Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

“Peyğəmbər vəhhabizmin yaranacağını demişdi” (1)

Qum Elm Hövzəsinin müəllimlərindən olan şiəşünas və sələfişünas alim Əli Əsğər Rizvani vəhhabizmə dair aşağıdakı kitabların müəllifidir:

Vəhhabi fitnəsi (Dilimizə tərcümə olunub)
Sələfiliyin tənqidi
Vəhhabizmin daxildən tənqidi
Vəhhabilərin müsəlmanlarla rəftarı
Vəhhabilərin cisim olan Allahı
İbn Teymiyyənin Əhli-beytlə düşmənliyi
İbn Teymiyyə Əhli-sünnənin baxışında
Təkfirçi fikirlərdən çəkinmək
Peyğəmbər və övliyaların ziyarəti
Vəhhabilikdə ağıl amili

Əli Əsğər Rizvaninin islamşünaslıq, Qədir-Xum, İmam Mehdi və digər mövzularda da kitabları tərcümə olunmuş və Nur-az kitabxanasında yerləşdirilmişdir. Bu yazıda isə alimin vəhhabilik haqda Fars xəbər agentliyinə verdiyi müsahibəsinin birinci hissəsini ixtisarla diqqətinizə çatdırırıq:

- Vəhhabi etiqadlarından biri digərlərini kafir adlandırmaq, şiələri şirkdə ittiham etməkdir. Buna dair Quran və sünnədə dəlil varmı?
- Vəhhabilər yalnız öz etiqadlarını düzgün sayır, ayrılarını kafir adlandırır, məhv etməyi düşünürlər. Halbuki Allah-Taala Quranda buyurur: “Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün) bir şeyə istinad etmirlər“ - söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların arasındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!” Bu ayədən başa düşürük ki, ortaq etiqadları olanlar bir-birini məhv etməyə çalışmamalıdır. Həm də ayə açıq-aşkar söyləyir ki, belə mühakimə yürüdənlər nadan və cahil adamlardır.

- Amma İslam ölkələrində şiə və sünnilərə qarşı terror əməliyyatları həyata keçirənlər də bəzi Quran ayələrinə istinad edirlər.
- Allah-Taala çoxlu ayələrdə kəlmeyi-şəhadət söyləyən müsəlmanı kafir adlandırmağı qadağan edir: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!” Həmçinin buyurur: “Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, bütün insanları öldürmüş kimi olur.” Bu barədə hədislər də kifayət qədərdir. Nümunə üçün, Abdullah ibn Ömərdən Peyğəmbərin belə buyurduğu nəql olunur: “Bir müsəlmanın öldürülməsinə bir sözlə belə kömək edən şəxsin alnına qiyamət günü belə yazılacaq: “Bu adam Allahın rəhmətindən əlini üzmüşdür!”
Hədislərə müraciət edəndə görürük ki, Peyğəmbərimiz vəhhabizmin meydana çıxacağını öncədən demişdi. Səhih-Buxaridə onun belə buyurduğu yazılır: “Şərqdən bəzi adamlar qiyam edəcəklər. Onlar Quran oxuyacaqlar, lakin Quran boğazlarından o tərəfə keçməyəcək. Onlar oxun kamandan çıxdığı kimi dindən uzaqlaşacaqlar. Onların əlaməti başlarını (keçəl) qırxmalarıdır”. Qəstəlani deyir ki, məqsəd Mədinənin şərqidir; məsələn, Nəcd və ondan o yana.
Vəhhabiliyin ilk dövrlərində yaşamış Əhli-sünnə alimi Zeyni Dəhlan deyir ki, vəhhabizmə qarşı kitab yazmağa ehtiyac yoxdur, onlar barədə Peyğəmbərin “Onların əlaməti başlarını (keçəl) qırxmalarıdır” cümləsi kifayət edər. Çünki bidətçilər arasında vəhhabilərdən başqa heç birinin belə əlaməti yoxdur. Onlar öz sıralarına qoşulanların o saat başlarını keçəl edirdilər.
Həmçinin Buxari, Əhməd ibn Hənbəl və digərləri Peyğəmbərin Nəcd bölgəsi barədə belə buyurduğunu yazmışlar: “Şeytanın buynuzu orada çıxacaqdır”.

- Vəhhabilərin sələflərinin müsəlmanlarla rəftarı necə olmuşdur? Bugünkü vəhhabilər kimi onlar da xalqla kobud davranmışlarmı?
- Bəli, vəhhabilərin sələfləri də belə olmuşlar. “Nəhc əl-Əhməd” kitabında deyilir ki, onlar (əksər sünnilərin etiqad bəslədiyi və özlərinə ən yaxın müsəlman firqəsi olan) Əşəriliyi küfr adlandırıb alimlərinə hücum edirdilər. Onlar Əbu İshaq Şafeini kafir adlandırdılar, məşhur tarix və təfsir alimi olan İbn Cərir Təbəriyə hücum etdilər, öləndə dəfninə imkan vermədilər. Buna görə onu gecə vaxtı evində dəfn etdilər. Radikal hənbəlilər öz firqə maraqlarından ötrü avam camaatdan çox istifadə edirdilər.
İbn Əsir hicrətin 317-ci ilinin hadisələrini yazarkən Bağdadda hənbəlilərlə digər Əhli-sünnə firqələri arasında baş verən qanlı toqquşmaları qeyd etmişdir. Münaqişə isə “Ola bilsin ki, Rəbbin səni bəyənilib təriflənən bir məqama ucaltsın!” ayəsinin təfsiri ətrafında yaranmışdı. Hənbəlilər deyirdilər ki, məqsəd budur: Allah Peyğəmbəri ərşdə Öz yanında oturdacaq. Digərləri isə təriflənən məqamın şəfaətdən ibarət olduğunu söyləyirdilər. Bunun üstündə çaxnaşma düşdü və çoxları həyatlarını itirdilər.
Bir neçə əsrdən sonra İbn Teymiyyə vasitəsi ilə təfriqə dalğaları yenidən baş qaldırdı, müsəlmanlara bidət və şirk ittihamları vuruldu. Daha bir neçə əsrdən sonra isə İbn Teymiyyənin fikirlərindən ilham alan Məhəmməd ibn Əbdülvəhhab müsəlmanları müşrik və bütpərəst adlandırdı, özlərini kafir, qanlarını halal, mallarını döyüş qəniməti elan etdi və nəticədə minlərlə günahsız müsəlmanın qanı töküldü.
Terrorun qurbanı olmuş antisələfi sünni alimi Ramazan əl-Buti deyir ki, bir konfransda dünyanın müxtəlif yerlərindən olan müsəlman liderlərin problemlərindən soruşdum və hamısından eyni cavabı aldım. Dedilər ki, yeganə problemimiz sələfi camaatlarının müsəlmanlar arasında yaratdığı ixtilaflardır.

- İmamların dövründə düşüncə və əməl baxımından vəhhabilərə bənzəyən firqə və ya qrup olmuşdurmu?
- Vəhhabilik müxtəlif cəhətlərdən Xəvaricə bənzəyir. Xəvaric kimi qeyri-məşhur və müstəsna nəzərləri var. Məsələn:
1. Xəvaric deyirdi ki, böyük günah edən kafirdir. Vəhhabilər də belədirlər;
2. Sakinləri böyük günahlar etdikdə Dar əl-İslamı, yəni müsəlman məmləkətini Dar əl-hərb, yəni antiislam küfr məmləkəti adlandırmaq olar. Vəhhabilər də belə deyirlər;
3. Bunların hər ikisi ehkamçıdır, bəzi ayələrə istinad edib müsəlmanları kafir adlandırırlar;
4. Hədislərdə deyilir ki, xəvaric müsəlmanları öldürür, bütpərəstləri isə buraxırlar. Eynilə bu hal vəhhabilərdə görünür;
5. Abdullah ibn Ömər deyir: “Xəvaric kafirlər barədə nazil olmuş ayələri möminlərə aid edirdilər”. Vəhhabilər də belədirlər.

- Vəhhabilərdə mövcud olan kobudluq, radikallıq və ifratçılıq nədən qaynaqlanır?
- Bəli, vəhhabilər İslamı bütün dünyaya qəddarlıq simvolu kimi təqdim edirlər. Bu, onların vətəni olan Nəcd bölgəsinin xüsusiyyətidir. Nəcd Ərəbistanda geniş bir səhrada yerləşən ucqar bölgədir. Onun əhalisinin əsas işi yol kəsmək, karvanları qarət etmək idi. İmkan tapanda da qoşun yığıb digər qəbilələrə qarşı hücumlar təşkil edirdilər. Vəhhabilikdən sonra da onlar eyni işi davam etdirdilər; lakin bu dəfə “din” və “tövhid” adı altında.
(Ardı var)

Nur-az.com