkinlikdən də uzaqlaşdırılmışdır. Sünni və şiə hədislərinə əsasən, bu ayədə məqsəd Əli, Fatimə, Həsən və Hüseyndir. Nümunə üçün, Səhih-Müslimdə nəql olunmuş hədisə nəzər salaq:
Aişə deyir: “Peyğəmbər səhər çağı çiynində yun parça otaqdan çıxdı. Həsən ibn Əli gəldi. Peyğəmbər onu əbanın altına saldı. Sonra Hüseyn gəldi - onu da əbanın altına saldı. Sonra Fatimə gəldi - onu da əbanın altına saldı. Sonra Əli gəldi - onu da əbanın altına saldı. Daha sonra isə bu ayəni oxudu: “Ey Əhli-beyt! Allah sizdən hər bir çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!“ (Səhih-Müslim, hədis: 2424)
Hədis əksər hədis kitablarında qeyd olunub və məzhəbindən asılı olmayaraq, demək olar ki, bütün alimlər tərəfindən qəbul olunur. Tirmizinin nəql etdyi oxşar hədisdə isə deyilir ki, hadisə Ümm Sələmənin evində baş vermiş, bu zaman Ümm Sələmə Peyğəmbərdən soruşmuşdur: “Ey Allahın rəsulu, mən də Əhli-beytdənəmmi?!” Peyğəmbər cavab verdi: “Sən öz yerindəsən, sən xeyirdəsən” (Yəni Əhli-beytdən sayılmırsan). (Sünən-Tirmizi, hədis: 3787)

2. Səqəleyn hədisi: Cabir ibn Abdullahın rəvayətinə əsasən, Allahın rəsulu həcc zamanı, Ərəfə günü müsəlmanlara buyurdu: “Ey müsəlmanlar! Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız: Allahın kitabı və Əhli-beytim. (Sünən-Tirmizi, hədis: 3786)
Zeyd ibn Ərqəmin rəvayətində isə belə buyurur: “Mən sizin aranızda elə şey qoyub gedirəm ki, onunla olduğunuz təqdirdə yolunuzu azmazsınız. Onların daha böyük olanı Allahın kitabıdır... O birisi isə Əhli-beytimdir. Onlar qiyamətə qədər bir-birindən ayrılmazlar”. (Sünən-Tirmizi, hədis: 3788)
İslam alimlərinin böyük əksəriyyəti, o cümlədən böyük sələfi hədisşünası Şeyx Albani bu iki hədisi, eləcə də Səhih-Müslim, Müsnəd-Əhməd və digər kitablarda yer almış oxşar hədisləri səhih sayırlar. Peyğəmbər bu hədisi dəfələrlə, həm də ömrünün sonunda buyurmuş, son vəsiyyəti kimi Quranı və Əhli-beyti tapşırmışdır. Bu mütəvatir hədis və həmçinin Təthir ayəsi Əhli-beytin məsum olduğunu göstərir. Ayə bunu açıq-aşkar söyləyir, Peyğəmbər də bu hədislə Əhli-beytin söz və əməllərinin doğruluğuna, hidayətdən kənar və Qurandan ayrı olmadığına zəmanət vermiş olur. Bundan əlavə, bu hədisə əsasən, Peyğəmbərin hər hansı məsələyə dair fikrini məhz Əhli-beytdən öyrənmək lazımdır. Çünki Peyğəmbərin öz övladlarının – yəni haqqında bu qədər fəzilətlər bəyan olunmuş Əhli-beytin nəql etdiyi hədislər digər səhabə və tabeilərin nəql etdiklərindən daha etibarlıdır və Peyğəmbərin özü məhz bunu vəsiyyət etmişdir.

Əhli-beytə dair həmçinin Məvəddət, Vilayət, Mübahilə və digər ayələri, On iki xəlifə, Qədir-Xum, Nuh gəmisi və digər hədisləri də qeyd etmək olardı. Bundan əlavə, hər namazın təşəhhüdündə Peyğəmbərə salavatdan sonra mütləq onun ailəsinə də salavat çevirmək vacibdir. Bütün bunlar isə heç şübhəsiz, səbəbsiz deyil və bu dində Əhli-beytin özəl statusuna dair mesajları təşkil edir.
Bu gün müsəlmanlar arasında Peyğəmbərin gündəlik işləri barədə də yekdil fikir yoxdur. O, gündə dəfələrlə dəstəmaz alır, namaz qılırdı, lakin bu gün müsəlman məzhəbləri buna dair müxtəlif düşüncələrə malikdirlər. Elə isə Peyğəmbəri və təbii ki, onun vasitəsi ilə Qurana dair düzgün izahları kimdən öyrənək? Şiə məzhəbinə görə bunun yolu Əhli-beytə müraciət etməkdir. Əvvəla, Əhli-beyt onun evinin içidir, öz uşaqları, ən yaxınlarıdır, düzünü də onlar bilirlər. İkincisi isə, yuxarıda sadalanan dəlillərə əsasən, Əhli-beytin özü bilik qaynağıdır və Peyğəmbərdən sonra hər hansı fikir ayrılığı zamanı məhz onlara müraciət etmək lazımdır.
Bu, Əhli-beyt yolunu seçənlərin əsaslarına çox qısa baxış idi. Növbəti hissədə sələflərin yoluna dəvət edənlərin əsas dəlillərinə nəzər salacağıq.
(Ardı var)

Nur-az.com


1491 بازدید